Köhnə Bakıda məktəb və maarif

1834-cü il məlumatına əsasən həmin ildə Bakıda cəmi bir ümumi ibtidai məktəb vardı. Bu məktəb ona görə ümumi məktəb adlanırdı ki, orada Bakıda yaşayan bütün millətlərin uşaqları oxuya bilərdilər. Həmin il 8 fevral təliqəsinə əsasən bu məktəbin cəmi 29 şagirdi vardı. Burada oxuyan uşaqların əksəriyyəti dövlət məmurlarının uşaqları idi. 28 nəfərdən  11 nəfəri bəy, dvoryan, knyaz uşaqları, 11 nəfər isə tacir  və varlıların uşaqları idi. Yerli zümrələrdən olan azərbaycanlılar öz uşaqlarını bu məktəbə buraxmırdılar. Bunun da səbəbi o idi ki, bu məktəblərdə ana dili və Quran təlim olunmurdu. Azərbaycanlı uşaqların əksəriyyəti mədrəsələrdə oxuyurdular. Şəhərdə mollalar tərəfindən saxlanılan belə mədrəsələrin sayı 12-dən artıq deyildi. Bunlarda da 142 nəfər uşaq oxuyurdu. Təkcə Maştağa nahiyyəsində 23 mədrəsə vardı ki, burada təhsil alan şagirdlərin sayı 200 nəfərə yaxındı. Məscidlərin nəzdində olan bu mədrəsələrdə dərs deyən mollaların əksəriyyəti İrandan gəlmə idilər. Mədrəsələrin xərcini qismən məscidlər və qismən valideynlər ödəyirdi.
Qafqaz canişininin  1843-cü il 17 may tarixli  fərmanı əsasında Bakıda müsəlman məktəbi açılır. Bu məktəbin üç nəfər müəllimi və 50 nəfər şagirdi vardı. Dərslər Azərbaycan, rus, ərəb və fars dillərində aparılırdı. Yalnız rus dili müəlliminin maaşı hökümət hesabına ödənilirdi. O biri müəllimlər isə maaşlarını ayrı-ayrı adamlardan toplanmış ianə hesabına alırdılar.
Yalnız, 1887-ci ildən başlayaraq, Bakıda yeni Avropa tipli məktəblər açılmağa başladı. Bunlar camaat içərisində üsuli-cədid məktəbi adlanırdı. İlk təşəbbüs həmin ildə Tiflisdə Aleksandr institutunu yenicə bitirib Bakıya qayıtmış Sultan  Məcid  Qənizadə  və  Həbib  bəy  Mahmudbəyov  tərəfindən  irəli  sürülür.
Məktəbdə ana dili, fars dili ilə yanaşı rus dili də təlim olunurdu. Buna görə də məktəb «Rus-tatar məktəbi»  adlanırdı. Fars dili ona görə keçilirdi ki, ticarətlə əlaqədar bütün müəssisələrdə yazı-pozu fars dilində aparılırdı. Məktəbdə 50 şagird vardı. Hər uşaqdan ayda 3 manat pul alınırdı. Lakin müəllimlər bu şagirdlərin demək olar ki, 25 faizinə pulsuz dərs deyirdilər. «Rus-tatar məktəbi»nin binası cəmi iki dərs və bir müəllimlər otağından ibarət idi. 15 ədəd dörd nəfərlik skamyası, iki dənə yazı taxtası, iki stolu və bir neçə dənə stulu vardı. Dərsləri əsasən Sultan Məcidlə Həbib bəy aparırdı. İlk zamanlar yalnız şəriət müəllimi kənardan çağırılırdi. İkinci il məktəb böyüyür. Məktəbə gələn şagirdlərin sayı 80 nəfərə çatır. Lakin yer olmadığından onlardan ancaq 50 nəfəri qəbul olunur. Məktəb getdikcə böyüyür və onun üçün daha geniş bina kirayə etməli olurlar. Başqa müəllimlər də dəvət olunur. Məktəbin mədaxili isə çox az idi. Kənardan çağırılmış müəllimlərə məvacib vermək, ev kirayəsi, odun, neft və su almaq üçün vəsait çatmırdı. Məxarici ödəmək məqsədilə Sultan Məcid və Həbib bəy evlərdə xüsusi adamların uşaqlarına dərs deməklə də məşğul olurdular. Dərs kitabları yox idi. Özləri dərslik yazmağa məcbur idilər. Hətta məktəbin lövhəsini də Sultan Məcid öz əli ilə yazmışdı. 1889-cu ildə şəhər idarəsi məktəb binasının kirayəsi üçün hər il məktəbə 6000 manat pul ayırdı. Məktəb 1891-ci ilədək davam edir. Bu zaman Bakıda rus dilində aşağıdakı məktəblər vardı; ibtidai məktəblər: Turgenev, Aleksandr, Mixail məktəbləri. Orta məktəblər: Real məktəbi, «Müqəddəs Nina» qız məktəbi, yaxud gimnaziyası, Mariya qız məktəbi, Azərbaycanda cəmi 7 Mariya qız məktəbi vardı ki, bunlarda 1827 nəfər qız, o cümlədən 37 nəfər azərbaycanlı qızı oxuyurdu. Gimnaziyalar 7 əsas və 1 hazırlıq sinfindən ibarət idi. Fənnlər iki cür idi: məcburi və qeyri məcburi. Məcburi fənn cəmi 3 idi və bunlardan ibarətdi: rus dili, matematika, coğrafiya, tarix, təbiət, fizika, rəsmxətt və əl işi. Qeyri məcburi fənnlər: alman dili və bədən tərbiyəsi idi. «Rus-tatar məktəbi»nin məqsədi real məktəbə şagird hazırlamaq idi.
Sultan Məcid Qənizadə və Həbib bəy Mahmudbəyovun «Rus-tatar məktəbi» 1887-ci ildən 1891-ci ilədək 4 il içərisində real məktəb üçün xeyli şagird hazırlamışdı. 1912-ci ilədək savadlı bakılıların 75 faizi həmin məktəblərdən çıxmışdı.
1891-ci ildə «Rus-tatar məktəbi» tamamilə dumanın sərəncamına keçdi. Hətta duma əlavə olaraq, 7 belə məktəb açdı. Açılan bu məktəblərdən biri Çəmbərə kəndində, o biri isə Zərgər palanında idi. Çəmbərə kəndindəki məktəbin müdiri Sultan Məcid, Zərgər palanındakı məktəbin müdiri isə Həbib bəy Mahmudbəyov idi.
Sultan Məcid Qənizadə belə məktəblərdən Türküstan vilayətinin Səmərqənd şəhərində də açılmasını təklif etmişdi. Bu məqsədlə İsmayıl bəy Qaspirinski ilə birlikdə Səmərqəndə gedərək, orada xüsusi cədid məktəbi açmışdılar.
 
1887-ci ildə, yəni «Rus-tatar məktəbi» açılmamışdan qabaq orta məktəbdə cəmi 10 nəfər müsəlman məktəblisi oxuyurdu ki, bunlardan da çoxu özgə şəhərlərdən gəlmişdi. 1912-ci ildə isə real məktəbdə 200 nəfərdən çox müsəlman uşağı oxuyurdu. Gimnaziyalarda, texniki məktəbdə, ticarət məktəbində oxuyan azərbaycanlı uşaqlarının sayı artmışdı. Bakıda rus və Azərbaycan dilində savadlı olanların 75 faizi rus-tatar məktəblərini bitirmişdilər. Bunlardan M. Ə. Rəsulzadə, M. Əzizbəyov, Hacı İbrahim Qasımov, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, Kazımovski və başqalarını göstərmək olar. Mövcud 7 rus-tatar məktəblərindən ancaq biri — 2 nömrəli rus-tatar məktəbi 6 sinifli şəhər məktəbinə çevrilmişdi. Yalnız sonralar, yəni 1907-ci ildə rus-tatar məktəbləri üç illik təhsildən dörd illik təhsilə keçirlər. Daha sonralar, 1914-ci ildə isə bütün 4 sinifli məktəblər ali ibtidai məktəb sisteminə keçmişdilər.
Rus-tatar məktəblərində dərs deyən müəllimlər mütləq Qori seminariyasını bitirməli idilər. Ancaq müstəsna hal olaraq bəzən real məktəbi bitirənlər də burada dərs deyə bilərdilər.
Xarici dil predmetlərini təlim etmək üçün universitet bitirmək lazımdı.
1901-ci ildə H. Z. Tağıyevin məşhur qız məktəbi açılır. Bu məktəbin nizamnaməsi H. B. Zərdabi tərəfindən tərtib edilmişdi. Məktəbin açılmasına çar höküməti uzun müddət  icazə  vermirdi. Bu məsələ II Nikolayın taxta çıxması gününədək uzanır. H. Z. Tağıyev imperatorun taxta çıxması günündən istifadə edərək, təzədən hökümətə müraciət edir və bu dəfə məktəbin açılmasına icazə ala bilir. Məktəbin inşaatını sürətləndirmək məqsədilə qız məktəbinə imperatoriçə Aleksandra Fyodorovnanın adı verilir. Məktəbin tikilişinə 183 min beş yüz otuz iki manat pul xərclənmişdi. Bundan əlavə Hacı məktəbin mənafeyinə xərclənmək üçün 125 min də ayırmışdı. Qız məktəbində 20 nəfər qız məccani oxuyacaqdı. Sonra binanın zirzəmilərindən gələn kirayə haqqı da məktəbə bağışlandı. Bunun sayəsində məktəbdə pulsuz oxuyan qızların sayı 15 nəfər də artdı. Qəbul olunacaq qızların sayı 50 nəfərdən ibarət nəzərdə tutulmuşdu. Lakin arzu eləyənlərin sayı çox olduğu üçün məktəbə birinci il 58 nəfər qız qəbul edildi. Məktəbin müdiri Həsən bəy Zərdabinin arvadı Hənifə xanım idi. Uzaq şəhər və kəndlərdən gələn qızlar üçün məktəbdə pansion vardı. Burada yataqxana, yeməkxana və xəstəxana üçün xüsusi otaqlar ayrılmışdı. Bakı  şəhərindən olan qızlar isə  öz evlərində qalırdılar. Məktəbin şagirdləri kimi müəllimləri də ancaq müsəlmanlardan ibarət idi.
Qız məktəbinin açılması ilə əlaqədar çətinliklərdən sonra Tağıyev daha yeni bir çətinliklə üzləşdi. Qız məktəbinin açılışı şəhərin ruhani, mürtəce təbəqələri, qoçular, tacirlər tərəfindən qəzəblə qarşılanmışdı. Heç kəs qızını məktəbə buraxmırdı. Guya Hacı müsəlmənlıqdan kənar iş tutmuşdur. Hacının tərəfində olan ruhani  üləmalardan  Bakı  vilayəti  qazısı  Mir  Məhəmməd  Kərim,  axund  Ruhulla,
 
Mirzə Abuturab və başqalarının elmin qızlara vacib olduğu barədə Quran ayələrindən möuzələr oxusalar da mürtəcə adamları öz rəylərindən döndərə bilmirdilər. Axırda Tağıyev məcbur olur ki, İslamın müqəddəs şəhərlərinə nümayəndələr göndərsin. Qızlara da oğlanlarla birlikdə elm və təhsil almağa icazə verilməsi barədə görkəmli müctəidlərdən rəsmi yazılı sənədlər gətirsinlər, yalnız bundan sonra qız məktəbi ətrafında gedən ehtiraslı danışıqlara son qoyuldu və şəhər əhlindən çoxu öz qızlarını məktəbə buraxdılar.  Camaatı sakitləşdirmək məqsədilə adlarını çəkdiyimiz hər üç üləma da qızlarını təhsil almaq üçün Tağıyevin qız məktəbinə qoydular.
Bakıda eyni zamanda texniki məktəb ticarət məktəbi (kommerçeskoe uçilişe) və «Dənizçilik kursları» adı altında dənizçilik məktəbi də fəaliyyət göstərirdi. Sonralar Xəzər dənizinin ticarət gəmilərində işləyən bosman və kapitanlar həmin bu məktəbi bitirmişdilər. Bunlardan əlavə iri sənaye müəssisələrinin nəzdində fəhlə və qulluqçuların uşaqları üçün özlərinin xüsusi məktəbləri də vardı. Xeyriyyə cəmiyyətlərindən «Səadət», «Nəşr və Maarif', „Nicat“ və „Səfa“ cəmiyyətləri tərəfindən müsəlman uşaqları üçün xüsusi məktəblər açılmışdı. Bu məktəblərdə ehtiyacı olan uşaqlardan çoxu pulsuz oxuyurdu.
İnqilabadək Bakıda rus dilində 5 kişi gimnaziyası vardı: 1 nömrəli gimnaziya (Səməd Vurğun ilə D. Əliyeva küçələrinin tinində (Bədən Tərbiyəsi İnstitutunun keçmiş binasında yerləşirdi), 2 nömrəli gimnaziya (İstiqlaliyyət küçəsində, indiki Xalq Təsərrüfatı İnstitutu binasının ikinci mərtəbəsində idi). 3
nömrəli gimnaziya əvvəllər indiki „Vətən“ kinoteatrı binasının ikinci mərtəbəsində yerləşirdi. Sonralar isə Bazar (indiki Füzuli) küçəsində məxsusi bu gimnaziya üçün
tikilmiş binaya (indiki 4 nömrəli xəstəxananın binasına) köçmüşdü, 4 nömrəli axşam gimnaziyası 2-ci gimnaziyanın binasında idi. 5-ci gimnaziya isə Yemelyanov gimnaziyası idi.
Rus dilində 3 qız gimnaziyası da vardı: 1. Mariya gimnaziyası (hazırki İncəsənət Muzeyi binasında yerləşirdi). 2. „Müqəddəs Nina“ gimnaziyası (hazırki
132 nömrəli məktəbin binasında). 3. 3 nömrəli qız gimnaziyası (hazırki Səməd
Vurğun küçəsində yerləşirdi).
Real məktəblər də iki idi: 1 nömrəli Real məktəbi (hazırki Xalq Təsərrüfatı institutu binasının birinci mərtəbəsində), 2 nömrəli Real məktəbi isə Azad Azərbaycan qadını abidəsinin arxasında keçmiş çay fabrikinin binasında yerləşirdi.
 
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
 

0 şərh