Məmməd Əmin Rəsulzadə

Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk dünyasında deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın böyük oğlu Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur.
Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M.Qənizadənin (1846-1942) müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatını” yaratmışdır. Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
 
Bir az sonra “Müsəlman demokratik “Müsavat” cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlanmış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, “Müxəmməs” adlı ilk şeiri “Şərqi Rus” qəzetində çap olunmuşdur. 1904-cü ilin axırlarında “Müsəlman demokratik “Müsavat” cəmiyyəti”nin əsasında Rusiya Sosial Demokrat Fəhlə Partiyası (RSDFP) Bakı Komitəsinin nəzdində “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı” yaradılmasında iştirak etmişdir. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski (1875-1931) və Məmməd Əmin Rəsulzadə olmuşlar. M.Əzizbəyov, N.Nərimanov, S.M.Əfəndiyev və başqa görkəmli inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın “Hümmət” adlı qəzeti də nəşr edilmiş,  qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur. Lakin hələlik onun bir nömrəsi də tapılmamışdır.
Bundan sonra qəzet öz nəşrini dayandırır, 1906-cı ilin dekabrından “Təkamül” adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərinə və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu dövrdə mətbuatda (“Şərqi Rus”, “Hümmət”, “Təkamül” və s.) dərc olunmuş yazılarında xalqa söz, mətbuat, vicdan, cəmiyyət və ittifaqlar yaratmaq azadlıqları verilməsi, vətəndaşların əmlakının və canlarının toxunulmazlığının təmin olunması tələbləri ilə çıxış edir, xalqı maariflənməyə çağırır, Rusiyanın Azərbaycanda yeritdiyi milli qırğın siyasətini kəskin tənqid edirdi. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə birlikdə M.Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir.
Onu da qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə çox səmimi və yaxın dost olmuşdur. Hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər. Özünü hadisə yerinə çatdıran Rəsulzadə Stalini ölümdən xilas etmişdir. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçısı olmuşdur. 1954-cü ildə, İstanbulda çıxan “Dünya” qəzeti M.Ə.Rəsulzadənin “Stalin ilə inqilab” adlı silsilə xatirə-məqaləsini çap etdirmişdir. O, həmin yazıda da bu barədə söhbət açır .
M.Ə.Rəsulzadənin həmin dövrdə Əlibəy Hüseynzadənin (1864-1941) redaktor olduğu “Füyuzat”, həmçinin Əhmədbəy Ağayevin (1869-1939) redaktorluğu ilə çıxan “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalələri və şerləri çap olunmuşdur. Müəyyən müddət o “İrşad” qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun (1885-1948) “Türk-rus və rus-türk lüğəti” kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur. Yenə də həmin ildə o, A.Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)” kitabını Azərbaycan dilinə təcümə edib və “Təkamül” qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir.
Həmin dövrlərdə bolşeviklərin Rusiya imperiyasının sərhədlərini saxlamaqla və yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə apardıqlarını hiss eləyən M.Ə.Rəsulzadə RSDFP-nin sıralarından uzaqlaşdı. O, rus müstəmləkə üsul-idarəsinə qarşı Azərbaycan milli istiqlal hərəkatının təməl daşını qurmağa başladı. 1908-ci il dekabrın 5-də Məhəmməd Əminin “Qaranlıqda işıqlar” pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə “Azərbaycana muxtariyyət” şüarı fikrini yaymağa başlamış və çarizm üsul-idarəsini, müstəmləkə istibdadını yıxmağa çağırırdı. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa, M.Ə.Rəsulzadənin həmin ildə yazdığı “Nagəhan bəla” adlı pyesi də vardır. Bu zaman Azərbaycanda yaranan milli oyanış, Topçubaşov, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və b-nın çar Rusiyasının milli ayrı-seçkilik siyasətinə qarşı mübarizəsi, getdikcə genişlənməkdə olan “türkləşmək, islamlaşmaq və müasirləşmək” (“türk qanlı, islam inamlı, Avropa qiyafətli”) məfkurəsi Rəsulzadənin milli-siyasi görüşlərinin formalaşmasına güclü təsir göstərmişdir.
1906-07-ci  illərdə “Təkamül”də, həmçinin başqa qəzetlərdə millətlərə, tayfalara, siniflərə, insanlara (fərdlərə) hüquq bərabərliyi və azadlıq tələb edən yazılarla çıxış etmiş və zaman keçdikcə bu siyasi tələbləri “insanlara hürriyyət, millətlərə istiqlal!” çağırışı kimi formalaşdırmışdır. 1906-07-ci illər  inqilabının məğlub olmasından sonra Rusiyada təqiblərin artdığı şəraitdə M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana mühacirət edir.
 
Rəsulzadə 1908-11-ci illər İranda şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabında, Cənubi Azərbaycanda milli-demokratik oyanışda fəal iştirak etmiş, onun əsas rəhbərlərindən biri olmuşdur. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla, Bağırxanla və onların silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. M.Ə.Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süləyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, bu partiyanın əsas orqanı olan “İrane Nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şeir və publisist yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə (1878-1969) M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: “Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur”. İranda həmin il mürtəce “Etidaliyyun” (“Mötədillər”) partiyası təşkil edildi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində “Tənqidi-firqeyi-etidaliyyun” adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca “Səadəti-bəşər” adlı kitabı nəşr olunmuşdur. Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən xaric olunmasını şahlıq üsuli-idarəsindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün S.H.Tağızadə ilə birlikdə İstanbula müraciət edir.
O, Türkiyənin paytaxtında çar Rusiyasının təqiblərindən qurtularaq buraya sığınmış Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş, Yusifbəy Ağçura oğlu (1876-1935), Ziya Gök Alp (1876-1924) və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə “Gənc türklər” təşkilatına rəğbət bəsləmiş, “Türk ocağı” cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan “Türk yurdu” jurnalının fəal yazarlarından biri olmuşdur. Onun bu jurnalın səhifələrində bir neçə məqaləsi çap olunmuşdur. Bunlardan “İran türkləri”   məqaləsi xüsusilə maraq doğurur. Həmin məqalədə müəllif türk oxucularına Cənubi Azərbaycanın ümumi coğrafiyası və əhalisi haqqında ətraflı məlumat verir və yazır: “Azərbaycanın Qafqaziyada vaqe Rusiya tabeliyində olan bir qismi də İrəvan, Gəncə və Bakı vilayətləri təşkil ediyor”
Məmməd Əmin Azərbaycan manatı əskinasının üzərində
O vaxt Türkiyədə çap olunmuş kitablarda və mətbuatda, həmçinin məşhur türk ensiklopedisti Şəmsəddin Saminin “Qamusi-aləm”inin I cildində “Azərbaycan” məfhumu altında ancaq Araz çayından cənubda yerləşən ərazi nəzərdə tutulurdu. M.Ə.Rəsulzadə xeyli sonra, 1918- ci il oktyabrın 13-də Bakıda çap olunan “Azərbaycan” qəzetində də bu məsələyə toxunur: “İslam mərkəzi İstanbulda Qafqaziya, xüsusən Azərbaycan haqqında məlumatlar çox azdır”. İstanbulda olarkən M.Ə.Rəsulzadə görkəmli islam mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin (1836-1897) “Vəhdəti cinsiyə fəlsəfəsi”ni (“Milli birlik fəlsəfəsi”ni) farscadan türkcəyə tərcümə edir, öz doğma xalqının məişətindən alınmış “Acı bir həyat” əsərini yazır.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumidən sonra M.Ə.Rəsulzadə vətənə qayıdır. O, hələ İstanbuldan onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev, Məmməd Əmin Rəsulzadə və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan “Müsəlman demokratik “Müsavat” partiyası”na daxil olmuş və tezliklə onun rəhbərinə çevrilmişdir .  Bu illərdə M.Ə.Rəsulzadə ədəbi-publisistik fəaliyyətini də davam etdirir. “Yeni lisançılar və türkçülər” məqaləsini, Təbriz həyatından bəhs edən “Bir xan” adlı kiçik hekayəsini, “Dil-ictimai bir əməldir” yazısını “Şəlalə” jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan dilini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.
Bundan başqa, o proletar ədibi M.Qorkinin “Ana” əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərcümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz. 1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əlabbas Müznibin (1882-1938) redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan “Diriliyin” (1914-16) birinci nömrəsi çapdan çıxdı. M.Ə.Rəsulzadənin “Dirilik nədir?” adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. O, bu jurnalın səhifələrində çap etdirdiyi “Milli dirilik” başlığı altındakı baş məqalələrdə “Azərbaycan qayəsi”ni yayırdı. O, bu məqalələrdə millətin tərifində dini birliyi deyil, dil və mədəniyyət birliyini önə çəkir, milli azadlıq,  istiqlal ideyalarını geniş təbliğ edirdi. Mirzə Davud Hüseynov 1927-ci ildə Tiflisdə, rus dilində çap olunmuş “Müsavat” partiyası keçmişdə və bu gün” adlı kitabında yazır ki, guya 1917-ci ilə qədər “Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi”. Azərbaycan adı altında o vaxt ancaq İran Azərbaycanı başa düşülürdü. Əlbəttə, bu yanlış fikirdir. Yuxarıda göstərdiyimiz kimi, M.Ə.Rəsulzadə hələ 1911-ci ildə İstanbulda “Türk yurdu” jurnalında çap etdirdiyi “İran türkləri” məqaləsində Azərbaycanın Qafqazın tərkibində olmasını qeyd etmişdir. Bunu da göstərmək lazımdır ki, hələ M.Ə.Rəsulzadədən qabaq maarifçi ziyalılarımızda azərbaycanlılıq qayəsi rişə halında olsa da, var idi. Ancaq bunu tam şəkildə siyasət meydanına M.Ə.Rəsulzadə gətirdi. M.Ə.Rəsulzadə 1915-ci ilin avqustundan “Açıq söz” qəzetini nəşr edir ki, bu da əslində gizlin fəaliyyət göstərən “Müsavat” partiyasının orqanı idi. O, bu qəzetdə Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparırdı.
 
1917-ci ildə Rusiyada Fevral burjua inqilabı baş verdi.  Silah və zor gücünə kiçik xalqların torpaqlarını işğal edib, dünyanın altıda bir hissəsinə çevrilmiş Böyük Rusiya imperiyası dağılmağa üz qoydu… Əsən azadlıq mehi müstəmləkə halında inləməkdə olan xalqlarda öz müstəqil dövlətlərini yaratmaq arzusunu oyatmışdı. Həmin ilin martında açıq fəaliyyətə başlamış “Müsavat” partiyasının orqanı “Açıq söz” qəzeti yazırdı: “Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hürriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz müsəlmanlar müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişlər”. Həmin ildə Gəncədə Nəsibbəy Yusifbəylinin (1881-1920) rəhbərliyi altında “Türk Ədəm Mərkəziyyət” (federalist – M.Əliyev) partiyası fəaliyyətə başladı. Partiya öz proqramı ilə xalqı tanış etmək üçün Gəncənin Şah Abbas məscidinin həyətində böyük mitinq keçirdi. Bu mitinq “Yaşasın demokratik respublika!”, “Yaşasın Azərbaycan muxtariyyəti!”, “Yaşasın Türk Ədəm Mərkəziyyət partiyası!” şüarları altında keçirilmişdir .
1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının I qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurultayda “Azərbaycan qayəsi” məsələsi yenidən ortalığa atıldı. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin (1840-1913) Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açıldı. M.Ə.Rəsulzadə Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə ilə çıxış etdi. Qurultay M.Ə.Rəsulzadənin “Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq” barəsində təklifini Əhməd Salikovun “milli-mədəni muxtariyyət” proqramından fərqli olaraq böyük səs üstünlüyü ilə (446:291) qəbul olunur. Bu, Rusiyanın türk xalqları arasında onun nüfuzunu daha da artırdı. Nəticədə o, Rusiyanın gələcək dövlət idarəçiliyi formasını müəyyən edəcək Müəssislər məclisinə Azərbaycanla yanaşı Türküstandan da deputat seçildi. O, həmin dövrdə özünün “Cəmaət idarəsi” və “Bizə hansı hökümət faydalıdır?” kitablarını çap etdirmişdir. M.Ə.Rəsulzadənin qurulutayda etdiyi məruzə Ə.Salikovun çıxışı ilə birlikdə “Şəkli idarə haqqında iki baxış” adı altında həmin dövrdə çap olunmuşdur. Həmin ayda Rəsulzadənin redaktorluğu ilə “Qardaş köməyi” jurnalı çap olundu. Jurnalın təəssüf ki, bircə nömrəsi çıxdı. 1917-ci il iyunun ikinci yarısında “Müsəlman demokratik “Müsavat” partiyası” ilə Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi “Türk Ədəm Mərkəziyyət partiyası” birləşib, “Türk Ədəm Mərkəziyyət partiyası “Müsavat” adı altında çıxış etməyə başladı. Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında, hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstanbulda təşkil olundu. Rəsulzadə burjua xadimi kimi onu damğalamağa çalışanlara cavab olaraq yazırdı ki, “Mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi Avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar?”. Bunu da qeyd etmək lazımdır ki, onun “MAR”, “MAR-zadə”, “M.R-zadə”, “Haman”, “Sosialist” və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur.
 
1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən “Türk Ədəmi Mərkəziyyət partiyası Müsavat”ın I qurulutayında M.Ə.Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. O, qurultaydakı çıxışında partiyanın mübarizə istiqamətini müəyyən edərək bildirir: “Milli istiqlala malik olmayan bir millət, hürriyyət və mədəniyyətini də hifz edə bilməz. İnsanlara hürriyyət, millətlərə istiqlal!” Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında xalqımızın milli hərəkatı başlanmışdır. Lakin Oktyabr çevrilişindən (1917) sonra Rusiyada bolşevik irticası və yeni milli əsarət dövrü başlandı. Silah gücünə keçmiş Rusiya imperiyasının sərhədlərini bərpa etmək siyasəti yeridildi. Bakıda və onun ətraflarında hakimiyyəti ələ keçirən S.Şaumyanın bolşevik-daşnak güruhu Azərbaycana “muxtariyyət” əvəzinə “məzarıstan” vəd etdi və 1918-ci ilin martında Bakıda və bunun ardınca ölkənin digər bölgələrində Azərbaycan xalqına qarşı kütləvi soyqırım törədildi. Mart soyqırımı zamanı milli-istiqlalçı qüvvələrə başçılıq edən “Müsavat”ın binası və “Açıq söz”ün redaksiyası yandırıldı. Bu zaman Rəsulzadə milli azadlıq hərəkatının digər görkəmli nümayəndələri ilə birlikdə Qafqazın Rusiyadan ayrılaraq müstəqil konfederasiya yaratması və Türkiyə ilə sülh danışıqlarına girməsi uğrunda mübarizəyə başlayır və Tiflisdə — Zaqafqaziya parlamentində (seymində) Müsəlman (Azərbaycan) fraksiyası rəyasət heyətinin sədri kimi çıxış edir.
 
1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan
Azərbaycan Milli Şurası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçildi (1918, 27 may). 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var. Bitərəf Fətəlixan İsgəndər oğlu Xoyskinin (1875-1920) başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında, həmçinin, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoydu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi: “Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor”
Gördüyümüz kimi, M.Ə.Rəsulzadə özünün bu alovlu nitqində hələ birinci Dünya müharibəsi ərəfəsində “Dirilik” jurnalı səhifələrində qaldırdığı və sonralar isə 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında yenidən ortalığa atılan “Azərbaycan qayəsi”ndən söhbət açır. Onu da qeyd edək ki, təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Hətta ölkənin adı belə xəritələrdən silinmişdi. Çarizm Azərbaycanda müstəmləçilik siyasəti aparırdı. Müstəmləkə olan bir ölkədə isə ancaq milli azadlıq hərəkatından söhbət gedə bilərdi. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər.  Rəsulzadə Azərbaycan Milli Şurasının sədri kimi xarici işlər naziri Məmməd Həsən Hacınski ilə birlikdə Osmanlı dövləti ilə Batum müqaviləsini imzalayır (1918, 4 iyun). Müqavilənin 4-cü maddəsinə əsasən Osmanlı dövləti Bakı sovetinin daşnak-bolşevik hərbi birləşmələri və erməni-daşnak quldur dəstələri tərəfindən soyqırımına məruz qalmaqda olan Azərbaycan xalqına qardaşlıq yardımı göstərir. Azərbaycanın və bütün Cənubi Qafqazın türk-müsəlman əhalisi qırılıb məhv olmaqdan qurtulur. M.Ə.Rəsulzadə dövlət xadimi kimi Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin iyununda baş vermiş ilk hökümət böhranının aradan qaldırılmasında mühüm rol oynamış, istiqlalın qorunub saxlanması naminə sədri olduğu Milli Şuranın müvəqqəti olaraq, istefasına razılıq vermişdir. O, 1918-ci ilin iyununda Azərbaycan Xalq Cümhuruiyyətinin İstanbul beynəlxalq konfransına göndərilən səlahiyyətli nümayəndə heyətinə sədrlik etmiş, çox mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın mənafeyini uğurla müdafiə etmiş, Azərbaycanda hərbi işin təşkili, maliyyə problemi, ərazi məsələsi haqqında Türkiyə rəsmiləri ilə danışıqlar aparmış, xüsusən Bakı məsələsində çevik və prinsipal mövqe tutmuşdur. 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurasının fəaliyyəti bərpa olunduqdan sonra onun sədri kimi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin formalaşdırılmasında mühüm rol oynamışdır.
 
Parlamentin təntənəli açılışında (1918, 7 dekabr) parlaq nitq söyləmiş və sonra “Müsavat” partiyası adından gənc Cümhuriyyətin dövlət quruluşu, daxili və xarici siyasətinin əsas prinsipləri barədə bəyannamə ilə çıxış etmişdir. Onun “...müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı-əhrarınəsini təmsil edən bu üç boyalı bayraq daima başımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir” sözləri Parlament üzvlərinin ayaq üstə sürəkli alqışları ilə qarşılanmışdı. Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində “Müsavat” fraksiyasına başçılıq etmiş, digər istiqlalçı qüvvələrlə birlikdə Azərbaycanın milli və dövlət maraqlarına cavab verən qanunların qəbulunda həlledici rol oynamışdır.
M.Ə.Rəsulzadə Parlamentdə Bakı Dövlət Universitetinin açılması ətrafında gedən müzakirələrdə də qətiyyətli çıxışlar etmişdi. O, milli kadrların azlığına görə Universitetin açılmasını vaxtsız hesab edənlərə və başqa dildə açılmasına qarşı çıxanlara cavabında demişdir:“...Universitetin təsis edilməsi dövlətin əsas vəzifələrindən biri olmalıdır, buna görə də bütün maneələr aradan qaldırılmalıdır. Əlbəttə, yaxşı olardı ki, açılacaq elm ocağı türk dilində olaydı, lakin bu hələlik mümkün deyildir. Bu başqa dildə də olsa, Universitetin fəaliyyət göstərməsinə mane olmamalıdır. ...Universitetdə türk dili keçiləcək, tələbələrin özləri də Bakıda, öz doğma xalqı içərisində özlərini rahat hiss edəcəklər”. 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, “1920-ci il üçün Azərbaycan Respublikasının təqvim-ünvanı”nda oxuyuruq ki, Universitet fəaliyyətə başladıqadn sonra M.Ə.Rəsulzadə “Tarixi-filologiya” fakültəsində “Osmanlı ədəbiyyatı tarixi”ndən dərs demişdir. Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi “Bakı şəhərində universitetin əsasının qoyulması” adlı xatirə oçerkində yazır: “Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə “Müsavat” partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar” .
Rəsulzadə bu dövrdə Borçalı və Qarabağla bağlı Azərbaycan Xalq Cümhuriyyətinə qarşı qaldırılmış ərazi iddialarında prinsipial mövqe tutmuşdur. Borçalı ilə bağlı Aərbaycan hökümətini “qan tökməklə” hədələyən gürcü nümayəndəsinə “nə etmək olar, əgər məcbur etsələr, qan da tökmək olar” deyə qətiyyətlə cavab vermişdi. O, Qarabağ məsələsində də  eyni cür qətiyyət göstərmişdi: “bizim fikrimizcə və hökumətin fikrinə görə Qarabağ məsələsi yoxdur. Necə ki, Bakı məsələsi yoxdur. Buna görə də Qarabağ ünvanı ilə olan hər növ təklifi rədd edirik”. Rəsulzadə “Müsavat” partiyasının 1919-cu ilin dekabrında keçirilmiş 2-ci qurultayının rəyasət heyətinin sədri seçilmiş, partiyanın Mərkəzi Komitəsinin və Parlament fraksiyasının fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Yenidən partiyanın Mərəzi Komitəsinin sədri seçilmişdir.
1920-ci il aprelin 27-də 11-ci Qırmızı ordunun artıq Bakını ələ keçirmiş olduğu şəraitdə AXC-i Parlamentində hakimiyyəti bolşeviklərə təhvil vermək məsələsi müzakirə olunarkən qətiyyətlə  bunun əleyhinə çıxmışdır. AXC-nin süqutundan sonra gizli fəaliyyətə keçən Rəsulzadənin göstərişi ilə Bakıda “Müsavat”ın gizli mərkəzi yaradıldı. Onun özü isə Lahıcda gizləndi. Rəsulzadə qırmızı istiladan sonra AXC-nin dövlət strukturlarının dağıdılması, repressiyalar, qanlı qırğınlar dövründə xalqın sovet-bolşevik rejiminə qarşı göstərdiyi şiddətli müqaviməti və verdiyi saysız qurbanları görərək, “milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafizə etməkdə olduğuna inandığını” bildirirdi.
M.Ə.Rəsulzadə 1920-ci il avqustun 17-də Lahıcda həbs olundu. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz (indiki Orconikidze) şəhərində olan İ.V.Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XI Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir.
 
M.Ə.Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin xatirə yazısında öz əksini tapmışdır. O yazır: “Müsavat” partiyasının gizli Mərkəzi Komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhimbəy Vəkilovu (1897-1937) və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni (1898-1926) bir qədər pul ilə Moskvaya göndərmək surətilə M.Ə.Rəsulzadə ilə təmasda olmuşlar. M.Ə.Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir”. Sonralar SSRİ-də baş vermiş faciəli hadisələr göstərdi ki, bu, yeganə düzgün yol idi.
1922-ci ilin sonlarında onun İstanbulda siyasi mühacir həyatı başlandı. O, AXC-nin süqutundan sonra müxtəlif xarici ölkələrə getməyə məcbur olan azərbaycanlıların istiqlal mübarizəsini vahid mərkəzdən idarə etmək məqsədilə “Azərbaycan Milli Mərkəzi”ni (İstanbulda), “Müsavat” Partiyasının Xarici Bürosunu yaratdı və “Müsavat”ın Azərbaycanda fəaliyyət göstərən gizli təşkilatına istiqamət verdi. O, eyni zamanda siyasi mühacirətin parçalanmasının qarşısını almağa, onun vahid mərkəzdən idarə olunmasına çalışırdı. 1926-cı ildə onun fəal iştirakı ilə Parisdə “Prometey” təşkilatı yaradıldı. “Promotey” sovet rejiminə qarşı müxtəlif xalqların nümayəndələrinin vahid mübarizə blokunu yaratmalı idi. 1928-ci ildə İstanbulda M.Ə.Rəsulzadənin “Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti”, “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik” kitabları çap edilir. 1923-cü ildən onun redaktorluğu ilə İstanbulda “Yeni Qafqaziya” jurnalı nəşrə başlayır. M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda “İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi”, “Millət və Bolşevizm” və “Qafqasya türkləri” kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə “Azəri türkü” (1928-1931), sonra isə “Odlu yurdu” (1929-1930) jurnalları və həftəlik “Bildiriş” (1929-1931) qəzeti də nəşr edilməkdə idi. O, 1931-ci ildə sovet hökümətinin tələbinə əsasən, Türkiyəni tərk etməyə məcbur oldu. M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir.
1932-ci ildə Rəsulzadənin siyasi fəaliyyətinin Polşa dövrü başladı. 1934-cü ildə Ə.Topçubaşovla birlikdə Brüsseldə Qafqaz Konfederasiyası sazişini imzaladı. Sazişə əsasən Qafqazda Azərbaycan, Gürcüstan və Şimali Qafqaz respublikalarından ibarət konfederasiya dövləti – respublikası yaratmaq nəzərdə tutulurdu. Ə.Topçubaşovun ölümündən (1934) sonra siyasi mühacirətin istiqlal mübarizəsində aparıcı rol oynadı. 1936-cı ildə Varşavada “Müsavat”ın qurultay səlahiyyətli konfransını keçirdi. M.Ə.Rəsulzadə konfransda “Milli hərəkatda Firqə” mövzusunda hesabat məruzəsi ilə çıxış edərək, partiyanın həm Azərbaycan daxilində, həm də mühacirətdə öz taktiki xəttini düzgün müəyyənləşdirdiyini bildirdi. O, “şəxslər müvəqqəti, ideologiya əbədidir” tezisini əsas tutaraq, siyasi mühacirləri istiqlal ideologiyasına sadiq olmağa çağırdı. 1939-cu ildə II Dünya müharibəsinin başlanması ilə Polşadan Fransaya, oradan İsveçrəyə, İsveçrədən İngiltərəyə, nəhayət Ruminiyaya keçdi. 1942-ci ildə Azərbaycanın istiqlalına nail olmaq məqsədilə Almaniyanın Xarici İşlər Nazirliyi və Şərq Nazirliyi ilə danışıqlara girdi. Lakin danışıqlar uğursuzluqla nəticələndi. M.Ə.Rəsulzadə Berlində “Azərbaycanın milli haqlarını qorumaq, vətənin xilası və istiqlalı üçün mübarizə etmək, qafqasiyalı millətlərin dostluqları və siyasətcə bir yerdə yaşamaları üçün çalışmaq və Almaniya ilə sıxı surətdə işbirliyi təmin etmək” məqsədilə “Milli Azərbaycan Komitəsi”ni yaratdı. Almaniya tərəfindən Azərbaycan müstəqilliyinin tanınması məsələsində müsbət nəticə alınmadığını görən Rəsulzadə 1942-ci ilin sonlarında Almaniyanı tərk edib Buxarestə getdi. Müharibənin sonuna yaxın Münxendə gizli şəraitdə yaşayan Rəsulzadənin yaratdığı “Azərbaycan Demokrat Birliyi” cəmiyyəti azərbaycanlıların faşist əsirliyindən azad olunmasına, bir müddət sonra yaratdığı “Türkiyə-Azərbaycan” cəmiyyəti isə onların Türkiyəyə aparılmasına kömək göstərdi. Müharibədən sonra, 1947-ci ildə Türkiyəyə qayıdan Rəsulzadə burada Azərbaycan Milli Mərkəzinin başçısı kimi fəaliyyətini davam etdirdi. O, eyni zamanda bütün Azərbaycan mühacirlərini vahid mərkəz ətrafında birləşdirmək məqsədilə Ankarada Azərbaycan Kültür Dərnəyini yaratdı (1949, 1 fevral). 1952-ci ilin dekabrında Münxendə keçirilən Ümumi Qafqaz Kofransında iştirak etdi. Konransın qərarına əsasən, Azərbaycan, Gürcüstan, və Şimali Qafqazın təmsil olunduğu Qafqaz İstiqlal Komitəsi yaradıldı. Amerika Birləşmiş Ştatlarına gedərək AXC-nin yaradılmasının 35-ci ildönümü münasibətilə 1953-cü il mayın 28-də “Amerikanın səsi” radiosu ilə Azərbaycan xalqına müraciət etdi.
Məhəmməd Əmin Rəsulzadə Türkiyədəki azərbaycanlı mühacirlərlə, 1950-ci illər
M.Ə.Rəsulzadə mühacirətdə olduğu dövrdə siyasi fəaliyyətlə yanaşı ədəbi fəaliyyətini də davam etdirmişdir. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində “Azərbaycan və istiqlaliyyəti” və rus dilində “Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” kitabları çap olundu. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən “İstiqlal” (1932-1934) qəzeti və “Qurtuluş” (1934-1938) jurnalı çap edilirdi. 1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan “Azərbaycan respublikası haqqında bəzi qeydlər” adlı kitabı da böyük maraq doğurur. Onun 1936-cı ildə Berlində “Çağdaş Azərbaycan ədəbiyyatı” məqaləsi çap edilmişdir. 1938-ci ildə Berlində alman dilində “Azərbaycan problemi” və 1939-cu ildə Varşavada polyak dilində çıxmış “Azərbaycanın hüriyyət savaşı” kitablarının adlarını çəkməmək olmaz. Onun 1943-cü ildə İstanbulda nəşr olunmuş “İslam-türk ensiklopediyasının” 1-ci cildində “Azərbaycan ləhcəsi” adlı məqaləsi dərc edilmişdir. M.Ə.Rəsulzadənin 1949-cu ildə Ankarada “Azərbaycanın kültür kələnkləri” adlı kitabı işıq üzü görmüşdür. Onun “Çağdaş Azərbaycan ədəbiyyatı” (1950-ci il) və “Çağdaş Azərbaycan tarixi” (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada “Azərbaycan şairi Nizami” adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir.
Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan “Ukrayna” toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində “Azərbaycan Respublikası” məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan “Britaniya ensiklopediyası”nda “Müsavat” partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid məqalə də onun qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan “Türk ensiklopediyası”nda Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, “Türk tarix qurumu” və “Türk dili qurumu” ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan “Azərbaycan” jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında bir sil-silə məqaləsini də bura əlavə etsək, M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığı haqqında təsəvvür daha da aydınlaşar. O, 2-ci Dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan “Qafqaz” (1932-1938) və fransızca buraxılan “Prometey” (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan “M.Ə.Rəsulzadə”, “Yalvac oğlu”, “Məhəmməd Əmin”, “M.Əlif Rəsulzadə” və s. qeyd etmək olar.
Rəsulzadə Azərbaycan mətbuatı tarixində siyasi publisistikanın ən görkəmli nümayəndələrindən biridir. Tədqiqatlar göstərir ki, onun 1903-20-ci illərdə təkcə Azərbaycanın dövri mətbuatında 1200-dən artıq müxtəlif janrda yazıları dərc olunmuşdur. O, ömrünün sonunadək Azərbaycanın müstəqilliyini bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirmişdir.
 
Ankara universitetinin tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə “Azərbaycan…  Azərbaycan… Azərbaycan…” deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22-45 dəqiqədə sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi.
O, Ankara Əsri qəbirstanlığında dəfn edilib. Vəfatı münasibətilə Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub. Bunlardan ən maraqlısı Seyid Həsən Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, özü Təbrizdə dünyaya gəlmiş, Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi üsul-idarəsinin tərəfdarına çevrilən və öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan S.H. Tağızadə “Sühən” jurnalında yazırdı: “Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir” .

0 şərh