Südəmər uşağın inkişafı

Yeni doğulmuş uşaqlar anadan olan kimi çəkidə artmırlar. Birinci 3-4 gün onların çəkisi bir qədər azalır. Sonra bir neçə gün çəki gah artır, gah azalır və adətən iki həftəliyində uşaqlar anadan olandakı çəkiyə çatırlar, sonralar isə onların çəkisi müntəzəm artmağa başlayır.

Südəmər uşağın çəkisi müntəzəm artmalıdır.
Südəmər uşağın çəkisi nə qədər artmalıdır? Ayda orta hesabla 0,5 kq. Lakin bu hələ təxmini rəqəmdir. Adətən 2 aylığından 6 aylığa qədər onların çəkisi daha çox artır, 6 aylığından başlayaraq uşaqların çəkisi bir qədər az artır. Məsələn, 5-6 aylığında uşaqların çəkisi anadan olandakı çəkidən təxminən iki dəfə çox olub 6 kq-a qədər olur; 12 aylığında doğulandakı çəki təxminən 3 dəfə artır və 9-10 kq-a qədər olur.
Sonralar uşağın çəkisi ildə orta hesabla 2 kq-a qədər artır. Beləliklə, uşaq bir yaşa qədər daha sürətlə böyüyür. Bir çox analar elə bilirlər ki, uşaq iki yaşına girdikdə çəkidə birinci ildəki kimi sürətlə artacaqdır. Bəzi analar isə elə bilirlər ki, uşaq nə qədər iri olsa, çəkidə də bir o qədər çox artmalıdır. Uşağın çəkisi hər il 6 kq artsaydı, o eybəcər bir adam olardı.
Bütün uşaqlar bir yaşında 9 kq gəlmir. Bədən quruluşu zəif uşaqların çəkisi 1 yaşında 8 kq-dan çox olmur. Halbuki onlar normal inkişaf edirlər. Onların valideynlərinin çəkisi də südəmər vaxtı yaşıdlarından az olmuşdur, Südəmər uşaqlar 10-11 kq da gələ bilər.

Uşağın anadan olduğu vaxt və sonralar çəkisi
Uşağın sonrakı inkişafı anadan doğulandakı çəkidən asılı deyil. Bir çox bədəncə iri adamlar anadan olanda xırda olublar və əksinə, bədəncə zəif bəzi valideynlər anadan olanda iri olublar. Anadan olanda çəkisi az olan sağlam uşaqların çəkisi normal çəkiyə çatana qədər müntəzəm artır və onlar tez böyüyürlər. Belə ki, anadan olanda 2-2,5 kq gələn uşaqların çoxunun çəkisi 3 kq gələn uşaqlardan tez artır. 12 aylığında belə uşaqların çəkisi 7,5 kq yox, 8-8,5 kq, bəzən də 9 kq olacaqdır. Lakin anadan olanda 4 kq gələn uşağın çəkisi bir yaşında üç dəfə artmayıb, yalnız 8,5-9 kq olarsa, bu o deməkdir ki, uşaq yaxşı inkişaf etsə də, çəkidə az artır. Bəzi uşaqlarda çəki artımı həmişəkindən bir qədər gec başlaya bilər.

Uşağın çəkisinin normal artması üçün nə etməli?
Birinci növbədə düzgün əmizdirməli! Lakin bununla iş bitmir. Çəkinin normal artması üçün təmiz havanın, müvafiq hərəkətlərin, uşağın yaxşı əhvali-ruhiyyəsinin və s. Də böyük əhəmiyyəti vardır. Uşaq pis artırsa, bunun səbəbini tapmaq lazımdır. Ola bilsin ki, uşağın yeməyi onun yaşına uyğun deyil, yaxud uşağa təmiz hava çatmır. Bəzən uşağın çəkisinin pis artmasına səbəb onun əhvali-ruhiyyəsini pis olmasıdır, lakin ola bilər ki, xəstədir və buna görə də pis artır.
Çəkinin artması uşağın inkişafının bir hissəsidir. Uşağın ümumi inkişafı üçün bütün şərait yaradılmış olsa çəki bir bərabərdə və normal artacaqdır. Diqqət: ən kök uşaqla daha çox inkişaf etmiş uşaqlar deyildir və çəkidə tez artan uşaqlar ən sağlam uşaqlar deyildir. Bəzi uşaqlar düzgün qidalanmadıqda çəkidə tez arta bilərlər, lakin bu artım sümük skeletinin, əzələlərin və üzvlərin hesabına yox, çay, su çox içilməsi hesabına olur; onların bədəninin müqavimət qabiliyyəti az olur, buna görə də tez-tez xəstələnirlər.

Bədənin uzunluğu
Vaxtında doğulmuş uşağın boyu təxminən 50 sm olur; bir yaşında bədənin uzunluğu adətən 75 sm-ə çatır. Sonralar uşaqların boyu ildə 6-8 sm artır; 4 yaşında uşağın boyu təqribən 1 m olur. Adətən oğlanların boyu qızlardan hündür olur.

Südəmər uşağın bədəninin proporsiyası
Südəmər uşağın bədəninin proporsiyası böyük adamdan fərqlənir. Bədənə görə baş böyük, qıçlar gödək olur. Anadan olanda uşaqların birinin bədəni uzun, o birisinin gödək olur, sonralar gec boy artırlar,yaxud sürətlə boy atırlar. Ayrı-ayrı əlamətlərə görə uşağın ucaboy yaxud alçaqboy olacağını, nə vaxt yetkin yaşa çatacağını qabaqcadan təyin etmək mümkün deyil. Bunu ancaq cinsi yetişkənlik dövründə bilmək olar.

Mənbə Ananın məlumat kitabı
Müəllif Laslo Maqda,Peterno Pikler Emmi

0 şərh