Mərdəkan

Adı “Mərdlər məkanı” kimi tərcümə olunan Mərdəkan kəndi qədim tarixi abidə və tikililərlə zəngindir. Bu sırada dördkünc Mərdəkan qalası (XIV əsr), dairəvi Mərdəkan qalası (1232), Xanbaba hamamı (XIX əsr), Şeyx Kazım hamamı, Pir-Həsən məqbərəsi (1612), Tuba Şahi məscidi, türbələr (XV və XVII əsrlər), məşhur neft milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin imarəti (XX əsrin əvvəli) və s. daxildir. Mərdəkanda 4 ümumtəhsil məktəb, 5 uşaq bağçası, internat, musiqi evi, mədəniyyət sarayı, kitabxana, dendrari (nəbatat parkı), xəstəxana, bir neçə sanatoriya və pansionat var.

Keçmişə səyahət


Bələdçim kənd sakini Vidadi dayı (kənddə uşaqdan böyüyə hamı ona “Boba əmi” deyə müraciət edir) kəndin məşhur tarixi abidələri haqqında danışaraq məlumat verir.
İlk tanış olduğumuz memarlıq abidəsi XIV-XV əsrlərdə, Şirvanşahlar dövründə inşa olunmuş hamamdır. On ilə yaxındır ki, fəaliyyətini dayandırmış hamamda bərpa-yenidənqurma işləri aparılır. Tikili özünəməxsus memarlıq üslubu ilə buraya gələn turistlərin diqqətini çəkir. Yeri gəlmişkən, burada tanınmış estrada müğənnilərindən Mübariz Tağıyev, Eyyub Yaqubov, İzzət Bağırovun klipləri çəkilib.
Tarixi abidələr arasında qədimliyi ilə seçilən digər bir abidə Tuba Şahi məscididir. Monqolların hücumu zamanı dağıntılara məruz qalan məscid sonra yenidən inşa olunub. Məsciddə iki daş kitabə var. İçəri daş kitabədə məscidin ilk tikilişi haqqında məlumatlar verilib. Kitabədə məscidin 1372-ci ildə Hacı Nurəddin və Bahəddin tərəfindən tikildiyi qeyd olunub.
Sovet dövründə kolxoz anbarı kimi istifadə edilən məscid 1965-ci ildə muzey kimi fəaliyyətə başlayıb. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra tarixi abidə yenidən məscid kimi fəaliyyətini davam etdirib. Məsciddə 3 hücrə var. Deyilənlərə görə, qədimdə uzaq yoldan gələnlər bu hücrələrdə niyyət edib dincələrmişlər.
Bələdçimin sözlərinə görə, Mərdəkanda hər bir kənd sakininin həyətində qazıntılar apararkən müxtəlif tarixi abidələrə rast gəlmək mümkündür: “İndinin özünədək yerli əhalinin həyətlərindən qazıntılar zamanı üzərində müxtəlif ayələr həkk olunmuş daş kitabələr tapılır”.
Vidadi dayı əhalinin abidələrə göstərdiyi laqeyd münasibətdən də danışır, bu abidələrdə tarix və mədəniyyətimizin yaşadığını qeyd edir: «Qışa nisbətən yayda abidələrə nəzarət etmək daha çətindir. Yayda buraya daha çox insanlar gəlir. 27 ildir burada işləyirəm və bu abidələr mənim övladım kimidir”.

Tarix pıçıldayan qalalar


Təbiidir ki, Mərdəkan deyəndə ilk ağla gələn də məşhur dördkünc Mərdəkan qalası olur. 1187-ci ildə Şirvanşah II Mənuçöhrün oğlu Axsitanın dövründə inşa olunmuş bu möhtəşəm tikili müdafiə xarakterlidir. Müharibə zamanı adətən burada qadın və uşaqları yerləşdirərdilər. 22 metr hündürlüyü olan qala 6 otaqdan ibarətdir. Divarlarının qalınlığı 2 metr olan bu abidənin tikintisində balıqqulağı və əhəng, keçi və dəvə yunu, yumurta və torpaqdan istifadə olunub. Qala 76 pilləkəndən ibarətdir. Qaladan Bakı kəndlərini — Ramana, Bilgəh, Nardaran, Buzovna, Qala, Pirallahı, Şüvəlan, Şağan və s. kəndləri müşahidə etmək mümkündür. “Bir qalanın sirri” filmindən bəzi səhnələr elə bu qalada lentə alınıb. Vaxtilə qalanın ətrafında — savaşlar dövründə əhalinin ərzaq təchizatını təmin etmək məqsədilə — 108 quyu qazılıb və həmin quyularda müxtəlif məhsullar saxlanılıb.
Mərdəkanda ikinci məşhur qala 1232-ci ildə Əbdülməcid Məsud oğlu tərəfindən tikilmiş dairəvi qaladır. 12,5 metr hündürlüyündə olan bu qala unudulmaz sənətkarımız Bülbülün bağ evi ilə üzbəüz yerləşdiyindən bəzən ona “Bülbülün qalası” da deyirlər.

Özünəməxsus Mərdəkan


Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qəbri Mərdəkandadır. Böyük xeyriyyəçi öz vəsiyyətinə uyğun olaraq sevimli müəllimi Axund Hacı Mirzə Əbu Turab Axundzadənin məzarının aşağı hissəsində dəfn edilib.
Qəbrin yaxınlığında isə 1612-ci ildə tikilmiş Pir-Həsən məqbərəsi bu gün onlarla insan tərəfindən ziyarət olunur. Burada həm də Çıldağ da var. İnsan bədəninin müxtəlif hissələrinə od ilə təmas edərək qorxu götürən Çıldağ adətən Bakı kəndlərində mövcuddur.
Vidadi dayının dediklərinə görə, Mərdəkanda müxtəlif tayfalar yaşayıb. Onlardan ən geniş tanınanları Cəlililər, Rəhimlilər, Ocaqqulular, Şahsevərlər və başqa tayfalar olub. Təbii ki, Mərdəkanın da özünəməxsus adət-ənənələri və sayılıb-seçilən adamları var. Bu kəndin vaxtilə «qoçu» deyə müraciət olunan nüfuzlu insanları olub. Qoçu adətən xeyriyyə işləri ilə məşğul olan, kasıbın haqqını yerdə qoymayan, zülmkarlığa, haqsızlığa qarşı çıxan insanlara deyiblər. Kənd arasında qoçu kimi ad qazanan Mirpaşa, Kəblə Soltan, Qüdrət və başqaları bu gün də kənd camaatı tərəfindən hörmətlə yad edilir.
Mərdəkanda da, bütün Bakı kəndlərində olduğu kimi, toylar xüsusi adət və qaydalarla keçirilir. Xınayaxdı, bəy hamamı, qurban kəsmək və s. ənənələri özündə cəm edən Mərdəkan toyları özünəməxsusluğu ilə seçilir.
* * *
Mərdəkanda olduğum gün burada kənd əhalisinin qonaqpərvərliyi və səmimiliyi diqqətimdən yayınmadı. Belə ki, hasarların üstündən boylanan uşaqlar, qapının ağzında samovar qalayan, yoldan ötəni evdə bişirdiyi yeməkdən dadmağa dəvət edən kənd sakinləri bakılılara məxsus qonaqpərvərliyə xüsusi rəng qatır. Hər daşında tarixi pıçıldayan qalalar isə öz möhtəşəmliyi ilə tariximizə ucalıq gətirir və yurdumuzun qədimliyini bir daha sübuta yetirir.


Müəllif: Yeganə Cansail
Mənbə: Mədəniyyət qəzeti

0 şərh