Orta əsrlərdə Avropa coğrafiyası

Normanlar Atlantikanın mənimsənilməsinə görə coğrafiya tarixində görkəmli yer tuturlar. Bu xalqlar tarixən Skandinaviya yarımadasının cənub-qərbində məskunlaşmışlar. Cənubda Boxus körfəzi və Skaqerrak boğazı ilə sərhədlənən Norveçin paytaxtı Nidaros (Tronheym) sayılırdı. Bu xalqın əsas məşğuliyyəti heyvandarlıq və dəniz məhsulları əldə etməkdən ibarət olmuşdur. Ət məhsulları ilə təmin olunsalar da, iqlim şəraiti çörəyə olan tələbatlarını ödəməyə həmişə mane olmuşdur. Elə buna görə də dənizlə cənub istiqamətdə hərəkət etməklə ət məhsullarını, xəz, dəri, piy, mis və bir sıra başqa malları çörəyə dəyişmək zərurəti yaradırdı. Bu zərurət bir tərəfdən gəmiçiliyin inkişafını, digər tərəfdən isə yeni ölkələrin öyrənilməsini tələb edirdi.
Ölkənin əlverişsiz iqlim şəraiti ilə əlaqədar olaraq ərzaq çatışmamazlığı normanların tədricən dəniz qulduruna çevrilməsinə səbəb olmuşdur. Ata öldükdən sonra ancaq vərəsəlik hüququna böyük oğlun haqqı olması kimi milli adətləri də, xalqın bir hissəsinin dəniz qulduru (pirat) kimi formalaşmasına təsir göstərmişdir. Artıq onlar Baltik dənizi ilə şərq istiqamətdə üzməklə Riqa körfəzinə, həmçinin Fin körfəzinə daxil ola bilirdilər. Daha sonra isə Rusiyanın Avropa hissəsi ilə cənuba doğru hərəkət etməklə Xəzər dənizinə (914), Qara dənizə irəliləməklə Yunanıstana və Ərəb xilafətinə yaxınlaşırdılar. Bu normanlar üçün yeni ölkələrin kəşfi və onlarla əlaqə yaratması demək idi.
Atlantik okeanınla qərb istiqamətdə üzməklə ilk dəfə kürən Erikson 982-ci ildə Qrenlandiyanı kəşf etdi. Normanlar ingilislərə məxsus bir sıra adaları kəşf etməklə onlar üzərində ağır vergilər qoydular, Şm.Amerikanı kəşf etdilər. Cənuba doğru hərəkət etməklə Sena ovalığını, Katanten yarımadasını, həmçinin yaxınlıqda olan Normandiya adalarını özlərinə tabe etdilər. Daha cənuba enməklə Biskay körfəzi sahillərini zəbt etmiş, Cəbəlüttariq boğazını keçməklə Aralıq dənizi sahilləri ölkələrini özlərinə tabe etməklə Siciliya adasına qədər irəliləmişlər.
VII əsrin ortalarında ilk dəfə olaraq Neva çayının mənsəbinə çıxmış, Şərqə doğru hərəkət etməklə Şərqi Avropa düzənliyinin şimal-qərbində Ladoqa gölü, Sivir çayı və Oneqa gölünün sahillərinə çatmışlar.
IX əsrdə normanlar Skandinaviya yarımadasının şimalından şərq istiqamətdə fiord tipli sahilləri müəyyən edir, Ağ dənizə daxil olurlar. Güman olunur ki, onlar Kola yarımadasına daxil olmaqla Kandalaşka adasında (körfəz) da löbər salmış və yerli əhali ilə ticarət əlaqələrinə girmişlər.
XII əsrin 70-ci illərində Qardar Svavarson ilk dəfə olaraq Islandiya ətrafında saat əqrəbi istiqamətində dövrə vurur. 871-ci ildə Inqoulf Arnanson Islandiyaya üzərək Reykyavik (Tüstülənən buxta) şəhərinin əsasını qoyur. 1056-cı ildə Bermen Islandiyanı belə təsvir edir: «Ada elə böyükdür ki, kifayət qədər insanların yaşaması üçün şərait yaradır. Burada insanlar dəridən geyim kimi istifadə edirlər. Taxıl bitkiləri tamamilə yoxdur, ağac bitkiləri çox azdır, ona görə də insanlar zağalarda yaşayırlar. Keşişlər onlar üçün Kraldır. Adanın şimal sahilləri donur.»
Cerald Bari isə ada və insanlar haqqında belə yazır: «Islandiya Irlandiyadan üç günlük məsafədə yerləşməklə şimal adalarından ən böyüyüdür. Insanların ifadələri qısadır, ən çox nifrət etdikləri yalandır. Kralları keşiş, knyazları isə baş çobandır. Ildırım və şimşək burada çox nadir hallarda olsa da ildə bir, yaxud iki dəfə alov püskürür.» Bu sətrlər Islandiyanın coğrafi mövqeyi, təbii şəraiti, insanların xarakteri və məşğuliyyəti haqqında kifayət qədər təəssürat yaradır.
986-cı ildə Qrenlandiya adasına üzməklə onun cənub hissələrində löbər saldılar. Leyf Erikson Qrenlandiyada gəmilərin düzəldilməsi üçün ağac materiallarının olmamasını nəzərə alaraq daha qərbə üzməyi qərara alır, nəticədə Şimali Amerikanın Markland (meşəli ölkə), daha cənuba enməklə Xelluland (hamar daşlar), Vinland (Üzümlüklər ölkəsi), başqa sözlə Nyufaunlend yarımadasını kəşf edir. 1005-ci ildə Leyf meşə materialları ilə yüklənmiş gəmi ilə Qrenlandiyaya qayıdır. Sonralar normanlar kəşf olunmuş bu ərazilərdə öz kaloniyalarını təşkil edə bilmədiklərindən tədricən unudulmuşdur. Nəyə görə kəşf olunmuş torpaqların normanların əlaqə saxlamaması coğrafiya tarixində bu gün də qaranlıq qalmaqdadır.
Müstəmləkəçilik xarakteri daşısa da Baffin adasını və dənizini, Hudzon körfəzini, Foks boğazını normanlar kəşf etmişdilər.
Beləliklə, tarixi-coğrafi araşdırmalar baxımından Amerika qitəsinin Xristofor Kolumbdan təqribən 500 il əvvəl, ilk dəfə Leyf Erikson, başqa sözlə normanlar tərəfindən kəşf olunması məlum olur. Ən azı elə buna görə də normanlar yeni ərazilərin kəşf olunmasılə coğrafiyanın inkişafında mühüm rol oynayan xalqlardan biri sayılmaqda haqlıdırlar.

Orta əsrlərdə Avropanın tədqiqi

XVI əsrin əvvəllərində Moskvalı kartoqraflar sərhəd vilayətlərinin xəritələrini (əslində çertyojdur) tərtib etməyə qərb istiqamətdən başladılar. Tezliklə Kareliyanın, daha sonra Litva və Pskovun xəritələri tərtib olundu. Bu xəritələr qərb sərhədləri haqqında müəyyən təsəvvürlər yaratsalar da, onların əsli dövrümüzə gəlib çatmamış, coğrafiya tarixində ancaq izi qalmışdır. Xəritələrin məzmunundan aydın olur ki, Volqa, Qərbi Dvina və Dneprin öz başlanğıcını müxtəlif göllərdən götürməsi həmin dövrdə artıq müəyyən edilmişdir.
1552-ci ildə Ivan IV Qroznı tərəfindən verilən əmrə əsasən Mərkəzi Volqa, Oka, Kama, Şimali Dvina, Peçora və onların qolları, həmçinin Donsahili düzənlik, Xəzərsahili ovalığın xəritələri tərtib olunsa da, onlar haqqında ancaq ədəbiyyat materiallarından məlumat ala bilirik.
1600-cı ildə Moskva dövlətinin xəritəsi tərtib olunur. Əslində çertyoju xatırladan bu xəritə Şimali Buzlu okeanından Qara dənizədək şimaldan cənuba, Fin körfəzindən Urala qədər qərbdən şərqə olan əraziləri əhatə edirdi. Xəritədə 880 çayın, 60 gölün, 400 şəhərin adı çəkilirdi.
XVII əsrin əvvəllərində rus kartoqrafiyasında yenidən canlanma baş verir. 1626-cı ilin mayında Moskva yanğını zamanı «Böyük çertyoj» adlanan xəritə korlansa da Afanasi Mezençov tərəfindən bərpa olunmuşdur.
Mərkəzi və cənub-şərqi Avropanın xəritəsinin tərtibində çay və onların qollarının uzunluğu verilməsə də mənbə, həmçinin mənsəbi dəqiqliklə göstərilmişdir. Boskunçak, Inder gölləri «Böyük çertyoj»da olduğu kimi öz əksini tapmış, Böyük Qafqazdan şimal istiqamətdə axan çaylar, Noqay gölləri Kuma-Manıç çökəkliyi, qara torpaqlar və Xəzərsahili kifayət qədər dəqiqliklə verilmişdir. Lakin Ural dağları bütövlükdə öz əksini bu xəritədə tapmır. Çox güman ki, həmin dövrdə Mərkəzi Uralı çıxmaqla digər hissələr lazımınca öyrənilməmiş qalırdı. Xəritədə Uralın şimal hissəsinin «Daş», cənubunun isə «Uraltay», sonradan isə bütövlükdə Ural adlandırılması haqqında heç bir məlumat yoxdur. Əslində «Böyük çertyoj»da Mərkəzi Uralın özü də tam öz əksini tapmamışdır. Sonralar daha dəqiq tədqiqatlar aparmaqla düzəlişlər verilərək yalnız XVIII əsrdə vahid Ural sıra dağları adlandırıldı.
Moskva mütəxəssislərinin «Böyük Çertyoj» adlanan sxematik xəritəsi rus dövlətinin sərhədlərini müəyyən etmək məqsədilə tərtib olunsa da, Ağ və Barens dənizinə tökülən 150dən çox çayın mənbə və mənsəbi öz əksini tapmışdır. Bu çayların tutduğu sahə Kara dənizindən Oneqa gölünə qədər böyük bir ərazini əhatə edirdi. Lakin çayların uzunluğunun hesablanmasında böyük səhvlərə yol verilmişdir. Belə ki, Peçora çayının uzunluğu demək olar ki, iki dəfə kiçildilmişdir. Timan tirəsi və Şimali Dvina isə müqayisədə nisbətən düzgün müəyyənləşdirilmişdir. Oneqa gölünə 10 çayın töküldüyünün əks etdirilməsi isə bu gölün tamamilə tədqiq olunmadığından xəbər verir. Ilmen gölünə tökülən çayların uzunluğunun kifayət qədər səhv verilməsi zəif tədqiq olunmalarından xəbər verir. «Böyük Çertyoj»un mənfi cəhətlərindən biri də ondan ibarət idi ki, Kareliyada olan göllər çox sxematik verilmiş, bu diyarın göllərlə zənginliyi öz əksini tapmışdır. Böyük nöqsanlarla tərtib olunmasına baxmayaraq «Böyük Çertyoj» kimi tanınan
Moskva yer quruluşçularının xəritəsi xəritəşunaslıqda irəliyə doğru atılmış böyük addım idi.
Avropanın tədqiq olunmasında Norveçli Pyer Martin de Samartinyerin də kifayət qədər xidmətləri olmuşdur. Danimarka ekspedisiyasının tərkibində Avropanın ilk tədqiqatçılarından biri olmuşdur. 1653-cü ilin mart ayında gəmilər təmirə dayandığından Samartinyer üç nəfərlə rus Laplandiyasına yola düşür. Xizəklərdən istifadə edərək Kola yarımadasına çatan səyyah, may ayının sonunda geri Vranqer - Ford gəmisinə qayıtmışdır. O, şərq istiqamətdə 10 gün üzməklə Peçora qubasının şərq hissəsinə çatır. Boronday adasında məskunlaşmış sakinlərlə əlverişli ticarətdən sonra materikdə yerləşən kiçik Peçora şəhərinə yollanır. Xeyli xəz dəri əldə etdikdən sonra tundra ilə Qütb Uralına gəlir. Ekspedisiya Borondaydan Novaya Zemlya adasına istiqamət alsa da getmək mümkün olmadığından Vayqaç adasından Qrenlandiya istiqamətində üzməyə başlayırlar. Fırtına ekspedisiya üzvlərini Islandiya sahillərində lövbər salmağa məcbur edir. Burada Hekla vulkanını və qeyzerləri müşahidə edərək heyət oktyabr ayında Danimarkaya qayıdır. Ekspedisiyanın nəticələri düz əks etdirilmədiyinə görə yalançı adlandırılan Samartinyer sonrakı tədqiqatları ilə bəraət qazana bilir. Məlum olur ki, ekspedisiyanın nəticələrinin nəşrdə səhvinin Samartinyerə heç bir aidiyyatı yoxdur.
1661-ci ildə Vasili Şpilkinin faydalı qazıntı axtarışı Kanin yarımadasının tədqiqinə səbəb olur. Üç il müddətində 600 km yol qət etməklə yarımadanın faydalı qazıntılarla zəngin olmasını müəyyən etməyə imkan verir. Moskvaya qayıtmaqla o, 1664-cü ildə yarımadanın qısa, lakin dolğun təsvirini verir.
1767-ci ildə Yakov Yakovleviç Çirakin on dəfə Novaya Zemlyada olduqdan sonra onun hazırda Matoçkin Şar adlanan boğazla ayrılan iki müstəqil adadan ibarət olduğunu müəyyən etmişdir.
XVIII əsrin 40-cı illərində Kola yarımadasında hərbi dəniz donanması üçün liman yaradılması nəzərdə tutulurdu. Əvvəlcədən tədqiqat aparmaq məqsədilə yarımadaya Vasili Vinkov göndərilir və Murmansk donmayan liman kimi düzgün olaraq məntəqə kimi seçilir. Bu rusların Laplandiya sahillərində ilk dəqiq tədqiqatı sayılmalıdır.
Ağ dəniz sahilləri isə ilk dəfə olaraq adalarla birlikdə Aleksandr Ivanoviç Fomin tərəfindən səciyyələndirilmişdir. Fersk, Kareliya, Kanin yarımadasının sahil xətləri və qubalar Fominin tədqiqatlarında öz əksini daha dəqiq tapmışdır. Timan yüksəkliyi haqqında ilk məlumatların özü də Fominə məxsusdur.
Rus çarını maraqlandıran əsas məsələlərdən biri də Don çayı və Azov dənizinin şimal şərqini tədqiq etmək idi. Çünki onu şimalda Baltik, cənubda Qara və Azov dənizlərinə əlverişli və təhlükəsiz dəniz yolları maraqlandırırdı. Çar tərəfindən təşkil olunmuş yürüş nəticəsində Don çayı ilə üzməklə 1696-cı il 19 iyul tarixində çayın mənsəbində yerləşən Türk qalası və Azov dənizi alındı. Pyotrun göstərişilə Voronejdən Azov dənizinə qədər 1300 km ərazi xəritələşdirildi və Amsterdamda atlas şəklində çap olundu. Avropa ilə Asiya arasındakı sərhəd Don çayından deyil, Ural dağlarından müəyyənləşdirildi. 1720ci ilin dekabrından etibarən isə Rusiya əraziləri sistematik olaraq xəritələşdirilməyə başlandı. I Pyotr tərəfindən xəritələşdirmənin rəhbərliyi Ivan Kirilloviç Kirilova tapşırıldı.
1721-1729-cu illər ərəfəsində Rusiya-Isveç sərhəddindən Oneqa və Şimali Dvina çayının suayrıcısına qədər olan ərazidə xəritələşməni istedadlı xəritəşünas sayılan A.Kleşnin aparmışdır. Oneqa gölünün sahilləri və hövzəyə aid olan çayların xəritələşməsi isə birbaşa Kleşninə aiddir.
1730-cu illərdə artıq kazaklar rusların himayəsi altına keçmişdir. 1731-ci ildə I.Kirilov kazakları qorumaq pərdəsi altda onların ağsaqllarına qalaların tikilməsini təklif etmişdir. Bu məqsədlə 1734-cü ildə Kirilovun böyük bir dəstəsi Belaya və Ural çaylarını keçərək Ori çayının mənsəbinə çatmışdır. Kirilov 1735-ci ildə Orenburq qalasının əsasını qoydu və Başqırdıstanla sərhəddə 20 qala tikdirdi. Onun təklifi ilə 3000 km-lik hərbi yollar şəbəkəsi yaradıldı. Kirilov ekspedisiya üzvlərinə onlarla keodezist dəvət etmişdir. 1736-cı ildə Orta Volqadan Tobola qədər ərazinin xəritəsi ilkin variantda tərtib olundu. Xəritədə Başqırdıstan və Uralın bir hissəsi də öz əksini tapmışdır. 1755-ci ildə mövcud xəritələrə əsasən təkmilləşdirilmiş xəritələr Elmlər Akademiyasına göndərildi və bir müddətdən sonra çap olundu. 200 illik zəhmət bahasına başa gələn bu xəritələrdə tədricən digər xalqların torpağı da Rusiya ərazisi kimi göstərilməyə başlandı.
Mərkəzi Urala I Pyotr tərəfindən göndərilmiş Vasili Tatışev Uralda yerləşdirilmiş zavodlara rəhbərlik etməklə yanaşı ora və cənubi Ural haqqında artıq kifayət qədər məlumatlar toplamışdı. O, 1721-ci ildə Yekaterinburq şəhərinin əsasını qoymaqla, metallurgiyada mühüm əhəmiyyətə malik olan ərazinin hidroqrafiyasını öyrənmişdir.
Beləliklə, Rusiyada xəritəşunaslığının inkişafı rus torpaqları ilə yanaşı başqa xalqların ərazilərinin də tədricən özəlləşməsi ilə nəticələnirdi.
Skandinaviya və Böyük Britaniyanın ilk tədqiqatları Con Selendin adı ilə bağlıdır. O, yeddi il ərzində 131 min kmdən artıq bir məsafəni qət etməklə Penin, Kamberland, Kembri dağlarında, Midlend düzündə addım-addım tədqiqat işləri aparmışdır.
1570-1579-cu illərdə «ingilis kartoqrafiyasının atası» sayılan Kristofer Sekston Ingiltərə və Uelsin birgə xəritəsini və 1579-cu ildə 34 xəritədən ibarət atlasını tərtib etmişdir.
Şotlandiyanın daxili rayonları isə Timoti Pont tərəfindən xəritələşdirilmişdir. O, 1583-1601-ci illərdə Şimali Şotlandiya dağlıq sahəsini, Cənubi Şotlandiya yüksəkliyini və Mərkəzi Şotlandiya ovalığının xəritələrini tərtib etməyə müvəffəq olmuşdur.
1603-cü ildə Isveç kralının tapşırığı ilə Anders Bure (astronom) Skandinaviya yarımadasının şimalında 1800 km-lik bir məsafədə xəritələşdirmə işi aparmışdır. Bu xəritə Skandinaviya yarımadası və Şimal Buzlu okeanın sahilləri haqqında kifayət qədər təsəvvür yaratdı. Bure öz xəritəsində Kola yarımadasını və Skandinaviyanın çay şəbəkəsini əks etdirməyə çalışmışdır. Daha sonra o, Norveçin relyefini, Ağ dənizlə Botnik körfəzi arasında 200 km uzunluğunda yüksəkliyi tədqiq edərək xəritəyə köçürmüşdür. Topoqraflar Norveçin üç böyük qolunu, yarımadanın ən böyük çayı Qlama (587 km), Finlandiyanın 20 çay sisteminin xəritəsini verməyə çalışsalar da yarımadanın hidroqrafiya şəbəkəsini verə bilməmişlər.
1627-ci ildə Bure Skandinaviya yarımadasının qütb en dairəsindən şimal hissələrinin, sonra isə bütövlükdə Skandinaviya yarımadasının, Baltik dənizinin və onun körfəzlərinin xəritəsini tərtib etmişdir. Xəritədə 800 min km2 ərazi öz əksini tapmışdır. Skandinaviyada bunu geodeziya sahəsində ən böyük addım hesab edirdilər.
Andres Bure coğrafiya tarixinə «Isveç kartoqrafiyasının atası» kimi daxil olmuşdur.
XVI əsrin birinci yarısında Ingiltərə, Qərbi Avropa ölkələrinə, xüsusilə Ispaniya və Portuqaliyaya nisbətən dənizçilik sahəsində çox zəif idi. Onun qərb və cənub istiqamətdə dəniz yolları üzərində hökmranlıq etmək üçün nə Portuqaliyanı, nə də Ispaniyanı kənarlaşdırmaq imkanı yox idi. Ona görə də ingilislər Qərbi Avropadan şimal-şərq istiqamətdə Asiyanın şərqinə yol axtarmağa başlayırlar. Ekspedisiyaları təşkil etmək üçün dövlətin vəsaiti olmadığından «tacirlər cəmiyyəti» yaradılmışdır. Bu cəmiyyətin hesabına üç işlənmiş gəmi alınmaqla təmir edilmiş, ekspedisiyaya çıxmaq üçün hazır vəziyyətə salınmışdır.
Beləliklə, ekspedisiyaya hazırlanmış gəmilərin rəisi Xyu Uillaubi təyin olunur. 105 nəfər heyyətdən, 11 nəfər tacirdən ibarət ekspedisiya heyəti 1553-cü il mayın 10-da Temza çayının mənsəbindən Ingiltərəni tərk etdilər. Fırtınaların gəmilərin hərəkətinə mane olmasına baxmayaraq avqust ayının 14-də quru sahə görürlər. Buzlaqların sahilə yan almalarına maneəçilik törətdiyindən Uillaubi məntəqənin 720 şimal en dairəsində yerləşdiyini müəyyən edir. En dairəsinin düzgün müəyyən edildiyinə inansaq bu torpağın rusların artıq kəşf etmiş olduğu Novaya Zemlya torpağının cənub-qərb hissəsinin çıxıntısı Qaz (Qusinnaya Zemlya) torpağıdır. Sərt qış onları qışlamağa məcbur edir. Növbəti qışda rus dənizçiləri Murmansk sahillərində Varzin çayının mənsəbində heyətləri 68 nəfərdən ibarət gəmilər görürlər. Çıxış yolu tapa bilməyən ekspedisiya üzvləri bütövlükdə soyuqdan məhv olmuşdular. Ekspedisiyanın əvvəlində itgin düşən Censlorun gəmisi isə Nordkin burnunu keçərək bir həftə digər gəmiləri gözlədikdən sonra Ağ dənizə girir və 24 avqust 1553-cü il tarixində Şimali Dvina çayının mənsəbinə daxil olur. Censlor heç bir göstəriş gözləmədən Dvina çayının mənsəbinə daxil olur, buradan isə kirşələrlə Moskvaya yola düşür. Censlorun bu hərəkəti Moskva və Ingiltərə arasında əlaqələrin yaranması ilə nəticələnir.
Tədricən dənizçilik sahəsində irəliləyən ingilislər Ob çayı haqqında kifayət qədər ruslardan məlumat toplamışlar. Indi isə qarşıya qoyulan məqsəd bu çay vasitəsilə Çinə daxil olmaq planını hazırlamaq idi. Hazırlanmış plana əsasən 1556-cı ildə Stiven Barrou «Serçtriqit» gəmisində Ob çayının mənsəbinə yola düşür. 1556-cı il iyun ayının 9-da Barrou Kola çayından keçərkən, balıq ovu ilə məşğul olan rusların köməyi ilə təhlükəli sayılan Peçoranı keçə bilir. Lakin çayın mənsəbinə çatmaq ümidsizliyi avqustun 22-də onu geri qayıtmağa məcbur edir.

Beləliklə, yazdıqlarımızı və bildiklərimizi ümumiləşdirərək orta əsrlərdə əsas coğrafi kəşflərin aşağıdakılardan ibarət olması qərarına gəlirik.
1492-ci ildə Yeni Dünya Xristofor Kolumb tərəfindən kəşf olundu və bu avropalıların Amerika qitəsində məskunlaşmasının başlanğıcı oldu.
Magellan Fernando 1520-ci ildə Cənubi Amerikanın cənubundan keçməklə yerin kürə formasında olmasını və dünya okeanının bütövlüyünü təcrübi olaraq həll etdi.
Vasko da Qama 1498-ci ildə Afrikanın cənubundan Hindistana yol açdı, Atlantik okeanı ilə Hind okeanı arasındakı əlaqəni müəyyən etməklə Hind okeanının qapalı hövzə olması fikrinə son qoydu.
Marko-Polo 1271-1295-ci illərdə Mərkəzi Asiya ilə Çinə səyahətə çıxır. 17 il Çində yaşamaqla bu ölkə haqqında avropalılara geniş məlumat vermiş və Şərq ölkələrinin avropalılardan inkişaf baxımından geri qalmamalarını, hətta bəzi sahələrdə onlardan irəlidə olmalarını göstərdi.
Ruslar Yermakdan başlayaraq Uraldan şərqə yürüş etməklə Asiyanı tədqiq etdilər, qeyri rus torpaqlarını zəbt etməklə Sakit okeanına çıxmağa müvəffəq oldular.
Ameriqo Vespuççi «Yeni dünya»nın Hindistan olmadığını müəyyən etdi.
Dejnyov Semyon Ivanoviç 1648-ci ildə Asiya ilə Amerika arasında boğazın olduğunu müəyyən etdi.
Rus səyyahları daha fəal olmaqla Asiya qitəsində rus imperiyasının yaradılmasının əsasını qoydular.
1513-cü ildə ispan Vasko Nunes Balboa Panama bərzəxini keçməklə özünün adlandırdığı «Cənub dənizi»nə, yəni Sakit okeana ilk dəfə çatdı.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

 

0 şərh