Pedofiliya qurbanları

Uşaqların cinsi istismarı insan hüquqlarının daimi və çox ağır pozuntularından biridir. Üstəlik, AIDS dövründə qız uşaqları zorakılığa qarşı daha zəif olurlar və adətən insanlar tərəfindən ticarət obyektinə çevrilirlər və ya zorla seks-biznesə cəlb olunurlar. Lakin seksual zorakılığa cəlb olunan uşaqlar arasında HİV infeksiyasının dərəcəsi hələ ki, məlum deyil. Azərbaycanda uşaqların cinsi zorakılığa məruz qalması halları geniş yayılmasa da, bundan sığortalanmış da deyilik. Bir sözlə, pedofillik adlanan bu cinayət təkcə ölkəmizin yox, bütün dünyanın problemidir.
Modelyerlər hələ yetkinlik yaşına çatmamış qız uşaqları üçün dikdaban ayaqqabılar, cəlbedici alt paltarları və çimərlik paltarları hazırlayırlar. Fransada 10 yaşlı qız uşağının və cəlbedici, açıq-saçıq paltarla obyektivin qabığına keçib şəkil çəkdirməsi «pedofillik» mövzusunu gündəmə gətirib.

Yetkinlik yaşına çatmış adamların yetkinlik yaşına çatmamış 4-11 yaş arasındakı uşaqlara qarşı seksual maraqları pedofiliya adlanır. Bütün dünyada, xüsusilə də Avropa ölkələrində pedofiliya əsas seksual cinayətlərdən biri hesab olunur. Pedofillik daha çox kişilərdə müşahidə olunur. Nadir hallarda qadınlarda rast gəlinir. Ancaq pedofillikdə cinsiyyət ayrımı yoxdur. Bütün dünyada ən ağır cinayətlərdən biri olan pedofilliyin qurbanlarına çevrilmiş uşaqlar, psixoloji baxımdan müalicə olunmazlarsa, yetkinlik yaşına çatanda onlarda da pedofiliya əlamətləri görünə bilir. Pedofilliyə meylli adam hər yaş qrupundan, hər bir peşədən, hər bir millətdən ola bilər. Sosial-iqtisadi təminatı çox yaxşı, çox pis də ola bilər. Araşdırmalar göstərir ki, pedofillər daha çox uzaq qohumlar və qonşulardan çıxır. Ekspertlər deyir ki, insanın bir uşağı əzizləyərkən, içində hansı hisslərin keçirdiyini bilmək mümkün deyil. Ona görə də kimisə buna görə günahlandırmaq, onun üstünə getmək doğru olmaz. Ən əsası diqqətli olmaq lazımdır.
pedofiliya
İnternet pedofilliyin geniş yayılmasında böyük rol oynayır. Statistikaya görə, ABŞ-da gündə 20 min civarında uşaq pornoqrafiyası internetə yerləşdirirlir. Bütün dünyada pornoqrafiya ilə geniş şəkildə mübarizə aparılır. Amma basqınlar nəticəsində ələ keçirilən pornoqrafik video-foto materialların 40 faizini hələ də uşaq pornoqrafiyası təşkil edir.

Cinsi sui-istifadəyə məruz qalan gənclər zorakılıq ucbatından saysız-hesabsız psixoloji əzab-əziyyətlərə düçar olurlar. Həmçinin bu, intahara da gətirib çıxarır. Bu cür ölümlər, cinsi zorakılıqdan xilas olmaq istəyənlərin seçim azlığının dramatik ifadəsidir. Bir çoxu həddindən artıq ruh düşkünlüyü, patoloji qorxu içində olur, digərlərində isə travmalı stress əlamətləri təzahür edir. Onlar həmişə yorğun olduqlarına baxmayaraq, yata bilmirlər; onları qara basır, iştahaları kəsilir; öz ağrılarını boğmaq üçün içkiyə və ya narkotik maddələrə qurşanır, qaradinməz olur, və ya tənhalığa qapılırlar. Cinsi təcavüzə məruz qalmış qurban uşaqdırsa və sonra ona lazımi kömək göstərilməyibsə, həmin uşaq uzun zaman bu təcavüzün mənfi təsiri altında qalır. Bəzi hallarda isə atalarının və ya ögey atalarının analarına və özlərinə qarşı zorakı davranışının şahidi olan qızlar, zorakılıq olmayan evlərdəki qızlara nisbətən zorakılığı ailədə evliliyin adi bir halı kimi qəbul edirlər. Digər tərəfdən eyni zorakılığın şahidi olan oğlanlar, böyüdükdən sonra öz tərəf müqabillərinə qarşı zorakı olurlar.

Dünya cinsi istismara qarşı

Problemin kifayət qədər ciddiliyi nəzərə alınaraq Avropa Şurasının Nazirlər Komitəsi uşaqların cinsi istismar və cinsi istifadədən müdafiəsinə dair konvensiya qəbul edib. Komitə uşaqların cinsi istismar və cinsi istifadədən müdafiəsinə dair yeni konvensiya qəbul edib. Avropa Şurasının baş katibi Terri Devis bildirib ki, uşaqların cinsi istismar və istifadəsinə qarşı mübarizədə heç bir tərəddüd və laqeydlik olmalalıdır. Baş katibin müavini Mod de Boer-Bukikkio isə sənədi uşaqların əsas hüquqlarının dözülməz dərəcədə pozulmasının qarşısının alınması və bu hallarla mübarizə istiqamətində üzv dövlətlərin göstərdiyi səylərin gücləndirilməsinə əlavə edilmiş həqiqi dəyər adlandırıb.

Ölkəmizdə də prezident tərəfindən imzalanan Milli Fəaliyyət Proqramında göstrilir ki, uşaqların cinsi istismarının qarşısının alınması məqsədilə cinayət qanunvericiliyinin beynəlxalq hüquq standartlarına uyğunlaşdırılması barədə təkliflər hazırlansın.

Müşahidələr göstərir ki, QHT-lər tərəfindən bu istiqamətdə müxtəlif təqdirəlayiq layihələr həyata keçirilir. Eyni zamanda, Ombudsman aparatı tərəfindən həyata keçirilən uşaq hüquqları aylığı çərçivəsində «Uşaqlara qarşı cinsi zorakılığa son qoyaq!» kampaniyası barədə cəmiyyətin üzvlərinə, xüsusilə şagirdlərə məlumat verilib, bu kampaniyanın uşaqlara qarşı cinsi zorakılıqla mübarizə standartlarının imzalanması, ratifikasiyası və implementasiayasının gerçəkləşdirilməsi, bu istiqamətdə maarifləndirmənin genişləndirilməsi məqsədini daşıdığı bildirilib. Avropa Şurasının uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının ölkəmiz tərəfindən imzalandığını nəzərə alaraq, Ombudsmanın bu konvensiyanı Milli Məclisin ratifikasiya etməsini, həmçinin «Uşaqların cismani cəzadan müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun qəbul olunmasını təklif etdiyi bildirilib.
Pedofiliya qurbanları

15 ilədək azadlıqdan məhrumetmə

Uşaq Hüquqları QHT Alyansının sədri Nazir Quliyevin sözlərinə görə, yanvar ayında uşaq hüquqlarının müdafisəsi ilə əlaqədar ilə əlaqədar BMT-nin Uşaq Hüquqları Komitəsinin ölkəmizə tövsiyyəsi gəlib: «Azyaşlıların cinsi zorakılığa məruz qalmasının qarşısının alınması da əsas prioritet istiqamətlərdəndir. Təəssüflər olsun ki, son zamanlar cinsi və fiziki zorakılığa məruz qalan uşaqlarla bağlı müraciətlərin sayı az deyil. Lakin bu uşaqların sosial reabilitasiyasını həyata keçirən mərkəz yaradılıb. Cinsi və fiziki zorakılğa məruz qalan uşaqlar çox vaxt bunu gizlətməyə çalışırlar. Bütün bunların qarşısını almaq üçün sosial reabilitasiya mərkəzi daim fəlaiyyət göstərir ».

Hüquqşünas Müzəffər Baxışov deyir ki, bir vaxtlar bu kateqoriyadan olan cinayətlər sensasion cinayətlər sayılırdı: "İndi istər telekanallarda, istər digər Kütləvi İnformasiya Vasitələrində əxlaqi dəyərlərin təbliğinin aşağı səviyyəyə enməsi də buna təsir göstərir. Bu tipli cinayət törədən şəxslər artıq ictimai qınağa məruz qalmırlar. Bu da səbəblərdən biridir ki, bu kateqoriyadan cinayət törətməyə meylli olan insanlar artıq öz cinayətkar qəsdlərini həyata keçirəndə ictimaiyyət tərəfindən heç bir qınağa rast gəlməyəcəklərini düşünürlər. Digər bir səbəb isə belə cinayətlərin törədilməsinə daha çox manyakların meyilli olmasıdır. Bu amillər seksual xarakterli zorakılıq cinayətlərinin yayılmasına münbit şərait yaradır".

Müzəffər Baxışov söyləyir ki, son dövrlərdə ölkəmizdə belə manyaklar tərəfindən bu kateqoriyadan olan cinayətlərin törədilməsi sayı xeyli azalıb. Həmsöhbətimiz bunu mütərəqqi hal kimi qiymətləndirir və məsələyə ciddi fkir verməyin vacib olduğunu bu düşünür.

Hüquqşünas əlavə edir ki, yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə azyaşlı ilə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Müəllif: Sevda Zahidqızı
Mənbə: Həftə İçi qəzeti
Yazı Azərbaycan Respublikası Prezident yanında Kütləvi İnformasiya Vasitlərinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

2 şərh

asel
Zəmanə cox pis olub. gerek 2 yaşlı uşağı da qoruyasan, 20 yaşlını da.
Medikamentoz
Uşaqları qoruyaraq onlara özünümüdafiə mexanizmlərini aşılamalısan.