1907-1917-ci illərdə mətbuat

Dövri mətbuat irtica illərinin ictimai hadisələrini bilavasitə olması da, dolayısı ilə əks etdirirdi. Aşağıda adlarını çəkəcəyimiz qəzet və məcmuələrin səhifələrində dövrün ziddiyyətləri ilə yanaşı, din, əxlaq məsələləri işıqlandırılır, dil və mədəniyyət sahəsində gedən mübarizə özünü büruzə verirdi.
Bu dövrdə Azərbaycan mətbuatı əsas etibarilə iki adamın inhisarında idi: Orucov qardaşları ilə Haşım bəy Vəzirov şəhərdə mətbuat və çap işlərini öz əllərində möhkəm saxlayırdılar. Hər ikisinin mətbəə şəraiti imkan verirdi ki, qəzetlərin vaxtlı-vaxtında  çıxmasını və yayılmasını təmin etsinlər. Orucov qardaşlarının mətbəə bazası daha güclü idi. Orucovlar nəşriyyatını başqalarından fərqləndirən bir cəhət də vardı. Bu ondan ibarət idi ki, Orucovlar Azərbaycan mətbuat tarixində ilk dəfə olaraq qonorar sistemini tətbiq etmişdilər. Yazıçı Seyid Hüseyn yazırdı: "İnqilaba qədər Azərbaycan mətbuat işçiləri qonorar almazdılar.
1910-1911-ci illərdə Orucov qardaşları Sabiri öz qəzetlərinə cəlb etmək üçün birinci olaraq bir yazıçıya yalnız yazılarından ötrü «yüksək qonorar» təsis etdilər".
Beləliklə, ilk qonorar alan yazıçımız M. Ə. Sabir olmuşdur. O öz tazyanalarından ötrü ayda on manat alırdı. Haşım bəy Vəzirov isə Sabiri öz mətbəəsində işlədirdisə də əvəzində ona bir qəpik də vermirdi.
Həmin illərdə əsas mətbuat orqanları aşağıdakılardan ibarətdi:
qədim mətbuat"Həqiqət" qəzeti. 1909-cu ilin dekabrından nəşr olunurdu. Üzeyir bəy Hacıbəylinin müdiriyyəti altında çıxırdı. Naşiri Orucov qardaşları idi. 1910-cu ilin əvvəlində bağlanmışdır.
"Yeni Həqiqət" qəzeti. — Naşirləri yenə Orucov qardaşları idilər. Qəzetdə mühərrirlərdən Əli bəy Hüseynzadə, M. Ə. Rəsulzadə, Həsən Səbri Eyvazov, Axund Molla Ruhulla Məmmədzadə yaxından iştirak edirdilər. 1911-ci ildə qəzet hökümət tərəfindən bağlanır və başqa mühərrirləri ilə bir sırada Oruc Orucov da həbs edilib, sürgün olunur.
"Günəş" qəzeti1910-cu ildə Orucovlar tərəfindən nəşr olunurdu. Bu qəzet bağlanmış «Həqiqət» qəzetinin əvəzinə çıxırdı. Lakin qəzetin ömrü çox qısa olmuşdur. Həmin ildəcə bağlanmışdı.
"Məlumat" qəzeti — 1911-ci ildə Orucov qardaşları tərəfindən nəşr olunurdu. Qəzetin müdiri Hacı İbrahim Qasımov, baş mühərriri isə Mehdi bəy Hacınski idi. Bu qəzet də tezliklə hökümət tərəfindən bağlanır.
Yazıçıların əksər hissəsi qəzet və məcmuə səhifələrində dərc olunan yazılar üçün qonorar almaq hüququndan məhrum edilmişdilər. Şair Məhəmməd Hadi Azərbaycan qəzet və jurnal səhifələrində dərc edilən şerləri üçün bir qəpik də almazdı. Böyük ehtiyac içində boğulan şair buna görə şerlərini ayrı-ayrı vərəqələr şəklində çap etdirərək onları küçə və meydanlarda özü satmağa məcbur olurdu.
"Yeni İrşad" qəzeti — «Məlumat» qəzeti bağlanandan sonra Orucovlar nəşriyyatı tərəfindən çap olunurdu. Müdiri Yusif Əhmədov, baş mühərriri isə Mehdi bəy Hacınski idi. Bu qəzet də tezliklə bağlanır.
"İqbal" qəzeti — «Yeni İrşad» bağlanandan sonra onun əvəzinə Orucov qardaşları tərəfindən nəşr olunurdu. Müdiri Sənətulla İbrahimov idi. 1913-cü ildə onu Hüseyn Sadiq əvəz etmişdir. 1914-cü ildə qəzetin nəşri Rəsulzadələrin əlinə keçir.  Baş  mühərrir  Məmməd  Əmin  Rəsulzadə,  müdir  isə  onun  əmisi  oğlu Məmmədəli Rəsulzadə olur. M. Ə. Rəsulzadənin dövründə qəzetin ətrafına güclü yazıçı və mühərrirlər toplanır və qəzet ictimai həyatda böyük və fəal rol oynamağa başlayır. Qəzetin mövzu dairəsi genişlənir, qəzet səhifələrində ictimai problemlər üzrə ciddi mübarizə və münaqişələr başlayır. Həmin ildə qəzet bağlanır.
"Yeni İqbal" qəzeti — Bu qəzet "İqbal" bağlanandan sonra Orucov qardaşları tərəfindən çıxarılırdı. 1915-ci ildə M. Ə. Rəsulzadə qəzetdə çap olunmuş bir məqaləsinə görə həbs olunur.
"Açıq söz" qəzeti M. Ə. Rəsulzadə həbsdən çıxandan sonra bu adda müstəqil bir qəzet çıxarmağa başlayır. 1917-ci ildə «Yeni İqbal» qəzeti «Açıq söz» qəzeti ilə birləşir.
"Asari həqiqət"- həftəlik qəzetdi. Müdiri Mirzə Cəlal Yusifzadə idi. 1912- ci ildə qəzetin cəmi bir neçə nömrəsi çıxmışdır.
«Təzə xəbər» qəzeti — 1912-ci ildə Qədir Heydərovun müdirliyi ilə çıxan həftəlik qəzet idi. Ömrü çox qısa olur.
«Son  xəbərlər»  qəzeti — «Təzə xəbər»  qəzetinin əvəzinə 1912-1913-cü illərdə həftədə bir dəfə nəşr olunurdu. Müdiri Zaman bəy Abdullabəyov idi.
«Haqq yolu» — qəzetinin ilk nömrəsi 1911-ci il dekabrın 14-də çıxmışdır. Siyasi, fənni, iqtisadi və ədəbi bir qəzet idi. Qəzetin müdiri və baş mühərriri də doktor Qara bəy Qarabəyov idi. Nəşri 1912-ci ildə də davam etmişdir. Qəzet öz səhifələrində dil və yazı qaydaları ilə əlaqədar bir sıra münaqişəli məqalələr dərc edirdi. Qəzet səhifələrində F. Köçərlinin, M. Ə. Rəsulzadənin bir sıra ciddi elmi məqalələri   dərc   edilmişdi.   Bunlardan   başqa   Məmməd   Sadıq   Axundov, Mahmudbəyov, Əli Fəhmi və başqaları da qəzet səhifələrində fəal və müntəzəm çıxış edirdilər.
"Kəlniyət" məcmuəsi Birinci nömrəsi 1912-ci il mayın 24-də çıxmışdır. Məzhəkə məcmuəsi idi. Müdiri hacı İbrahim Qasımov, imtiyaz sahibi isə Seyid Hüseyn Sadiq idi. Şəkilli çap olunurdu. 1913-cü ilin fevralında fəaliyyətdən qalır.
"Müraat" məcmuəsi «Kəlniyət»dən iki il əvvəl, yəni 1910-cu ildə çıxmış məzhəkə məcmuəsi idi. Şəkilli idi. Məcmuə bir nömrədən artıq çıxmamışdır.
əlalə" məcmuəsi. — 1913-cü il yanvarın 19-dan çap olunmağa başlamış ədəbi, ictimai, elmi məcmuədir. Ayda iki dəfə çıxırdı. Müdiri isa bəy Aşurbəyli, mühərriri isə Səbribəyzadə Xalid Xürrəm bəy idi. Bu məcmuənin səhifələrində Osmanlı ədəbiyyatına böyük bir meyl vardı. Yerli türk dili qarşısında Osmanlı türkcəsinə üstünlük qazandırılır, çap olunan məqalələrin əksəriyyəti Osmanlı türkcəsində olurdu. Məcmuə bir sıra məsələlərdə mürtəce mövqe tuturdu. Xüsusilə qadın azadlığının qatı düşməni idi. Onların fikrincə qadın çadradan çıxmamalıdır. Bu haqda “İqbal” qəzeti mühərrirləri ilə  şəlaləçilər arasında  daimi mübarizə gedirdi. Səbribəyzadə məcmuədən getdikdən sonra dərc olunan məqalə və əsərlərdə Azərbaycan türkcəsi artıq üstün mövqe tutmağa başlayırdı.
Məktəb” məcmuəsi. Uzun ömürlü uşaq məcmuəsi olub. 1911-ci ildə nəşrə başlamış, 1918-ci il mart hadisələrinədək davam etmişdir. “Məktəb” öz xüsusi mətbəəsində Qafur Rəşad və Əbdurrəhman Əfəndizadə tərəfindən nəşr edilirdi. İki həftədə bir dəfə çıxırdı. Bakının ən görkəmli müəllim və mühərrirləri bu məcmuə  ətrafına toplaşmışdılar. Məcmuənin səhifələrində  Süleyman Sani Axundov, Şəfiqə Əfəndizadə, Abdulla Şaiq, Rəşid bəy Əfəndizadə, Abbas Səhhət, Əli Nəzmi, Ağa bəy İsrafilbəyov və başqaları müntəzəm çıxış edirdilər. «Məktəb» məcmuəsinin Azərbaycan pedaqoji elmi tarixində xidməti az olmamışdır.
«Bakı həyatı» — Azərbaycan dilində nəşr edilmiş demokratik istiqamətli həftəlik siyasi, ictimai, ədəbi qəzet idi. Birinci nömrəsi 1912-ci il 22 iyulda, axırıncı nömrəsi isə həmin ilin 8 sentyabrında çıxmışdır. Cəmi 4 nömrə çıxmışdır.
«Yoldaş» qəzeti Siyasi, ictimai, ədəbi qəzet idi. Cəmi 3 nömrə çıxmışdır. Birinci nömrəsi 1907-ci il avqustun 22-də, axırıncı nömrəsi isə həmin ilin 1 sentyabrında çıxmışdır. Redaktoru və naşiri Əsədulla Axundov idi. «Yoldaş» Bakı general-qubernatorunun qərarı ilə bağlanmışdır.
«Səda» qəzeti "İttifaq" qəzeti bağlandıqdan sonra Haşım bəy Vəzirovun çıxardığı yeni qəzet idi. Birinci nömrəsi 1909-cu il 12 oktyabrda çap olunub. Əvvəllər «Səda» Orucovların mətbəəsində çap olunurdu. Sonralar milyonçu Murtuza Muxtarov «Tərəqqi» mətbəəsini pulla alıb, Haşım bəyin sərəncamına vermiş və o vaxtdan mətbəə də «Səda» mətbəəsi kimi adlanmağa başlamışdı. 1911- ci ildə bir çox Azərbaycan mühərrirləri çar jandarması tərəfindən həbs edildikdə Haşım bəy də azadlıqdan məhrum edilir. Ancaq o həbsdə çox qalmır. Həbsxanadan çıxdıqdan sonra «Səda»nın çapını davam etdirir. 1911-ci ilin avqustunda «Səda» hökümət tərəfindən bağlanır.
«Sədayi vətən» 1911-ci il dekabrın 1-dən Haşımbəyin çıxardığı yeni qəzet idi. «Sədayi vətən»in cəmi 66 nömrəsi çıxmışdır, sonra hökümət tərəfindən bağlanmışdır. Haşım bəy 1912-ci il martın 12-dən «Sədaye haqq» adlı yeni bir qəzet buraxmağa başlayır. Bu qəzet də 536 nömrəsindən sonra bağlanmışdır.
«Sədaye Qafqaz» — Haşım bəyin nəşr etməyə başladığı təzə qəzet idi. İlk nömrəsi 1915-ci il mayın 30-da çıxmışdır. Haşım bəyin ölümündən bir az sonra bağlanmışdır.
Bu arada Haşım bəyin çıxardığı, bir məcmuəni də qeyd etmək lazımdır. Bu da ilk nömrəsi 1914-cü il dekabrın 27-də çıxmış şəkilli «Məzəli» məzhəkə məcmuəsi idi. 1915-ci ilin dekabrında məcmuənin nəşri dayandırılmışdır.
"Hilal" məcmuəsi. 1910-cu il 18 dekabrdan Əliabbas Müznib tərəfindən buraxılırdı. Ancaq cəmi bir-iki nömrəsi çıxandan sonra hökümət tərəfindən bağlanmışdır.
əhabisaqib" məcmuəsi «Hilal»ın əvəzinə çıxan məcmuə idi. Onun da naşiri Əliabbas Müznib idi. Bu da tezliklə hökümət tərəfindən bağlanmış və Müznib özü də həbs edilib, Sibirə sürgün edilmişdi.
«Yeni Füyuzat» 1910-cu ildən çap olunmağa başlamış şəkilli məcmuə idi. İmtiyaz sahibi Əlipaşa Hüseynzadə (Sur), baş mühərriri isə Əhməd Kamal idi. Məcmuənin yuxarısında aşağıdakı misralar daim titul kimi gedirdi: 
Ayinəsi işdir kişinin, lafə baxılmaz,
Şəxsin görünür rütbeyi-əqli əsərində.
Məcmuənin səhifələrində türklərin tarixinə dair bir sıra maraqlı məqalələrlə yanaşı, vətənpərvərlik ruhunda ictimai-əxlaqi məsələlər də işıqlandırılırdı. 1911-ci ildə Bakını bir çox ziyalı və mühərrirləri ilə birlikdə, Əhməd Kamal da həbsə alınıb Türkiyəyə sürgün olunur. Bununla da «Yeni Füyuzat» öz fəaliyyətini dayandırmışdı.
"Nicat" həftəlik qəzeti. — 1910-cu ildə «Nicat» maarif cəmiyyətinin türk və rus dillərində çap olunan orqanı idi. Naşiri İsabəy Aşurbəyi idi. Qəzetin nəşri 1912- ci ilədək davam etmişdir.
Bakıda müharibə şəraitinə baxmayaraq, mətbuatın çapı və yayılması əvvəlki qayda üzrə davam edirdi. Həmin illərdə çap olunan mətbuat aşağıdakılardan ibarət idi:
"Dirilik" məcmuəsi. Ayda iki dəfə nəşr olunurdu. Ədəbi, ictimai, fənni məcmuə idi. İlk nömrəsi 1914-cü il sentyabrın 16-da çap edilmişdir. 1916-cı ilin ortalarında bağlanır. Məcmuənin müdiri Əliabbas  Müznib,  imtiyaz  sahibi  isə Əbülfəzl Mütəllibzadə idi. M. Ə. Rəsulzadə, Cənnəti Qafarzadə, Əli Məhzun, Abid Mütəllibzadə, Cəfər Cabbarlı məcmuədə yaxından iştirak edirdilər.
«Tuti» məzhəkə məcmuəsi idi. Həftədə bir dəfə çıxırdı. İlk nömrəsi 1914- cü il 27 dekabrda çıxmışdır. Müdiri Cəfər Bünyadzadə idi. Nəşri ta 1917-ci ilədək davam etmişdir. Məcmuənin son nömrələri Cəfər Bünyadzadənin qardaşı Dadaş Bünyadzadənin müdirliyi altında çıxırdı.
"Bəsirət" qəzeti. Həftəlik ictimai, siyasi, ədəbi qəzet idi. 1914-cü il aprelin 14-dən çıxırdı. Bütün müharibə müddətində nəşr edilmişdir. Redaktoru Hacı Qasımov idi. 1918-ci ilin martından sentyabrınadək nəşrin arası kəsilmişdir. Qəzet 1917-ci ildə rus dilində çıxan «Baku» qəzetinin naşir və redaktoru erməni millətçisi Vermişevin dərc etdirdiyi məqalələrdə azərbaycanlılara yaxdığı şər və böhtanı amansızcasına ifşa edirdi. Sonra, yəni Azərbaycan Demokratik höküməti dövründə və ta 1920-ci il 15 aprelədək qəzetin nəşri davam etdirilmişdir. Qəzetin səhifələrində Nəriman Nərimanov, M. Ə. Rəsulzadə, Ordubadi, M. Hadi, Abbas Səhhət və başqaları iştirak edirdilər.
«Babayi Əmir». Həftəlik məzhəkə məcmuəsi idi. İlk nömrəsi 1915-ci il aprel ayının 21-də çıxmışdır. Məcmuənin məsul müdiri və imtiyaz sahibi Əbülfəzl Mütəllibzadə idi. Nəşr olunduğu gündən ta bağlananadək 60 nömrəsi çıxmışdır.
"Açıq söz" qəzeti. 1915-ci il oktyabr ayından çıxırdı. Qəzetin müdiri və həm də baş mühərriri M. Ə. Rəsulzadə idi. Bir müddətdən sonra qəzet İsabəy Aşurbəylinin «Kaspi»  mətbəəsini almış və mətbəə artıq «Açıq söz» mətbəəsi adlanmağa başlamışdı. Qəzet 1918-ci il mart hadisələrinədək öz nəşrini  davam etdirmişdir. Mart ayından ta sentyabr ayınadək qəzetin nəşri ara vermişdi. Qəzetin əsas şüarı «Türkləşmək, İslamlaşmaq və müasirləşmək» idi. Məlum olduğu üzrə M.Ə.Rəsulzadə bu şüarı sonralar «Müsavat» partiyasının şüarına çevirmişdi. Qəzetin daimi mühərriri Sənətulla İbrahimov idi. Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Abdulla Şaiq, Hüseyn Sadiq, Çəmənzəminli, Əhməd Cavad, İbrahim Xəlil, Şəfiqə xanım Əfəndizadə qəzetdə yaxından iştirak edirdilər.
"Doğru söz" həftəlik qəzeti. 1915-ci ildə yaranmış və həmin ildə öz fəaliyyətini dayandırmışdı. Cəmi 3-4 nömrə dərc edilmişdi. Qəzetin müdiri Yusifəli Əliyev idi.
"Qurtuluş" məcmuəsi. Ayda iki dəfə çap olunan ədəbi, ictimai, fənni məcmuə idi. 1915-ci ilin 1 oktyabrından nəşr olunurdu. 4 nömrəsi çıxandan sonra bağlanmışdır. Azərbaycan Demokratik höküməti zamanı təzədən çap olunmağa başlamışdır. Naşiri və baş mühərriri Hüseyn Sadiq idi.
Bunlardan başqa «Gənclər sədası», «Hümmət» (N. Nərimanovun redaktorluğu ilə fevral inqilabından sonra təzədən nəşr olunurdu), «Qardaş köməyi» məcmuəsi buraxılırdı.
1918-ci ildə xalq içərisində kooperasiyanın əhəmiyyət və xeyrini təbliğ etmək məqsədilə «El həyatı» adlı xüsusi bir məcmuə də buraxılırdı.
"Əkinçi" qəzeti sosialist qəzeti idi.
1917-ci ildən Bakıda İran kommunist partiyası "Ədalət" tərəfindən «Bayraqi Ədalət» adlı Azərbaycan və fars dillərində qəzet çap olunurdu.
Bakıda hələ fevral inqilabından əvvəl daha iki məzhəkə məcmuəsi  çap olunurdu: «Leylək»və «Arı» məcmuələri. Elə qəzət və məcmuələr də vardı ki, onlar mətbuat tarixində heç bir iz buraxmadan parlamış və tez də sönmüşdülər. Belələrinə misal olaraq «Sovqat», "İqdam", «El», «Doğru yol», «Xalqçı», «Sədaye İran»,  «Yeni  dünya»,  «Gənclər  dünyası»,  «Xalq  maarifi»,  «Zəhmət  həyatı»,
«Qurtuluş  yolu»   qəzetlərini,   «Mədəniyyət»,  "Şərq  eli"   məcmuələrini   misal göstərmək olar. «Füqəra Füyuzatı» məcmuəsinin cəmi üç nömrəsi çıxmışdı.

Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7

0 şərh