Problemin kökünü həll etmək

Bəzən oturub düşünürəm. Düşünürəm ki, görəsən məsələnin kökünün həlli məqsədə uyğundur, yoxsa məsələnin nəticəsinin? Bir problem yaranır və biz onu ortadan qaldırmalıyıq və bunun üçün qarşıda iki yol var. Sən o peroblemin yaratdığını aradan götürməlisən və yaxud da o problemin kökünü tapıb, onu yox eləməlisən. Yəqin ki, bu yerdə məsələnin kökünün həlli daha məqsədə uyğundur, nəinki nəticəsi.

Son vaxtlar “xəstəliklər yayılıb, baş alıb gedir” deyə ifadələr eşidirik. Bu xəstəliklər sırasında sonsuzluğa gətirib çıxaran xəstəliklər heç də az deyil. Həqiqətən də fikir versək axır vaxtlar müəyyən səbəblərdən dolayı uşaq dünyaya gətirə bilməyənlərin sayı artıb. Bu səbəblər sırasında bəlkə də xəstəliklər başda gedir. Bu xəstəliklər sırasından isə “yumurtalıqların polikistozunu” misal çəkim. İndi həkimə gedirsən, sənə bu diaqnozu qoyur və bəziləri dərman yazır, ki yumurtalıqların üstündəki bu kistadırmı, hər nədirsə, o yoxa çıxsın, bəziləri isə, ümumiyyətlə, əməliyyat məsləhət görürlər ki, yumurtalıqların üstündəki qatı götürsünlər.

Hə yaxşı, xəstə dərman da atsın və ya əməliyyat da olsun. Bəs sonra? Təəssüflər olsun ki, kənardan etdiyim müşahidələrdən belə nəticəyə gəlmişəm ki, bunun bir xeyri olmur. Bir müddət bəzi şeylər yoluna düşsə də zamanla polikistoz deylən həmin xəstəlik özünü yenə biruzə verir. Yumurtalıqların üstü yenə də qatla örtülür.
Belə çıxır ki, belə bir ciddi məsələdə yaranmış nəticəni həll etmək heç də məqsədə uyğun deyil. Hətta, elə həkimlər var ki, əməliyyatı sırf ultrasəs müayinəsindən yola çıxaraq, analizlərsiz məsləhət görürlər.

Bu mənim sahəm deyil, bəlkə də başım çıxmadığından dolayı yanılıram da. Amma məncə bir xəstəliyi müalicə etdiyin zaman onun səbəbini tapıb sağaltmaq daha düzgündür. Elə deyilmi? Mən nədə yanılsam da bu yerdə fikrimin arxasındayam.

Bizdə hal-hazırda bəzi həkimlər xəstəlikdən dolayı yaranmış problemi aradan qaldırmağa çalışırlar. Bu da nə qədər uğurlu alınır, alınmır – bu artıq başqa məsələdir. Uğursuzluq yəqin ki, öndə olar. Belə götürəndə bir yerdə ki, stomatoloqlar özlərinə tibbi təhsili olmayan tələbə tutacaqlarsa ki, o da stomatoloqluğu öyrənsin, o zaman burda hansı uğurlu işlərdən söz gedə bilər ki? Elə bil ki, bərbərlik öyrədilir.

Təbii ki, sözüm hamının ünvanına deyil. İçlərində vicdanlıları, savadlıları, öz işinin üstaları olanlar da var. Sadəcə olaraq biz bunu bilmirik. Etibar azaldığı, hətta “azaldığı” yüngül ifadədir, etibar yox olduğu zaman artıq heç kimə tam inana bilmirsən. Düşünürsən ki, mən ortaya canımı qoyuram. Bu praktikalıq bir can yox, insan canıdır. İnsan bu yolda canını, zamanını, həyatını, səbrini, ümidini və qazandığı pullarını qoyur. Bu pulu qazanmaq üçün də sən can qoyursan. Amma yenə də “pul cəhənnəmə, canım sağlam olsun” deyib, müalicələrə girişirsən. Lakin nəticələr xoşagələn olmadıqda üzülürsən. Hər tərəfli bir travma. Üstünə etibarsızlığı, narahatlığı da gəlsək, çətin ki, sağala bilək. Vəziyyət daha da pisləşir.

Müəllimlik, həkimlik – bunlar o qədər məsuliyyətli, dəyərli sahələrdir ki, bu sahənin yiyəsinə çevrilirsənsə sən bu işin haqqını da vicdanınla verməlisən. Pul ilə tibbi diplom almaq və yaxud da satomatoloq yanında diş həkimiliyini öyrətməklə çətin ki, uzağa getmək mükün olsun. Nə sənə, nə də mənə. “Bu sahədə pul var” deyə düşünürək bu sahəyə girişməyin. Bunu sevmirsinizsə, bu işə canla, vicdanla, məsuliyyətlə yanaşmayacaqsınızsa buraxın getsin. Həyatları zəhərləmək lazım deyil. Bunu oyuncağa çevirmək lazım deyil.

Hələ təhsildən danışmıram. Çünki o “həkim”lər hardan diplom alır, hardan həkim adını qazanırlar ki? Təhsildən söz açsam, gərək burdan bir yerə tərpənməyəm, ancaq yazam.

Deyirlər ki, burda işləməyə İranadan həkim gəlib. Mən çox vaxt düşünürdüm ki, deməli, bəlkə də o yaxşı həkim olar. Ta o vaxtacan ki, bir dəfə bizə İrandan gələn bir müəllim tanışımız bəzi şeylərə aydınlıq gətirməyincə. O deyir ki, İranda təhsilə və tibbə çox ciddi yanaşırlar. Orda savadsız bir müəllim və ya işinin öhdəsindən layiqincə gələ bilməyən bir həkim tutsalar onları o dəqiqə işdən azad edir və orda həmiş şəxsi bu sahələrdə işləməyə icazə vermirlər. İşdən azad olunmuşlar da üz tuturlar xarici ölkələrə. Misal üçün elə Şimali Azərbaycana. Yəni bizə. Deyir ki, İranda ağlı başında olan heç bir həkim öz rizası ilə işdən çıxıb, işləmək üçün başqa ölkəyə getməz. Çünki orda həkimlərin maaşı çox yaxşıdır və iş vaxtından əlavə də iş yerlərində yenə də xəstələr qəbul edə bilərlər, hansı ki, burdan qalan məbləğ də sərf həkimin özünə çatır.

Məqsədim burda hansısa başqa ölkəni tərifləmək deyil, (amma tərifə layiq olanları elə tərifləmək lazımdır) sadəcə canım yanır ki, niyə bizdə belə ciddi sahələrdə məsuliyətsizlik var? Niyə bizlər müalicə almaq üçün xaricə yollanmalıyıq? Niyə bizlər işə can qoymuruq? Niyə hər şeyi pula görə edirik? Niyə, niyə, niyə, niyə....??? Cavabsız qalan o qədər suallarım var ki...

Özəl, tanınmış klinikalara ayaq basmalı deyil, pulun iyi barmaqlarıvın ucunu yandırır. İçəri girsən büsbütün yanarsan. Dövlətləri də bilmirəm. Laboratoriyalara da inana bilmirsən ki, analizaləri düz aparırlar, ya səhv. İstər özəli, istər dövləti - kimə inanasan, kimə güvənəsən? Qalırsan belə..

 

0 şərh