İməkləmək

Siz dəfələrlə övladının iməkləmədən gəzməsi haqqında məmnunluqla danışan valideynlərlə rastlaşmışsınız. İməkləmək haqqında bəzi mühüm faktları bilmək onların fikrini köklü şəkildə dəyişə bilər.

İməkləmək körpələr üçün yalnız məsafə qət etmək üçün hərəkətlər toplusu deyil. İməkləyərkən uşaqlarda ilk növbədə böyük (qolların, ayaqların və bütün bədənin hərəkəti) və kiçik (kiçik əzələlərlə edilən hərkətlər-məsələn, əllərin və barmaqların hərəkəti) motorika inkişaf edir. Bu isə öz növbəsində onların gələcəkdə gəzməsi, qaçması, tullanması, qələm tutması, geyim düymələməsi və sairə bu kimi fəaliyyətləri üçün ilkin şərtdir.

İməkləyərkən övladınızın sağ və sol beyin yarımkürələri arasında əlaqə güclənir. Eşitmə, görmə və hərəkət etmə siqnallarının hamısını eyni zamanda alan beyin bunları lazımınca idarə etməyi məşq edir.

Eyni zamanda, iməkləyərkən övladlarınız məkan anlayışlarını genşləndirirlər; ilk vaxtlar A məntəqəsindən B məntəqəsinə qarşılarındakı maneələrin üzərindən keçərək gedən şirinləriniz tezliklə bu maneələrdən yan keçmək yollarını kəşf edəcəklər. Bununla da onlar özünü lazımsız çətinliklərdən və təhlükədən qoruma və problem həll etmə bacarıqlarını inkişaf etdirəcəklər.

İməkləmək övladınız üçün sərbəst fəaliyyətə qapıdır. Onlar öz daxili “mən” lərini formalaşdırmaq üçün gözəl fürsət əldə edirlər. Ətraf aləmlə yaxından tanış olduqca körpələriniz hərkətlərini planlaşdırmaq və müstəqil qərar vermək üçün ilkin addımlar atırlar.

Sizin beyninizdə “Qonşunun qızı iməkləməyib, amma tam normal inkişaf edir” deyə fikir oyandı? Bu təbiidir, axı şərt deyil ki, nə isə problem yaransın. Amma əgər siz övladınıza bu qədər inkişaf yolları aça bilərsinizsə, niyə də bir az çox vaxt sərf edib onu iməkləməyə həvəsləndirməyəsiniz?
loading...
 

0 şərh