Şiringul Musayeva/Qoca şair

Şəriət alimin qorxudur xortdan,
Azman pəhləvana dov gəlir cırtdan,
Ulaqlar qabağa keçib Qıratdan- 
Mən belə dünyadan necə küsməyim?..
...Yəqin bu gün də gələsi olmadılar.Gör neçə vaxtdır bir gəlib-gedən yoxdur.Bu qocanı heç kim itirib-axtarmır.Niyə də itirib –axtarsınlar axı;artıq günün görüb,dövranın sürmüş bu qocanın arxasınca nə qədər sürünməlidirlər -elə bir qoca ki,yaşadığı müddətdə həm özünə,həm də əzizlərinə yalnız dərd verib,əzab verib.Əvvəllər qızı tez-tez gələrdi,xırda oğlu tez-tez gələrdi.Qızının göz yaşları gəlib-getdiyi müddətdə bir an dayanmazdı.Oğlunun isə saralmış,bulud kimi tutulmuş,yox-yox dərddən daşa dönmüş sifətinə baxmaq isə bir Allah bilir necə əzablı idi.Əgər mümkün olsaydı heç razı olmazdı onlar gəlib atalarının gününü,güzəranını görsünlər.Lakin həyatda aclıq,çaysız,sabunsuz,papirossuz qalmaq,soyuqdan donmaq, atılmış ,kimsəsiz bir qoca olmaq kimi dəhşətli ağrılar var.Və bu qoca da nə qədər cəhd etsə də hələ ki qəlbində bu qorxulara,ağrılara üstün gəlmək əzmini tapmayıb.
İnanma da ki tapsın.Axı insan ruhu nə qədər göylərə ucalsa da,insan yaşadığı bu dünyada nə qədər ali yüksəklikdən,romantikadan dəm vursa da,insan ruhu özünü ölməz,ram olunmaz saysa da,insan bədəni susuzluğa, aclığa dözmək fövqündə deyil.Bir tərəfdə insanın ipə-sapa yatmayan,göylərə,ulduzlara,dünyanın sirlərinə doğru yönələn fantastik xəyalları,fikirləri,o biri tərəfdə isə insanın bir neçə gün ,həftə ac qalarsa ölmək ehtimalı.Qəribə təzaddır,deyilmi?
Bir tərəfdə insanın əbədi yaşamaq arzusu,o biri tərəfdə isə adi bir təsadüfdən bir andaca ölmək ehtimalı...
Hə...bunlar sənlik deyil,əzizim qoca...Sən indi öz keçmiş xatirələrinə baş vur,orda qalmış ,yaşanmış şirin olayları axtar,ara,acılarından isə yan keçməyə çalış.
Lakin acılardan yan keçmək mümkünmü? Bu acılar ha onlardan qaçmaq istəsən də xirtdəyindən yapışır,səni öz ətrafında fır-fır fırladır.
Hər dəfə onunla görüşə gələndə xırda oğlunun üzündə donmuş,daşlaşmış o məhzun kədər,ölümə məhkum edilmiş caninin sifətində görünən təbbəssümü andıran o təbbəssüm.
Hər dəfə onunla zarafatlaşır,gülür,onun kefini açmaq istəyir,onda gələcəyə bir balaca ümüd,inam oyatmaq istəyir;istəyir özünün inanmadığı bir şeyə qocanı inandırsın,bir az da onu yaşatmaq,ömrünü uzatmaq şansı əldə etsin. Bəlkə,nə isə mümkün oldu..bəlkə, nə isə..
Ah, onun evin yuxarı başında duran sadə ,dəmir çarpayısı,ah,çarpayının qənşərində evin sol tərəfində duran yazı stolu,ah günortalar işdən gəlib xalça üzərində dirsəkləndiyi mütəkkə...-ah, bütün bunlar onu-bu düşgün qocanı xatırlayırlarmı?
Hə...belə-belə işlər...Gör bir nə vaxtdandır dilinə ət dəyməyir,neçə gündür papirosu qurtarıb,gözləri ixtiyarsız olaraq hər gələnə dikilir,qulaqları elə hey eşitmək istəyir:”Dur,şair,səni çağırırlar, yanına gələn var!”
Həbsxanada çürüyən şairlər çox olub həyatda..Onunsa taleyi bir başqadır.Əslində nə fərqi var,şair həbsdədirsə buna zaman,dövran,ya da tale deyilən o mənhus alın yazısı günahkardır,-tale ,əziz balam,tale-Şekspirin,Homerin vəsf etdiyi –Tale!
Bəzən tale sultan edir bir nadanı mən kiməm?
Kütbeyinlər əla verdi imtəhanı mən kiməm?
Səmərqənddə ləngə düşdü Tüymurləngin taleyi
Qəsb etməmiş tərk elədi bu cahanı ,mən kiməm!
Kim istəyərdi ki,belə olsun..
Axır vaxtlar çox qəribə olub ;insanları idarə eliyən,onların iradəsi fövqündə duran bir şeyi hiss edir-bu ya Allahın iradəsi,ya da Tale özüdür.Odur ki özünü oqədər də günahlandıra bilmir-qəlbi isə əzabla,ağrı ilə doludur.
Bir də görürsən ki,şairlik istedadı olmayan birisi həyatda hər şeylə təmin olunub;evi,işi ,bahalı pal-paltarı,mətbuatda mövqeyi,haqqında deyilən sözlər..Lakin bütün bunlara baxmayaraq,yadda,yaddaşda ,əsl ədəbiyyatda qalan bir sətri belə yoxdur.
O isə yaşadığı yetmiş ildə şair kimi tanınmadı da .Tale onu daşdan-daşa,qayadan-qayaya çırpdı,gözünü açmağa aman vermədi.Hərdən yaralı şir kimi bağırdı,bir şeir yarandı;onlar da yığılıb evdə,dostların yaddaşında,ara müğənnilərinin mahnılarında qaldı.
Bir gün gələr rəhm eləyər Yaradan,
Azca alış,azca tutuş ,azca yan.
İllər ötər, vədə catar Ramazan,
Səbr elə hələlik dur öz yerində.
O heç vaxt şair olmaq,tanınmaq üçün yazmamışdı.
Var-dövlət əsiri olmamışam mən
Şöhrət də, sərvət də düşüb gözümdən
Yanıma nə zaman gəlmək istəsən
Tükənməz,qurtarmaz bir istək gətir.
İstək...Taleyin təqsiri odur ki, onun hər duyğusunu çox yüksək verib.Taleyin qarğışı olan bir hadisəyə görə zaman-zaman özünə əcr verib,axırı da belə...
Burada isə...özünü azadlıqdakından daha qürurlu,daha hörmətli şəxs sanır;burada onun şeirləri ağızdan-ağıza gəzir,hamı ona ehtiramla yanaşır.
Orada isə...Orada insanların birinci növbədə işini,vəzifəsini,şəxsi vəsiqəsini soruşurlar.Vay o günə ki,şəxsi vəsiqəndə qara hərflərlə nə isə yazılmış olsun-əsl dəhşət ondan sonra başlayır.Bu iş təsadüf də olsa,sən təqsirkar yox,əksinə qurban da olsan-xeyri yoxdur.Orada hər şey saxtadır;mənən nə qədər istəsən eybəcər adam olmaq olar;yalançı,ikiüzlü,oğru, rüşvətxor,əyyaş və s.Lakin bunları gizlətməlisən,cəmiyyətdə yerin olmalıdır.Bunları da ki dediyim sifətlər səndə olsa mütləq əldə edəcəksən.Əsas odur ki ,bu sifətlərə malik olasan.
Nə isə...çox baş apardı deyəsən...
Ah, necə istərdi yenidən həyata gəlsin ,təzədən yaşasın ,lakin bu mümkünsüzdür.Dəhşətlisi isə odur ki,uzun ömür yaşayasan,təbiət sənə bol-bol istedad,gözəllik,fərasət verə,amma sən yanıb kül olasan zalım tale sənin əvvəlini də axırını da bax belə puç edə...
O vaxtlar-Sovet dövründə hərdənbir mərkəzə-redaksiyaya gedərdi,yaxşı tanıdığı ,istedadsız,küt ,qalın təbiətli birisi hər dəfə onun yazılarına daşlaşmış bir ifadəni dərkənar qoyardı:”Bədii cəhətdən zəifdir” Bu barədə bir şeir də yazmışdı:
Dedim lütfən nöqsan göstər şeirdən,
Yanına gəlmişəm çox uzaq yerdən.
Vaxtsız xoruz kimi banladı birdən,
Bədii cəhətdən zəifdir –dedi.
İndi isə soyuq,nəm,havasız,darıxdırıcı kamerada oturub və həsrətlə isti,ətli şorba,ya da yumşaq, pilə kimi bişmiş toyuq əti arzulayır.Və dəhşətlə hiss edir ki,nə qədər hikkəli,iradəli ,qürurlu olsa da bu istəyin qarşısında acizdir.Burnunun ucu göynəyir yumşaq məxmər döşəyi,ipək yorğanı üçün...Heyhat...Nə olar ,əzizim ,onun üçün
Bir sıldırım qaya zirvəsi dimdik,
Daşının üstündə xınalı kəklik,
Bircə parça çəmən-güllük,çiçəklik
Bir qanadı xallı kəpənək gətir.
Bir vaxtlar həyatda möcüzələrə çox inanırdı, nağıllara çox inanırdı.İndi isə heç bir möcüzəyə inanmır.Möcüzə,xəyal,arzu,istək,məhəbbət insanların bədbəxt qəlblərinin uydurmasıdır.Əslində həyat başdan –başa əzabla doludur.Gərək həyatda büdrəməyəsən .Büdrədinsə heç ,o sənə rəhm etməyəcəkdir.Təzədən ayağa qalxmaq hər oğulun işi deyil.Həyat çox acımasızdır...çox...
Budur, artıq övladları da ondan bezdi.Qınamır da.Onlara nə verdi ki..Dərd,sər,kasıblıq.Tək öz həyatını yox ,onların həyatını da məhrumiyyətlərə məruz qoydu.Məhrumiyyətlərin üzü çox sərtdir, o bəzən insanı daşlaşdırır,yaxınlara qarşı belə soyudur.Nə etmək olar...
Hələ bir bu Mosuya-pişiyə bax.Nə dili, nə də ağzı var,buradakı insanların bir növ təsəllisi,əyləncəsidir,Mosu kimin kürkünün üstündə yatsa o adam bundan böyük fəxr duyur.Dustaqlar hamısı ona qibtə edir;istədiyi vaxt çıxıb bayır-bacada gəzə bilər,istədiyi vaxt buradan gedə bilər.O da bu gün nəsə elə hey miyoldayır,narahatdır.Ey,ay Mosu, çıx get,ağam pişiyi,çıx get
Qoy deməsin pişiklər;-Mosunu həbs ediblər,
Çıx get burdan sən Allah,ömrün getməsin hədər.
Həyatda heç nəyə təəccüblənmə: görsən ki istedadsız adam istedaddan danışır,təəccüblənmə,görsən ki xalq ,millət nədir qanmayan xalqdan ,millətdən danışır heyrətlənmə,görsən ki ,bütün iri dövlətlər demokratiya deyə-deyə xırda dövlətləri bəlalara salırlar fikir vermə...o zaman yaşamaq asan olar.
Zamanın gərdişin düşünsən bir az,
Bülbülə dərs deyir mayestro qaz.
Saksafon kamandı,balalayka saz,
Mən belə dünyadan necə küsməyim..
Hə ,deyəsən ,yenə baş apardı.Ümumiyyətlə,belə şeyləri düşünmək,götür-qoy etmək,qətiyyən lazım deyil,bunlar insana baş ağrısından başqa heç nə verməyib.Son anda insan adi bir məxluqdu-ölüm,aclıq,soyuq qarşısında,əzab-əziyyət qarşısında müti bir məxluq.Daha nə desin sözü qurtardı.Bu dəqiqə həyatında bir istək var,arzu var;kaş qapını açıb deyəydilər:”Şair,yanına gələn var”
Və o qızının duzlu göz yaşlarını,isti təndir çorəyini,yağlı küftə -bozbaşı,iki blok siqareti,qəndi,çayı və oğlunun dərddən daşa dönmüş sifətini qəbul eliyəydi...Bu da onun həyatının son akkordlarıdır ,yəqin.
Sən necə düşünürsən-dünyada möcüzə olur,Şoşio?

0 şərh