Riyaziyyatçıların həyatından

Politexnik məktəbinə girə bilməyən Evarist Qalua kral liseyləri üçün müəllim buraxan hazırlıq məktəbinə girməyə məcbur oldu. Evaristdən qəbul imtahanı götürən fizika müəlliminin verdiyi rəy insan axmaqlığına və nadanlığına nümunə ola bilər. Rəydə deyilirdi: Qalua mənə pis cavab verən yeganə adamdır. O, heç nə bilmir. Ondan bir vaxt yaxşı müəllim çıxacağına heç inanmağım gəlmir.

Evarist Qaluanın rəy üçün Akademiyaya göndərdiyi elmi məqaləni akademiklər Lakrua və Puasson başa düşməmişdilər. Puasson rəyində açıqdan-açığa belə yazmışdı: «Biz müsyö Qaluanın sübutlarını başa düşmək üçün var-qüvvəmizi sərf etdik. Onun mülahizələri kifayət qədər aydın və müfəssəl deyildir və buna görə də onların nə dərəcədə dəqiq olması barədə fikir yürütməyə imkan vermir. Biz hətta bu rəyimizdə də əsər haqqında mühakimə yürütmək iqtidarında deyilik.

Evarist Qaluaya oxuduğu Lui le Qran liseyində verilən bir neçə xarakteristika budur: «Bir qədər yelbeyindir. Onun biliyi, yalnız qəribəliyini və diribaş olmadığını göstərir, həmişə kənar işlərlə məşğuldur, gündən-günə daha pis olur».

Riyaziyyat elmi tarixində nadir istedadlar içərisində Evarist Qaluanın (1811-1832) xüsusi yeri vardır. Onun həyatı faciəli olmuşdur. Qalua iki dəfə Fransanın Politexniki Ali məktəbinə qəbul olunmağa cəhd etmiş lakin hər ikisində də uğursuzluqla nəticələnmişdi. Həmişə yenilik axtaran Qaluanı əzbərlənmiş düsturlar qane etmirdi. O çalışırdı ki, qə­bul imtahanında da özünün yeni riyazi ideyalarını danışsın. Müəllimlərlə sözləri çəpləşəndə, o tabaşiri və silgini tullayaraq qapını çırpıb getmişdi.

Qalua cəbrə aid apardığı tədqiqat işini Elmlər Akademiyasına təqdim edir. Deyilənə görə, o dövrün nüfuzlu riyaziyyatçısı O.Koşi bu işi oxumadan imtina etmişdi. Sonradan Qalua bir neçə məqalə yazıb yenidən Elmlər Akademiyasına təqdim edir. Onun əlyazmaları akademik Furyeyə verilir. Furye tezliklə ölür və əlyazmalar yenə də itir. Qalua iki il sonra dostunun təkidi ilə öz riyazi kəşfləri barədə yeni bir məqalə hazırlayıb Fransa Akademiyasına göndərir. Onun işlərini öyrənən Puasson və Lakrua tədqiqatları başa düşməyərək Evarist Qaluanın əldə etdiyi elmi nəticələri düzgün hesab etmirlər. Lakin faciələr bununla bitmir. Evarist Qaluanı siyasi əqidəsinə görə Parisin polis idarəsi ona tələ qurur və 1832-ci il may ayının 30-u onu duelə çağırırlar.

O, 29 mayda gecə, yəni ölümündən bir qədər əvvəl öz elmi nəticələrini həddən ziyadə qısa və yığcam şəkildə yazmaqla 60 səhifəlik bir əsər yazmışdı. 1870-ci ildə məşhur fransız riyaziyyatçısı K.Jordan «Cəbri tənliklər və əvəzetmələr haqqında traktat» adlı 667 səhifəlik bir əsər yazaraq bunu Qaluanın işlərinin ancaq izahı kimi təqdim etmişdi.

 

Böyük fizik Gibbs çox qapalı adam idi və dərs dediyi universitetin elmi şurasının iclaslarında həmişə susardı. İclaslardan birində yeni tədris proqramlarında nəyə — riyaziyyat, yoxsa xarici dillərə çox yer verilməsi məsələsi həll edilərkən o, dözməyib belə bir nitq söylədi: «Riyaziyyat da elə dildir.»

 

riyaziyyatci

Hilbert öz oğlu haqqında deyir: «Ri

yazi qabiliyyətlərini irsən o, anasından, qalan hər şeyi isə məndən götürmüşdür.»

Böyük alman riyaziyyatçısı Qauss hələ öz tələbəlik illərində «Riyaziyyat sahəsində tədqiqatlar» traktını yazır. Qauss isbat etmişdir ki, çevrə daxilə çəkilməsi mümkün olan düzgün çoxbucaqlılar ailəsi Ferma ədədləri adlanan 22n + 1 (n є Z) ədədi ilə əlaqədardır. Belə ki, belə çoxbucaqlılara, məsələn, n=0,1,2 qiymətlərin uyğun olan düzgün üçbucaq, düzgün beşbucaqlı, düzgün onyeddibucaqlı nümunə ola bilər.

Qauss çevrənin 17 bərabər hissəyə bölmək üçün xüsusi metod işləyib hazırlamış və bu metodla çevrə daxilinə düzgün 17 bucaqlı çəkmişdir. Qauss özünün bu kəşfini həyatı boyu öz elmi fəaliyyətinin ən böyük nailiyyətlərindən biri hesab etmişdir. Heç də təsadüfi deyildir ki, alimin arzusuna görə onun qəbir daşı üzərində də çevrə daxilinə çəkilmiş düzgün 17 bucaqlı həkk edilmişdir.

Məlumdur ki, ferma ədədləri içərisində 17-dən sonra 257 və onun ardınca da 65537 gəlir. Söylənənlərə görə Qauss n=257 bucaqlının qurulmasına da girişibmiş. Amma bunun 80 səhifəlik yer tutan qurulma qaydasını başa çatdıran Rişelo olmuşdur. 65537 tərəfli düzgün çoxbucaqlını isə Qaussun metodu ilə Hermes icra edib. Onun bu işə sərf etdiyi və böyük əl çemodanına güclə sığışan iri həcmli əlyazmaları indi də Höttingendə saxlanılır.

 

Fransa imperatoru və sərkərdəsi Napoleon Bonapart dəqiq elmlərə, o cümlədən, riyaziyyata böyük əhəmiyyət verirmiş. O, Fransanın məşhur riyaziyyatçılarından Qasnar Monje (1746-1818) və Pyer Simon Laplas (1749-1827) ilə yaxın dostluq münasibəti saxlayır, onların elmi fəaliyyətini diqqətlə izləyirdi. O, hələ hakimiyyət başına gəlməmişdən bəzi məsələlər barədə Laqranj və Laplasla mübahisə edərmiş. Bu mübahisələrin birində gələcəkdə onun baş hərbi mühəndisi vəzifəsini tutacaq Laplas generala həndəsəni öyrənməyi məsləhət görmüşdür. Söyləyirdilər ki, Napoleon asudə vaxtlarında xoş bir əyləncə kimi riyazi məsələlərlə məşğul olarmış. Üçbucaqla əlaqədar aşağıdakı teoremi də onun adı ilə bağlayırlar:

Teorem: Üçbucağın tərəfləri üzərində kənardan bərabərtərəfli üçbucaqlar qursaq, onda bunların mərkəzləri bərabərtərəfli üçbucağın təpələri olar.Ətraflı http://schools.techno.ru/sch758/NEWGEOM/AGAPBOR/INDEX.HTM saytında

 

1820-ci ildə Qauss təklif etmişdi ki, Pifaqor teoreminin isbatında istifadə olunan fiqur şəklində (düzbucaqlı üçbucağın tərəflərində qurulmuş kvadratlar) meşə basdırmaq lazımdır ki, qonşu planetlərdə yaşayanlar yerdəki varlığın yüksək inkişafını hiss edə bilsinlər. Lakin layihə yerinə yetirilmədi.

 

1913-cü ildə Kembric universitetində məşhur riyaziyyatçı Hardiyə məktub gəlir. Konvertin üstündə yazılan müəllifin adı yəni Ramanuca Srinivazə (1887-1920) heç kimə məlum deyildi. Məktub Hindistanın Mədrəs vilayətindən gəlmişdi. Müəllif yazırdı ki, universitet oxumamışdır, orta məktəbdən sonra müstəqil olaraq riyaziyyatla məşğul olmuşdur. Məktubla birlikdə düsturlar da göndərilmişdi. Müəllif yazırdı ki, əgər düsturlar bir maraq kəsb edirsə onları çap edin. Çünki o özü kasıb adamdır və buna imkanı yoxdur. Bu düsturlar əvvəlcə Hardinin təəccübünə səbəb olur, sonra onu maraqlandırır və nəhayət dəhşətə gətirir. Hardi başa düşür ki, qeyri-adi istedada malik olan bir insanla rastlaşmışdır. Qısa məktublaşmadan sonra Hardidə Ramanucanın elmə məlum olmayan 120 yeni düsturu toplanır. Çox keçmir ki, o dünya şöhrəti qazanır. Spinivazə Ramanucanı çox vaxt riyaziyyatın Paqaninisi adlandırırlar.

İngilis riyaziyyatçısı H.Hardi bir dəfə öz dostu və həmkarı olan hind riyaziyyatçısı S.Ramanucanı 1729 nömrəli faytonla yoluxmağa gedir. Hardi söhbət zamanı gəldiyi faytonun nömrəsini xatırlayıb deyir ki, «çox darıxdırıcı ədədlərdir». Rəmənucan dostuna etiraz edərək deyir ki, əksinə 1729 ədədi çox maraqlı ədəddir. Siz bir diqqət edin: o elə ən kiçik ədəddir ki, onu iki müxtəlif üsulla iki ədədin kubları cəmi şəklində göstərmək olar.

 

 

Kibernetikanın atası sayılan Norbert Viner özünün huşsuzluğu ilə məşhur imiş. Ailəsi yeni mənzilə köçərkən onun həyat yoldaşı təzə evin ünvanı yazılmış vərəqi onun cibinə qoyur. Xamım gözəl bilirdi ki, onun əri evi başqa cür tapa bilməyəcək. Lakin buna baxmayaraq, elə birinci gün işdə ağlına yaxşı bir ideya gələn Viner cibindəki həmin kağızın üzərinə tez-tələsik nə isə cızma-qara edir və dərhal da yazdığı düsturun səhv olduğunu başa düşüb kağızı zibil yeşiyinə tullayır. Axşam heç bir şey olmamış kimi özünün köhnə ünvanına yollanan alim evdə artıq heç kimin yaşamadığını görərkən özünü itirmiş halda küçəyə çıxır. Birdən özünə gəlib yaxınlıqda dayanmış bir qıza yaxınlaşıb deyir: «Bağışlayın yəqin siz məni tanıyırsınız. Mən professor Vinerəm və mənim ailəm bu yaxınlarda buradan köçmüşdür. Siz deyə bilməzsiniz ki, hara köçüblər?» Qız ona diqqətlə qulaq asandan sonra cavab verir: «Doğrudur, atacan, anam elə bilirdi ki, sən təzə ünvanı unudacaqsan, ona görə də məni bura sənin dalınca göndərdi.»....................

.............

Analitik həndəsənin banisi hesab edilən fransız riyaziyyatçısı Rene Dekart gecə-gündüz kitab və əlyazmaların içərisində itib batan pulsuz alimə bənzəmirdi. O, çox şux görkəmi olan, qılıncı həmişə düşmənləri əleyhinə və dostlarının müdafiəsinə hazır olan müşketyora bənzəyirdi. Deyilə­nə görə bir dəfə quldurların olduğu gəmiyə minən Dekart vəziyyəti başa düşərək tapançasını onların başçısının başına dirəyir və gəminin sahilə yan almasını tələb edir. Gəmi sahilə yan aldıqda o qulluqçusu ilə birgə gəmini sağ-salamat tərk edə bilmişdi.

Anri Puankare 9 yaşından danışmağa başlamışdır. 5 yaşında olarkən Anri difteriya ilə xəstələnmiş, ayaqları və boğazı iflicə tutulmuş və lal olmuşdur. Lakin xəstəlikdən sağalmış, ən kiçik səsləri eşidə bilmiş, ətrafda baş verən hadisələri çox diqqətlə izləmişdir. Bundan sonra onun həyatında kəskin dönüş yaranmışdır. Bununla belə fiziki cəhətdən çox zəif olmuşdur. Deyilənə görə Anri dərsdə çox nadir halda əlinə karandaş və qələm alırdı. O, bədii ədəbiyyatı, latın dilini və tarixi çox yaxşı bilirdi. Anri hətta 1871-ci ildə tarixdən «Millət necə ucala bilər» mövzusunda dissertasiya işi hazırlayır. Bir dəfə, 1872-ci ildə riyaziyyat dərsində professor Eplio görür ki, Anri mühazirəni qeyd etmir. Professor əsəbiləşir, Anrini durğuzaraq ona mühazirəyə aid çoxlu suallar verir. Anri bütün suallara dəqiq cavab verir və bununla da professoru çox təəccübləndirir. Ümumiyyətlə Anri elə bil ki, işləmirdi. O, mühazirələri və məsələlərin həllini küçədə, artırmalarda, bulvarda gəzərkən beynində hazırlayırdı. Məsələləri ayaq üstündə və ya qaralamada çox tez həll edərdi. Həm də qaralamanı köçürməzdi. Anri Puankare doktorluq dissertasiyasını 1879-cu ildə Paris universitetində müdafiə etmişdir.

Dünya elminin riyaziyyat və fizika sahəsinin görkəmli nümayəndələrindən biri olan Anri Puankare nisbilik nəzəriyyəsinin kəşfinə çox yaxın olmuşdur. Puankarenin riyaziyyat müəlliflərdən biri dostuna yazdığı məktubda bu istedadlı şagirdini belə təsvir edir: «Mənim sinfimdə riyazi əjdaha peyda olmuşdur.»

Boş söhbətləri ilə hamını zinhara gətirən bir aspiranta elmi rəhbəri düzgün 65537 bucaqlının pərgar və xətkeş vasitəsilə qurmaq mümkün olduğu haqqında məsələni həll etməmiş instituta gəlməyi qadağan etmişdi. Aspirant 10 ildən sonra gəlib çıxır. Onun əlyazmaları düz bir çamadan idi və indiyədək Höttingen universitetinin riyaziyyat institutunda saxlanılır. Bu məsələ Qaussun məşhur teoreminin xüsusi bir halıdır.

K.Marks üç il müddətində ciddi şəkildə ali riyaziyyatla məşğul olmuşdur. Onun sonsuz kiçik kəmiyyətlərin hesabına dair işi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdi.

Lobaçevskinin «Xəyali həndəsə kitabını onun ömrünün sonuna kimi öz vətənində başa düşən olmadı. Onun bütün əsərləri kəskin tənqid atəşinə tutuldu, lağa qoyuldu. Onu Rusiyada mötəbər alim kimi yox, «ağlı ba­şından çıxmış əcaib adam», «Kazanın məşhur dəlisi» kimi tanıdılar. Akademik Ostroqradskinin bu əsərlər barədə rəyi belə olmuşdur: «Görünür, müəllif qarşısına məqsəd qoymuşdur ki, yazdıqlarını heç kim anlamasın. O, məqsədinə çatmışdır: kitabın çox hissəsi mənə qaranlıq qaldı, elə bil ki, kitabı heç oxumamışam. Həmin dövrün görkəmli alimi kimi tanınan Ostroqradski sonralar da Lobaçevskiyə qarşı dəfələrlə hücuma keçmişdir.

Məşhur rus riyaziyyatçısı Ostroqradski bir gün Peterburqda küçə ilə gedərkən fikrinə bir riyazi formul gəlmiş və qarşıda duran karetanı qara lövhə zənn edib, formulu oraya yazmağa başlamışdı. Karetaçı atları sürdükdə lövhə yerindən tərpənmiş və bunu görən alim qaçaraq:
— Dayan-dayan! Haraya tələsirsən? Mən bu saat yazıb qurtarıram! — demişdi.

Laplasın Parisdə çap olunmuş «Analitik ehtimal nəzəriyyəsi» kitabı 1812-ci ildə Napoleona çatdırılmışdı. Napoleon Laplasa söz vermişdi ki, Moskvanı alandan sonra ilk üç ayı onun əsərini öyrənməyə sərf edəcək.

Məşhur Polşa riyaziyyatçısı Hüqo Şteynqauz belə bir qanunun mövcud olduğunu iddia edirdi: Riyaziyyatçı bunu daha yaxşı bacarır. Yəni: Əgər biri riyaziyyatçı olan, başqa bütün qabiliyyətləri eyni olan adama, onlara tanış olmayan bir işi tapşırsaq, nəticə belə olacaq: riyaziyyatçı onu daha yaxşı yerinə yetirəcək.

Məşhur fizik Ceyms Klers Maksvell belə məktub yazmışdır: «Əziz xala, sizə xəbər verirəm ki, mən evlənmək niyyətindəyəm, amma qorxmayın, o riyaziyyatçı deyil.

Məşhur fransız riyaziyyatçılarından Bossyü ağır xəstələnmiş və şüursuz halda uzanmışdı. Qohum-əqrəbə xəstənin ətrafında toplaşaraq ona müxtəlif suallar verir, danışdırmağa çalışırlar. Bossyü cavab vermək iqtidarında deyildi, nitqi tamam kəsilmişdi. Bu vaxt Bossyünün alim dostu Konpertyü gəlir. Vəziyyəti Konpertyüyə söyləyirlər. Konpertyü bir qədər düşündükdən sonra üzünü Bossyüyə tərəf tütüb ona riyaziyyatdan bir sual verir. Bossyü bunu gözləyirmiş kimi bütün gücünü toplayaraq suala cavab verir. Lakin bu onun son cavabı olur.

Orta əsrin riyaziyyatçısı M.Ştifel (1486-1567) riyazi yolla dünyanın sonunun çatdığı günü təyin etməyə cəhd etmişdir. Onun hesablamasına görə dünyanın sonu 19 oktyabr 1533-cü ildə çatmalı idi. Ona inanaraq becərdikləri məhsulu yığmayan, heyvanlarını başlı-başına buraxaraq kilsələrdə dua etməklə məşğul olan camaat həmin gün gəlib çatanda göz­lənilən nəticənin baş vermədiyini görüb Ştifeli ölümlə hədələməyə başladıqlarından, o çox çətinliklə canım qurtara bilmişdir.

Rus riyaziyyatçı qadını, Peterburq Elmlər Akademiyasının müxbir üzvü olan Sofya Kovalevskaya məktəbdə oxumayıb ilk təhsilini evə dəvət olunmuş müəllimlərdən almışdır. Bir dəfə baş verən təsadüfi bir hadisə Sofyanın riyaziyyata olan marağını daha da artırdı. Evdə təmir işləri gedirdi. Bütün otaqlar üçün Peterburqdan divar kağızı gətirilmişdi, təkcə uşaqların yerləşdiyi otağa kağız çatmadı. Bircə otaqdan ötrü bir də paytaxta qədər 500 verst yol çapıb yeni divar kağızı gətirmək lazım bilinmədi və həll edildi ki, uşaq otağına sadəcə olaraq adi kağız yapışdırılsın. Beləliklə divara onun atasının dinlədiyi akademik Ostroqradskinin diferensial və inteqral hesabı üzrə mühazirələrin litoqrafiya üsulu ilə çap olunmuş nüsxələri yapışdırıldı. Sofya saatlarla gözünün qabağında olan bu düsturlara tamaşa etməli oldu və orada yazılanların bir çoxunu o artıq əzbər bilirdi, sonralar bütün bunların ona böyük köməyi olmuşdur. Lakin Kovalevskaya «quru qadın» olmamış, elmdən azad vaxtlarında əyləncəli belletristika yazmışdır.

professor riyaziyyatçi

Filosof Şopenhaur deyərdi ki, «dahi» və «riyazi» istedad sözləri bir-biri ilə uyğun gəlmir. O belə misal gətirirdi: Gözəl şair olan Alfyeri Evklidin «Əsaslar» kitabını dərk edə bilmirdi, riyaziyyatçı Roberval isə Paris akademiyasının ilk akademiklərindən biri olmağına baxmayaraq, dahi fransız şair və dramaturqu Rasininin «İfigeniya» əsərini oxuduqdan sonra — Axı bununla nə isbat olundu? — deyə soruşmuşdu.

Gözəl təmsillərin müəllifi kimi tanınan İvan Krılov boş vaxtlarında dəqiq elmlərlə məşğul olurdu. Puşkin deyərdi ki, Krılovun divanının üstündə ağır çərçivə içərisində böyük bir şəkil asılmışdı. Qonaqlardan biri qeyd edir ki, şəkil divara möhkəm bərkidilməmişdi, ona görə də ixtiyari vaxt düşə bilər. Buna Krılov etiraz etmiş və şəkil düşərkən edə biləcəyi hərəkət trayektoriyasını hesablayaraq şəklin onun başına düşməyəcəyini bildirmişdi.

Görkəmli rus riyaziyyatçısı P.L.Çebışev (1821-1894) dissertasiya müdafiəsinə böyük maraq göstərmiş 3 dəfə dissertasiya müdafiə etmişdir. Hər 3 müdafiə bəyənilmişdir.P.L.Çebışev evlənmiş, öləndə isə yığılan 6.000 manat pulunu qardaşına vəsiyyət etmişdir.

Ədədi mistikanın tərəfdarları Fransa kralı XIV Lüdovikin həyatı ilə bağlı olaraq onun üçün 14 ədədini fatal ədəd kimi qiymətləndirirlər. Bunun səbəbi odur ki, o 14-cü kraldır və həm də krallıq tacına 1643-cü ildə yiyələnib, bu ilin rəqəmləri cəmi isə 14-dür. O, 1715-ci ildə vəfat edib, burada da yenə rəqəmlər cəmi 14 alınır. Lüdovik 77 il ömür sürüb ki, burada da 7+7=14 olur. 1689-cu il 14 iyulda Parisdə onun heykəli qoyulmuş və bundan 100 il sonra 1789-cu il 14 iyulda isə heykəl dağıdılıb.

Fransanın digər kralı XVI Lüdovik üçün isə 21 ədədi qorxulu olmuşdur. Deyilənlərə görə münəccimlər ona hər ayın 21-ci günü ehtiyatlı olmağı məsləhət görübmüşlər. Ona görə də hər ayın 21-də ciddi qərarlar qəbul etməzmiş. Lakin bütün bunlara baxmayaraq, o 1792-ci il 21 sentyabrda Fransada monarxiya üsul idarəsini yıxan inqilabın qarşısını ala bilməmişdir. XVI Lüdovikin özü isə 1793-cü il yanvar ayının 21-də öldürülmüşdür.

Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından

1 şərh

_Amelie_
riyaziyyat en sevdiyim fenndir)))cox sagolun