Sisianovun öldürülməsi

1806-cı ilin fevral ayı idi. Qış bərk keçsə də, qar artıq tamam ərimişdi. Ancaq havada hələ şaxta vardı. 200 nəfər süvari atlarından düşüb gözləyirdi. Hamının nəzərləri irəlidəki qədim qalanın darvazasına zillənmişdi. Hamıdan qabaqda durmuş adamın çiynindəki zər baftalı paqonlar tutqun havada uzaqdan diqqəti cəlb edirdi. Onun solğun sifəti, gözlərinin altına çökmüş dərin kölgələrdən bilmək olurdu ki, gecəni yatmayıb. Azca uzunsov sifəti qaramtıl bir rəng almışdı. O, Şamaxıdan çıxandan özünü pis hiss edirdi. Hətta elə vəziyyətdə idi ki, atın üstünə yaxın adamlarının köməyi ilə qalxa bilmişdi. Sonra da Şamaxı dağlarını keçərkən qar və yağış onu tamam taqətdən salmışdı. Böyük çətinliklə fevralın 30- da Bakıya çata bilmişdilər. Qoşun şəhərin iki verstliyində olan Naxır bulağında düşərgə salmışdı. Burada qoşundan 300 nəfər ayırıb, ondan qabaq Xəzər sahilinə desant çıxarmış general-mayor Zavalişinə kömək göndərmiş və əmr etmişdi ki, şəhəri dəniz tərəfdən dövrəyə alsınlar. Özü isə 200 nəfər əsgərlə şəhər divarına yaxın su quyusunun yanında (Azərnəşrin keçmiş binasının yerində) qərar tutmuşdu. Bu, Qafqaz baş komandanı general Sisianov idi. Şamaxıda olarkən Mirzə Məhəmməd xan Saninin Bakıda olan qardaşı Əbdürrəhim ağa Hüseynqulu xanın zülmündən xilas olmaq üçün gizlin yolla onun yanına gəlmişdi. Sisianov onu yaxşı qəbul etmiş və Əbdürrəhim ağa onun bir sıra tapşırıqlarını fədakarlıqla yerinə yetirmişdi. Rus qoşununun ərzaq və yemlə təmin edilməsinə yaxından kömək etmişdi. Ailəsini düşmən Hüseynqulu xanın yanında qoyub Sisianova pənah gətirən Əbdürrəhim ağa barədə A. A. Bakıxanov belə yazırdı: «Mirzə Məhəmməd Saninin qardaşı Əbdürrəhim ağa Şirvana Sisianovun yanına gələrək, ona bəzi xidmətlər etmiş və Hüseynqulu xanın şəhərdə olan İran hərbi rəislərinə münasibətinə yaxşı bələd olduğundan Sisianovu dəfələrlə xəbərdar etmişdi ki, ehtiyatlı olsun. Sisianov isə ona xanın rəqibi kimi inanmaq istəməmişdi».


İndi də Bakının qalın divarları qarşısında durarkən, Əbdürrəhim ağanın xəbərdarlığını tamam unutmuşdu. O öz güçünə arxayın idi. Gəncə, Qarabağ, Şəki və Şamaxı şəhərlərini özunə tabe edəndən sonra Bakını tutmaq ona daha asan görünürdü. Xəstəlik və yorğunluq onu üzsə də, imperatorluq qarşısındakı xidmətlərindən razı bir tərzdə, bir az da qürurla durub, Bakı xanı Hüseynqulu xana yavəri Elizbar  Eristov vasitəsilə məktub  göndərmişdi.  Məktubda imperatorluq adından təklif olunurdu ki, xan şəhəri təslim etsin. Cavab isə ləngiyirdi. Sisianov gözlərini şəhər darvazasından ayırmadan qalanın divarları arxasında baş verən hadisələri təsəvvür etməyə çalışırdı. O, bu hasarların o biri tərəfindəki hər şeyə bələd idi. Hələ 1796-cı ilin yazında II Yekaterinanın əmri ilə V. A. Zubovun qoşunları Bakını işğal etdiyi zaman Sisianov qalanın komendantı təyin edilmişdi. Doğrudur, bu çox az sürmüşdü. Çünki II Yekaterinanın ölümündən sonra onun yerinə keçən oğlu I Pavel qoşunları Qafqazdan geri çağırmışdı. Ancaq bu az müddətdə Sisianov Bakı şəhərinin bütün quruluşuna, adamlarının adət və ənənələrinə yaxından bələd olmuşdu. Şəhərdən dənizə açılan xoş mənzərə indiyədək gözlərinin qabağından çəkilmirdi. Xəzər sahillərinin işğalı o zaman imperatorluğa böyük xərclə başa gəlmişdi. Buna baxmayaraq, I Pavelin qoşunları geri çağırmasından Sisianov çox narazı qalmış və özlüyündə bunu imperatorun səhvi hesab etmişdi.
Birdən şəhər darvazası açıldı. Polkovnik Eristov atını çaparaq, içəridən çıxdı. Hüseynqulu xan cavab məktubunda göstərirdi ki, o komandanlığın tələbləri ilə razıdır və qalanı (bütün sərvəti, camaatı ilə birlikdə) təhvil verərək, rus təbəəliyini qəbul edir. Məktubda yazırdı: «Güman edirəm ki, çar 1796-cı ildə qoşunları Bakıda olarkən göstərdiyim xidməti nəzərə alaraq, məni xanlıqdan məhrum   etməyəcəkdir».   Sisianov   Hüseynqulu   xanın   belə   asanlıqla   təslim olmasından içərisində qürurdan daha çox bir lovğalıq hiss  etdi  və  dərhal  xana cavab məktubu göndərdi. Bu məktubda yazırdı ki, çar höküməti xanlığı onun sərəncamına ancaq aşağıdakı şərtlər əsasında verə bilər:
1. Din xanlıqda hamıdan ötrü azad olaraq qalır.
2. Xanlığı idarə etmək onun bütün nəslinə şayəstə edilir. Ancaq bu şərtlə ki, xanlığın idarə edilməsi mərhəmət  və  insanpərvərlik  əsasında olsun.
3. Məhkəmə işləri hakimə həvalə olunsa da, cinayət işlərinə baxanda Bakı qarnizonu komendantı mütləq iştirak etməlidir.
4. Gömrük gəlirindən başqa bütün gəlirlər xanın sərəncamında qalır.
5. Zaqafqaziya ölkəsində ordunun ehtiyacı üçün duz və neft baş komandanlığın imzası ilə talonla pulsuz buraxılmalıdır.
6. Bakının ətrafında Bakı qarnizonunun yerləşdirilməsi üçün əlverişli mənzil ayrılmalıdır.
7. Xan bilavasitə baş komandanlığın təht-himayəsində olduğu üçün onun əmrlərinə sözsüz tabe olmalıdır.
8. Xan  tərəfindən  xəyanət  hiss  edildikdə  dərhal hakimiyyətdən  uzaqlaşdırılacaqdır.
Bunlardan başqa xanın qarşısında belə bir şərt də qoyulurdu: Xan Şərq adəti üzrə, and içməkdən əlavə öz oğlunu da, komandanlığın yanında girov qoymalıdır.


Sisianov qoşunlarının yaxınlaşıb, qalanı mühasirəyə alması şəhər əhalisi içərisində böyük təşvişə səbəb olmuşdu. Bəziləri köçünü yığışdırıb, Salyan darvazalarından təpələrə çəkilməyə hazırlaşırdı. Dəniz tərəfdən çıxmaq mümkün deyildi. Çünki general Zavalişinin gəmisi körfəzdə lövbər atıb durmuş və sahilə desant çıxarmışdı.
Bir azdan cavab əvəzinə xanın nümayəndəsi qaladan çıxıb, əlində gətirdiyi qala açarlarını və duz-çörəyi Sisianova təqdim etmək istəyir. General duz-çörəyi qəbul edir, açarları isə geri qaytararaq deyir:
-Mən istəyirəm ki, açarları Hüseynqulu xan şəxsən özü təqdim etsin.
Hüseynqulu xanın qaladan çıxması çox uzun çəkir. Sisianovun səbri tükənir və polkovnik Eristovu təzədən qalaya göndərmək istərkən şəhər darvazası açılır və Hüseynqulu xan öz yaxın adamları — İbrahim bəy, Qasım bəy, Ağakərim bəy, Seyid bəy və başqaları ilə birlikdə içəridən çıxırlar. Sisianov onları görən kimi polkovnik Eristovla birlikdə qoşundan qabağa çıxır. Onları təkcə bir kazak müşayiət edir. Hüseynqulu xan açarları Sisianova təqdim edərkən İbrahim bəy arxadan güllə ilə Sisianovu vurub öldürür. Xanin o biri adamları isə polkovnik Eristovu öldürürlər. Təkcə onları müşayiət edən kazak qaçıb aradan çıxa bilir. Sisianovun öldürülməsindən sonra qala divarlarının üstündən onun əsgərləri gülləyə tutulur, ölən ölür, ölməyən pərən-pərən düşür. Hüseynqulu xanın adamları aranın qarışmasından istifadə edərək, Sisianovun başını kəsərək, qalaya aparırlar. Sisianovun ölüm xəbərini eşidən Zavalişin isə desant qoşunlarını gəmiyə doldurub, Sara adasına tərəf istiqamət alır.
 
Ertəsi gün Hüseynqulu xanın əmri ilə Sisianovun başsız cəsədi qələbə rəmzi kimi şəhər darvazasından azca aralıda, divarın dibində dəfn edilir. Qəbir demək olar ki, ayaq altında tapdaq olur.
Sisianovun başı isə İrana, Fətəli şaha göndərilir. Əvəzində şah Bakı xanlığına bahalı hədiyyə göndərir.
Sisianovun qəbrinə ta 1811-ci ilədək dəyib-toxunan olmur. Yalnız həmin ilin axırında Qafqazın yeni baş komandanı Markiz Pauluççi Sisianovun sümüklərini Tiflisə apartdırıb Sion kilsəsində dəfn etdirir.
Sisianovun sümükləri Tiflisdə basdırıldığı zaman Bakı artıq Rusiya tərəfindən işğal edilmişdi.
Sisianovun ölümünü təsadüfi hadisə kimi qeyd etmək olmaz. Bakının ən axırıncı xanı hesab edilən Hüseynqulu xan özünün bütün hökmranlığı dövründə (1792-1806) Rusiyaya olan münasibətində heç zaman sabit qalmamışdı. Türkiyə, İran, Dərbənd tərəfindən gözlənilən daimi təhlükə onu Rusiya himayəsinə sığınmağa məcbur edirdisə, rus təbəliyini qəbul etdiyi tərzdə hakimiyyətini, müstəqilliyini itirə biləcəyindən qorxurdu. Buna görə də, həmişə Rusiya ilə İran arasında tərəddüd etmiş, gah bu tərəfə, gah o tərəfə meyl göstərmişdir. Onun siyasətindəki bu ikilik fəaliyyətin sonunadək davam etmişdi. Son dəfə də belə olmuşdu. Bir tərəfdən şəhərin təslim edilməsi barədə Sisianovla danışıqlar aparır, o biri tərəfdən İran höküməti ilə gizli əlaqə saxlayırdı. Ruslarla bağladığı sazişlərə baxmayaraq, imkan düşən kimi ruslardan üz çevirirdi. Bəzi tarixçilərin yazdığına görə Sisianovun öldürülməsi ərəfəsində qalada İran şahı Fətəlinin iki casusu yaşayırmış. Onlar guya Fətəli şah tərəfindən göndərilibmiş ki, dənizdən qala divarları ətrafındakı xəndəklərə su çəkmək üçün kömək etsinlər. Əslində isə, Hüseynqulu xanın hərəkətlərinə göz qoyub, casusluq edirlərmiş. Hətta İbrahim bəyi Sisianovu öldürməyə təhrik edən də guya casuslar olub.
1846-cı ildə Bakının erməni varlılarından Tomas Eyvazov öz hesabına Sisianovun xatirəsinə abidə düzəltdirmişdi. Sisianovun öldürüldüyü yerdə (Azərnəşrin keçmiş binasının yerində) qoyulmuş bu abidə piramida şəklində olub, boz daşdan tikilmişdi; abidənin bir tərəfində bu sözlər yazılmışdı: «Abidə 1846-cı ildə knyaz Mixail Semyonoviç Vorontsovun  canişinliyi dövründə qaldırılmışdır». O biri üzündə isə «Tomas Eyvazovun səyi və ianəsi ilə» qazılmışdı.  Abidənin üstündə xəncər və tapança şəkli də rəsm edilmişdi. Tapançanın lüləsi və xəncərin ucu aşağıya əyilmiş vəziyyətdə idi.
Abidənin açılışında Qafqaz canişini Vorontsov da iştirak etmişdi. Abidə Azərbaycanda Sovet hakimiyyəti quruluşunun ilk illərinədək dururdu. Bakıda M. Ə. Sabirə heykəl qoyulduğu illərdə uçurulmuşdur.
 
A. A. Bakıxanov Hüseynqulu xanın atasının başına açdığı oyunları, atasının qanuni hüququnu tapdalamasını bildiyi halda onu cəsarətli bir xan kimi xarakterizə edirdi.
Sisianovun öldürülməsi çar hökümətini daha ciddi tədbirlər görməyə məcbur etdi. Çünki vaxtilə müəyyən siyasi məqsədlərlə əlaqədar Qafqaza canişin təyin edilmiş bu yüksək rütbəli məmurun, imperatorun tapşırıqlarını yerinə yetirmək üçün heç nədən çəkinməyən sadiq bir hərbçinin itirilməsi I Aleksandrın Qafqazdakı siyasətinə böyük zərbə idi. Təsadüfi deyildi ki, I Aleksandrın 1802-ci il 8 sentyabr tarixli fərmanı ilə ona verdiyi hüquqlar Sisianovun sələflərinə verilmiş hüquqlardan qat-qat üstün idi.

Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
 

0 şərh