Normanlar və Marko Polo

Normanların coğrafi kəşfləri
Vikinqlər adlanan normanlar – «şimal adaları» müasir Danimarkada İsveçin cənubunda və Norveç sahillərində yaşamış qədim alman tayfaları olmuşlar. Hələ VIII əsrdən başlayaraq norman gəmiləri Norveç, Baltik, Şimal, Barens dənizlərində və Biskay körfəzi sahillərində cəsarətlə üzürdülər. Onlar hətta Ağ, Xəzər, Aralıq və Qara dənizlərinə daxil olur, sahildəki kəndləri və şəhərləri viran edirdilər. Çay yuxarı qalxaraq gəmilərini sürükləyib bir hövzədən digərinə keçirirdilər. Baltik-Volqa su yolu ilə Xəzər dənizinə gəlib çıxma imkanlarını nəzərə alan görkəmli dəniz səyahətçisi Tur Heyerdal Qobustan qayaları üzərindəki gəmi rəsmində normanların izlərini axtarmışdır. Normanlar Britaniya adalarını zəbt edib, Normandiyada möhkəmlənmiş və Fransanı qorxu altında saxlamış, Siciliyada Norman dövləti yaratmışlar. İki yüz il Avropanı qorxu altında saxlayan normanlar daha mühüm olan coğrafi kəşflər etmişlər. Onlar ilk dəfə İslandiyada (860-cı il), Qrenladiyada (982-ci il) və nəhayət şimali Amerikada (1000-ci il) olmuşlar. Özü də Amerikanı ilk dəfə Leyf Erikson (Qrenlandiyanı kəşf edən Erik Raduanın («Kürən Erik») oğlu) kəşf etmişdir. Lakin XIV əsrin ortalarından başlayaraq iqlimin soyuqlaşması və bir sıra digər səbəblər Qrenlandiyada olan koloniyaların sönməsinə gətirib çıxarmışdı.
Deməli, X.Kolumbdan beş əsr əvvəl normanların Şimali Amerikada məskənlərinin olması bir faktdır. Həm də normanlar materikin içərilərinə – Böyük göllər rayonuna, Missisipinin yuxarı axınlarına qədər gedib çıxmışlar. Bunu XI-XIII-əsrlərə qədər Qrenlandiya sahillərində mövcud olan 50 yaşayış məskəni və 12 kilsə qalıqları sübut edirdi. Normanlar suiti, morjlar, ağ ayı, müşk öküzü və balıq ovu ilə məşğul olurdular. O zamanlar yaşıllar ölkəsində (Qrenlandiya belə adlanır) iqlim xeyli yumşaq idi. Çətin inana bilirsən ki, ilk kolonistlər Amerikada əkinçiliklə, atçılıq və qoyunçuluqla məşğul olublar. Onlar hətta alma yetişdirirdilər. Təəccüb olursan ki, Normanların belə cəsarətli kəşfləri alimlərin diqqətini cəlb etmədi və faktiki olaraq coğrafi təsəvvürlərin sonrakı inkişafına heç bir təsir göstərə bilmədi.

Marko Polo və onun «Kitabı» haqqında
XIII əsrin ortalarından etibarən avropalıların coğrafi təfəkkür dairəsi genişlənməyə başlamışdı. Bəzi Avropa tacirləri Şərqlə ticarətə can atırdılar. Buna misal olaraq İtaliya səyyahı və yazıçısı Marko Polonun mənsub olduğu Venesiya tacirlərinin Polo ailəsini göstərmək olar. Atasını və əmisini müşayiət edən Marko 1271-ci ildə Aralıq dənizi sahillərindəki Akka şəhərindən yola düşərək Hörmüzə gəlir və oradan karvanla Mərkəzi Asiyanın səhralarından və dağlarından keçərək uzun aylar yol getdikdən sonra 1275-ci ildə Şimali Çinə gəlib çıxır. Marko Polo Mərkəzi Asiya vilayətində və Çin kimi böyük dövlətdə olmuş ilk avropalı hesab olunur. Onun ailəsi tam 17 il bu qədim diyarın müxtəlif əyalətlərini gəzmiş, onun böyük xanı olmuş Xubilayın (Çingiz xanın nəvəsi) hörmətini qazanmış, ticarətlə məşğul olmuşdur. Geriyə daha təhlükəsiz hesab olunan dəniz yolu ilə qayıtmişdır. Marko Polonun 14 gəmidən ibarət donanması 1292-ci ildə Zeytun (hazırkı Tyançjou) limanından yola çıxır. Hər yerdə Asiyanın şərq və cənub sahillərinə yaxın üzərək Hind-Çinin və Şri-Lankanın yanından keçib Hörmüzə gəlirlər. Yalnız 1295-ci ildə Polonun ailəsi böyük varidatla Venesiyaya qayıdır. Onun səyahət təfərrüatları 1298-ci ildə «Marko Polonun kitabı» adı altında nəşr olunmuşdur. Bu kitab Markonun gəzdiyi ölkələrin coğrafiyası, etnoqrafiyası, tarixi haqqında qiymətli mənbədir. Kitab avropalıların bilik dairəsini əsaslı surətdə genişləndirdi, ordan-burdan eşitdikləri ölkələr haqqında müfəssəl məlumat verdi. Marko Polonun – yerdən çıxarılan, yeyiləsi olmayan, lakin yana bilən qara daşların (kömürün) hasilatı haqqında verdiyi məlumatlara ilk zamanlar hətta inana bilmirdilər. Onun kitabında Azərbaycan, Rusiya, tarixi İpək yolu və s. haqqında da ətraflı məlumatlar verilirdi.
Geniş fikirli coğraflar Marko Polonun kitabından ən etibarlı mənbə kimi istifadə edərək şərqin adları çəkilən yeni-yeni ölkə və şəhərləri tərtib etdikləri xəritələrdə göstərirdilər. İlk dəfə 1375-ci ildə düzəldilmiş dünyanın atlasında Polonun məlumatlarında geniş istifadə olunmuşdur.
Marko Polonun müxtəlif avropa dillərinə tərcümə olunan kitabı XIV-XVI əsrlərin dəniz səyyahlarına, o cümlədən X.Kolumba dərin təsir göstərmişdir. Sonralar nəinki tacirlər, həm də xristian dininin təbliğatçıları – missionerlər də Şərq ölkələrinə səyahətlərində coğrafi məlumatlar toplamağa çalışırdılar. Onların sırasında Papa səfirliyi ilə birgə 1289-1330-cu illərdə Çinə səyahət etmiş C.Montekorvinonun adını çəkmək olar.
Beləliklə, ortaəsrli Avropada zəif də olsa coğrafi fikirlər yaranmışdır. Bununla belə, o zaman coğrafiya yenə də müstəqil elm kimi deyil, tətbiqi elm kimi başa düşülürdü. Əvvəlki kimi coğrafi fikirlər fəlsəfəyə, astronomiyaya, tarixə aid əsərlərin içərisində şərh edilirdi.
Şərq ölkələrinin səyyahları xeyli məlumatlar toplasalar da, bu materialları ümumiləşdirib sistemə salmaq və nəzəri cəhətdən təhlil etmək tam şəkildə mümkün olmamışdır.

Mənbə Coğrafiya tarixi
Müəllif Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə

0 şərh