Bakı Rusiyanın tərkibində

Sisianovun öldürülməsini Dağıstan feodalları sanki çoxdan gözləyirdilər. Yaranmış şəraitdən istifadə edərək, Qazıkumux və Avar xanları Azərbaycanın içərilərinə soxuldular. Surxay xan Kür sahillərinədək gəlib çıxdı. Lakin daha irəli gedə bilmədi. Rus qoşunlarının arxadan özlərini yetirə biləcəklərini düşünüb, geri dönməyə məcbur oldu. Başqa xanlar isə ehtiyat edib, Surxay xana qoşulmadılar. Onlar Şimali Qafqazdan çar qoşunlarının gec-tez yürüşə başlayacaqlarını bilirdilər. Baharın axırlarında İran şahı da Azərbaycana qoşun yeritdi. Qoşun Arazı adlayıb birbaşa Qarabağ üzərinə hücuma keçdi. Bu vaxt Şuşa qalasında cəmi bir qarnizon rus əsgəri vardı. İbrahim xan (öz atlıları daxil olmaqla) belə bir qüvvə ilə İran qoşunlarının qarşısında dura bilməyəcəyini hiss eləyirdi. Tezliklə taxıl biçini də başlayacaqdı. Barlı-bərəkətli zəmilər İran atlılarının tapdağı altında qalmasın deyə, İbrahim xan tədbir görməyə başladı. Bu barədə Şuşa qarnizonu komandiri mayor Lisaneviçlə məsləhətləşdi:
-Deyirəm  ki,  İranlılar  nə  qədər  ki,  Şuşaya  yaxınlaşmayıblar,  bir  tədbir görək.
Lisaneviç soyuqqanlıqla deyir:
-Qorunmaqdan başqa nə tədbir görə bilərik?
-Bəlkə  onları  qabaqlayıb,  bəxşiş  və  ənam  göndərək,   yarı  yoldan qaytaraq. Yoxsa, bütün zəmilər düşmən atlarının tapdağı olacaq.
Heç bir şey lazım deyil. Bizim qoşunlar tezliklə özlərini çatdıracaqlar — deyə Lisaneviç yenə eyni soyuqqanlıqla cavab verir.
Mayorun sözləri İbrahim xanı təmin etmir. Çünki qoşundan — köməyə gələcək rus saldatlarından hələ heç bir səs-səmir yox idi. İranlılar isə artıq qalaya yaxınlaşırdılar. Vəziyyəti belə gördükdə İbrahim xan öz ailəsi və yaxın adamları ilə qala  yaxınlığında olan Xan bağına  köçur. İbrahim xanın düşmənləri  bundan
istifadə edərək, xanın xəyanət yoluna düşdüyünü Lisaneviçə xəbər verirlər. Bu fitnəyə uyan mayor gecə bir dəstə əsgərlə İbrahim xanın yaşadığı yerə basqın edir və xanı ailəsi, yaxın adamları ilə birlikdə öldürtdürür. Bu xəbərdən ətraf xanlar bərk qəzəblənirlər. Hətta Şəki xanı yanındakı çar qarnizonunun əsgərlərini xanlıqdan qovur.
Yayın axırlarında Əsgəran qalası yanında çar qoşunları İranlıları geri oturdurlar. İran qoşunları geri çəkilərkən Qarabağdan, xüsusilə Şirvandan çoxlu əsir tutub aparırlar.
1806-cı ilin iyununda çar qoşunları General Qlazenapın başçılığı altında Şimali Qafqazdan çıxaraq Xəzər sahili ilə cənuba hərəkət etməyə başlayırlar. Bu qoşunun tərkibinə 1.400 nəfər piyada, bir bu qədər süvari və 9 top daxil idi. İyunun 22-də Dərbənd müqavimətsiz təslim olur.
Dərbənddə ikən Qlazenapı general Bulqakov əvəz edir. Çar qoşunu general Bulqakovun komandanlığı altında Dərbənddən Qubaya yola düşür. Quba xanlığı təslim olur. Şıxəli xan qaçır. Sonra Bulqakov Bakıya tərəf hərəkət edir. Avqustun təndir kimi şölə çəkən istisində yerimək çox çətin olur. Buna görə tez-tez düşərgə salıb, dincəlməyə məcbur olurlar. Axırıncı düşərgə dəniz sahilindən azca uzaqda, Beşbarmaq dağının ətəyində idi. Bulqakov şəhərə çatmamışdan qabaq buradan Bakı əhlinə bəyannamə ilə müraciət edir. Bəyannamədə göstərilirdi ki, əgər Bakı öz xoşu ilə təslim olarsa, heç kəsə zərər toxunmayacaq. Hüseynqulu xan ən yaxın adamı Kazım bəyin başçılığı altında Beşbarmağa Bulqakovun yanına elçi göndərir.
 
Elçilər Bulqakovun qabağına duz-çörəklə çıxır və bildirirlər ki, Bakı şəhəri təslim olmağa hazırdır.
Hüseynqulu xan çar qoşununun bu dəfəki səfərindən bərk qorxuya düşmüşdü. Güman edirdi ki, Sisianovun öldürülməsi üçün ondan dəhşətli intiqam alınacaqdır. Bulqakov elçilərlə xəbər göndərir ki, şəhər öz xoşu ilə təslim olarsa, heç kəsə toxunmayacaqdır. Hətta bu sözlərini möhkəmlətmək məqsədilə, öz oğlunu da elçilərlə birlikdə Bakıya göndərir.
Lakin şəhər əhli böyük həyəcan içində idi. İnanmırdılar ki, rus qoşunları Sisianovun öldürülməsini onlara elə-belə bağışlayacaqlar.  Buna  görə çoxu şəhəri tərk edir, yaxındakı təpələrin arxasında gizlənirdi. Bulqakovun oğlu şəhərə yaxınlaşanda belə bir mənzərənin şahidi olur: şəhər darvazalarından çıxan adamlar köçlü-külfətli şimal-qərb tərəfdəki dağlara çəkilirdilər. Gənc Bulqakovun onları sakitləşdirmək və geri döndərmək cəhdləri boşa çıxır. Hüseynqulu xan da qoşun hələ yaxınlaşmamışdan böyük bir köçlə — səkkiz arvadı, beş oğlu, 17 qızı  ilə birlikdə gizlincə, dolamanc yolla Qubaya qaçır.
Qoşunun şəhərə daxil olması ilə yaranmış dincliyi görən şəhər əhli təpələrdən enməyə, ev-eşiklərinə qayıtmağa başlayırlar. Beləliklə,  1806-cı  il sentyabr ayının 3-də Bakı tamamilə işğal olunur.
Bulqakov bir neçə müddət Bakı xanlarının qala darvazası yaxınlığındakı evlərində yaşayır. Bulqakovun yürüşü ərəfəsində başlamış bərk istilərlə əlaqədar bulaqların suyu azalmışdı. O biri tərəfdən  bu bulaqların gözləri çoxdan arıdılmadığından axıdılan su şəhəri təmin etmirdi. Əhali bu sarıdan çox əziyyət
çəkirdi. Qazılmış quyuların suyu isə dəniz suyu kimi şor və acı idi. Ordunu su ilə təmin etmək getdikcə çətinləşirdi. Əsgərlərin vəziyyəti də ağır idi. Şəhərdə əlverişli binalar olmadığından ordu dəniz sahilində düşərgə salmışdı. Şəhərin sahil divarından şərqə tərəf uzanan sahil boyu əsgər çadırları sıralanmışdı. Dənizin sərinliyi əsgərləri istidən qorusa da, su və hətta yanacaq cəhətdən korluq çəkirdilər. Xörək bişirmək üçün sahildən neçə verst uzaqda olan çöllərdən çırpı toplamaq lazım gəlirdi. İsti və susuzluq nəticəsində əsgərlər arasında xəstəlik yayılmışdı.
Bundan qorxuya düşən Bulqakov şəhərdə bir qarnizon saxlayır, özü isə qoşun hissəsi ilə Qubaya yola düşür.
Bakı xanı Mirzə Məhəmməd xan Qubanın və Bakının alınmasında ruslara həmişə kömək etmişdi. Onun bu xidməti qarşısında çar höküməti Qubanın və Bakının idarə edilməsini ona tapşırmışdı. Oğlu Abbasqulu ağa özünün «Gülüstani- İrəm» kitabında atasının xanlıq fəaliyyətindən çox az yazmışdı. Mirzə Məhəmməd xan özünün sadəliyi və ürəkaçıqlığı üzündən hakimiyyət uğrunda gedən vuruşmalarda həmişə məğlub olmuşdur. Qanuni xanlıq hüququnu onun əlindən almış olan Məhəmməd Qulu və Hüseynqulu xana qarşı mübarizədə acizlik göstərmişdir.

Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7

0 şərh