Yeni doğulmuş uşaq (çağa)

Ailə üzvləri, ana özünün ilkini səbirsizliklə gözləyir; bu intizarda həm ümid, həm də təşviş vardır.
Uşaq dünyaya gəlir, o sağlamdır. Ailənin sevinci aşıb-daşır! Lakin ana körpəsini görən kimi, çox vaxt məyus olur. O, uşağının belə olacağını təsəvvür etmirdi, o, elə bilirdi ki, uşağı daha qəşəng və iri olacaqdır. O bilmirdi ki, uşağın dərisi qıpqırmızı və qırış-qırış, başı şişmiş və formasız olacaqdır. Həmçinin indi onu təşvişə salan bir çox başqa şeyləri də ağlına gətirmirdi.
Yeni doğulmuş uşaq necə olur?
Yeni doğulmuş uşağın müayinəsi nə göstərir, bu, nəyə dəlalət edir və nə etmək lazımdır? Dünyaya gəldiyi ilk günlərdə yeni doğulmuş uşağın necə olduğunu daha ətraflı nəzərdən keçirək

Çəki
Vaxtında doğulmuş uşağın çəkisi adətən 3 kq olur. Belə hallarda deyirlər ki, uşağın vaxtında doğulmuşdur: çəkisi 2500 q-dan çox olan yeni doğulmuş uşaq da vaxtında doğulmuş uşaq hesab olunur. Çəkisi 2500 q-dan az olan uşaq adətən yarımçıq (vaxtından qabaq doğulmuş) uşaq sayılır (belə uşaqlar barədə biz gələcəkdə daha ətraflı danışacağıq). Yeni doğulmuş oğlanların çəkisi qızlardan bir qədər çox olur.
Adətən, ilk günlər uşağın çəkisi bir qədər azalır (anadan olanda çəkisi 3 kq olan uşaq birinci 2-3 gün çəkidə 100-200-250 q. itirə bilər); bu, fizioloji hadisə olduğu üçün ananı qorxutmamalıdır. Ananın südü çoxalana qədər uşağa tez-tez çay vermək lazımdır. Birinci həftənin axırında adətən uşağın çəkisi artır və iki həftəliyində anadan olandakı çəkiyə çatır. Sonrakı 1-2 həftə uşağın çəkisi bir bərabərdə artır.

Bədənin uzunluğu
Yeni doğulmuş sağlam uşağın bədəninin forması sonrakı aylardan tamam fərqlənir. Yeni doğulmuş uşağın başı böyük, ayaqları qısa və əyri, qarnı böyük olur. Bir neçə aydan sonra uşağın bədəninin forması dəyişir.

Bədənin vəziyyəti
Vaxtında doğulmuş sağlam uşağı arxası üstə qoysaq, o, başını yana çevirir, əllərini dirsəkdə qatlayıb yumruq tutur və başının yanında saxlayır, qıçlarını çanaq-bud oynağında qatlayıb qarnına aparır (şəkil 1). Bədənin bu vəziyyətini dəyişmək istədikdə uşaq müqavimət
göstərir, onu buraxdıqda isə təzədən əvvəlki vəziyyəti alır. Bədənin əsas vəziyyəti bu cür olmadıqda bu, ananın diqqətini  cəlb  etməlidir. Uşağın ətraflarının sallanması, süst olması onun özünü pis hiss etməsini göstərir, belə olduqda dərhal həkim çağırmaq lazımdır. Bütün bədənin vəziyyəti normal olub yalnız ətraflardan birinin vəziyyəti düz deyilsə, bu həmin ətrafın xəstə olduğunu göstərir; belə olduqda da ana həkimə müraciət etməlidir.
Uşağa ancaq üfüqi vəziyyət vermək, başını çevirmək yaxud ayaqlarını düzəltmək olmaz; bu onu narahat edir və o, ağlayır.
Bəzi analar: «Bələmək üçün onun ayaqlarını heç cür düzəldə bilmirəm» — deyə şikayətlənirlər. Onlar düz eləmirlər! Uşaq düz eləyir. Uşağın ayaqlarını düzəldəndə onu incidir. Bəs o, necə müqavimət göstərməsin və ağlamasın! Uşağı bələdikdə ayaqlarını qatlanmış vəziyyətdə sərbəst qoyun. Uşağın ayaqlarını düzəldib bələdikdə darıxır, əskini üstündən atana qədər çabalayır. Buna müvəffəq olmadıqda isə ağlayır, çünki ayaqların açılması onu incidir.
Çox vaxt nəinki çağa ikən, hətta sonralar da uşağın ayaqlarının əyri olması ananı çox düşündürür, çünki uşağın ayaqları tez düzəlmir.
Bəzi analar uşağının ayaqlarının əyri olduğunu görəndə: «yəqin ki, onda raxit var» — deyə şübhələnirlər.
Yeni doğulmuş uşaqda raxit olmur; raxit — D vitamini çatışmadıqda əmələ gələn xəstəlikdir və o bir qədər gec üzə çıxır.
Yeni doğulmuş bütün uşaqların qıçı bir qədər əyilmiş olur. Uşaq yeriməyə başladıqda düzəlir. Raxitlə xəstə uşağın ayaqları isə, əksinə, yeriməyə başladıqda əyilir.
Bir çox analar elə bilirlər ki, uşağın ayaqlarını dartıb bələdikdə düz olacaqdır. Bundan uşağın ayaqları düz olmayacaq və uşaq ancaq narahat olacaqdır. Uşağı bu cür bələdikdə, çanaq-bud oynağı düzgün olmayan vəziyyət alır, oynaq boş olduqda isə bəzən yerindən çıxa bilər. Bundan başqa, uşaq ayaqlarını sərbəst hərəkət etdirə bilmir, buna görə də onun ayaqları başqa uşaqlarınkından zəif olur, ola bilsin ki, sonralar uşaq ayağa durduqda, məhz bu ayaqların əyilməsinə səbəb olsun.

Uşağın saçı, başının forması
Adətən uşağın başı bir qədər şişmiş olur (sağrı gəlişində doğulmuş uşaqlardan başqa) və bu təbiidir. Bu şişin uşaq üçün heç bir qorxusu yoxdur, o, heç bir müalicəsiz, bir neçə həftədən sonra keçib gedir.
Yadda saxlamaq lazımdır ki, yeni doğulmuş uşağın başını tutmaq, basmaq yaxud əlləşdirmək olmaz!
Çox vaxt yeni doğulmuş uşağın başının forması düzgün olmur. Anadan olandan bir neçə ay sonra uşağın başı düzgün forma alır. Uşağın başı doğuş vaxtı nə dərəcədə əyilməsindən asılı olmayaraq bir yaşında tamam düzəlir. Bir çox yeni doğulmuş uşaqların başı ilk günlər və həftələr bir qədər yastı olur. Bunun səbəbi odur ki, yeni doğulmuş uşaqların çoxu başını həmişə eyni tərəfə çevirib yatır. Hətta onun başını tez-tez o biri tərəfə çevirəndə də o, öz adətini tərgitmir. Odur ki, belə etmək lazım deyil, çünki o bundan narahatçılıq çəkir və ağlağan olur. Uşağı tez-tez havaya çıxardıqda, gündə saxladıqda, o, normal inkişaf etdikdə başın forması düzəlir.
Uşağı elə geyindirmək lazımdır ki, əllərini, ayaqlarını sərbəst hərəkət etdirə bilsin. Onu tük döşəyin və ya balışın üzərinə qoymaq lazım deyil, çünki o, balışın içinə batır və tərpənə bilmir. Qoy uşaq əllərini, ayaqlarını oynatsın və böyrü üstə çevrilsin.
Bir çox analar uşaq anadan saçsız doğulanda çox kədərlənirlər. Nə vaxt saçı çıxacaq? Ola bilsin ki, bir neçə həftədən sonra, ola da bilsin 1 yaşı tamam olanda. Uşağın saçının tez çıxması üçün nə etməli? Heç bir şey.
Bəzi analar uşaq anadan olanda saçının sıx olub sonra tökülməyə başlayanda və təpəsində, alnının üstündə dazlaşma əmələ gələndə çox fikir çəkirlər, neçə həftə keçir, təzə saç isə gəlmir. Fikir çəkmək lazım deyil, saç təzədən çıxacaqdır.

Uşağın saçı nə rəngdə olur?
Uşaqların saçının rəngi tez-tez dəyişir. Uşaq anadan olanda saçı qara, bir yaşında lap açıq, sonra açıq və şabalıdı rəngdə ola bilər. Lakin bunun əksi də ola bilər. Uşaq doğulanda saçları qıvrımdırsa, bu o demək deyildir ki, sonralar da qıvrım olacaqdır.

Mənbə Ananın məlumat kitabı
Müəllif Laslo Maqda,Peterno Pikler Emmi

 

1 şərh

fidan
Nərgiz, postun çox faydalı və analara lazımlı olması bir yana,şəkil çox xoşuma gəldi. Şirin bala!