Bakı haqqında şeir | Qismət Rüstəmov

Bakıya toxundum… əsdi ürəyim, 
Toxunmaz olaydım Bakı dəyişib.
Geyinib əyninə dekolte geyim,
Burnu kiçilibdir, dodağı şişib…

Burdan milyardlarla qonaq ötürüb,
Indi öz-özünə qonaq, şəhərim.
Röyadan düzəlmə burun götürüb,
Aygündən silikon dodaq, şəhərim. Bakı,İçərişəhər

Qalıb bir sümükdə, bir də dəridə
Tarix küçə-küçə, ev-ev sürünür.
Izzətlə, Xosenin şəkilləri də
Bakıda Bakıdan böyük görünür.

Açıb yarıyacan öz sinəsini,
Biabır eləyib məni bu şəhər.
Kəsib, qayçılayıb gödəkçəsini
Geyinib əyninə mini bu şəhər.

Nədir səni belə qəfil dəyişən,
De, görüb tufanmı qopub içində ?
Sən ki, qocaldıqca lap gözəllləşən,
Gözəl bir qadınsan şəhər cildində…

Götür bu dəsmalı sil o boyanı,
Səndən olmayana daha qoyma qol.
Tulla geyindiyin o dikdabanı,
Bir az balaca ol amma Bakı ol.

Hər küçən ,hər evin qürbət kimidir
Hüznün, yalqızlığın paytaxtı şəhər.
Bəlkə də Bakı bir qədim gəmidir,
Dayanıb Bakını gözləyir Xəzər…

Şirinlik qalmayıb şirinliyindən,
Qadınlar soyunub çıxır şəhərə.
Mavi ekranların dərinliyindən,
Masmavi “kişilər” axır şəhərə…

Axır mavi-mavi bəyaz yalanlar,
Utanır, qızarır bəyaz qalanlar,
Qırmızı-qırmızı mavi olanlar,
Gündə bir boyanı yaxır şəhərə…

Bakının yəhəri özündə deyil,
Dolanır özgənin atında Bakı.
Bir günə Dubayda kökələnlərin,
Həm özü, həm cibi “göy” gələnlərin,

Dikdaban geyinmiş göydələnlərin,
Qalıb ayağının altında Bakı.

Bitib iqtidarı, qurtarıb gücü
Səsini itirimiş yalquzaq kimi.
Dilənçi uşağın pul yığmaq üçün,
Asfalta qoyduğu bir papaq kimi-
Kimdənsə mərhəmət umur bu şəhər.

Çırpmır! üstündəki torpaqdı, gildi
Qanmır ki, o əvvəl belə deyildi,
Bir Allah bilir ki, son neçə ildi
Xəzərdə üzünü yumur bu şəhər

Hər tində ümidə bir qəbir qazan,
Adama xəcalət çəkdirən şəhər.
Şairi acından şeirlər yazan,
Mollası villalar tikdirən şəhər
Neyləyim sevməyə bilmirəm səni…

Bir ömür gözünü yollara dikən,
Tənha qadınların möhnəti Bakı.
Pullu kişilərə baxıb “ah” çəkən,
Pulsuz kişilərin qisməti Bakı...

9 şərh

Silen_ce
şerin müəllifini bilmirəm, bilən varsa yazsın…
Muza
Qismət adlı gənc şairlərdən biridir.
BaKiNeC
Əla yazılıb :))Yazan Əllər var olsun.Həqiqətən BAKI artıq həminki Bakı deyil…
Nailə_Rzayeva

Qismət Rüstəmovun şeirlərini çox bəyənirəm.


Hələ yaşamağım möcüzədir lap,
İnana bilmirəm mən həyatdayam.
Həyat bir oyundur, mənsə oyunçu,
Hələ bu oyunda ehtiyatdayam.


Bir gün çin çıxacaq yuxum ölümlə,
Vaxt gələr olaram qohum ölümlə,
Qaç-tutdu oynayır ruhum ölümlə,
Əzrayıl əmiylə zarafatdayam.


Qulağım eşitmir, dilim danışmır,
Bəxtim küsəyəndir, küsür barışmır,
Cənnətə düşməyə pulum çatışmır,
Mən ki cəhənnəmdə qeydiyyatdayam.



Cavid

Şeir-də həqiqətən çox reallıqlar ifşa olunur, təşəkkürlər hər ikinizə

Shabnam_Ilham
Bu şeiri ilk dəfə facebookda görmüşdüm və çox bəyənmişdim, həqiqətən də çox gözəl şeirdir… Əsas da sonuncu misrası gözəldi. Mən ki, cəhənnəmdə qeydiyyatdam… :(
Shabnam_Ilham
Bu şeiri ilk dəfə facebookda görmüşdüm və çox bəyənmişdim, həqiqətən də çox gözəl şeirdir… Əsas da sonuncu misrası gözəldi. Mən ki, cəhənnəmdə qeydiyyatdam… :(  Bakıya aid şeir də çox gözəl idi… Bakının indiki iç üzünü dəqiqliklə göstərmişdir… təəssüf ki, bunlar həqiqətdir, Avropadan gələn istəmədiyimiz həqiqət :(
bahar
Yazan əllər var olsun.Bu həqiqətən də acı bir həqiqətdir.