Nils Bor

Gizli şəraitdə iş aparan danimarkalılara əmr edilmişdi ki, professor Borun qiymətli şüşəsini almanlardan qabaq ələ keçirsinlər. Şüşənin oğurlanması müharibə illərinin igidliklərindən biri oldu, almanlar doktor Borun yoxa çıxdığını öyrənən kimi, onun laboratoriyasının qapısına keşikçi qoymuşdular və şüşəni laboratoriyadan həmin keşikçilərin gözü qabağında çıxartmaq lazım gəlmişdi.
1939-cu il fevralın 24-də Kolumbiya Universitetində amerikan fizikləri cəmiyyətinin iclasında ən məşhur fizik danimarkalı Nils Bor və italiyalı Enriko Fermi tarixin ən böyük kəşflərindən biri olan uran atomunun parçalanması haqqında məlumat verdilər. Fermanın ağzından çıxan «Zəncirvarı reaksiya» sözləri gələcək insanların müqəddəratını həmişəlik dəyişməz olan sözlər idi.
Dünya müharibəsi illərində Avropa qitəsinin işğal olunmuş ölkələrinin tərəqqipərvər alimləri Hitler Almaniyasında işləməmək üçün gizlicə öz vətənlərini tərk edib, okeanın o tayına mühacirətə gedirdilər. Onların arasında Nobel laureatı Nils Bor da var idi.
1943-cü ilin şaxtalı payız günlərinin birində, amerikan kompaniyasına məxsus sərnişin təyyarəsində professor N.Bor ABŞ-a uçmağa məcbur olur. Yola düşməzdən əvvəl alim bərk həyəcan keçirirdi. Onu 20 ildən artıq bir müddətdə qiymətli və əziz xatirə kimi saxladığı Nobel mükafatının qızıl medalı düşündürürdü. Əgər alim amerikanların əlinə keçsəydi, o qızıl medaldan həmişəlik məhrum ola bilərdi. Çox fikirləşdikdən sonra, o, nə­hayət çıxış yolu tapdı — medalı xlorid və nitrat turşularının müəyyən nisbətdə qarışığı olan «çar arağı»nda həll edib çalışdığı laboratoriyanın xəlvət guşələrinin birində gizlətdi. N.Bor müharibənin sonunadək Amerikada qaldı. Lakin onu qızıl medalın taleyi bərk narahat edirdi. Müharibə qurtardıqdan və Danimarka faşizm əsarətindən azad edildikdən sonra, alim dərhal vətəninə qayıtdı və birinci növbədə medalı həll edib, saxladığı məhlulla maraqlandı. Xoşbəxtlikdən hər şey qaydasında idi. O, məhluldakı qızılı kimyəvi üsulla çıxarıb, yenidən medal tökdürməyə verdi.
Möhkəm bədənli Borun başı o qədər yekə imiş ki, o, çox yüksəkdən uçmağa məcbur olan təyyarəyə mindikdə standart oksigen maskalarından heç biri onun başına keçməmişdi. Nəticədə təyyarə İngiltərədə yerə enərkən dahi fizik oksigen çatışmamazlığı üzündən huşunu itirmişdi. Boru ayıldıb özünə gətirdikləri zaman o, ən əvvəl ağır su olan yaşıl şüşəni qapmışdı. Lakin birdən baxıb görmüşdü ki, demə çox tələsdiyi üçün soyuducudan gözəl Danimarka pivəsi ilə dolu başqa bir yaşıl şüşəni götürübmüş.
Nils Bor demişdir: «Mütəxəssisə aşkar səhvlərini bilmək lazım olduğu kimi, bunlardan yaxa qurtarmağı da bacarmaq lazımdır.»
Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
 

0 şərh