Kiçik adamların böyük kölgələri

Yazımızın başlığı bir çin atalar sözündən alınmadır: “Bir yerdə kiçik adamların böyük kölgələri varsa, deməli orada günəş batır...“
Bəzən gördüyümüz gözəl bir işə, başqalarından fərqli cəhətlərimizə və ya qabiliyyətlərimizə görə təriflər eşidirik. Layiq olduğumuz tənqidləri qəbul etməkdə çətinlik çəksək də, tərif məsələsində bu təbrikə layiq olub olmadığımızı düşünmədən özümüzünküləşdiririk. Nəfsimiz həmişə bizim tərəfimizi tutur, gözəllikləri öz “məharətimiz“ bilirik, xoşumuz gəlməyən məqamları isə haqlı olsa da, özümüzə yaraşdırmırıq.
Hər birimiz dost bildiyimiz adamların səhvlərimizə dözməsini, xoşbəxt günlərimizdə bizə həsəd aparmadan bizim qədər sevinməsini arzu edirik. Əlbəttə dostlar bizim sevincimizlə sevinib, kədərimizlə kədərlənən insanlardır, ancaq bəs bizə səhvlərimizi düzəltmək üçün kim kömək edəcək? Kürəyimizdə gəzən əqrəbi “Qorxmasın, ürkməsin“, — deyə bizə xəbər verməyən insanı bizə yaxşılıq etmiş hesab etmək olarmı? Bizə ən yaxın insan bizi ən yaxşı tanıyan insandır.

Dolayısı ilə səhvimizi, düzümüzü də ən yaxşı onlar bilir. Elə isə dost bildiklərimizin bizə səhvlərimizi deyə bilməsi sırf bu yaxınlışın haqqı olmalıdır. Ətrafımızda pərvanə kimi dolanan, “sən eləsən, sən beləsən“ deyə təriflər yağdıran insanlar həmişə dost olmaya bilərlər. “Dost acı danışar“ deyib atalarımız. Görülən gözəl bir iş onsuz da ortadadır. Onu tərifləməyə, şişirtməy ehtiyac yoxdur. Səhvlər, qüsurlar isə həmişə gizlənməyə yer axtarır. Məhz onları işıq üzünə çıxaran isə yenə dostlarımızdır. Təbii ki, qaydasına, üslubuna riayət etmək şərti ilə...

Tərif eşidən insan qoltuqları şişməzdən əvvəl düşünməlidir. “Bu tərifi eşitmək nəfsimin xosuna gəlir. Ancaq görəsən, doğrudan da mən bu tərifə layiqəmmi?“ Həqiqətən layiq olsa belə, buna görə lovğalanmamalı, “onsuz da görməli olduğum bir işi görmüşəm. Allaha şükür ki, məni xəcalətli qoymadı“ deyib şükürlə dolmalıdır. Tənqidə məruz qalan insan isə bu tənqidə layiqdirsə, özünü təmizə çıxarmamalı, qısa bir vaxtda o səhvini düzəltməyə çalışmalıdır. Yox, əgər bu tənqidə layiq olmadığını düşünürsə, “deməli, haradasa bir səhvim olub. Ya işimi yaxşı görə bilməmişəm, ya da nəfsimin təsiri altına düşmüşəm“ deyərək öz işinə davam etməlidir. Çünki insan özündən razı olduğu andan etibarən geriləməyə başlayır. Artıq özünü inkişaf etdirmək üçün cəhd göstərməyə də ehtiyac duymur. Uğur çox çətin əldə edilsə də, geri getmək çox asandır. Bunlar təriflənən adamın düşünməli olduğu məsələlərdir.

İndi isə gələk, məddahlara. Tərifin artığı tərif ediləni gözdən salır. Yəni bir insanı həddindən artıq tərifləmək, göylərə çıxarmaq əslində o insana qarşı bir təhqirdir. Ortada təbrikə layiq gözəl bir iş varsa, səmimi bir təşəkkür, səmimi bir təbrik kifayətdir. Bundan artığı insanın ürəyini bulandırır.
Eh, bir də öz-özünü tərifləyən insanlar var ki, onlar haqqında heç yazmağa belə dəyməz. Pulla kitab yazdırıb özlərini tərifləyən, ziyafətlər təşkil edib uzun-uzadı özlərindən danışan, ətrafındakı insanların onlara irad etdikləri “ürək sözlərini“ böyük bir zövqlə dinləyən insanlara nə demək olar, bilmirəm?..
Köhnələr biri onlara tərif deyiləndə üzləri qızarar, utanarlarmış. Ağızlarından ancaq “əstağfirullah“ sözü çıxarmış. Ürəklərinə bir təkəbbür hissi gələr, gördükləri o gözəl işi öz nəfslərindən bilərlər, sonra da savabından məhrum olarlar deyə qorxar, tər tökərlərmiş. Haradan haraya gəlmişik, görürsünüzmü?..

Əgər bir insan öz-özündən danışmaqdan çəkinmirsə, deməli, əslində o adamın gördüyü heç bir iş yoxdur. Ancaq içi boş çəllək kimi quru bir gurultudan ibarətdir. Atalarımızın “ayinəsi işdir kişinin, lafa baxılmaz“ sözündə olduğu kimi əgər görülən iş ortadadırsa, onu tərifləmək yersizdir, bəlkə də bir növ yaltaqlıqdır...
Təbrik edəndə də, tənqid edəndə də üslubuna riayət etmək həmişə gözəl nəticələrə gətirib çıxarır. Əgər içimizdə sevgi varsa, təbrik edərkən sözlərimizin sadə olması ancaq o sevginin parlaqlığını artıra bilər. Böyük iltifatlarla bizi tərifləməyə çalışan insanlar isə içlərindəki mənfi hissləri gizləməyə çalışa bilərlər. Ona görə də ətrafınızda fırlanan məddahlara və onların bər-bəzəkli sözlərinə diqqət yetirmədən öz işinizə baxın. Gördüyünüz iş gözəldirsə, onu tərifləməsələr də, olar…

Mənbə: Zaman

0 şərh