Özün - Özünü yarat

Bir daha dahilər haqqında
Elə bir vasitə varmı ki, həkim köməyi olmadan, dava dərman olmadan adam öz psixikasını dəyişsin? Bu sual oxucular üçün daha maraqlı ola bilər.
“Dahi” titulu, insana, insanlar tərəfindən verilir. Dahilər bu titulla dünyaya gəlmirlər və bu qabiliyyət irsiyyətə keçmir. Bu titul mücərrəd bacarığa görə deyil, konkret nailiyyətə görə verilir.
Dahilik bəzilərinin təsəvvür etdiyi kimi insan ağlının normadan kənara çıxması, qeyri-adiliyi deyil, onun tam halda təzahürü, təbii imkanlarının aşkara çıxarılmasıdır.
Bəziləri şübhələnə bilər ki, guya dahilik hamıya nəsib olan bir şeydir: “yaxşı çalışsan sən də onu qazana bilərsən”. Dahi, psixikanın imkanlarını öyrənmək üçün həmişə ən qiymətli modeldir.

Dahilərin tərcümeyi-halı ən yaxşı dərslikdir. Beyin psixika orqanı olduğu kimi dahilik də konkret psixofizioloji metodologiyadır. Qeyri-tələbkar adamın, ənənəvi: “sən heç zaman” şüarını təkrar etmək əvəzinə, “bəxtini sına” kimi riskli yolu seçmək daha doğru olmazmı?
İnsanların qabiliyyət bölgüsündə olduqca böyük fərq var. Bu qeyri-bərabərliyin səbəbi ilk imkanın bərabərsizliyi , yaxud ondan istifadə işindəki bərabərsizlikdir?
Axı tarixdə dahi kimi tanınmış adamlar arasında da istedad bölgüsü bərabər olmamışdır. Onlar müxtəlif vəziyyətlərdə “xüsusi” bacarıq komponenti və iradi keyfiyyət nisbəti başqa-başqa olmuşdur. Bu əlamətə görə dahiliyi iki qütbə ayırmaq olar.
Birinci qütbün nümayəndələrində olan bu qabiliyyəti, ənənəyə əsasən “allah vergisi”, ikincilərdə isə “zəhməti sayəsində” adlandırmaq olar.

“Allah vergisi” alan dahilər - Motsartlar, Rafaellər, Puşkinlərdir. Onların yaradıcılığı quşların nəğmələrini xatırladır. Ehtiraslı, fədakarcasına, eyni zamanda təbii, sərbəst, asanlıqla. Adətən belələri vunderkind kimi doğulurlar. Həyat yollarının başlanğıcından tale onların üzünə gülür. Onların zəhmətsevərliyi, psixikasının əsasını təşkil edən təbii, sərbəst yaradıcılıq impulsu ilə qaynayıb-qatışır, vəhdət yaradır. Onlarda “xüsusi” bacarıq aşıb-daşdığı halda, iradi keyfiyyətlər nisbətən kiçik olur.
Motsartda sözün əsil mənasında “ilahi vergi” var idi. Onun yaxın dostlarından biri öz xatirəsində yazmışdı ki, əgər Motsart belə gözəl tərbiyə almasaydı mənfur bir cani”də ola bilərdi. Çünki o, həm yaxşı, həm də pis şeylərə qarşı eyni dərəcədə həssas idi.
Belə düşünmək olar ki, Motsartda iradi keyfiyyətlər orta dərəcədə imiş. Ancaq Motsartın bütün həyatına atasının iradi təsiri aydın görünür. Atası onu yorulmadan çalışmağa həvəsləndirmiş, pis işlərdən çəkindirmişdir. Motsartın atası yüksək təhsilli babat qabiliyyətli musiqiçi imiş. Amma iradəsinə hamı həsəd aparırmış. O, həm tələbkarlığı, həm məhəbbəti, həm də sağlam fikirləri ilə nümunəvi bir vunderkind atası idi. O, öz oğlunun həm müəllimi, həm tərbiyəçisi, həm də impressariosu idi.
Motsartın tərcümeyi-halı ilə tanış olduqda aydın görmək olur ki, onun böyük istedadı yalnız atasının iradəsi sayəsində dahilik zirvəsinə yüksələ bilmişdir.

“Zəhməti sayəsində” dahilərdə inkişaf ləng getmiş, bəzən hətta gecikmişdir. Tale onlara qarşı son dərəcə amansız olmuşdur. Onlar taleyə və özləri - özlərinə üstün gəlmək üçün fanatikcəsinə zəhmət çəkməli olmuşlar.
Tarixdən rast gəldiyimiz belə adamlardan , utancaq və pəltək olub sonra Yunanıstanın böyük natiqinə çevrilən Demosfeni, savadsızlığı ancaq böyük yaşda ləğv edə bilən Lomonosovu, öz ləyaqətinə, məziyyətinə böyük şübhə ilə yanaşan, lakin dözüm və iradə gücünə bunu rəf edən Cek londonu, fanatik ruhlu xəstə Ban Qoqu, not yazısını yalnız iyirmi yaşında öyrənən tərs, hirsli Vaqneri misal göstərmək olar. 

Bunlardan bir çoxu uşaqlıqda və gənclik dövründə fərasətsiz, hətta küt adam təsiri bağışlayırdılar. Cems Uatt, Sfivt, Qauss, “məktəbin ögey övladları”, qabiliyyətsiz şagirdləri sayılmışlar. Hyüton məktəbdə keçilən fizika və riyazziyatı bilmirdi. Karl Linneyin çəkməçi olacağı güman edilirdi. Helimholtsu müəllimləri az qala ağıldan kəm sayırdılar. Valter Skott haqda universitet professoru belə demişdir: “O qanmazdır və qanmaz olaraq qalacaqdır.” Şeridan haqqında yazmışdılar : “Bu adamın alnına yazılıbmış ki, iyirmi beş yaşında bütün İngiltərəni öz komediyaları ilə, dinləyicilərin ürəyini isə gözəl natiqlik qabiliyyəti ilə vəcdə gətirsin.” Halbuki, 1759-cu ildə ( o səkkiz yaşında olanda ) “ən ümidsiz axmaq” adı almışdır. Biologiyanın böyük dühası sayılan Çarlz Darvinə atası demişdir: “Səndə güllə atmağa, itlərlə oynamağa və siçovul tutmağa həvəs var. Sən özünə və ailənə biabırçılıqdan başqa bir şey gətirməyəcəksən”.

“Zəhməti sayəsində” dahi olanlarda dönməz iradə, özünü təsdiq üçün yenilməz səy, elmə sonsuz həvəs, coşqun əmək fəaliyyəti olur. İşləyərkən onlar gərginliyin zirvəsinə ucalırlar. Onlar özlərinin fiziki və psixi qüsurlarına üstün gəlir. Sözün hərfi mənasında özləri-özlərini yaradırlar. Onların yaradıcılığında qüdrətli bir səyin izləri qalır. “Allah vergisi” ilə dahilik qazananlardakı geniş sərbəstlik, həsəd aparılacaq etinasızlıq “zəhməti sayəsində” dahilik qazananlara müyəssər olmur. Lakin nəhəng daxili qüvvə və ehtiras, özünə qarşı kəskin tələbkarlıqla birləşərək onların əsrlərinin dahilik səviyyəsinə qalxmasına səbəb olur. Belə güman edirəm ki, Eynşteyn də bu tipli dahilər sırasına daxildir. Bir dəfə o ciddi şəkildə demişdi: “Məndə heç bir istedad yoxdur. Ancaq qatır inadı və ehtiraslı maraq var.” Nisbilik nəzəriyyəsinin yaradıcısı olan bu alim məktəb və tələbəlik illərində də xüsusi olaraq fərqlənmirdi.
“Dahilik-zəhmət deməkdir” zərb-məsələsi məhz bu qütbdən olan dahilərə aiddir. Əlbəttə onları buna sövq edən istedadı da unutmaq olmaz. İstedad onlarda gördükləri işə qarşı şiddətli arzu və özlərinə qarşı inam yaradır. Bəlkə də onlara açılmamış imkanların dumanlı bir hissi təkan verir. Lakin bir məsələ şəksizdir: dahiliyin bu qütbündə iradə, özünü inkişaf etdirmə, çətinlikləri öz gücünə dəf etmə ön plandadır.
“Zəhməti sayəsində” dahi olanlar-öz istedadlarını süni surətdə artıranlardır. Bunlar sair Vladimir Xlebnikovun “istəməyənlər” adlandırdığı adamların antipodu - istəməyi bacaranlardır. Kulturistlər öz bədənləri ilə nələr etməyə qadir olduqlarını bütün dünyaya nümayiş etdirdikləri kimi “zəhməti sayəsində” dahi olanlar da öz psixikalarında nələrə qadir olduğunu ğöstərirlər. Bununla belə onların timsalında aydın görünür ki, dahi ilə ortabab adam arasında keçilməsi qətiyyən mümkün olmayan sədd yoxdur. Mən əlbəttə onların yaratdıqlarını nəzərdə tutmuram. Bunların arasında doğrudan da uçurum var. Dahiləri özləri də təsadüfən zəif şeylər yaratdıqda bunu aydın başa düşürük. Burada məhz psixofiziologiyanı nəzərdə tutulur. Kim “ilhamlı dəqiqələr” keçirməmişdir? Görürsən bir dəqiqə əvvəl həll edə bilmədiyin çətin məsələ birdən sanki öz-özünə, lap asanlıqla həll olunur. Bu əsrarlı ruh yüksəkliyini hər bir adam ömründə heç olmazsa bircə dəfə kecirmişdir. Görürsən oyunu yenicə öyrənən bir oyunçu köhnə oyunçuya qalib gəldi, qısa müddətdə istedad dərəcəsinə yüksəldi. Belə “ilhamlı dəqiqə” insan beyninin gizli imkanlarının bir anlığa aşkar olması deyilmi? “İlhamlı dəqiqələr” keçirmək qısa müddətdə, ötəri dahilik vəziyyəti keçirmək deyilmi? Təbiət – adamı sanki həvəsləndirərək nəyə nail olmaq, nəyə isə heç olmazsa yaxınlaşmaq imkanı olduğunu göstərir.

Dahi olmaq daima “ilhamlı dəqiqələr” keçirmək deyilmi? Dahilik heç olmazsa bəzi hallarda insan beyninə xas olan qüvvədən mükəmməl istifadə etmək bacarığı deyildirmi? Bu bacarıq bəzən təbiətin özü tərəfindən peşkəş verilir, bəzən də ondan qoparılır. “Zəhməti sayəsində” dahi olanlar öz psixikalarını başqalarına nisbətən daha uzun müddətə və tez-tez “ilhamlı dəqiqə” vəziyyətinə gətirənlər deyilmi?

VLADİMİR LEVİ. “FİKİR ARDINCA”
loading...
 

5 şərh

2ral
Yaşı yetmişdən keçsə də Vladimir Levi Rusiyada populyardır.Onun Охота за мыслью kitabı ilk əsərlərindən olsa da onun haqqında eşitmiş,lakin oxumamışdım. Çox maraqlı oldu oxumaq.
Dahiləri anadangəlmə və zəhməti sayəsində uğur qazananlar kimi qrupa bölməyi də mübahisəli olsa da maraqlıdır.
aran

Vladimir Levinin «Fikir Ardınca» kitabı 1972-ci ildə Bakıda Gənclik nəşiriyyatında azərbaycan dilində cap edilmişdir.

kastanka
bir şey diqqətimi çəkdi ki, bu sadalanan dahilərin hamısı uşaqlıqda ətrafdakı insanlar tərəfindən əziliblər alçalıblar və məncə məhz bu, onların dahi olmasının hərəkətverici qüvvəsi olub.Tarixdə də belədir daim əzilən alçalan sürgün edilən bir xalq kimi tanıdığımız İsrail xalqı indi dünyaya meydan oxuyur.Çünki onlar daxildəki o alovu o hirsi öz inkişaflarına yönəldiblər və indi də dünyanı idarə edirlər.
aran
Hər bir adamda az da olsa nəyəsə həm qabiliyyət, həm də maraq var. Sadəcə olaraq həmin qabiliyyəti reallaşdırmağa daxili qüvvə tapılmır. Bəli insanı fəaliyyətə təhrik edən güclü motiv lazımdır. Məsələn özünü təsdiq, birinci olmaq və s. Deyilənə görə Cek London acığa yazıçı oldu. Əgər dahilərin hyatı SİZİ düşündürürsə demək sizi də adi qaydada «standat» yaşamaq qane etmir. Çoxları deyir hamı necə məndə elə. Bir qədər «qeyri-standat» da yaşamaq da lazımdır.
2ral
Kastanka çox maraqlı məqamı qeyd etdi ki,bəzən alçaldılma,uğursuzluq özü motivasiya ola bilər. Bir təzə eşitdiyim əhvalatı deyim:
Çarli Marş əvvəllər polis,avtobus sürücüsü,süd maşını sürücüsü işləmişdi.Amma iş yerini dəyişsə də heç yerdə uğur qazana bilmirdi. Günlərin bir günü qərara gəlir ki «Amway» şirkətində işləsin.Hamı ona gülür.O, evində qonaqlıq edir və tanış-bilişini çağırır.Saat yarım gözləyir,amma dostlarından heç kim gəlmir,arvadı da ona saymazyana baxır. Utanan Çarli vanna otağına gedir və güzgüdə özünə baxır.Güzgüdə o uöursuz,bacarıqsız bir adam görür.Sonra əsəbiləşir,ona hirs hakim kəsilir. Həmin Amway şirkəıtində o uur qazanır,ildə 250 min dollardan çox pul qazanır.Çox uğurlu satış fəaliyyətinə görə ona və arvadına baha yaxtada kruiz səyahət hədiyyəsi verilir. Səyahətdən əvvəl isə Çarli əvvəl onun dəvət etdiyi,lakin gəlməyən dostlarını çağırır.Onun bütün dostları həmin ziyafətə gəlir,o isə ən hündür yerə çıxır və… orta barmağını qaldırırGülür
İntiqam hissi ilə alışıb-yanan adam bir çox halda uğura nail ola bilir.