2 yaş sindromu

2 yaş sindromu adətən 18-36 ay aralığında yaşanır. Bu dövrdə uşaqlarda danışıq irəliləyir, dünyanı kəşf etmək marağı çoxalır, söz və cümlə ehtiyatları artır, özgüvənləri ən üst səviyyəyə çatır, müstəqil şəkildə davranmaq, valideynlərdən asılı olmaq istəməmək, istəklərini yeritmək və s. davranışlar qabarıq formada özünü büruzə verir. Nəticədə əvvəllər uşağınızda görmədiyiniz xeyli dəyişikliklər müşahidə edilir. 2 yaş sindromunda bu cür sürətli dəyişikliklərin olmasının ən başlıca səbəbi körpəlikdən uşaqlığa keçiddir. Bütün uşaqlı ailələr bu vəziyyəti az və ya çox dərəcə yaşayır. Bir çox uşaq isə bu müddəti olduqca çətin keçirdir.

Bu sindromu yaşayan uşaqlarda müşahidə edilən davranışlar: Tərslik, neqativlik, eqoistlik, bacarıqlarında sürətli irəliləyiş, yeni kəşflər etmək istəyi, özünü xüsusi bir fərd kimi görmə, «mən»ini ortaya qoyma, anadan uzaqlaşma, duyğu və istəklərini qabarıq şəkildə göstərmə, «xeyr» deməyi və etiraz etməyi öyrənmə və s. Bu dəyişikliklər onun fərd və şəxsiyyət kimi formalaşmasına atılmış addımlardır. Bu müddəti psixoloji cəhətdən zədəsiz aşması çox vacibdir.

Valideyn nə etməlidir?
✔ Qoyduğunuz qaydalara riayət edin; nə güzəştə gedin, nə də güc tədbiq edin;
✔ Qarşıdurmadan qaçın və ortaq dil tapmağa çalışın;
✔ Uşağın həmin andakı vəziyyətinin inadlaşma olmadığını, keçid dönəminə xas bir hal olduğunu anlayın;
✔ Enerjisini sərf etməsinə şərait yaradın;
✔ Uşağınızı ən yaxşı Siz tanıdığınız üçün mənfi hal yaranmasına icazə verməyib, əvvəldən müəyyən stratejik tədbirlər görün;
✔ Güclü və özünüzdən əmin olun. Məsələn: Uşağınızla bərabər sizin də ağlamağınız onun gözündə sizin valideyn imicinizi sarsıdar;
✔ Həmişə soyuqqanlı olun;
✔ Özünüzün etibarlı, uşağınızın isə güvəndə olduğunu hiss etdirin;
✔ Uşağınıza seçim haqqı və lazımi qədər zaman verin;
✔ Müsbət davranışlarını mükafatlandırın;
✔ Çox vacib olmadıqda müdaxilə etməyin;
✔ Özünüzü onun yerinə qoymağa çalışın;
✔ Qərarlı, əsaslı və səbrli olun.

0 şərh