Maştağa

Bakının ən böyük kəndlərindən biri olan Maştağa qədim tarixə malikdir.
Maştağa adının mənası ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Bəzi mənbələrdə bu adın “Məşədi ağa” sözündən götürüldüyü qeyd olunur. Çünki bu kənddən İranın Məşhəd şəhərinə ziyarətə gedənlər həddən artıq çox olduğuna görə “məşədi ağa” sonralar Maştağa sözünün şəklini alıb. Lakin görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində Maştağa toponiminin “massaget” (qədim türk tayfası) sözündən yaranması fikrini irəli sürüb.

Tarixi abidələr

Böyük tarixi keçmişə malik Maştağa kəndi təkcə öz adı ilə yox, həm də burada ucaldılmış qədim abidələrlə də öz keçmişini sübuta yetirir və yaşadır. Maştağa ziyalısı, filoloq Ağanəcəf Qədirov deyir ki, kəndin 3 min illik tarixi var. Maştağada nəstəliq, kufə, təliq, nəsx xətləri ilə yazılmış daş kitabələr tapılıb.
Həmsöhbətimin dediyinə görə, Maştağa Bakıda ən çox məscidi olan kənddir. 1939-cu ilin məlumatına görə, kənddə 36 məscid və 4 pir olub. Kənddə XVIII əsrə aid qədim Cümə məscidi var. Seyidlər məhəlləsindəki Cümə məscidi, Maştağa Cümə məscidi, Ağa meydanındakı Cümə məscidi, Gövhərtəpə məscidi, Dərə məhəllədəki Hacı Kərbəlayi Hüseyn məscidi, Hacı Aydəmir məscidi, Qasımxan məscidi, Həsən bəy məscidi, Hacı Əziz məscidi isə XIX əsrə aiddir.
Azərbaycan Sovet Ensiklopediyasının VI cildində göstərilir ki, Şirvanşah I İbrahim dövründə, daha dəqiq desək, 1414-cü ildə Maştağa kəndində Ərğutay məscidi tikilib. Bu məsciddən aparılmış daş kitabə Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır.
Tarix elmləri namizədi Əlibaba Babayev öz kəndinin tarixini tədqiq edərək yazır ki, son illərdə Cümə məscidinin ətrafında aparılan tikinti işləri zamanı Maştağanın qala divarlarının qalıqları, çəkisi 40 kq olan böyük bir küpün içərisində XII-XIII əsrlərdə Şirvanşahlar dövlətində kəsilmiş mis pullar aşkar edilib. Alim həm də qeyd edir ki, II Mirzə Məhəmməd xan müdafiə olunmaq üçün burada özünə qala tikdirir. II Mirzə Məhəmməd xanın tikdirdiyi qalanın, Nardaran qalasında olduğu kimi, küncləri dairəvi qüllələrdən ibarətdir. Qüllənin xarici diametri 2,6-3 m, qala divarının qalınlığı isə 1,8 m olub.
Kəndin yaşlı sakinlərinin dediyinə görə, qaladan məscidin həyətindəki minarənin yanına, torpaq altında qalan quyuya yeraltı yollar olmuşdur.
Maştağa kəndinin qədimliyini sübuta yetirən bir sıra qəbirüstü daşları qeyd etməmək olmaz. Keçərlər qəbiristanlığında 1950-ci illərin əvvəllərindən bu günə kimi işləyən Cəfər Tağıyev atasıyla burada məzar qazarkən tez-tez müxtəlif qədim başdaşlarına, sənduqələrə rast gəldiyini deyir: “Yaxşı yadımdadır, atam bir dəfə qədim başdaşının üstündəki yazını kənddəki ruhanilərə oxutdurmuşdu. Qəbir hicri tarixi ilə 301-ci ilə, yəni X əsrə aid idi”.
Maştağada qədim hamamlar da mövcuddur. Orta əsrlərə aid Qum və Şamxal hamamları, habelə Səfərəli, Məhəmməd, Kərbəlayi Mirsalam, Paşa, Mirəli, Mirheydər, Küllük (Bəşir hamamı da deyirlər), Məhəmmədrza, Mirzəhüseyn, Baloğlan, Kərbəlayi Məhəmmədrəsul hamamı və s.
Ağanəcəf müəllimin sözlərinə görə, Maştağanın üç böyük məhəlləsi olub: Xunxar, Keçərlər və Seyidlər: “Maştağanın ən böyük məhəlləsi Seyidlərdir. Məhəllələr özləri kiçik məhəllələrə bölünür. Seyidlər Rəhim kəndi və Köhəc, Xunxar məhəlləsi Dərəməhəllə və Tavaylıq məhəllələrindən ibarətdir. Tavaylıq qala daşlarının üzərində salınmış bağ yerləridir. Üçüncü məhəllə - Keçərlərdə əkin yerləri mövcud olub. Bu üç məhəllənin içərisində mikroməhəllələr genişlənərək bir-birinə qarışıb. Hər məhəllənin özünəməxsus məşğuliyyəti varmış. Seyidlər məhəlləsi heyvandarlıqla, Xunxarlar məhəlləsi bağçılıqla, Keçərlər məhəlləsinin sakinləri isə əkinçiliklə məşğul olub”.
Həmsöhbətim məhəllələrin məskunlaşması ilə bağlı maraqlı faktları da qeyd etdi: “Seyidlər məhəlləsinin tarixi qədimdir. Onlar yaxın keçmişdən gələn insanlar deyil. Seyidlər ərəb ölkələrindən - İraqdan, Səudiyyə Ərəbistanından (Mədinədən) köçüb gəliblər. İslam intibahı dövründən, Qum hamamının tarixindən götürsək, kənddə birinci məskunlaşma XI əsrdə olub. İkinci mərhələ XVI əsrin sonları - XVII əsrin əvvəllərinə, üçüncü mərhələ isə XIX əsrə təsadüf edir. Maştağaya Şah İsmayıl, Şah Abbasla gəlib məskunlaşmış seyidlər də olub”.

Ermənilərə təslim olmadılar

Maştağa əhalisi 1918-ci ildə erməni-daşnak birləşmələrinin azərbaycanlılara qarşı soyqırımı zamanı böyük qəhrəmanlıqlar göstərib. Bakı ərazisində ermənilərin qanlı qırğınları zamanı xalqın qəddar düşmənə qarşı ayağa qaldırılmasında Bakı qoçularının xüsusi rolu olub. Həmin dövrdə ermənilərlə vuruşmaq üçün kəndin bütün başıpapaqlıları, xüsusilə yaxşı tüfəng atmağı bacaranlar səfərbərliyə alınmış, ön cəbhəyə çıxarılmışdı. Ermənilərə qarşı döyüşdə Qoçu Mürsəlin dəstəsi daha çox fərqlənib. O, ətrafına kənd cavanlarını toplayaraq mübarizəni təşkil edibmiş.
Erməni cəlladlarına qarşı mübarizədə maştağalı Miribrahim Ağanın xidmətləri xüsusi qeyd edilməlidir. Kəndin nüfuzlu qoçularını bir araya gətirən Miribrahim Ağa Müdafiə Şurası yaradır. Şuraya adı bütün Bakıya bəlli şəxslərdən Qoçu Əziz, Məşədi Cəbrayıl, Məşədi Qədiməli, Ataməli Babaoğlu, Kəblə Fəraməz və başqaları daxil olur. Ermənilərlə döyüşdə general Həbibbəy Səlimovun komandanlıq etdiyi Maştağa qarnizonu da şücaət göstərib. Qarnizonda xidmət edən 1700 nəfərədək maştağalı ermənilərlə döyüşə-döyüşə Bayıladək irəliləyiblər. Sonradan onlardan bir qismi Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət edib.

Dizi açıq turistə “pomidor qonaqlığı”

Bakı kəndlərində indinin özünədək qorunub saxlanılmış müəyyən əxlaq normaları var ki, bu da bəzən çoxları tərəfindən mühafizəkarlıq kimi qəbul olunur. Keçmişdən gələn ənənələr bu gün də yaşamaqdadır. Ağanəcəf müəllim uşaqlıq illərində Maştağada şahidi olduğu bəzi hadisələri danışdı.
Hələ çox illər bundan öncə Maştağada bazara turist gəlir. Turistin geyimi (qısa şort) kəndin adət-ənənələri çərçivəsinə sığmadığından, kənd ağsaqqalları bu mənzərəni izləməyə dözümsüzlük göstərir və bazardan uşaqlara him-cimlə satılan pomidorları turistin üzərinə atmağı işarə edirlər. “Pomidor yağışı”na düşmüş turisti sonra mağazaya gətirib əyninə təzə paltar geyindirirlər.
Ağanəcəf müəllim keçmişdə belə halların anormal qarşılandığını, indi isə vəziyyətin dəyişdiyini deyir: “Əvvəllər özündən böyüyə hörmət var idi. Böyüyün sözü bizim üçün qanun idi. İndi zəmanə dəyişib, gənclər Avropaya ifrat meyillidir. Əvvəllər bizdə yaxşı təəssürat oyatmayan turistin geyimini bu gün öz cavanlarımızın əynində görürük. Artıq zəmanə dəyişdikcə belə hallar da adiləşir”.

Müəllif: Yeganə Cansail
Mənbə: Mədəniyyət qəzeti

 
loading...

0 şərh