Şirvanşahlar saray kompleksi

Şirvanşahlar sarayı — XV əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş saray kompleksidir. Bakının mərkəzində, İçərişəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Keyqubad məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), Saray hamamı və Ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur.

2000-ci ildə YUNESKO tərəfindən İçərişəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilib.


Şirvanşahlar sarayı nə vaxt yaranıb?



Şirvanşahlar sarayıŞirvanşahlar sarayı 1420-ci ildə Dərbəndi sülaləsindən olan I Xəlilullah padşahın sifarişi ilə tikilib. Saray 30 il ərzində tikilib başa çatıb. Sarayın binası 1420-ci illərdə, ona bitişik olan divanxana 1450-ci illərdə, türbə 1435-ci ildə, məscid 1442-ci ildə, Seyid Yəhya Bakuvinin türbəsi 1450-ci illərdə, Şimal darvazası 1585-ci ildə tikilmişdir. Saray İçərişəhərdə yerləşir. Şirvanşahlar sarayı ansamblının binaları yerin relyefinə uyğun olaraq 3 səviyyədə qruplaşdırılıb. Ərazinin ən hündür yerində olan yuxarı həyətdə saray binası və ona bitişik divanxana, aşağı həyətdə türbə və minarəli Şah Məscidi, yuxarı həyətin yaxınlığında Seyid Yəhya Cəlaləddin Bakuvinin türbəsi və ona bitişik kiçik məscid (Keyqubad məscidi də adlanır) yerləşir. Türbə olan həyətin giriş baştağı — Şimal darvazası tikilib. Şirvanşahlar saray ansamblının yaxınlığında hamam, şah kəhrizinin qurtaracağında 500 min litr su tutan ovdan qalıb. Saray 2 mərtəbədən ibarətdir. Birinci mərtəbə 27 otaqdan, ikinci mərtəbə 25 otaqdan ibarətdir. Bakı 15-ci əsrdə Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi ilə əlaqədar Şirvanşah sarayı tikilmişdir. Şirvanşahlar sarayı Şirvanşahlar dövlətinin hökmdarı I Xəlilullahın yay iqamətgahı idi. Şirvanşahlar sarayı orta əsrlər Azərbaycan memarlıq sənətinin şah əsəri kimi qəbul edilmişdir. İndinin özündə də Şirvanşahlar saray kompleksi Mədəniyyət Nazirliyi tərəfindən bir abidə muzey-qoruq kimi qorunub saxlanılır. Orada 200-dən çox abidə var. Şirvanşahlar sarayının əsas binalarının memarı Əli tərəfindən tikilməsi ehtimal olunur. Memar Əlinin adı 1435-ci il tarixli türbənin baştağındakı badamvari medalyonlarla həkk olunmuşdur. Şimal darvazasının baştağı üzərindəki kitabədə ustad Əmirşah Belyənguhinin adı yazılıb. Sarayın daşları üzərindəki yazılar bu abidənin Azərbaycan xalqına məxsus olduğunu sübut edir, gələcək nəsillər üçün bu abidənin qorunub saxlanılmasının böyük əhəmiyyəti vardır. Sarayın daşları üzərində olan bədii oymalar və memarlıq elementləri, daşlar üzərindəki yazılar bu abidənin Azərbaycan milli memarlıq nümunəsi olduğunu sübut edir.

Bu qədim abidə Azərbaycanın əzəmətindən xəbər verir



Şirvanşah I Xəlilullahın dövründə Bakıda Şirvanşahlar sarayı tikilmişdir. Bu, orta əsrlərdə Azərbaycanda tikilmiş ən əzəmətli tikilidir. Bu abidə kompleksi 1997-ci ildə YUNESKO tərəfindən qorunan abidələrin siyahısına daxil edilmişdir. Bu kompleks saray, divanxana, türbə, məscid və minarə, ovdan və hamamın qalığından ibarətdir.

Şirvanşahlar sarayı XV əsrdə Azərbaycan ərazisində tikilmiş tarixi abidələrdən biridir.

Saray Bakının ən yüksək zirvəsində tikilib. Divanxanaya daxil olan yerdə, qapının üstündə Quranın 10 surəsindən ibarət olan yazıda deyilir ki, Allah öz istədiyi insanları düz yolla aparır. Divanxananın arxitekturasının dünyada heç bir analoqu yoxdur. Bu günədək bütün divanxananın ərazisi pir sayılırdı. Orada süd quyusu adlanan quyu var. Deyilənə görə, südəmər körpəsi olan anaların südü çəkiləndə həmin quyunun ziyarətinə gedirmişlər. Divanxananın yanında türbə yerləşir. Giriş qapısının üstündə sağ və sol tərəfdə yazılı medalyon var. Yazı iki dəfə təkrar olunur. Yazıda Allah, Məhəmməd, Əli, Memar sözləri oxunur. Türbənin giriş qapısında daha bir yazı var: «Mərhəmətli Böyük sultan Xəlilullah hicri tarixlə 839-(1436) ildə bu müqəddəs türbəni anasının və oğlunun xatirəsinə tikdirmişdir.» Bu kompleksə aid olan və təmizlik məbədi hesab olunan hamamlar da var. Buradakı hamamlar yeraltında yerləşdiyi üçün onların üzərində bağlar salınmışdır. Bu hamamlarda su yeraltı quyudan çıxırdı və möhkəm, yanan daş kimi əriyən ağ neftlə qızdırılırdı. Bütün ansambl həmin dövrdə Azərbaycanın arxitekturasının çiçəklənməsindən xəbər verir. Kompleks Şirvanşahlar dövrünün əzəmətindən xəbər verir.

Xüsusi tikiliş üslubuna malik olan Şirvanşahlar sarayı Azərbaycanın digər abidələrindən fərqlənir. Binanın əsas hissəsi 1420-ci ildə tikilib. Şirvanşahlar sarayı bir neçə hissədən ibarətdir:
1. Divanxana (1450)
2. Seyid Yəhya Bakuvi məqbərəsi (1450)
3. Hamamxana (1450)
4. Məzar (1435)
5. Şahın məscidi (1441)
6. Mərad darvazası (1585)

1964-cü ildən kompleks dövlət tərəfindən qorunur və saxlanılır.


Hamamxana


Hamamxana sarayın lap aşağı tərəfində yerləşir. O, 1939-cu ildə aşkar edilmiş, 1953-cü ildə təmizlənmiş və 1961-ci ildə təqdim olunmuşdur. Təmizlənməyə əsaslanaraq demək olar ki, sığınacaqlar künbəzlər tərəfindən örtülür və kümbəzdə olan kəsiklər də lazımi qədər sistemlidir. Hamamxananın planı dörd sütundan ibarət iki geniş dördkünc sığınacaqdan ibarətdir. Sığınacaqların bir qrupu soyunmaq üçün nəzərdə tutulub və "çöl" yaxud «bayır» adlanır. Lakin digər qrup isə yuyunmaq üçün nəzərdə tutulub və «içəri» hissə adlanır. Soyuq və isti su ehtiyatları isə «kazna» adlanır. Doktor Lerç 1733-cü ildə sarayda olmuş və hamamxana haqqında belə demişdir: «Hamamxana çöldən və içəri hissədən çox gözəl bəzədilib. Su ehtiyat hissəsindən qaynadıcıya — »Külxanaya" gəlir və xüsusi borulardan tökülür. Orada çoxlu sığınacaq hissələri var idi, məsələn, yuyunma otağı, «xəlbəti» yəni tək çimmək üçün yer".


Kompleksin quruluşu


Şirvanşahlar memarlıq kompleksinin aşağı həyətində yerləşmiş Şirvanşahlar türbəsi ilə Şah məscidi birlikdə, yuxarı həyətin memarlıq kompleksindən fərqlənən, kiçik bir tikinti kompleksi yaratmışdır. Düzbucaqlı prizma formasında olan Şirvanşahlar türbəsinin Şərq fasadı portal (baştağ) kompozisiyası ilə qeyd edilmiş və dekorativ ünsürlərlə bəzədilmişdir. Bu binanın ifadəli görkəm almasına kompozisiya aydınlığı və memarlıq formalarının ciddiliyi səbəb olmuşdur. Türbə tikintisində işıq kölgə ləkələrinə, şaquli memarlıq hissələri ilə üfüqi formalar arasındakı kontrastlığa və ustaların məharətlə yaratdığı daş üstündəki oymalara geniş yer verilib. Binanın daxili hissəsi çatma günbəzlə nəhayətlənib. Cənub və Şimal tərəflərdə yerləşmiş xidmət otaqları tağtavanla örtülüb. Şimal tərəfdəki otaqda dama aparan dolama pilləkənlər yerləşdirilib. Daxili quruluşun əsas hissəsi salona verilib. Salonun divarlarında çatmatağlı dərin taxçalar yerləşdirilib. Salonun üstü itibucaqlı təpəsi olan günbəzlə örtülüb. Bu günbəz kürəvi formalı yelkənlər üzərində yerləşdirilib. Günbəzin daxili səthi zərif dilim hissələrə parçalanıb. Salonun qərb tərəfindəki iki kiçik otaqda türbə əmlakı saxlanırmış. Salonun ciddi üslublu memarlıq görkəmində nəzərə çarpan cəhət interyerlə qamətli günbəzin düzgün nisbətdə tikilməsidir. Günbəz vaxtilə firuzəyi kaşı lövhələrlə örtülü olub.

Bu türbəni fərqləndirən əlamətdar xüsusiyyətlərdən biri onun yeraltı sərdabə hissəsinin olmasıdır. Nəşlər salonun döşəməsində yerləşdirilmiş sərdabələrdə dəfn edilmiş və sərdabə daş lövhələrlə örtülüb.

Türbənin baştağı Azərbaycan portallarının ən gözəllərindəndir. Bu baştağın dilimi tavanı yuxarıdan çatma yarımgünbəzlə nəhayətlənmiş, aşağıdan isə stalaktitlərlə bəzədilmişdir. Yarımgünbəz 4 cərgədə yerləşdirilmiş stalaktit kəmərinə söykənib.

Baştağda çatmatağın üstündə stilləşmiş nəbati naxışlar, sol və sağdakı medalyonda isə güzgü əksliyi ilə təkrar olunan «memar Əli» sözləri verilmiş, portalın yuxarı hissəsində isə nəsx xətti ilə iki sırada Quran ayələri qabarıq formada oyulub.

Baştağı soldan ayıran çatmatağlı giriş qapısının üstündəki ikisətirli daş kitabə abidənin tikilmə tarixindən xəbər verir: "Ən böyük sultan, əzəmətli Şirvanşah, Allahın nəbisinin adaşı, dinin köməkçisi — Allah onun dövlət və hökmdarlığını əbədi etsin — anası və oğlu üçün — Allah onların hər ikisinə rəhmət etsin — bu nurlu türbənin tikilməsinə 939-cu ildə (miladi 1435-1436) əmr etdi".

Şirvanşahlar saray kompleksinin şimal-qərb hissəsində, divarla əhatə edilmiş kvadrat həyətdə divanxana yerləşir. Həyətin ortasında 1,5 metr hündürlüyündə olan bünövrənin üstündə divanxananın səkkizguşəli mərkəzi pavilyonu ucaldılıb. Bu pavilyonun mərkəzi salonu beş tərəfdən açıq eyvana baxır. Divanxananı təşkil edən xüsusi formalı sütunlar və onların yaratdığı çatmatağlı arka abidənin mərdlik, qüvvət və müdriklik ifadə edən memarlıq obrazını yaratmışdı.

Abidənin damı ikiqat örtüklə örtülmüş, xarici görünüşü dilim-dilim memarlıq formasındadır. Divanxana həyətinin divarları boyu sütunlar üzərində qurulmuş çatmatağlı arkaların yaratdığı uzun, düzbucaqlı eyvan mərkəzi binanı, pavilyonu üç tərəfdən əhatə edir. Həyətin günbatana baxan xarici giriş yolu küçə tərəfdən dərin baştağla qeyd edilmişdir. Abidənin ikinci baştağı pavilyonun çatmatağlı eyvanına qərb tərəfdən bitişərək, darısqal yerdə, pavilyona əzəmətlilik, vüqar və ucalıq təsiri bağışlayır. Bu portalın çatmatağlı taxçası zərif, dilim-dilim formalı yarımgünbəzlə nəhayətlənir. Bu yarımgünbəz zəngin stalaktitlər quruluşuna söykənmişdir. Baştağın timpanları giriş yolunun üstündəki səth üzərində oyma naxışlarla, qabarıq nəbati ornamentlərlə bəzədilmişdir. Güman edilir ki, giriş yolunun üstündə abidənin tarixinə dair yazılar olmuş, lakin nə vaxtsa silinmişdir.

Tədqiqi


1932-1934-cü illərdə Şirvanşahlar sarayının təmiri və bərpası sahəsində müəyyən işlər görülüb ki, bu da abidənin uçmasının qarşısını ala bilib. Həmin dövrdə abidədən Azərbaycan Tarix Muzeyinin binası kimi istifadə etmək nəzərdə tutulmuşdu. Saray kompleksinin ardıcıl şəkildə öyrənilməsi və tədqiq edilməsi işlərinə yalnız Böyük Vətən müharibəsindən sonra başlanılıb. 1945-ci ildə Şirvanşahlar saray kompleksinin ayrı-ayrı abidələri elmi əsaslarla bərpa edilməyə başlanıb. Bərpa işlərinə AMEA-nın həqiqi üzvü, professor Sadıq Dadaşov rəhbərlik edib. Lakin 1946-cı ildə alimin vəfatı Şirvanşahlar saray kompleksinin bərpasını xeyli ləngidib. Yalnız 1950-ci ildə memarlıq işləri idarəsində elmi-bərpa istehsalat emalatxanasının yaradılması nəticəsində Şirvanşahlar saray kompleksinin bərpası yekunlaşdırılıb.

Mənbə:"Şərq" qəzetinin araşdırma qrupu
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb

0 şərh