Azərbaycan Respublikasının Dövlət Himni

28  may  1918-ci  il  tarixdə  Azərbaycan  istiqlaliyyəti elan olunduqdan sonra ADR-in Dövlət bayrağı və Dövlət gerbi ilə bərabər Dövlət himninin də yaradılması və qəbul edilməsi məsələsi qarşıya çıxdı.
"Himn" yunanca   "təntənəli  nəğmə"  deməkdir.   O,  siyasi təbliğatda   mühüm  vasitə   olmaqla  müəyyən  mütəşəkkillik  və səfərbərlik rolu da oynayır. Himnin ifası əsasən bayram  şən­likləri, siyasi nümayişlər, rəsmi dövlət qəbulları, hərbi paradlarda nəzərdə tutulur.
Dövlət  himninin  mətni və  melodiyası  xalqın  bütün sosial təbəqələrinə asan anlaşılmalıdır.
ADR dövründə  dahi  bəstəkarımız  Ü.Hacıbəyov iki  marş yazmışdır.  Onların hər ikisi 1966-cı ildə türk musiqişünası Etem Üngörükün Ankarada nəşr etdirdiyi "Türk marşları" kitabında çap olunmuşdur.
Dövlət himnimizin qəbulu məsələsi ortaya çıxanda əksəriyyət Ü.Hacıbəyovun həmin marşlarından birini oranjiman etməklə himn kimi qəbul edilməsi fikrini  müdafiə etdi.  Beləliklə,  yeni  dövlət himnimizin musiqisi yenə Ü.Hacıbəyovun oldu. Mətnin isə görkəmli şairimiz Əhməd  Cavada məxsus  olduğu  qeyd edilir. Lakin  son zamanlar  Azərbaycan Respublikası Milli  Elmlər  Akademiyasının Ədəbiyyat İnstitutunun alimləri himnin  mətninin müəllifliyi barədə apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki,  1919-cu ildə Bakıda nəşr olunmuş "Milli  nəğmələr" məcmuəsində himnin sözləri "Cəmo bəy" imzası ilə çap olunmuşdur.  Bu imza isə ADR dövründə həm parlament,  həm də hökümət  üzvü kimi fəaliyyət göstərmiş publisist və şair Cəmo bəy Hacınskiyə məxsusdur.
Azərbaycan Respublikası Milli Məclisinin  1993-cü il 2 mart tarixli qərarı  ilə Azərbaycan Respublikası Dövlət himni haqqında əsasnamə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Dövlət himni haqqında
ƏSASNAMƏ

l.Azərbaycan  Respublikasının  Dövlət  himni   Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Azərbaycan Respublikasının  Dövlət  himninə  dərin  ehtiram bəsləmək onun hər bir vətəndaşının vətənpərvərlik borcudur.
2.Azərbaycan Respublikasının Dövlət himni aşağıdakı hallarda ifa olunur:
a) dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;
b) Hər  gün Azərbaycan Respublikası milli televiziya və  radio verilişlərinin əvvəlində və axırında;
v) Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin,  milli  qəhrəmanlarının,  elm, ədəbiyyat  və incəsənət xadimlərinin  şərəfinə abidələrin  və  lövhələrin  açılışı zamanı;
q)  Dövlət  və  ictimai orqanlar,  müəssisələr,   idarələr  və təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən;
ğ)  Azərbaycan Respublikasına  rəsmi  görüşə gələn  xarici ölkələrin dövlət  və  hökumət  başçıları  qarşılanarkən  və  yola salınarkən-müvafiq ölkənin Dövlət himni ifa olunduqdan  sonra.
3.  Azərbaycan Respublikasının Dövlət himni orkestr, xor,orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla  və alətlər vasitəsilə ifa  olunur.  Bunun üçün  səsyazma vasitələrindən də istifadə  edilə bilər.Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunur.
4.  Azərbaycan Respublikasının Dövlət himni "Azərbaycan Respublikasının  Dövlət himni  haqqında" Azərbaycan Respublikasının 1992-ci il 27 may  tarixli Qanunu ilə təsdiq edilmiş mətnə və musiqi redaksiyasına tam müvafiq surətdə ifa olunmalıdır.
5. Azərbaycan Respublikasının Dövlət himni camaat qarşısında ifa   olunarkən  oradakılar  himni   ayaq  üstə   dinləməli  və  ya oxumalıdırlar.
6.  Hərbi  hissələrdə,  hərbi  gəmilərdə, daxili işlər  və milli təhlükəsizlik  orqanlarında  Azərbaycan  Respublikasının  dövlət himninin ifa olunması, habelə himn ifa edilərkən hərbi qulluqçuların, daxili işlər və milli təhlükəsizlik orqanlarının sıravi və rəis heyətinə aid şəxslərin əsgəri rəsmi təzim  etməsi hərbi nizamnamələrlə və
Azərbaycan Respublikasının müdafiə naziri, daxili işlər naziri və milli  təhlükəsizlik naziri tərəfindən müəyyən  edilən  qaydalarla tənzimlənir.
7. Azərbaycan  Respublikasının Dövlət himninin musiqisi və mətni əlifba kitabının birinci səhifəsində dərc olunur.
Ümumtəhsil   məktəblərində,   texniki-peşə,   orta    ixtisas məktəblərində, ali məktəblərdə və başqa tədris müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının  Dövlət  himninin öyrənilməsinə və ifasına həsr edilir.
8.  Respublika  və  beynəlxalq  idman yarışları keçirilərkən Azərbaycan Respublikasının Dövlət himninin ifa olunması qaydası respublika  və beynəlxalq idman  təşkilatlarının mövcud praktikası nəzərə alınmaqla müəyyən edilir.
9.  Respublika   idarələri  və   təşkilatları   xarici  dövlətlərin ərazisində təntənəli tədbirlər keçirərkən Azərbaycan Respublikasının Dövlət  himni Azərbaycan  Respublikası Xarici  İşlər Nazirliyinin müəyyən etdiyi  qaydalara müvafiq surətdə, onların olduqları ölkənin praktikası və yerli adətləri nəzərə alınmaqla ifa edilir.
10. Azərbaycan Respublikasının Dövlət himninin daxili işlər və milli  təhlükəsizlik  orqanlarında, tədris  müəssisələrində,  idman yarışları zamanı, habelə Azərbaycan Respublikasının idarələri və təşkilatları   tərəfindən  xarici    dövlətlərin  ərazisində   tədbirlər keçirilərkən ifa  olunması qaydaları bu Əsasnamənin tələbləri əsas götürülməklə müəyyən edilir.
11. Bu Əsasnamənin dəqiq yerinə yetirilməsinə nəzarət etmək dövlət  orqanlarının,  müəssisələrin,  idarələrin, təşkilatların, siyasi partiyaların,  ictimai  birliklərin,  həmkarlar  ittifaqlarının və  digər ictimai qurumların rəhbərlərinə həvalə olunur.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİNİN SÖZLƏRİ
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

Keçən  əsrin sonunda milli dövlətçiliyimiz  dirçəlmiş, müstəqil Azərbaycan  Respublikası  dünya  dövlətləri sırasında layiqli  yer tutmuşdur. Bayrağımız, gerbimiz, himnimiz ictimai-siyasi və mədəni həyatımızın bütün sahələrində geniş yayılmış, Konstitusiya qanununun tələblərinə uyğun respublikamızın  bütün ərazisində və beynəlxalq miqyasda bərqərar olmuşdur.
Azərbaycan Respublikası dövlət rəmzlərinin statusu 1995-ci il noyabrın   12-də  ümumxalq  referendumunda  qəbul   olunmuş Azərbaycan   Respublikasının  Konstitusiyasında   müəyyənləşdirilmişdir:
Maddə 23. Azərbaycan dövlətinin rəmzləri.
l. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə  ağ rəngli  aypara  və səkkizguşəli ulduz  təsvir edilmişdir. Bayrağın eninin uzununa nisbəti l:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası  Dövlət  gerbinin   təsviri,  Azərbaycan  Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
Maddə 75. Dövlət rəmzlərinə hörmət.
Hər  bir  vətəndaş   Azərbaycan   Respublikasının   dövlət rəmzlərinə-bayrağına, gerbinə və himninə hörmət etməlidir.

 

Mənbə Filologiya elmləri namizədi Sədaqət Kamal qızı Məmmədova

8 şərh

fidan
Çox maraqlıdır,indi himnin sözləri kimə məxsusdur? Əhməd Cavad vs Camo Hacınski?
2ral
Başqa vaxt hamı vətənpərvərlikdən danışır.Amma internetdə bir dənə də olsun keyfiyyətli şəkildə Azərbaycan himninin videosunu tapa bilmədim.
girl_moon
Maraqlıdı, himnin sözlərinin Əhməd Cavada aid olmamasını bu vaxta qədər heç kim bilməyib görəsən?
ilham
İt yiyəsini tanımayan ölkədə himnin müəllifini hardan tanıyasan?
bloqçu
Himnin müəllifi Ə. Cavad deyil? Utana-utana desəm də, bunu birinci dəfədir ki, burda oxudum. Mən də Əhməd Cavad bilirdim. Axı indiyənədək də kitablarda, dərsliklərdə səhv etmirəmsə Əhməd Cavad qeyd olunur.
papatürk

hələ ki tam təsdiqini tapmayıb bu fikir.Çoxları bu məsələnin açılmamasını istəyir.


Əvvəlcə Camo Cəbrayılbəyli adlı bir adamın qohumları hökümətə müraciət edib himnin müəllifinin məhz ona aid olduğunu sübut etsinlər.Bu vaxt məlum olur ki,sözlər doğurdan da Camo bəyə aiddir,amma başqa birisinə, Görünür,Əhməd Cavadın övladları daha aktiv olub))

Əliyev
Albaniyanın himnini bir rumıniyalı, Serbiyanın himnini isə bir sloveniyalı bəstəkar yazıb.