Bu yolların çiləsi - Şiringül Musayeva.

                               Karda, kışda, kar yolları kesende,
                                Egribelde dağ rüzgarı esende,
                                Kırat gelir, murat olur desen de…
                                Yoldaş heç durmasın yoldan yol alsın.

 Eğribel Təpəsindən baxanda yollar çox qəribə görünürdü; bəzən dümdüz uzanır, bəzən də ilan kimi qıvrılırdı.Uşaq vaxtı böyük maraqla baxardı yollara; nə vaxtsa böyüyüb yekə kişi olacağını və bu yollarla uzaq-uzaq yerlərə gedəcəyini hiss edərdi: düşünməzdi yollar kim tərəfindən və nə vaxt salınıb, çünki elə gözünü açandan, özünü tanıyandan yolları beləcə haralarasa- bilinməz məkanlara uzanan görmüşdü. O bilinməz məkanlar çox sirli-sehrliydi və bilinməz xoşbəxtliklərdən xəbər verirdi. Orada –o yolların getdiyi son nöqtələrdə-sirli sehrli dünyalarda saysız-hesabsız arzular çağlayırdı, saysız-hesabsız maraqlı insanlar var idi.
 Min illərdir, hətta milyon illərdir bu yollar beləcə uzanıb gəlirdi, lap elə insanlığın ötəsindən gəlirdi və özü ilə insanlığın solmaz,soyumaz arzularını daşıyıb gətirirdi və həm də daşıyıb gələcəyə -tayı-bərabəri olmayan, mübhəm duyğularla dolub-daşan gələcəyə aparırdı.Həmişə bu yolları seyr edəndə qəlbində anlaşılmaz bir kədər hiss edərdi.
 Yollar...Kİmlər gəlmiş, kimlər keçmiş bu yollardan. Bəlkə, elə yollar bəşəriyyətin keçmişindən gələcəyinə uzanıb gedir belə… Bəlkə də, nə vaxtsa bu yollarda Koroğlu və onun dəliləri addımlamışdır; Toxmaqvuran, Halaypozan, Tüpdağıdan, Dəmirçioğlu, Dəli Həsən, Eyvaz-üzləri günəşin istisindən yanmış qaralmışdır, amma bu yollarda əzəmətlə addımlamışlar.Gözəllər gözəli, Koroğlu yarı Nigar da bu yollarla addımlamış olar.Tarixin o qədər müəmmaları var ki...nəyi bizə olduğu kimi xəbər verir ki...Hələ də bilmirik Koroğlu əslən hansı eldən,hansı mahaldandır.Bu yolların dilini anlasaq onlar bizə kimlərdən xəbər verməz ki...
 Artıq İyirmi beş yaşı var, artıq bu yolların bir yolçusudur, amma yenə də Egribeldə durmaqdan, göy çəmənlərin, dağların, təpələrin arası ilə burulub gedən, əlləri sonsuzluğa uzanan bu qərib yolları seyr etməkdən doymur. Hikmət havanın soyuq olduğunun fərqinə vardı: üşüyürdü. Aralıdan yamyaşıl görünən Egribel Təpəsi hələ tam göyərməmişdi; həmişə bu vaxtlar tək-tək gözə dəyən sarı çiçəklər, mor bənövşələr gözə dəymirdi,bahar bu il nədənsə gecikirdi, deyən.Çox sevərdi sarı çiçəkləri, mor bənövşələri; bilirdi ki, onlar gözə dəyəndən çox yox, oncaca gün sonra Egribeldə gül-gülü çağıracaq, bülbül də bülbülü; onların gözə dəyməsindən az sonra buralarda bahar sanki bir vulkan kimi partlayacaq; hər tərəf yamyaşıl, adam boyu qalxmış ota,gül-çiçəyə bürünəcək,dağlarda bir büsat başlayacaq ki, gəl görəsən; hər tərəfdə quzular mələşəcək, qız-gəlin dəstə-dəstə seyrə çıxacaq,çobanlar bahar havasından şövqə gəlib dünyanın ən bənzərsiz mahnılarını adicə bir qamış parçasında səsləndirəcəklər...hava xoşbəxtlik qoxuyacaq, bahar qoxuyacaq. Baxmayaraq ki, Şebinkarahisar’da hamının gözəl, bulutlu meyvə bağı, Şebingülü baxçası var, amma Şebinkarahisar camaatı bu dağlarsız, Egribel’siz, Çobanlar Çeşməsi, Sarıçiçək yaylası, Tamzara, Dikmetaş, Altınova, Karşıkaya, Avutmuş, Köprübaşı Bağlar, Kılıckaya Barajgölü, Altıntepsi ovası olmadan keçinə bilməz; dağlar onların həm özlərinin, həm qoyun-quzularının, həm də gözəl gözlü cocuqlarının məskənidir. Bir azdan camaat axın-axın bu yaylaqlara ,dağlara yayılacaq;kimi çiçək,kimi səbzə toplayacaq.
 Birdən Hikmətin gözü qayanın dibində açmış bir topa bənövşəyə, elə ondan bir az da aralıda sarı çiçəyə sataşdı.Sevinclə çiçəklərə sarı əyildi: -Ah, açmısız demək-damağında bir azdan buraları bürüyəcək isti yaz-yay günlərinin ləzzətini hiss etdi,istədi onları dərsin, qıyamadı. Qayanın üstündə əyləşdi. Burdan ovuc içi kimi görünən kəndlərini seyr etdi; budur, kənd məktəbi, məcsid, klub, kəndin içində yerləşən bulaqlar; qıız-gəlinin bər-bəzəkli pal- paltarı kəndin yaxasına səpilmiş çiçək kimi aralıdan belə diqqəti cəlb edir. Hələ bağ- baxça yaşıllaşmayıb,amma bir azdan yaşıllaşacaq və onda, elə bil, kəndi yaşıl topa buludlar bürüyəcək;şebingüllər açandan sonra isə kənd bir cənnət misalında görünəcək; kəndi misilsiz xoş bir ətir bürüyəcək,hətta bu ətir hərdənbir əsən küləklər vasitəsi ilə Egribelin ötəsində də hiss olunacaq,buralara hardansa yolu düşmüş yad ölkə adamı: ” Özümü lap cənnətdə hiss etdim, əfəndim ”-deyəcəkdir.
 Hə...belə...belə ..işlər...Dağlar, dərələr həminkidir, amma zaman həminki deyil. Uşaq vaxtı...elə də uzaq deyil ,amma bir saniyəsini də geri qaytarmaq mümkün deyil. Bu dağlara:dərələrə,yaylalara, Şebinkarahisara qayıtmaq olur, amma uşaqlığa qayıtmaq olmur. Zaman və Məkan...Məkana qayıtmaq olur, zamana qayıtmaq isə mümkünsüzdür, baxmayaraq hər şey yerində durub,həminkidir, hətta babası, nənəsi də həminkidir, amma zaman həminki deyil.Çox qəribədir və çox müəmmalıdır...Görən hər yay bu kəndə, bu elə-obaya,evlərinə qayıtdığı kimi uşaqlığına da qayıda bilsəydi nə olardı? Həyat, bəlkə də, çox maraqlı olardı. Bəlkə də, insanlar nə vaxtsa bunu da bacaracaqlar, amma çox heyif ki, indi bunu bacarmırlar. Çox qəribədir; insan həyatı bir ox kimi yayından çıxır və yalnız irəliyə şığıyır, geriyə heç bir dönüş yoxdur, insan yalnız irəliyə getməlidir...irəliyə. Dünyanın gərdişi belə nizamlanıb. Görən, bu gərdiş niyə belə nizamlanıb və nə vaxtdan hərəkətə başlayıb?
 İnsanlar çoxdur, lap çoxdur, ayağı altında bitən otlar, güllər çiçəklər də çoxdur, lap çoxdur, amma heç biri təzədən dünyaya gəlmir. Hər dəqiqə Çobanlar Çeşməsinin gözündən yeni sular axır. Möhtəşəmdir...Amma Yer, Günəş, Ay, məsələn ulduzlar, bu üstündə oturduğu təpə--Egribel Təpəsi, Çobanlar Çeşməsi, ötədən görünən Sarıçiçək yaylası, bu uzanıb gedən dolam-dolam yollar isə həminkidir. Otlar, çiçəklər, insanlar müəyyən vaxtdan sonra yox olub gedir, Günəş isə hər bahar beləcə sevinclə, gülümsünərək göydən baxır. Görən Hikməti tanıyırmı, Hikmət onu tanıdığı kimi o da Hikməti tanıyırmı? Ələlxüsus, sevirmi? Axı Hikmət onu çox sevir, ta uşaqlıqdan sevir, indi də sevir, yəqin ki, qocalanda da sevəcək. Osa bu qədər insanı sevə bilərmi? Bəlkə də… ...Necə ki Allah bütün yaranmışları, o cümlədən insanları ta qədimdən bu günə qədər sevir, həm də idarə edir, Günəş də eləcə, onları sevir. Bu iş onlar üçün elə də çətin olamaz, çünki onlar çox böyük nəsnələrdir, möhtəşəm, böyük işlərə qabildirlər. Nə isə… Bütün dünya çox müəmmalıdır. Budur, keçmişdə yaşayan insanlardan fərqli olaraq o bilir ki,Yer kürəsi, bütün planetlər öz oxu ətrafında fırlanır, hətta Günəş də öz oxu ətrafında fırlanır, hətta başqa kalaktikalar da var, amma bütün bunlar heç də dünyanın sirlərini, müəmmalarını onun gözündə açmayıb. İnsanlar min illərdir bu müəmmalar üzərində baş sındırırlar və hələ min illər, bəlkə milyon illər də baş sındıracaqlar.Amma… Qəribədir, insan heç gələcəyi bilməz, amma keçmişi bildiyini idia edir.Halbuki insanın yaşadığı müddət bu sonsuz aləmin, ələlxüsus, zamanın müqabilində elə qısa vaxt kəsiyidir ki...Və ən qəribəsi odur ki, insan nədənsə bilinməz, mübhəm gələcəyi daha çox fikirləşir,ona doğru can atır,onu xəyalları ilə bəzəyir və möhtəşəm bir dünya yaradır öz içində. Əslindəsə, insan eləcə bu gündən qopub ayrılır, bəlkə...İndini az düşünür, keçmişi elə-belə,hərdənbir. İnsanın fikirləri də həyatı, ömrü kimi ancaq gələcəyə istiqamət götürüb. Nə əcəb, alimlər insanı bir yerdə durdurmaq barədə fikirləşmirlər.Bəlkə, bu insanın yaradılışına ziddir,onun üçün.Nə isə...
                                                     ……… ...

                                          Kutlu doğum sardı,sar benligimi,
                                          Dualarla süslü gör günlügümü,
                                          Nurlu sabahlara ser önlügümü..
                                          İçindeyem her dem bil, Şebingülüm. 

 Özlem bu səhər yuxudan qəribə bir həyəcan içində,nədənsə ,tez oyandı.Oyanan kimi qəlbində qəribə bir fərəh hiss etdi.Əslində elə ,o ,həmişə qəlbində bir fərəh hiss edərdi,bu səhər isə bu fərəh,sevinc coşub çağlayırdı, sanki. Yuxudan duran kimi yadına düşdü ki,artıq bahardır və bağçalarında çiçəklər açıb ,yəqin. Həmin çiçəklərdən dərib dəstə bağlamaq,güldanda suya qoymaq ,nənəsini heyrətləndirmək üçün cəld bağa cumdu.Səhərdən bəri beş dəfə bağı dolansa da heç bir çiçək tapmamışdı;bağ elə bil yuxuya dalmışdı;ağaclar yarpaqlasa da çiçəkdən,güldən hələ heç bir əsər-əlamət yox idi.
 Amma qız heç kədərlənmədi,çünki kədərlənməyə dəyməzdi,keçən ilki təcrübələrinə əsasən bilirdi ki,sarı çiçəklər, mor bənövşələr bir azdan açacaq və qız indidən qəlbində günlü –günəşli,çiçəkli-böcəkli, isti yaz-yay günlərinin sevincini duyurdu. Hava çox gözəldi, Günəşin zərrin şəfəqləri havanı qəribə parıltılara qərq etmişdi.Özləm otların, çiçəklərin üstündə bərq vuran şəfəqləri görüb gülümsündü.Hələ otların üstündəki şehlər qurumamışdı. Almaz kimi bərq vuran şəfəqlər onun yadına Günəşi saldı, başını qaldırıb Günəşə baxdı; Günəş al şəfəqləri ilə onu salamlasa da gözünün içinə baxmağa imkan vermədi.Həmişə təkrar-təkrar Günəşin gözünə baxmağa çalışardı, bu günsə artıq bunun mümkün olmadığını dərk etdiyi üçün cəhd etmədi.
 Bağın yuxarı başındakı təpəciyə sarı qaçdı: bəlkə orda çiçəklər açıb artıq. Burda da heç bir çiçək yox idi.Qız təpəcikdə əyləşdi. Keçən illərdə həmişə bu təpəciyə çıxar və oradan üzüaşağı çox sürətlə qaçardı;təpəcik özü onun qaçışını sürətləndirərdi.Bu ilsə qaçmaqdan vaz keşdi;özünü böyük qız kimi hiss edirdi ,bu hiss ona sevinc verirdi və istəyirdi təpəcik də, bağdakı ağaclar da onun artıq böyüməsini hiss etsinlər.
 Özləm birdən bağda darıxdı və Çobanlar Çeşməsinə getmək qərarına gəldi. Yolboyu yan-yörəsində uçuşan kəpənəkləri qovaraq Çobanlar Çeşməsinə yollandı.
 Budur, Çobanlar Çeşməsi...Nədənsə, bulaq qıza tənha göründü: qəribə bir acıma hissi duydu bulağa qarşı.Bulağın gözünə enib əl üzünü yudu və bulağın başında əyləşdi;axıb gedən sulara tamaşa etməyə başladı. Birdən lap qulağının dibindəcə bir səs eşidib diksindi:
 -Gözəl qız, burda nə edirsən?
 Qız qarşısında dayanmış oğlanı-Hikməti görüb heyrətləndi.
 -Sənə nə var- ərköyünlük və dikbaşlıqla cavab verdi.
 Hikmət gülümsündü -Sən, Özləm deyilsən? -
  ...
Adımı hardan bilir?-Qız düşündü
 -Mən babanın dostuyam-Hikmətəm. Tanımadın məni?
-Yox
 -Oynamaqdan bir başın açılır ki, adam da tanıyasan. Babanla neçə dəfə sizə gəlmişəm ,sürünün yanında da olmuşam-elə keçən il,sən də ordaydın; ayağını əzmişdin, səni evinizə mən apardım, maşınla.
Qız xatırladı.
-Aha…
-Özləm, burada nə edirsən?
-Gəldim ki,görüm sarı çiçəklər,bənövşələr açıbmı?
Hikmət gülümsündü.
-Tək-tək gözə dəyirlər. Qayanın altında var.Baxmaq istəyirsənmi?
 Qız başı ilə” Hə “cavabı verdi və cəld bulağın başından ayağa durdu.
 Hikmət heyrətləndi;necə də böyümüş və gözəlləşmişdi.Elə keçən il bu vaxt günün altında hərlənməkdən yanmış qaralmış balaca, dikburun bir qızdı.İndisə xurmayı saçları çiyinlərinə dağılmışdı, boyu ucalmış, beli inçəlmişdi, gözləri sirli bir şəfəq saçırdı, füsunkar dodaqları, yanaqları eynən Şebingülü rəngindəydi.
 Onlar Qayaya yaxınlaşdılar. Qız çiçəkləri görüb heyrətə gəldi. Çəld bir neçə çiçək üzdü.
 -Nənəmə aparacam- dedi-o, bənövşələri çox sevir.
-Oturaqmı bir az…
 Onlar qayanın üstündə oturdular.
 -Babamla hər yay bura gəlirik, Süsən də, Mustafa da gəlir. Biz həmişə bu qayaya çıxıb üzüaşağı qaçırıq,burdan bərk qaçmaq olur. Mən hamıdan bərk qaçıram. Babam da həmişə bizə acıqlanır:”Ehtiyatlı olun, ayağınızı qırarsınız”
 ...-Böyüsə də hələ uşaq ağlındadır-Hikmət düşündü, qıza döndü:-Ayağını da yəqin qaçanda əzmişdin.
 -Hə ,amma burda yox, Sarıçiçək yaylasında.Ora da mənim çox xoşuma gəlir; hər tərəf sapsarı çiçək olur; arılar da vız-vız vızıldaşır, arıların səsi də mənim xoşuma gəlir, elə bil yorulmadan mahnı oxuyurlar.
 Hava çox gözəl idi. Günəş artıq xeyli qalxmış, hava isinmişdi. Nədənsə, Hikmət heç evə getmək istəmirdi. Onlar bir xeyli çəmənlərdə dolaşdılar.
 -Özləm-Hikmət birdən ayaq saxlayıb ona sarı döndü
 -Hə-keçən ilki uşaq ədası ilə dedi.
 -Hə yox, bəli.Özləm ,sən bu yerlərə tək gəlmə ,əmin qızı Süsənlə,kiçik qardaşların Mustafa və Paşa ilə, böyük qızlarla gəl yaxşımı?-İstədi desin mənimlə gəl ,demədi: qızı ürküdəcəyindən qorxdu.
 -Biz keçən il Xumarla-bibim qızı ilə gəlirdik.O, qonşu qızları da çağırırdı.Onlar böyük qızlardır.Səbzə, çiçək toplayırdıq, nənəm həmin səbzələrdən kətə bişirirdi. Çiçəkləri də eyvanda, otaqlarda suya qoyurduq. Bütün yayı evimizdə çiçək olurdu.Hətta burada ortada qaldı da oynayırdıq.Doğrudan da,Xumarla gəlmək maraqlı olar.
 -Amma sən indi böyümüsən, mənimlə də gələ bilərsən.
 -...
 -Özləm,sən çox gözəl qız olmusan;yanaqların ,dodaqların qızılgülə oxşayır, eynən qızılgül rəngindədir. Qız mat-mat onun üzünə baxırdı.Birdən- birə bir qorxu hiss etdi.Görən, bu nəyin qorxusu idi belə?
 -Mən gözəl deyiləm-dedi və artıq görünməkdə olan evlərinə tərəf qaçdı.
 Hikmət bir xeyli onun ardınca baxdı ...Çox..çox ...gözəl bir qız olub...- düşündü.Və Hikmət içində qəribə bir duyğunun baş qaldırdığını hiss etdi.Hiss etdi ki, qızı əldən buraxası deyil, buraxmayacaq da; hələ şəhərdə çox...lap çox işləri var, qız hələ çox lap çox uşaqdır, amma Hikmət qəlbində qəribə bir təlatüm hiss edir:anındaca içində nə isə silkələndi oyandı, artıq uzun-uzadı yollara baxmaq, dünyanın gərdişini heç fikirləşmək istəmir,bu dəm ancaq bu qızı fikirləşir və indicə ondan uzaqlaşan qızı görmək üçün qəlbində bir həsrət duyur.
 Evə gəldi.Özünün belə anlamadığı bir təlaşla qab-qacağı danqıldatdı,ocaqda nə isə bişirən nənəsinin burnunu sıxdı
 -Nə bişirmisən, ay nənə -deyərək soruşdu.
 Nənəsi deyəsən onun təlaşını hiss etmədi
-Gəl,ay saqqalı ağarmış, gəl- dedi,-gəl otur,kükü bişirmişəm ye, ağzın dada gəlsin.
Oturub kükü yedi.İnsafən yemək çox dadlı idi.Yeməkdən sonra otağına qalxıb bir az uzandı. Qızın xəyalı heç gözləri önündən çəkilmirdi.Görən onu necə görə bilər,ürkütmədən,qorxutmadan ona necə yaxınlaşa bilər..Kitab rəfindən bir kitab götürüb vərəqlədi,kitab ona darıxdırıcı gəldi, qatlayıb kənara qoydu,Özləmi düşündü:görən, o, bədii kitab,ümumiyyətlə, şeir oxuyurmu?Səhər mütləq Özləmgil tərəfə keçəcək,lazım gəlsə evlərinə gedəcək,həmişə getdiyi ev deyilmi,babası ilə söhbət adı ilə kedəcək,qızı görəcək, ona mütləq şeirdən,kitabdan söhbət açacaq.Yeniyetmə qızlar çox romantik olurlar;olmaz ki,o şeirdən,şairdən anlamasın, xatırladı; babası deyirdi: beşlə oxuyur.
 Səhər yuxudan gec oyandı: şəhər adətləri burada da özünü göstərirdi. Durub həyətə çıxdı.Hava bu gün dünənkindən günəşli idi.Əl-üzünü yuyub bir fincan çay içdi,nənəsinin təkidinə baxmayaraq çörək yemədi, iştahası yox idi Bağa düşdü.
 Bağ səliqə-səhmanlı idi;təzə-təzə tumurcuqlayan ağacların dibi bellənmiş,gövdələrinə əhəng belə sürtülmüşdü, babasının incə əl işləri hər addımda nəzərə çarpırdı.Budur, bu sırayla düzülmüş ağaclar alma ağaclarıdır, bunlar alça,bunlar heyva, bunlar da ərik. Babası hər ağaca diqqətlə qulluq göstərir, körpə bir şitilin üstündə onlar canlıymış kimi əsirdi.Nədənsə, babası bu yay çox qaşqabaqlıdır, dinib danışmır heç, bəlkə də, harasısa ağrıyır, ya da onun şəhərdə qalmaq məsələsindən sonra ondan belə-susmaqla acıq çıxır.Babadır, neyləmək olar?Torpağa,zəhmətə çox sıx bağlıdır. Babasının istəyiylə o, bu kənddə qalıb yaşaya bilməz ki...Artıq iyirmi birinci əsrdir,çobanlığın dövranı keçdi, indi dünyanı səyahətə çıxmaq, Aya, ulduzlara uçmaq vaxtıdır. Camaat Marsda torpaq almaq üçün növbəyə düzülüb.Hərçənd, bu özü də insanın hədsiz dikbaşlığından xəbər verir, amma hər nəysə insanın yaradılışı belədir, o keçmişə yox, gələcəyə can atır.İrəliyə can atanların biri də Hikmət’dir. Buna görə onu heç kim qınaya bilməz.Əslində, o, şəhərdə məhz babasını, Şebinkarahisar camaatını düşünüb qalır. Bu qədər gözəl torpaqlarda həyat yalnız üç ay qaynayır,qalan doqquz ayı insanlar dünyadan təcrid olunur, qar, çovğun yolları bağlayır,heç bir gediş- gəliş olmur.Bunu “Talehsizlik” adlandıranlar da var şəhərdə.Babası kimi sadə adamlar günahı övladların geriyə dönməməsində görür,amma başa düşmürlər ki,övladlar geriyə dönəndən sonra buradan çıxa bilmir,elə ilişib burada qalır və çoban olmaqdan, ya da bağ-bağça becərməkdən başqa yol tapmayırlar.Əlbəttə, çoban olmaqda heç bir qəbahət yoxdur,amma çoban Şebinkarahisara heç bir gün ağlaya bilmir, məsələ budur.Şebinkarahisarın isə dərdi böyükdür, Şebinkarahisar dünyadan təcrid olunub. Osa istəyir ki, şəhərdə işləsin, hansısa bir hökm yiyəsi olsun və Şebinkarahisar ile dünya arasına bir körpü salsın: həm mənəvi, həm də maddi. Bu böyük bir projedir, artıq bunu başlatmışdır.Və yüzlərlə Hikmət kimi davamçısı var. Onların məqsədi oxumaq, hökm yiyəsi olmaq və Şebinkarahisar ilə ölkənin digər bölgələri arasında, dünya arasında körpü salmaqdır

                          Kimi yanlış karar, kimi talihsizlik diyor… .. 
                          Kimi yanlış karar, kimi talihsizlik diyor... 
                          Konu bir türlü meclis gündemine getirilmiyor.
                         Oyanın, dinleyin, düşünün, bir yol bulalım... 
                         Oyun içinde oyun varsa bilelim. 
                         Tütünümüzle tüten, gönlümüzde yatan... 
                         Dillere destan bir tiyatro sanki, 
                         Sahnede şöhretli bir yar... 
                         Adı: Şebinkarahisar...

 Bu da gül bağçası; burada da xüsusi bir səliqə-səhman hökm sürürdü, babası gül bağçasına xüsusi bir diqqət yetirərdi, onların gül bağçası kənddə barmaqla sayılan gül bağçalarından idi. Nənəsinin bu güllərin bəzi növündən bişirdiyi gül mürəbbəsi də ki, heç yanda tapılmazdı. Nənəsi deyirdi ki, bu sahədə o çoxdan, lap çoxdan təkmilləşib, gül mürəbbəsinin ustası sayılır. Hərçənd, bu kənddə hansı qadını dindirsən elə özünü gül mürəbbəsinin, tut riçalının ustası sayır,amma insafən nənəsinin döşünə döyməsinə dəyərdi.Yaxın şəhərlərdən birində hansısa bir zavod elə nənəsinin resepti ilə gül mürəbbəsi istehsal etməyə başlayıb.Və bildiyinə görə çox da şöhrət tapıb,yaxın, uzaq ellərə gül mürəbbəsi ixrac edir.Nənəsinin deməyinə görə, onlar bu işi nənəsi kimi bacarmasa da ,qədərincə başarıyla davam etdirirlər.
 Acdığını hiss edib evə qayıtdı. Nənəsi süfrəni yığışdırmamışdı, bilirdi ki, Hikmət bağı fırlanıb acacaq və yemək istəyəcək.Nənəsi onu görüb səsləndi
 -Gəl,canım, gəl otur.
 -Babam hardadır.
 -Məcsidə tərəf getdi.
 -Nənə,babam ağrıyıb eləmir ki? Nədən belə qaşqabaqlıdır.
 -Eh bilmirsən babanı, deyir; Hikmət gərək oxuyub kəndə dönəydi. Fikir vermə, indi hansı zəmanədir. Mən istəyirəm sən şəhərdə qalasan və boynu qalstuklu kişilərdən olasan.
 Hikmet gülümsündü :
 -Sağ ol, ay nənə, nə yenilik var? Zavod yeni reseptlər istəmir ki?
 -Aradabir gəlirlər, canım. Bir neçə adamla iş bitmir,camaat- hamı yaxşı yaşamalıdır.Bölgə elə bil gözə -nəfsə gəlib.Gül kimi cavanlar çobanlıqdan başqa peşə seçə bilmir. Çünki dünyaya çıxış yoxdur,yol, riz yoxdur.Nə olsun qışı soyuq olur,başqa ölkələr Sibirdə şərait yaradır. Burada isə...

.                       … Gündüz baykuş endişesi,
                            Gece hasret düşüncesi
                            Yanğın yakmış, deprem yıxmış...

 -Amma, nənə,narahat olma.

                           Qürbet vurmuş, sel sürümüş olsa da…
                           Yeni umutlara gəbə hər köşesi
                           Kartal yuvasında sancı,
                           Yaxında doğuracaq
                           Hazırlıq yapsın hancı..
                           Uyansın köşe, bucaq. ...

  — İnşəAllah, aslanım, el-obanı sənin kimi oğullar ayağa qaldıracaq.
 -Nənə, yemək çox dadlı idi, çox sağ ol, mən də bir kəndə çıxım.

                                                   ………
                                Mavi gökyüzünde yıldızlar parlak,
                                Gökçe umutları göreceksiniz.
                                Sabredin, yakında doğacak şafak…
                                Hasretin tadına varacaksınız.…

 Hikmət çox fırlansa da Özləmi görə bilmədi. Nəhayət, Eğribel Təpəsinə Çobanlar Çeşməsinə tək getmək qərarına gəldi.
 Təpələrdə tək-tək qoyun sürüləri gözə dəyirdi.Göy üzündə buludlar bir- birini qovurdu.Aralıda isə uca dağ silsilələri görünürdü;budur, başı ağappaq qarla ortülü dağlar...Çoxdur dağlar və nədənsə hamısının duruşundan bir əzəmət tökülür.Qəlbində dağlara qarşı bilinməz, sirli bir məhəbbət hiss edir;deyən elə hamıda belədir,xalq arasında o qədər rəvayətlər dolaşır ki,dağlar haqqında, Camaat onlar haqqında rəvayətlər yaratmaqla öz hörmətini bildirib dağlara. Gözünü açıb bu dağları, çayları, dənizləri mövcud görən insan onları müqəddəs bilib və elə müqəddəsdir də.   Hikmət ilk gəncliyini-17-18 yaşlarını xatırladı; dünyanı, təbiəti yenicə duymağa başlamışdı; heyran-heyran bütün günü dağları dolaşar,göy üzünü, topa-topa göy üzündə süzən buludları, haralardansa dəstə-dəstə uçub gələn ördəkləri, qazları seyr edər, saatlarla bir dağ döşündə oturar, dünyanın o başından süzülüb gələn əsrarəngiz sirləri bütün iliklərində duyardı. Və içində bu dağlarla, dərələrlə, məsmavi göy üzü ilə bir kökdən yaranan, sirli qanunlarla bu dünyaya möhkəm-möhkəm bağlanan bir varlığın mövcudluğunu hiss edərdi.Bəzən içindəki varlığın eləcə dağları dolaşmaq,dağın –dərənin yetirib bitirdiyi qidalarla qidalanmaq, bir dağ döşündə mağarada gecələmək istəyinə heç təəccüblənməzdi. Hələ həyatı o qədər anlamasa da ,Təbiəti çox gözəl anlayır və ən qəribəsi Təbiətin də onu anladığını çox gözəl bilirdi.Təbiət o qədər sadə,o qədər möcüzəli və o qədər də məhrəm idi ki…
 Hə...belə-belə işlər...Uşaqlıqdan çox sevib bu dağları dolanmağı və dağları dolandıqca içinə bir güc, qüvvət axıb və bu güc,qüvvət də artıq onun yollarını müəyyənləşdirib .Budur, artıq Universiteti də, magistraturanı da bitirib, hətta şəhərdə işə də düzəlib, amma nədənsə içində hərdən bir tərəddüd duyur; babasının bir az qəmli, qayğılı surəti gözü önündən çəkilməyir. Bəlkə, babası da haqlıdır, yaxın yerlərdən birində işləmək, həftədə,ayda bir dəfə də evə gəlmək olardı.Olardı...lakin artıq qərarını verdiyini və fikrindən dönməyəcəyini də bilirdi.Çox istəyirdi nənəsinin arzularını doğrultsun. Kəndlərində ömür sürən, həyatında bəlkə bir dəfə də olsun kənddən kənara çıxmayan,təhsil almayan,amma dindirsən sinəsi sözlə dolub daşan,mərifətlə dolub-daşan insanları yaşatmaq istəyirdi əməllərində .Həmişə təəccüblənirdi :bu insanlar ömürlərində kənddən çıxmadıqları halda, indiki dövrün dili ilə desək dünyaya heç bir inteqrasiya olunmadıqları halda az qala bütün millətlər üçün etalon olan əzəli və əbədi ,bəşəri qanunları,hikmətləri hardan öyrəniblər?
 Doğrudan da ,insanlığın gözü ilə baxsan dünyada şox yox bir neçə əzəli və əbədi insanlıq qanunları var -əsrlərlə yaşayan və nəsillərlə bir-birinə ötürülən insanlıq qanunları .Bəzi üzdəniraq filosofların insanın zatən naqis olduğunu sübut etməsinə rəğmən insanlar içlərində hey yaxşıları yaşatmışlar,heç bir xalq gələcək nəsillərə oğurluğu ,əclaflığı,ikiüzlülüyü,yaltaqlığı təlqin etməyib.Heç bir şifahi xalq ədəbiyyatı nümunəsində;nağılda, bayatıda,rəvayətdə,dastanda buna rast gəlinmir.Belə olan halda insanı bəzən nədən naqis adlandırıblar görəsən?
 Çox müəmmalıdır .Nə isə....
 Ah, onun əziz,doğma kəndi- qışı qarı,çovğunuyla yazı- payızı uzun sürən yağışlarıyla,yayı yandırıcı istisiylə yaddaşını ,ömrünü cilalayan kəndi.Buludlu bağları,ətrafını bürüyən yamyaşıl bənzərsiz dağları ,zümrüd çəmənləriylə cənnətdən qopub gəlmiş bir parçadır sanki yer üzündə. Kənd təbiətini,kənd camaatını hədsiz sevsə də ona bəzən çox çətin və anlaşılmaz gəlirdi:necə ola bilər ki, biləsən ki, dünya belə böyükdür,əsrarəngizdir,dünyada minlərlə,milyonlarla insanlar var,xalqlar var:dünya başdan başa dənizlərdən,çaylardan,ucsuz,bucaqsız meşələrdən ,dağlardan,çəmənlərdən,şəhərlərdən, kəndlərdən ,ölkələrdən ibarətdir,amma bütün bunlara baxmayaraq, ilişib eləcə bir kənddə qalasan və ömründə oradan heç bir yana çıxmayasan.Nədənsə, bütün bunlar ona çətin gəlirdi və o təlatümlü gənclik coşqusuyla yeni üfüqlərə varmaq, yeni-yeni arzulara doğru qanadlanıb uçmaq istəyirdi. Çox cavan olmasına rəğmən ölümü,dünyanın faniliyini, insan həyatının gedəri olmasını- bütün bunları- bəşəri dərdləri düşünürdü.Və onu da bilirdi ki ,bunu tək o yox, zaman-zaman yaranmış bütün dühalar düşünüb:Dədə Ələsgərdən tutmuş,Aşıq Veysələ,Homerə,Höteyə,Heminqueyə qədər .Hansı düha bu bəşəri ağrıları hiss etməyib ki...Bəlkə də, elə bu acıları dərindən dərinə hiss etmək cilalayıb o dahilərin ruhunu.Ya da elə insanlıq,bəşəriyyətin yaşam tərzi,illərlə,əsrlərlə görüb götürdükləri,bir-birinə ötürdükləri,duyduqları özü bir dühadır -insanlığın dühası.
 İnsanlıq… Bu kənddə yaşayan sadə kənd camaatı nə qədər sadədir,nə qədər bir-birinə yanımcıldır:hər yay o kəndə gələndə az qala bütün kənd görüşünə gəlir,hamı onunla maraqlanır,onun əhvalının yaxşı olmasını istəyir,hamı ona ümüdlə baxır,hamı istəyir ki ,o, bu kəndin şanı və şöhrəti olsun,bu kəndin ümüdü olsun,bu kəndi dünyaya tanıtsın.O bu kəndin camaatının ürəyindən axıb gələn bulaq suyu,dağ havası kimi təmiz məhəbbəti elə aydınlıqla duyur ki...Və bilir ki artıq onun geriyə yolu yoxdur,o, doğrudan da ,oxumalı ,öyrənməli,bu elləri dünyaya tanıtmalıdır, bu el üçün nə isə etməlidir.Və nədənsə o buna əmindir,dünyaya nə isə bir yenilik gətirəcəyinə,bu yurd üçün nə isə edəcəyinə əmindir. O kənd camaatının yaşam tərzini,bir-birinə manasibətini,dünyaya baxışını seyr edir və bəzən düşünürdü ki ,bəşəriyyətin qlobal mədəniyyəti,humanizmi, saf duyğuları bəlkə də elə əl-ayaqdan uzaq bu kəndlərdə yaranır.Nə isə…
 Hava birdən-birə tutuldu,çox çəkmədi ki, şıdırğı yağış yağmağa başladı;sanki göydən minlərlə bulaq axıb tökülürdü,göy guruldayır,şimşək belə çaxırdı.Hikmet belə vaxtlarda ağac altında durmağın təhlükəli olduğunu bilirdi,odur ki ,tez özünü yaxınlıqdakı qayanın altına verdi. Qayanın ətrafından sular sel kimi axırdı.
 Çox keçmədi yağış birdən başladığı kimi birdən də dayandı, hava açıldı.Heç on dəqiqə keçmədi ki, Günəş göyün tən ortasındanca işıq saçmağa başladı. Hikmət qayanın dibindən çıxdı, ətrafa boylandı,bir az aralıda qoyun sürüsünü haylayan dostu-orta məktəbdə bir yerdə oxuduğu çoban Alını gördü.Addımlarını yeyinlədib Alıya çatdı.
 Alı ( çox gözəl şeirlər yazırdı)onu gülərüzlə qarşılasa da,nədənsə bikef ,pəjmürdə olduğu sezilirdi.
 -Alı, qəlbini sıxan nədir? .
 -Bir şey yoxdur.
 -Yenə.
 -Bilirsənmi, Hikmət, yorulmuşam.Həyat mənə maraqsız gəlir.Hər gün geyinib evdən çıxıram, bu çollər və düzlər, bu qoyunlar gördüklərimdir.İnsan bezir,bəzən başımı götürüb buralardan getmək istəyirəm. Nə boyda arzularım var idi, amma ...atamın yoxluğu,anamın xəstəliyi məni yolumdan saxladı. Əslində peşman deyiləm, anamın məndən başqa bir kimsəsi yox idi,amma...
 -Alı ,əgər məndən soruşsan sənin seçdiyin yol, tutduğun əməl ən gözəl yol, ən gözəl əməldir deyərdim. İnsan öz valideyinlərini ,qocalarını, kimsəsizlərini qoruyub qullanırsa nə gözəl. 

                                         Kırmayan dökmeyen dil aranırsa,
                                         Sağlam tutup saran el aranırsa,
                                         Aydınlığa varan yol aranırsa…
                                         Hakkın yolu en hakiki yol derim...

 -Amma başqa işlərlə də məşğul olmaq olar. Məsələn: gəl kənddə bir dərnək açaq- özəl yetənəklər dərnəyi.Başqan sən ol ,il boyu kənd camaatı ilə-cavanlarla maraqlan,istedadı olanları ətrafına topla, onların yaradıcılığı ilə məşğul ol ,-bir-birinizin yaradıcılığını təhlil edin ,öyrənin,yavaş-yavaş cilalanacaqsınız,-bir də baxacaqsan ki, ətrafında bir topa istedad var:onları üzə çıxartmaq,onlara istiqamət vermək bilsən necə gözəldir.Əslində, yaradıcı insan üçün şəhərdə yaşamaqdansa hansısa bir kənddə yaşamaq daha əlverişlidir.Əsas odur ki,sevdiyin işlə-yəni yaratmaqla məşğul olasan.Mən sizinlə əlaqə saxlayacam.Bir də gördün elə buradaca məşhurlaşdız.Sizdən intervyü almağa gələcəklər,ölkə mətbuatında işıqlandırılacaqsınız.Hər şey asandır,əsas odur,ümidini itirmə,nə iləsə məşğul ol.
 -Çox sağ ol Hikmət,üstümdən dağ götürüldü,yoxsa yaz at ora-bura, itsin batsın, adama ağrı verir. — Hər şey insanın əlindədir: elə bir çətinlik yoxdur ki,insan onun öhdəsindən gəlməsin.Yazdığın şeirləri də topala ver mənə ,mətbuata verəcəyəm.
 Alı əməlli –başlı sevinirdi.
 Hikmet üçün bundan qiymətli heç nə yox idi. ....

                                 Derd ortağın kimdir diye sorsalar,
                                 Bülbül derim, gülüm derim, gül derim.
                                Küp dolusu altın, gümüş verseler
                                Arzulara köklü çözüm bul derim.…

(ardı var -2-ci hissə) Not: ’’Bu  yolların çiləsi ’’ isimli Şeirli Romanımda istifadə olunmuş şeirlər; tanınmış Türk Şairi Hikmet Okuyarındır. Müəllif: Şiringül Musayeva
 

0 şərh