Depressiya zamanı niyə çox yeyirik?

Yəqin ki, sizin də ətrafınızda depressiyada olduğu zaman bütün gününü mətbəxdə, yemək yeməklə keçirən tanışlarınız var.

Çoxlarımız onların halını başa düşmür, hətta bu vəziyyətlərinə gülürük. Bəs əslində bunun tibbi izahının olduğunu bilirsiniz?

Bəzən hər nə qədər yemək istəməsək də, gözümüzü açanda özümüzü mətbəxdə tapırıq. Ac olmadığımızı hiss etdiyimiz halda nəisə yeməyə başlayırıq. Təbii ki, bütün bunlar da tez zamanda əvvəlki çəki ilə müqayisə olunmayacaq dərəcədə kökəlməyimizə səbəb olur. Köklük isə yaknız səhhətimizdə hansısa problemlər yaratmır, o eyni zamanda psixologiyamıza da mənfi təsir edir. Ətrafdakılarla müqayisədə görünüş baxımından onlardan fərqləndiyini düşünən şəxs evdən çölə çıxmaq, ətrafdakılarla ünsiyyət qurmaq istəmir, nəticədə özünə qapanıq birinə çevrilir.

Artıq çəkinin, köklüyün əsas səbəblərindən biri düzgün və vaxtında qidalanmamaqdır. Düzgün qidalanmamaq isə ən müxtəlif amillərlə bağlı ola bilər. Psixoloqların sözlərinə görə, insanların düzgün qidalanmamağının, yeməyə olan iştahalarının heç vaxt bitməməsinin əsas səbəblərindən biri də duyğusal aclıqdır. Belə ki, mənəvi cəhətdən ac olan, həyatında nəyinsə çatışmadığını düşünən şəxslər bu çatışmazlıqları yemək vasitəsi ilə doldurmağa çalışırlar. Mədələrinin yemək tələb etmədiyi halda duyğusal cəhətdən ac olmaları onlarda elə təsəvvür yaradır ki, mütləq yemək yeməlidirlər. Amma mütəxəssilərin sözlərinə görə, bu psixoloji problemdir və çox yeməklə ona qalib gəlmək mümkün deyil. Duyğusal cəhətdən aclıq hiss edən şəxs nə qədər yemək yeməsindən asılı olmayaraq heç vaxt doyduğunu hiss etməyəcək.

Duyğusal aclığı fiziki aclıqdan fərqləndirən əsas səbəblər aşağıdakılardır :

* Fiziki aclıq zamanı insan yemək üçün müəyyən qədər gözləyə bilər, amma duyğusal aclıq zamanı insanın gözləmək üçün səbri çatmaz, tez zamanda “işə başlayar”.

* Fiziki aclıq zamanı yemək öncəsi yediyimiz çərəzlərlə müəyyən qədər doyarıq, amma duyğusal aclıq zamanı bu mümkün deyil. Bu zaman orqanizmimiz daha kalorili yeməklər tələb edir.

*Fiziki aclıq zamanı insan yemək yeyərkən müəyyən müddətdən sonra doyduğunu hiss edir, duyğusal aclıq zamanı isə nə qədər yesəniz də, əvvəlki kimi ac olursunuz.

* Fiziki cəhətdən ac olduğumuz zaman nə yeyəcəyimizi əvvəlcədən planlaşdırarıq, amma duyğusal aclıq zamanı nə yeməyin heç bir mənası yoxdu. Həmin şəxs qarşısına çıxan, daşdan yumuşaq hər şeyi yeyə bilər.

* Fiziki cəhətdən ac olduğumuz zaman mədəmiz doymağa başladığı zaman beyinlə mədə arasında bir əlaqə yaranır, beyinə müəyyən siqnallar ötürülür, duyğusal aclıq zamanı isə beyinlə mədə arasındakı hansısa əlaqədən söhbət gedə bilməz.

Bu kimi halla rastlaşmamaq üçün yuxarıdakı sipmtomları özünüzdə hiss etdiyiniz halda yemək yemək əvəzinə oturub həyatınızda nəyin çatışmadığını düşünün və bu istiqamətdə addımlar atmağa çalışın. Ən azından çıxış yolu kimi yeməkdən daha maraqlı, faydalı müalicə üsulları olduğunu düşünün.

0 şərh