Bitkilərin fərqli rəngləri necə meydana gəlir

Nə üçün çiçəklərin bu qədər müxtəlif rəngli. yarpaqları isə yaşıldır?
Meyvələr, tərəvəzlər, çiçəklər və ağacların hər birinin müxtəlif rəngi, qoxusu və dadı var. Ətrafınızda hər an gördüyünüz, bəzən də ancaq kitablardan tanıdığınız bitkilərin hər birinin özünəməxsus rəng və naxışları var. Hamısının çoxalma forması fərqlidir, tərkiblərindəki nektarın miqdarı, qoxuları da fərqlənir.

Məlum olduğu kimi, bitkilər aləmində hakim rəng yaşıl və yaşılın çalarlarıdır. Yaşıl rəngi əmələ gətirən əsas maddə isə xlorofildir. Çox mühüm maddə olan xlorofil bitki hüceyrəsinin sitoplazmasında yayılmış halda yerləşən xloroplastlardakı piqmentdir. Günəşdən qəbul etdikləri işığı asanlıqla udan bu piqmentlər ancaq yaşıl rəngi əks etdirirlər. Bu xüsusiyyət yarpaqlara yaşıl rəng verməklə yanaşı, fotosintez kimi həyati əhəmiyyətli prosesin həyata keçməsini də təmin edir.

Bitkilər fotosintez prosesində fərqli rənglərin birləşməsindən təşkil olunmuş günəş işığından istifadə edirlər. Günəş işığındakı rənglərin ən əsas xüsusiyyətlərindən biri enerji yüklərinin fərqli olmasıdır. Bu rənglərin ayrılması ilə ortaya çıxan və spektr adlanan rəng ardıcıllığının bir ucunda qırmızı və sarı rəngin çalarları, digər ucunda isə mavi və bənövşəyi rəngin çalarları yerləşir. Ən çox enerji daşıyanlar spektrin mavi ucundakı rənglərdir.

Rənglər arasındakı bu enerji fərqi bitkilər üçün böyük əhəmiyyət daşıyır. Çünki fotosintez etmək üçün çox enerjiyə ehtiyacları var. Odur ki, bitkilər fotosintez zamanı günəş şüalarından ən çox enerji daşıyanları, yəni spektrin ultrabənövşəyi ucundakı rənglərlə (mavi və bənövşəyi) yanaşı, spektrin infraqırmızı ucundakı rəngləri (qırmızı, narıncı və sarı) udurlar. Yarpaqlar bütün bu prosesləri xloroplastlardakı xlorofil piqmenti sayəsində bacarırlar.

Bitkinin fotosintez etməsi üçün xlorofilin udduğu işıq zərrəciklərinin enerji səviyyəsi lazımi qədər olmalıdır.

Qısa şəkildə fotosintez prosesini şərh edək. Bitki işıq zərrəciklərindən aldığı enerji ilə su molekullarını parçalayır və oksigen və hidrogen molekullarını əldə edir. Əldə edilən hidrogen bitkinin həyatını davam etdirməsi üçün karbon qazındakı karbon atomları ilə reaksiyaya girərək bitkinin şirəsinə çevrilir. Yəni bitki öz qida maddəsini əmələ gətirir. İstifadə edilməyən oksigen isə havaya verilir. Atmosferdən qəbul etdiyimiz oksigenin böyük faizi bu yolla əmələ gəlir.

Göründüyü kimi, bitkilərin yaşıl olması estetik görüntü ilə yanaşı, həm bitkilərin, həm də digər canlıların həyatı üçün böyük əhəmiyyət daşıyır. Allah bitkilərin və bütün digər canlıların qidalanmasında xlorofil maddəsini səbəb edir.

Çiçəklərin rəngləri və naxışları bənzərsizdir. Yer üzündəki minlərlə çiçək növünün hər birinin özünəməxsus xüsusiyyətləri var. Dövrümüzdə insanlar təbiətdəki bənzərlərini təqlid etməklə ətirlər, naxışlar və rənglər istehsal edirlər. Məsələn, bənövşələrin məxməri yumşaqlığı, yarpaqlarının bənövşəyi rəngi və yarpaq toxumalarının hamarlığı möhtəşəmdir. Məxmər parçalar bənövşələrin təqlid edilməsi ilə istehsal olunur, ancaq yenə də həmin keyfiyyət əldə edilə bilmir. Bu şəkildə düşünərək yer üzündəki hansı bitkini təhlil etsək, mükəmməl yaradılışla qarşılaşarıq. Yaratmada heç bir ortağı olmayan Allah dadı, qoxusu, rəngi,  naxışı fərqli olan bitkiləri insan üçün yaratmışdır. Biz isə Allahın yaratdığı dəlillər üzərində düşünüb şükür etməliyik.

Bitkilərin fərqli rəngləri necə meydana gəlir?
Hər maddənin əks etdirdiyi rəng həmin maddənin piqment molekullarından asılıdır. Yaşıl bitkilərdəki piqment molekulu xlorofildir. Bununla yanaşı, bitkilərdə başqa rəngləri əmələ gətirən piqmentlər də var və bu piqment növləri bitkilərdəki qeyri-adi rəng müxtəlifliyinin əmələ gəlməsinə səbəb olur.

Xlorofildən əlavə, bitkilərdə karotinoid adlanan piqmentlər var. Bu piqmentlərdən bəzisi sarıdır: qarğıdalıya, limona, günəbaxana rəng verir. Digər karotinoidlər isə daha çox qırmızıya çalırlar. Bunlar şəkər çuğundurunda, pomidorda, güllərdə, yerkökündə olur. Karotinoidlər həm də yaşıl yarpaqların içində var. Bəs niyə yarpaqlar qırmızı, sarı və ya narıncı deyil, yaşıl rəngdə görünürlər? Bunun səbəbi xlorofilin yaşılının digər rənglərin görünməsinin qarşısını alacaq qədər güclü olmasıdır.

Bununla yanaşı, payızda dəyişikliklər baş verir. Günəş işığının azalması ilə bitkilər xlorofil hasil etməyi dayandırırlar və buna görə də yaşıl rəng verən piqmentlərin gücü azalır və yarpaqlardakı yaşıl rəng solmağa başlayır.

Karotinoidlər yarpaqları qəhvəyi, sarı və qırmızı rəngə boyayırlar. Eyni zamanda, payızda bəzi yarpaqların xarici təbəqələrində antosian adlanan piqmentlər hasil edilir. Parlaq qırmızı və mavi rəngdə olan bu piqmentlər yarpaqlarda qırmızı və çəhrayı rəng əmələ gətirən maddələrdir. Əgər bitkidə birdən çox piqment olarsa, onda bitkidə piqmentlərin əks etdirdiyi rənglərin qarışığı görünür.

Dünyanın hər yerində eyni növdəki çiçəklərin eyni naxışları və rəngləri var və əsla dəyişmirlər
Bitkiyə rəng verən piqmentlərin hamısının məlumatı bitkinin DNT-sində şifrlənib. Ona görə də bir bitki növü dünyanın hər yerində eyni xüsusiyyətləri daşıyır. Məsələn, dünyanın hər yerindəki portağalların rəngi eynidir, formaları və qabıqlarının toxuması da fərqlənmir. Portağalın qabığının içində yerləşən narıncı rəngli, ətirli, şirin su dolu torbacıqları əmələ gətirən şəffaf pərdənin rəngi dünyanın hər yerində eynidir, dəyişmir. Bananlar dünyanın hər yerində eynidir, pomidorlar qırmızı, güllər, bənövşələr, qərənfillər də eynidir. Dünyanın hər yerində təbii olaraq yetişən çiyələyin fərqli rəngdə olduğunu görə bilməzsiniz. Dünyanın hər yerindəki çiyələklərin DNT-sində çiyələyə məxsus xüsusiyyətlər qeyd olunub. Çiyələyin rəngi, qoxusu, dadı da eynidir. Bu, bənzərsiz nizamdır.

0 şərh