İsaak Nyuton

Başına alma düşəndən sonra Yerin cazibə qanununu kəşf eləmiş Nyutonu kim tanımır ki. O vaxtdan bəri saysız hesabsız almalar başlara düşüb, amma dünya qanunlarını kəşf eləyənlərin sayını artırmayıb. Bizdə Nyutonlar olsaydı,… onların başına düşəcək alma həmişə tapılardı!
Bu yaxında Qüds \"Nyutonun sirləri\" adlı sərgidə alimin 1704-cü ildə yazdığı məktubu nümayiş etdirilib. O, məktubunda dünyanın sonunun 2060-cı ildə olacağını yazıb. Bu proqnozunda İncil mətnlərinə əsaslanan, Daniil peyğəmbərin kitabını dəqiq tədqiq edən alim belə nəticəyə gəlib ki, Böyük Karlın 800-cü ildə yaratdığı frank imperiyasından sonra bəşəriyyətə cəmi 1260 il yaşamaq şansı verilib. \"Mümkün deyil\" demək istəyirsiz? Amma sağlığında \"Nyutonun beşiyi\" adlanan model yarananda da \"mümkün deyil\" deyənlər çox idi. Bu,  kinetik və potensial enerjinin bir-birinə keçib itməməsi qanununu əyani sübut eləyən mexaniki modeldir. Bir-birini itələyib hərəkətə gətirən metal şarların arasında əgər sürtünmə qüvvəsi müqavimət göstərməsə bu model əbədi işləyə bilərdi. Amma bu, reallıqda mümkün olan şey deyil.

Taun epidemiyasının yetirməsi

İsaak Nyuton İngiltərədə Qrantem yaxınlığında fermer ailəsində doğulub. Nyuton atasının ölmündən 3 ay sonra dünyaya gəlib. 3 yaşına çatanda anası Xanna keşiş Smitə ərə gedib qonşu kəndə köçəndən sonra onu nənəsi tərbiyə eləyib. Amma İsaak anasını çox sevir və onu atmasına baxmayaraq ona çox bağlı idi. Atalığından isə zəhləsi gedirdi. Atalığı rəhmətə gedəndən sonra Nyuton  yenidən ailəsiylə birgə yaşamağa başlayır. Ömrünün sonuna kimi anası Nyutonunun ən yaxın adamı olaraq qaldı.
İsaak Nyutonİbtidai təhsilini Qrantem məktəbində alandan sonra Kembric universitetinin Triniti-kollecinə subsayzer kimi daxil olur. Kollecdə oxuma haqqının əvəzinə qulluqçuluq eləyən tələbələri belə adlandırırdılar.  Həmin illərdə onun xasiyyətinin əsas keyfiyyətləri -  xırdaçılığı, hər şeyin kökündə duran səbəbi tapmaq istəyi, yalan və zülmə qarşı dözümsüzlük, ictimai tərifə etinasızlığı, artıq formalaşmışdı. Uşaqlıqda, müasirlərinin xatirələrinə görə, Nyuton qapalı həyata, tənhalığa üstünlük verən idi, çoxlu kitab oxuyur və hərəkətli oyuncaqlar - saat, dəyirman düzəltməyi sevirdi.  Kolleci bitirəndə Nyuton bakalavt rütbəsini alır.
Təhsilini bitirəndən sonra taun epidemiyasının yayılması onu öz kəndində qapalı yaşamağa məcbur eləyir. Bu, bir neçə il onun üçün çox xeyirli olur, çünki evdən çıxmadan elmlə məşğul olmaq imkanı yaranmışdı. Cələcəkdə qanun şəklində çıxaracağı bütün ideyaların bünövrəsi bu illərdə qoyulur. Amma bu tapıntılar 20-40 il sonra nəşr olunur. Çünki Nyuton şöhrət arxasınca qaçmırdı. Onunçün həqiqət axtarışı hər şeydən vacib idi.
Tezliklə Nyuton magistr rütbəsini də qazanır və müəllimi Barrou universitetdəki fikiza-riyaziyyat kafedrasını ona həvalə eləyir. İkinci daha kamil teleskopun nümayişindən sonra onu London Kral Akademiyasının üzvü seçirlər. Elmi nailiyyətlərindən savayı onun bioqrafiyasında Zərbxana (dəmir sikkələrin hazırlandığı yer) nəzarətçisi kimi işləməsi də var. Bu dövrdə o, dəmirin xassələrini öyrənirdi. Nyuton bu vəzifəyə görə ingilis pullarının  təkrar emalı ilə məşğul olmalıydı. İngilis pullarını səliqəyə saldığına görə ona yüksək maaşlı, ömürlük \"Zərbxananın Fəxri Direktoru\" adı verilir.

Həqiqət okeanının sahilində

Asketik həyat tərzi sürən Nyuton özünü tamamilə elmə həsr elədiyindən az qala dustaq kimi yaşayırdı. Bəzən yeməyi, yatmağı da unuda bilərdi. \"Mən özümü dəniz kənarında oynayan balaca oğlan kimi hiss edirəm. O, bir balıqqulağı, qəmbər tapanda sevinir. Amma bu zaman onun yanındaca hələ tədqiq olunmamış \"həqiqət okeanı\"  dalğalanır\". Nyutonu iş prosesindən ayıranda o, çox əsəbləşərdi. Hətta Kral Elmi Cəmiyyətinin jurnallarında məqalələrini çap eləmək xahişiylə Nyutona müraciət edəndə o, razılaşır, amma müəllifin adını göstərməmək şərti qoyur. Hamının çaş-baş qaldığını görüb, bunu belə izah eləyir:
- Məşhurluq mənim tanışlarımın dairəsini artıra bilər. Mənsə həmişə onların sayını azaltmağa çalışıram.

Nəhənglərin çiynində dayanmış uzaqgörən alim

Nyutonsuz fizika tamam başqa yolla gedə bilərdi. Mexanika, optika, astronomiya, riyaziyyat sahələrində elmi işlərin müəllifi olan Nyutonun fizikanın inkişafında rolu xüsusidir. Nyutonun dövründən bəri 10-12 nəsil artıq bir-birini əvəzləyib. Amma Nyuton qanunlarının əsas hissəsi dəyişikliyə uğramayıb.  17-ci əsrin sonunda o, elmi kəşflərində Koppernik, Kepler və Qalileyin, yəni ondan əvvəlki iki əsrin işlərini tamamlayaraq universal sistem yarada bilib.
Nyuton ümumdünya cazibə qanununu kəşf eləyib, güzgülü teleskop yaradıb və optika sahəsində çox vacib təcrübələrin müəllifi olub. Təcrübələr əsasında o, ağ işığın müxtəlif rənglərə parçalanmasını sübuta yetirib və ilk dəfə olaraq işıq dalğalarının uzunluğunu ölçüb. Nyuton qızmış cisimlərin soyuma qanununu da tapıb. Nyutonun göy cisimləri haqqında qanununa ingilis alimləri yaxşı münasibət bildirsə də, Avropa alimləri ümumilikdə nəzəriyyəni pis qarşılamışdı. Çünki Yer kürəsinin qütblərdən basılmış kimi yastı olması Nyuton nəzəriyyəsini bir daha təsdiqləyirdi, Dekart təlimini yox. Nyutonu Avropa qitəsində Quk, Leybnits, Flemstid kimi alimlərin işlərini oğurlamaqda, hətta küfr sözlər danışmaqda da suçlu bilirdilər.
Ağ işığın rənglərə parçalanmasını sübut eləyəndən sonra Nyuton optika sahəsində təcrübələrini dayandırır və deyilənə görə, Quk adlı tənqidçinin sağlığında bu sahədən bir cümlə də yazmayacağına and içir. Çünki o, daim Nyutonu tənqid atəşinə tuturdu, o isə bundan son dərəcə əsəbləşirdi. \"Optika\" adlı fundamental əsəri Qukun ölmündən bir il keçmiş işıq üzü görür.
Cazibə qanunu, hərəkət qanunu (Nyutonun 2-ci qanunu) və riyazi təhlil üsulu - bu 3 nəzəriyyə sistemi göy cisimlərinin tam tədqiqi üçün bu gün də kifayət eləyir. Eynşteynə qədər bu modeldə ciddi dəyişikliklər edilməyib. Beynəlxalq vahidlər sistemində güc vahidi, həmçinin Ay və Marsda kraterlər Nyutonun şərəfinə adlandırılıb.
Fizika və riyaziyyat sahələrində elmi axtarışlarıyla paralel olaraq, Nyuton əlkimyaçılıqla da məşğul olurdu. Amma bu sahədə aldığı nəticələri çap eləmirdi. Uzun illər əlkimyaçılığın yeganə nəticəsi o olur ki, Nyuton ciddi şəkildə zəhərlənmə alır.
Elmi nailiyyətlərinə görə Nyuton zadəgən tituluna də layiq görülərək lord  olur. İngilis tarixində ilk dəfəydi ki, elmi nailiyyətlərə görə belə titul verilirdi.

\"Allah təkdir, İsa isə adi insandır… Üç Üqnüma da inanmıram!\"

Nyuton dərin inamı olan xristian idi. O, təkcə dünyəvi elmlə deyil, həm də teologiya, ilahiyyat elmi ilə məşğul idi. Onunçün elm ilahiyyatdan ayrılmaz idi. O, insan qəlbini, eləcə də şeytanlar və mələkləri də maddi varlıq sayırdı. Ona görə də Nyuton  xristianlığı anlamaq baxımında azlıqların içindəydi. O, Allahı vahid varlıq kimi qəbul edir, İsanı isə sadəcə insan sayırdı. Buna baxmayaraq, İncili həqiqi fakt kimi qəbul edib, həyatını ona uyğun qururdu. Kəşf elədiyi qanunların hamısı onun üçün yalnız sona yaxınlaşan dövriyyənin qanunları kimi qalmaqdaydı. Apakalipsis, yəni axır zamana, dünyanın sonuna inanır və onun tezliklə olacağını düşünürdü.
Özünün içindəki boşluğu da Allahın \"ərazisi\" sayırdı. Əslində o, elmə ilahiyyat fikirlərini qataraq daimi, əbədiyaşar Allahın sonsuzluğunun bir nişanəsi kimi \"möcüzə\" termini daxil eləmişdi. Bu barədə Engels yazırdı ki, \"Nyuton Ona (Allaha) ilk təkan vermək imkanını saxladı. Amma öz Günəş sisteminə başqa cür müdaxilə etmək imkanı vermədi\". Qəribəsi odur ki, Müqəddəs Üç Üqnüm kollecində çoxillik iş təcrübəsinə baxmayaraq o, Üç Üqnüma inanmırdı. Ömrünün sonuncu illərində dahi fizik 40 ilin araşdırmalarını aşkarlayan bir əsəri - \"Qədim çarlıqların xronologiyası\" əsərini tamamlayırdı.  O, İncil hadisələrinin öz xranoloji variantını da hazırlamışdı.
Onun əsərlərini, xüsusilə də apokalipsis haqqında yazdıqlarını oxuyandan sonra müasirlərinin onu allahsız adlandırmağını qəbul etmək olmur. Fransız dilində pamflet kimi buraxılmış ittihama Nyutonun həmən cür, yəni pamflet formasında yazılmış cavabı indiyədək bir tarixi abidə kimi çox maraqlı fakt sayılır.

Bakirə, yoxsa cinsi azlıqlardan?!
Nyutonun intim həyatı barədə məlumat çox azdır. Bəzi bioqraflar hesab eləyir ki, o, bakirə həyatı yaşayıb, cismani sevginin dadını da bilməyib və hətta bununla fəxr də eləyirmiş. Amma sağlığında, xüsusilə də ölmündən sonra gəzən şaiyələr əsasında onun həyatının yeganə məhəbbəti haqqında fikir hələ də dolaşmaqdaydı. Guya Nyuton Fatio Dülyera adlı İsveçrədən olan  cözəl və cavan - riyaziyatçı oğlanı sevirmiş. Hər ikisinin fizika və riyaziyyata olan sevgisi onları ayrılmaz dosta çevirmişdi. Amma onları birləşdirən başqa bir səbəb, ümumi yataq məsələsi də vardı. Bu “dostluğun\" ömrü üzün çəkmədi. Onlar bir-birindən uzaqlaşandan sonra da sona qədər məktublaşır, bir-biriylə yenilikləri bölüşürdülər.
Fatiodan ayrılıqdan sonra il yarım özünə gələ bilməyən Nyuton dərin ruhi sarsıntılar içində yaşayaraq ətraf mühitə düşməncəsinə, ədavətlə yanaşırdı. Bütün dostlarını onu tərk eləməkdə ittiham edərək  zəhərli, məzəmmət dolu məktublar yazırdı. Con Lokka yazdığı məktubundan: \"Ser, məndə elə təəssürat oyanır ki, siz məni növbənöv qadınlarla müxtəlif qanqaraçılıqlara qatmaq istəyirsiniz. Siz dünyada olmasaydınız daha yaxşı olardı!\". Lokk həmən məktuba sakit və təmkinli cavab yazandan sonra Nyuton dərhal üzr istəyərək \"Nə yazdığımı bilmirəm, deyəsən, gecənin yuxusuzluğundan sayıqlayıram\" - deyə, izahat vermişdi.
Daha bir şaiyəyə inansaq, Nyuton, Çarlz Monteqü və cavan, gözəl, ağıllı Katrin Barton arasında \"sevgi üçbucağı\" yaşanırdı. Katrin Barton Nyutonun Londondakı evində 20 ildən artıq yaşamışdı. Nyutonun müasirləri deyir ki, o, sarayda yüksək vəzifə almaqçün Katrini nüfuzlu Monteqü ilə sevgiyə təhrik edirmiş. Sonralar Freydin psixoanaliz nəzəriyyəsiylə silahlanmış tarixçilərsə yazırdılar ki, Nyuton Katrin və Monteqünün sevgisindən ləzzət alırmış. Çünki özünü Monteqünün yerinə, Katrini isə anasının yerinə qoyurmuş. Bəzi tarixçilər hesab eləyirdi ki, Katrin və Nyuton arasında sevgi macərası yaşanıb. Çox guman ki, həqiqətən də Nyutonun qadınlara qarşı seksual marağı yoxmuş. Şaiyələrə inanmaqdansa, Nyutonun bakirə həyat yaşayıb yalnız elmlə məşğul olması fikrində dayanmaq daha yaxşı olardı.

Epitafiya
Vaxtından qabaq doğulan Nyutonun zəif, xəstəhal uşaqlığına baxmayaraq, o, 84 il ömür yaşadı. Milad bayramında doğulmasını taleyin bir işarəsi sayan alim çox rahat, yuxuda vəfat eləyib.
Keninsinqtonda Vesminster abbatlığında Nyutonun qəbrində bu sözlər yazılıb:
\"Burda İsaak Nyuton yatır. O, ilahi ağlı, parlaq gücü və riyazi hesablamalarıyla ilk dəfə planetlərin hərəkəti və formalarını izah edə bilib. Kametlərin uçma yollarını, okeanın qabarma və çəkilmələrini göstərə bilib. Ona qədər heç kimin anlamadığı  işıq şüalarının müxtəlifliyini aşkarlayaraq ilk dəfə rənglərin xüsusiyyətini izah edə bilib.. Bəsirət gözüylə gördüyü həqiqətlərin, Təbiətin ən yaxşı şərhçisi və qədim kitabələrin ən yaxşı təfsirçisi olaraq öz elmi ilə Yaradanı bir daha vəsf eləyib. İncilin tələb elədiyi sadəliyi öz həyatıyla sübuta yetirib. Qoy, yaşayanlar şad olsun ki, onların sıralarından bəşəriyyətin incisi sayılan belə insan övladı çıxıb… \"
Triniti kollecində Nyutona qoyulmuş heykəldə isə Lukresiyanın sözləri həkk edilib: \"Zəkası ilə o, bütün bəşəriyyəti arxada qoyurdu\".

Lətifə:

Nyuton ağac altında oturub istirahət eləyir. Onun başına bir alma düşür. Zərbədən başının qaşıya-qaşıya o, alman yerdən qaldırır. Almanın içindən bir soxulcan çıxıb deyir:
- Əla uçduq!
Nyuton soxulcanı torpağa qoyaraq almanı onun üstündə qaldırıb sonra yerə buraxır.
- İndi sən də Yerin cazibə qüvvəsinin bütün kefini öz üstündə hiss elə!!!

Müəllif: Gülnarə Rəfiq
Mənbə Bizim Yol qəzeti
Həmçinin bax: Nyutonun həyatı haqqındaNyuton-məşhur fizik

UPD. İsrail Beynəlxalq Kitabxanası İsaak Nyutonun nəzəri mətnlərini rəqəmsal formatda nümayiş etdirib. Nyutonun 7 min 500 səhifəlik əlyazmaları internetə yerləşdirilib. Mətnlərdə "İncil"in şərhi, nəzəriyyəsi, qədim mədəniyyətlərin tarixi barədə məlumat verilir. Nyutonun şifrəli məlumatlar hesab etdiyi əlyazmalar da yayımlanıb. Böyük mütəfəkkir yazılarında qiyamətin 2060-cı ildə gələcəyi barədə fikirlər irəli sürüb.

0 şərh