"Yallı” rəqsinin izləri

Etnoqrafik mənbələrə görə, «Yallı” qədim Azərbaycan tayfalarının ritual rəqsi sayılır. Rəqs özündə qəhrəmanlıq motivləri ilə yanaşı qədim tayfaların əhvali-ruhiyyəsini, güc və birliyini əks etdirir.

Xalq rəqslərindən olan yallıların mənşəyi və yaşı dəqiq müəyyənləşdirilməyib. Ən qədim və geniş təsvirinə Qobustan, Gəmiqaya qayaüstü rəsmlərində, daha sonra isə Nizami Gəncəvinin „Xosrov və Şirin“ poemasında rast gəlinir.

Digər xalqlarda da yallıya bənzər rəqslər mövcuddur. Lakin yallılar türk xalqlarının rəqs sistemi hesab edilir. Bu ad altında onlarca müstəqil rəqs toplanıb, onlar da üç yerə bölünür: yalnız musiqili, musiqili və vokal (səsli), bir də (musiqisiz ifa olunan) dil yallıları. Dil yallıları musiqisiz ifa olunur. Bu yallı növü ən qədim oyun hesab edilir. Çünki bunlar hələ musiqi alətləri icad edilməmişdən əvvəl düşünülmüş oyunlardır.

Yollular ibtidai insanların uğurlu ovdan sonra od ətrafında keçirdiyi şadlığın rəmzidir. Ova gedərkən sıra ilə gedib cəngəlliklərdə yolaçma yozumu var. Ona görə də „yollu“ adlandırılıb. Rəvayətə görə, ibtidai insanların uçmaq istəyindən yaranıb bu rəqs forması. Belə ki, bu yel əsdiyi zaman dağın zirvəsinə qalxaraq əl-ələ verib uçmağa hazırlaşmalarının simvolik olaraq göstərilməsidir. „Yelli“ adı da bununla bağlı olub. Lakin hər iki versiya həqiqətə az oxşadığından rəqsin „yallı“ adı daha doğru hesab edilib. Bu da „səf-səf“, sıra ilə düzülüb əl-ələ vermək, birlikdə olmaq mənasını daşıyır.

Yallıların respublikamızın hər bölgəsində sevimli xalq rəqslərindən biri kimi qorunub yaşadılmasına baxmayaraq, onlar daha çox Naxçıvan ərazisində yayılıb, o cümlədən Şərurda. Deyilənlərə görə, Şərurda yallının 20 növü var, halbuki vaxtilə onların sayı yüzə yaxın olub: „Çolağı“, „Üçaddım“, „Qaz-qazı“, „Köçəri“, „İkiayaq“, „Qaleyi“, „Çöp-çöpü“ və sair.



Yallının ən qədim növlərindən biri olan „Qaladan-qalaya“ adlı yallıda insanların döyüş əhval-ruhiyyəsini, cəsarət və mübarizliyini əks etdirən maraqlı səhnələr var. Musiqi sədalarına uyğun olaraq ifaçılar rəqsə ağır templə başlayırlar, sanki döyüş meydanında düşmənlə üz-üzə gəliblər. Rəqsin sonrakı hissəsində isə hərəkət müəyyən qədər sürətlənir, „Cəngi“nin sədaları döyüş məqamının çatdığını bildirir: tərəflər üz-üzə dayanırlar. Oyunun digər hissəsində isə qılınca əl atılır, məğlub tərəf qalib gəlmək əzmini göstərir. Qan töküləcəyini, düşmənçilik yarana biləcəyini görən ağbirçək ana meydana gələrək yaylığı ilə döyüşün qarşısını alır.

 
azens.az
 
loading...

0 şərh