Xırdalan

Bakının 14 kilometrliyindəki böyük təpənin yamacında bir kənd yerləşir. Bura Xırdalan kəndidir. Kəndin ətrafında artıq böyük bir şəhər ucalıb. Bu isə Xırdalan şəhəridir. Beləcə, qədim tarixdən bu günə - kənddən şəhərə maraqlı keçid alınır. Biz də bu məkana - şəhər içindəki kəndə, dünənlə sabahın görüşdüyü kənd içindəki şəhərə baş çəkdik.

Ticarət mallarının xırd edildiyi yer

Xüsusi memarlıq məktəbinə malik olan Abşeronun tarixi abidələri tipik xüsusiyyətlərinə görə seçilir. Eyniadlı yarımadada yerləşən rayonun tarixi abidələri əsasən orta əsrlərdə tikilmiş məscidlər, türbələr, qalalar, hamamlar və ovdanlardır. Ərazinin fərqli quruluşunu və genişliyini nəzərə alıb, təqdimata Xırdalan şəhərindəki abidələrdən başladıq.
Bələdçimiz isə söhbətində Abşeron rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçi-inspektoru Etibar Muradov oldu. O, ərazidəki bəzi tarixi abidələrin dövlət tərəfindən bərpa olunduğunu, bəzilərində isə bu işin planlaşdırıldığını qeyd etdi: “Abidələrin əksəriyyəti bərpa olunub. Lakin bu işi təkcə dövlətin üzərinə qoymaq düzgün deyil. Xeyriyyəçilər, sahibkarlar da bərpa prosesinə qoşulmalıdır. Çünki ərazidə olan tarixi abidələr sırasında məscid və hamamlar çoxluq təşkil edir. Onların bir çoxunu bərpa etməklə xidmətlərindən yenidən istifadə etmək mümkündür».
Bələdçimizin Xırdalanın tarixi haqqında verdiyi qısa məlumat da maraqlı oldu: “Qədim yaşayış məskənlərindən olan Xırdalanın adı yerli sakinlərin dilində çox vaxt “xır dalı”, yəni “əkin yerindən dala” kimi mənalandırılır. Bəzi mülahizələrdə isə bu yerin adı “xur”, yəni “qeyri-adi od” mənasını verir. İkinci versiya “xırd və alan” mənası üzərində meydana gəlib. Bu versiyanın tərəfdarları Xırdalanın karvan yolunun üzərində yerləşməsini və Bakıya gələn tacirlərin buradakı böyük karvansaralarda gecələmələrini, bazarlarda alış-veriş etmələrini nəzərə alıblar”.
İnsanların ərazidə məskunlaşma prosesinin maraqlı cəhətləri olub. Belə ki, Xırdalanın ilk sakinləri indiki şəhərdən 6 kilometr qərbdə, təxminən XIV əsrdə «Kültəpə» adlanan ərazidə yaşayıblar. Lakin Keçəldağ palçıq vulkanının tez-tez püskürməsi nəticəsində əhali təşvişə düşərək oranı tərk edib. Əhalinin növbəti qayıdışı XVII əsrin sonlarından başlayıb. Onlar köhnə kəndin yerindən üzü günçıxana doğru - Ziyiltəpənin ətəyində yeni kənd salaraq Xırdalanı bərpa ediblər”.

Sovetləşmənin məscid qiyamı

Həqiqətən də Xırdalanda yerləşən iki mühüm tarixi abidə sahibkarların köməyi ilə təmir olunub. Etibar müəllimin verdiyi bu məlumatlardan sonra Xırdalan şəhərində yerləşən və XIX əsrin sonlarında tikilən məsciddə və İmambaxış hamamında olduq. Məlum oldu ki, tarixin müxtəlif mərhələlərində əhali təbii fəlakətlərlə əlaqədar yaşayış yerini dəyişdirdiyindən burada abidələr azdır.
Abşeron memarlıq məktəbinin tipik xüsusiyyətlərini özündə əks etdirən məscid 1884-cü ildə Axund Hacı Molla Qafur Molla Ələsgər oğlunun təşəbbüsü və kəndin imkanlı adamlarının vəsaiti hesabına tikilib. Tikintidə istifadə olunan daşlar at-araba ilə Alatava və Güzdəkdən daşınıb. Şirvan-Abşeron məscidlərinə xas asimmetrik tək minarəsi olan Xırdalan məscidinin əsas binası daxili ölçüləri 12-16 metr olan böyük ibadət zalı və 2 yan otaqdan ibarətdir. İkimərtəbəli məscidin böyük ibadət zalının ortasında ornamentlə və yazılarla bəzədilmiş günbəz vardır. Məscidin tavanı isə interyerə xüsusi yaraşıq verən 6 ədəd sütun üzərində dayanır. Sütunların tikilməsində inşaat materialı kimi bütün kənd əhalisindən yığılmış yumurtaların sarısından istifadə edilib. Məscidin minbəri 1899-cu ildə Hacı Hümbətəli adlı kənd sakini tərəfindən məscidə hədiyyə edilib.
Xırdalan məscidi də sovet dövründə çətin sınaq yaşayıb. Belə ki, abidənin həyətindəki köhnə minarə 1937-ci il repressiyasının qurbanı olub. Onun daşları sökülərək Xırdalan kənd məktəbinin tikintisində istifadə edilib. Özü isə kolxozun taxıl anbarına çevrilmiş məscid, keçən əsrin 90-cı illərində yenidən dindarların öhdəsinə verilib. Hazırkı tək minarə isə 1999-cu ildə inşa olunub.

Saxta qızılı aşkar edən hamam

Ərazidəki digər tarixi abidə 1897-cü ildə Məşədi İmambaxış tərəfindən tikilmiş və onun adını daşıyan hamamdı. 1964-cü ilədək əhalinin istifadəsində olan hamamın, sən demə, başqa bir funksiyası da olub. Hamam daxilindəki quyu möcüzəli bir xüsusiyyəti ilə fərqlənib. Quyunun suyunda xalis qızılla qəlp qızılı çox asanlıqla aşkar etmək mümkün olub. Qızılın xalis və ya saxta olmasını kənd camaatı burada aşkarlayıblar. İnsanlar bunu quyunun suyuna salınan saxta qızılın dərhal qaralması ilə biliblər.
Qızılın qəlpliyini ayırd edən hamamın istifadəsi düz 45 il dayanıb və ətrafda yaşayan sakinlərin zibilxanasına çevrilib. Yerli xeyriyyəçi Ağabala Xalıqov tarixi əmanətə bigənə qala bilməyib. Öz vəsaiti hesabına hamamı əsaslı təmir etdirmək qərarına gəlir və bu fikrini müvafiq təşkilatlara, səlahiyyətli şəxslərə bildirib. Təşəbbüs bəyənilib, rəsmi icazə alındıqdan sonra mütəxəssislərin iştirakı və məsləhəti ilə işə start verilib. Abidənin ilkin görkəminə azca da olsa müdaxilə edilmədən yüksək səviyyədə bərpa işləri qısa müddətdə başa çatdırılıb. Hamamın girəcəyində divarda qara mərmər löhvə abidənin dövlət tərəfindən qorunması göstərilməklə onu inşa etdirən Məşədi İmambaxışla bərabər, 2009-cu ildə bərpa işlərini aparan Ağabala Xalıqovun (Fərhad Xalıqovun atası) da adı qeyd olunub.

Ehsan xarakterli ovdanlar

Xırdalanda tarixi abidə kimi ovdanlara da rast gəlinir. Onlardan biri də Hacı Həsən ovdanıdır. Bunlar artıq öz funksiyasını itirərək sırf tarixi abidə xarakteri daşıyır. İçməli suya həmişə ehtiyac olduğundan həmin tələbatı ödəmək məqsədilə tikilən ovdanlar bir qayda olaraq maili quyu şəklində qazılırdı. Ovdana enmək üçün 20-25 pilləsi olan daş pilləkən hörülüb. Yağış suyu ovdana yığılır və əhali həmin suyu duruldaraq ondan içməli su kimi istifadə edirdi. Ovdanın üstü naxışlı tağla örtülü olur. Bu da yoldan keçən zəvvarlara yaxınlıqda su quyusunun olduğunu bildirirdi. Ovdanların tikilməsi bir qayda olaraq ehsan xarakteri daşıyıb. Elə Hacı Həsən də vaxtilə ovdanı bu niyyətlə özündən yadigar saxlayıb.
Sonda onu qeyd edək ki, Xırdalanın tarixi baxımdan kənd hissəsi nə qədər maraqlıdısa, şəhər hissəsi bir o qədər cəlbedicidi. Bir sözlə, bir-birilə qovuşan kənd və şəhər Xırdalanın qonağı olmağa dəyər. Çünki kəndlə şəhəri birləşdirən mənzərə daha cazibədardır.

Müəllif: İntiqam Hacılı
Mənbə: Mədəniyyət qəzeti

 
loading...

0 şərh