Bar qızının hekayəti

“Hər bir insan həyata eyni qaydada gəlir, hər birimizə görə bir ana 9 ay əziyyət çəkir, sonra dünyaya gəlirik, bağçaya, məktəbə, nə bilim daha haralara gedirik. Uşaqlığın ən yaddaqalan məqamı da xoş arzulardır. Uşaqlıqda ən böyük arzum həkim olmaq idi. Anamla həmişə xəstəxanaya gedəndə ağ xalatlı bibiləri, xalaları görür, böyüyəndə özümün də insanların sağlamlıqlarının keşiyində duracağıma dair xəyallar qururdum. Baxmayaraq ki, atam hələ mən bir neçə aylıq olarkən ölmüşdü, amma anam atamın yeganə yadigarını, yəni məni göz bəbəyi kimi qorumuşdu. Lakin hər şey o günə kimi oldu.
Günlərin birində kirayə qaldığımız cansıxıcı otaqda məni tək qoyub bazarlığa gedən anam bir də geri qayıtmadı. Əzrayılın elçisi olan o zalım iti sürətli maşın anamla bərabər, mənim bütün aruzlarımı da özü ilə apardı, bir daha geri qaytarmadan. Qohum-əqraba bir-iki il 14 yaşlı qıza hamilik etsə də, bu uzun sürmədi və yeniyetmə qız həyata atıldı. Həmişə deyirəm ki, “kaş o günə daş düşəydi”. Amma neynəyəsən alışmalı idim. Ya ölməli, ya qalmalı idim. Qaldım, amma həkim, nə bilim hər hansı ağ xalatlı kimi yox, dilimə belə gətirmək istəmədiyim fahişə kimi”. Dramatik səhnələri özündə canlandıran, heç də hekayələrdəki ssenarilərdən geri qalmayan bu əhvalat nə uzaq sibirdə, şərqdə-qərbdə yox, ölkəmizdə baş verib. Adının çəkilməsini istəməyən, şərti olaraq ismini Vüsalə qoyduğumuz bu qızın hazırda 20 yaşı var.Bu gənc qız əlacsızlıq və baxımsızlıqdan 2 ildir ki, bədənini satır:
“Əvvəllər çalışırdım ki, nə olursa olsun bu yola düşməyim. Amma ki nə fayda. Hər yerdən əlim üzüldü. Artıq kasıbçılıq üzmüşdü məni. Elə olurdu ki, günlərlə ac qalırdım. Ərzaq ala bilmirdim pulsuzluqdan. Birbaş üz tutdum həmin salona. Yaraşıqlı olduğumdan götürdülər. İndi elə də pis qazanmıram. Müştəridən masajdan kənar “xidmət”ə görə 20 manat alırıq ki, bu da bizə qalır. Gündə də bir neçə müştəri olur. Yeni tikilidə kreditlə özümə bir otaqlı ev də almışam, təmiri qalır, biraz da pul yığıb bunu da edəcəm İnşALLAH! Bundan sonra maşın almağı, daha sonra dükan götürüb, bu çirkin vərdişdən əl çəkməyi planlaşdırıram. Hətta uşaqlıq arzularımı da gerçəkləşdirmək fikrindəyəm. İmkan olsa müəllim yanına gedib həkim də olacağam”.
Vüsalə işini müvəqqəti və zərurətdən doğan addımın nəticəsi olaraq saydığından bu barədə əlavə nəsə danışmaq istəmədi. Amma sonda dediyi bir cümlə həqiqətən də təsirli idi – “Özümə bir ağ xalat almışam. Ara-sıra geyinib güzgünün qarşısında dururam. Bu mənim xatirələrimi canlandırır, anamı və həkim olmaq arzularımın xəyyallarını yaşayıram bu yolla. Anam həmiş deyərdi ki, gözəlsən, İnşALLAH həkim olsan ağ xalat sənə yaraşacaq. Düz deyirdi, yaraşıqlı olmağım qara gəldi. Amma həkim kimi yox, bədənini satan fahişə kimi…
 

0 şərh