Bir kişinin etirazı

“Şəhərin aşağı başından bir kişi tələsik gəldi. Dedi, ey qövmüm, bu (İlahi) elçilərin arxasıyca gedin!” (Yasin, 20)

“Plan Dalles” haqda yəqin bir çoxlarınız eşitmisiniz? Eşitməyənlər üçün deyim ki, o, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbərlərindən biri, “soyuq müharibə”nin ideoloqu Allen Dallesin Amerikanın qatı düşməni SSRi-ni məhv etmək üçün düşündüyü zərərli plandır. Bəzi versiyalara görə bu plan Allen Dallesin 1945 və ya 1953-cü əllərdə nəşr olunmuş kitabının bir hissəsisidir. Bəzi versiyalara görə isə “Plan Dalles” Allenin xüsusi sifarişlə yazılmış memorandumudur. Bütün bu versiyaları bir kənara qoyub, bu günkü mövzumuza aidiyyətini nəzərə alaraq, məhşur “plan”dan (Publika.az saytından götürmüşəm) bir hissəni sizinlə paylaşıram.
Allen Dallesin SSRİ-yə qarşı «Məhvetmə» planı:

“Müharibə (2-ci dünya müharibəsi. — İ.K.) qurtaracaq, hər şey düzələcək və yerini tutacaq. Və biz əlimizdə olan hər şeyi: bütün qızılları, bütün maddi gücümüzü insanların axmaqlaşdırılması və səfeh yerinə qoyulmasına yönəldəcəyik!

İnsan beyni, insanların şüuru dəyişməyə qadirdir. Orada xaos yaradaraq, biz xəlvətcə onların dəyərlərini saxtalarıyla dəyişəcəyik və onları bu saxta dəyərlərə inanmağa məcbur edəcəyik. Necə? Biz Rusiyanın özündə öz həmfikirlərimizi, müttəfiqlərimizi tapacağıq.

Məsələn, incəsənət və ədəbiyyatdan biz tədricən onun sosial mahiyyətini çıxaracağıq; rəssam və yazıçıları dəyişəcəyik — onlarda xalq kütlələrində əslində baş verən prosesləri öyrənmək və təsvir etmək həvəsini öldürəcəyik. Ədəbiyyat, teatrlar, kino — hamısı ən alçaq insani hissləri təsvir edəcək və mədh edəcək.

Və yalnız çox az adam nə baş verdiyi haqda düşünəcək və hətta başa düşəcəklər. Lakin belə insanları biz köməksiz vəziyyətə qoyacağıq, gülüş obyektinə çevirəcəyik, onları şərləməyin və cəmiyyətin tör-töküntüsü adlandarmağın yolunu tapacağıq. Mənəvi kökləri çıxaracağıq, xalq əxlaqının əsaslarını təhrif edərək məhv edəcəyik.
Biz bu yolla nəsli nəslin ardınca sarsıdacağıq. İnsanların üzərində uşaq, yeniyetmə yaşlarından işləyəcəyik, əsas stavkanı isə həmişə GƏNCLƏRƏ edəcəyik – onları pozacağıq, yoldan çıxaracağıq və mənəviyyatca korlayacağıq. Biz onlardan həyasız, heyvərə və kosmopolitlər düzəldəcəyik. Biz bunu bax belə edəcəyik!”

Bəli, əziz dostlar, mən sizi əmin edirəm ki, eyni plan (təbii ki, əlavələrlə) müxtəlif böyük qüdrətlər tərəfindən dünyanın hər yerində həyata keçirilir. Niyə də olmasın? Buna hansı qarantiya var ki, deyək xeyir, bu plan təkcə keçmiş SSR-ə aid idi? Sadəcə bugünkü planlar daha təkmilləşmiş planlar ola bilər. Çünki bu plan effektiv oldu — Amerika bu tip məxfi planlarla Rusiyanın məhvinə müəyyəən mənada nail oldu. Demək daha da təkmilləşdirilməli və daha geniş miqyasda həyata keçirilməlidir!

Hə, dostlar, “Plan”da olan bir məqam diqqətimi çəkdi və bu yazımda daha çox o məqamın üzərində dayanmaq istərdim. Allen yazır ki: “Və yalnız çox az adam nə baş verdiyi haqda düşünəcək və hətta başa düşəcəklər.” Baxın, dostlar, demək oyaqlar həmişə var, az da olsa var. Bu İlahi bir hikmətdir, heç bir toplumu yüzdə yüz uyutmaq olmur, bunu bütün qara qüvvələr bilirlər artıq. Həmişə surpriz cırtdanlar tapılır və həmişə Divlərə qarşı çıxanlar olur. Allen davam edir: “Lakin belə insanları (ayıqları) biz köməksiz vəziyyətə qoyacağıq, gülüş obyektinə çevirəcəyik, onları şərləməyin və cəmiyyətin tör-töküntüsü adlandarmağın yolunu tapacağıq.” Söhbət, bax budur, planda pik nöqtə bax, budur. Əslində tarix boyu bu tip planlar olub, məsələn, Tövratda keçir ki, Firon (2-ci Ramzes) falçıdan eşitmişdi ki, onu zülm taxtından salan İsrail övlıadlarından olan bir kişi olacaq, ona görə əmr vermişdi dünyaya gələn bütün oğlan uşaqlarını öldürürdülər. (Bu məsələ Qurani-kərimdə də əks olunub) Amma Firon avam idi, bilmirdi. Bilmirdi ki, kişiləri zərərsizləşdirmənin səs-küysüz, qansız-qadasız yolu da var. Nədir o yol? Dalles planında bu məsələ aydınlıqla açıqlanır: Onları məsxərə obyektinə çevirmək, şərləmək, qaralamaq, geridəqalmış adlandırmaq və s. Məsələn, elə peyğəmbərin (s) özü ilə bağlı eyni məsələ var idi. Eləki o həzrət harınlamış zalımların zülmünə qarşı çıxdı, eləki pozğunluğa yox dedi, eləki İlahi dəyərləri gətirdi, eləki insan kimi yaşamaq istədi...onu zərərsizləşdirmək üçün nə etdilər, nə ad qoydular ona? “Həqiqətən o, dəlidir!” (Qələm, 51) dedilər. 
Amma bu ittihamlar onu sarsıtmadı, davam etdi yoluna. Çünki yolunun həqiqət olduğundan əmin idi. Belə ittihamlar o adama təsir edər ki, onun tutduğu yolda tərəddüdü olsun. 
Dostlar, müşahidələrimə əsaslanıb deyirəm ki, (əslində artıq bu, gün kimi aydın məsələdi) bizim yurdda da bənzər prosseslər gedir. Özü də bu məsələ planlı şəkildə, xüsusi proqlamla həyata keçirilir. İnsanların həqiqi dəyərləri məsxərə obyektinə çevrilir, təhqir olunur, pozğunluq müxtəlif yollarla təbliğ olunur, adiləşdirilir...

 

Heç yadımdan çıxmaz, İslam ölkələrindən birində hardasa 10 il öncə bir gizli cərəyan var idi ki, sonradan o, tək-tük ayıq insanların vasitəsi ilə ifşa olundu. Demək, gündəlik çıxan bir qəzet var idi, hər gün ölkədə olan müxtəlif cinsi zorakılıqlardan xəbər yayırdı: “ŞOK, ŞOK, ŞOK! Filan şəhərdə qardaş öz qardaşının arvadına təcavüz etdi, filan yerdə gənc qız qaçırılıb cinsi təcavüzə məruz qaldı, filan bölgədə ata öz qızına sataşdı, düz 10 il imiş ki, filan kənddə qadın öz ərini 10-larla kişi ilə aldadırmış və s.” Hər gün neçə-neçə bu tip xəbər dərc edirdi o qəzet. Bu xəbərlərin get-gedə intensivləşməsi jurnalistlərdə (kaş bizdə də belə ayıq jurnalistlər olaydı) şübhə yaratdı. Və ətraflı araşdırdılar. Məlum oldu ki, bu tip xəbərlərin 90 faizi uydurma və türklər demiş, “xəyal ürünü” dür. Bəs məqsəd nə imiş belə xəbərləri yaymaqdan? Əlbətdə ki, bu halları adiləşdirmək, tənqid cildində təbliğ etmək. Bütün məmləkəti buna doğru sürükləmək. Bir sözlə, “dalleslərin” gizli məhvedici planlarını həyata keçirmək.

Dostlar, son zamanlar bu tendensiyanı bizim ölkədə də hiss etmirsinizmi? Hər gün nə qədər belə xəbərlər oxumaq olar? Nə qədər eşitmək olar? Maraqlısı və düşündürücü məqam da odur ki, bu tip xəbərlərin əksəriyyəti bölgələrdən gəlir, paytaxtdan deyil. (ağıl sahibləri üçün bu məsələdə işarətlər var) Bəli, bilirəm, çox zaman bizim jurnalistlər bunu reytinq toplamaq xatirinə edirlər, beləki mənbəyini araşdırmadan kim bu tip xəbər göndərirsə dayanmadan ŞOK başlıqları altında dərc edirlər. Amma belə olmaz, bir araşdırmaq lazımdı. Bu hardandı, necədi, nəyə görədi? Bəzən onlar hansısa gizli əllərin fiquru olduqlarından xəbərsizdirlər, xəbərdar olmalıdırlar! Ayıq olmalıdırlar, ya da belə deyim, jurnalist olmalıdırlar!

Bu tip xəbərlər intensivləşir....Və sonra planın ikinci hissəsi: Bəziləri əlinə qələm alıb bu hadisələri belə dəyərləndirir: “Nə qədər ki, bizdə AZAD SEX yoxdu belə olacaq. Bunlar hamısı AZAD SEXSİN olmamasının fəsadlarıdır!”
Bir nəfər də dönüb demir ki, ay bala, azad sex olan qərbdə bilirsən nələr baş verir? Yox, yox, heç qərbə gedib çıxmaq lazım deyil, elə boynumuzu burub, qonşumuz Rusiyaya baxaq; statistikada qeyd olunur ki, “Rusiyada 80 faiz nikahlar boşanma ilə nəticələnir.” Bu, AZAD SEXSİN hələ ən mədəni və abırlı fəsadlarından biridir.

Dostlar, bu qədər iyrəncliklərin içində mühüm olan nədir, bilirsiz?! Mühüm olan ayənin dediyi “o bir kişi” ola bilməkdir. Mühüm olan bu tendensiyaların nə qurbanına və nə də iştirakçısına çevrilməməkdir. Mühüm olan yanmaq deyil, yanmaq hələ ikinci mərhələdədir, BU GÜN bizim məmləkətdə mühüm olan yaş ola-ola qurunun oduna yanmamaqdadır. Bəli, bəzən yanmamaqdır hünər. “O kişi” ola bilmək. Tək olduğundan, az olduğundan yenilməmək. Palaza bürünüb ellə sürünməmək!

Ayə haqda qeyd:
Allahın elçilərinə iman gətirmiş bir kişi (ki, hədislərdə onun adı Həbib ibni Nəccar keçir) bir gün eşidir ki, şəhərin mərkəzində millət toplanıb və o elçiləri öldürmək istəyirlər. Bunu eşidən kimi dayanmadan şəhərin aşağı başından qaça-qaça gəlir və özünü bu meydana çatdırır. Axı bunları niyə öldürürsüz, deyir. Bunlar İlahi elçilərdilər, hidayət olunmuşlardılar, sizi həqiqətə, səadətə dəvət edir, üstəlik qarşılıq olaraq sizdən heçnə də istəmirlər. Niyə eşitmirsiz onları, niyə öldürürsüz axı, deyir. 
Allah burada bu kişinin adını qeyd etmir, əməlini qeyd edir, əsas olan da budur. Amma əvəzində ona “BİR KİŞİ” deyərək işarə edir. Qurani kərimdə hansısa bir tarixi hadisəni qeyd edəndə “bir nəfər”, “bir kəs” və s. ifadələrdən istifadə olunur amma məhz bu məqamda, məhz bu əməlin sahibinə Allah “gəldi bir kişi” deyə işarə edir. Təbii ki, kişilik burda cinsiyyət deyil, mərdaniyyət və şücaət anlamı daşıyır. Bəli, axının əks istiqamətində hərəkət etmək KİŞİLİK istəyir. Ona görə də Allah bu kişini hörmətlə yad edir. Düzdür, təəssüf ki, ayənin davamında görürük ki, bu kişini İlahi elçiləri müdafiə etdiyinə görə öldürürlər, amma olsun, bir gün gələn, bir gün gedəcəkdi onsuz da. Əsas odur ki, bu kişi, kişi kimi gedir.

Bəs nədir bu ayənin bizə olan hekayəti? Axı bu gün İlahi elçiləri öldürən yoxdu, deyə sora bilərik. Amma diqqətlə baxsaq eyni məsələdir. Bu gün də o elçilərin gətirdiyi dəyərlərədir hücum. Millət sanki KİV adlı meydanda toplaşıb bu dəyərləri baltalamaqla məşğuldur. Get-gedə hamı bu prossesə qoşulur, elə yaxşı sandıqlarımız da. Kimisi dəstəyi ilə, kimisi sükutu ilə...Bu məqamda “bir kişi” olmaq və “şəhərin aşağı başından qaça-qaça gəlmək” və bu prossesə maneçilik yaratmaq hünər istəyir. Bəli, nağıllarımızda bu cəsur insanlar cırtdana bənzədilibsə Qurani-kərim belələrinə daha poetik yanaşıb “şəhərin aşağı başından gəldi”. Ayədəki bu qeyd ola bilsin o kişinin sıravi insan olmasına bir işarədir. O şəhərin aşağı başından idi, adi bir insan idi, yazıçı deyil idi, alim deyil idi, adi sıravi bir kəndçi idi, amma bunu bəhanə etmədi, gəldi. Bu qeyd bizə mesajdır! “Mən kiməm ki, nə edə bilərəm ki...?” — tipli suallarımıza cavabdır! 
Dostlar, ayıq olaq, ən azından bu oyunların kuklasına çevrilməyək. “Onlar” çox gözəl danışırlar, cazibədar yazırlar amma düz danışmırlar. Bəlkə də özləri də bilmirlər ki, nə edirlər, bəlkə də bilirlər, mühüm bu deyil, mühüm odur ki, edirlər. Zəhəri səhvən içmək də insanı öldürür. Üzr zəhərin effektini zərərsizləşdirmir. Zəhər içirt mənə, sonra de ki, səhv oldu, üzr istəyirəm...bunun nə faydası olacaq ki? Artıq zəhər içilib. Artıq iş işdən keçib...
Mən bəzi hörmət etdiyim insanları bu axına düşüb qərq olduğunu görəndə ürəyim ağrayır. Peşmançılıq labüddür, enində-sonunda peşman olacaqlar amma axı gec olacaq. Bax, bu üzür məni. Bilirəm, çətindi, bu prossesə qarşı çıxmaq belə asan iş deyil; “plan”da deyildiyi kimi, adama hücum çəkirlər, məsxərə obyektinə çevirirlər və s. amma şərəflidir, vicdanlıdır!

Hələlik bu qədər, amma sizə söz verirəm, Yasin surəsinin bu ayələri haqda ayrıca bir kitab yazacam. Çünki insanlarımız bu surəni yas mərasimlərinə xüsusiləşdirməklə ona zülm ediblər. Onun haqqını bərpa edəcəm inşallah. Həbib Nəccarın (ayədə keçən kişinin) öz qövmü ilə danışıqları, danışıq metodolgiyası və s. çox öyrədicidir, bunların hamısını yazacam. Mən yazacam, siz də oxuyun, gəlin biz də bu tip iyrəncliklərə bu formada etiraz edək. Gəlin, etiraz edək!

Bu yazı “bir kişinin” ETİRAZIDIR!

Müəllif: İlqar Kamil

 

3 şərh

Frozen
Axx biz insanlar!Azadlığın mahiyyətini anlamayaq lazımdı.Küçədə <Azad Seks> deyə bağıran gəncdən soruşmaq lazımdı ki, «sən azadsanmı?Məgər səni kukla kimi idarə etdiklərini görmürsənmi?»Ayıq olmaq lazımdı.
Guilty
Qəliz məsələdi…