Daxili sekresiya vəziləri

Vəzi epitel toxumasından əmələ gəlmiş və özündən şirə ifraz edən orqandır. Vəzilər birləşdirici toxumadan əmələ gəlmiş kapsulla əhatə olunur. Onlar morfoloji-fizioloji xüsusiyyətlərinə görə iki qrupa bölünür:
1) xarici sekresiya, yaxud ekzokrin vəzilər;
2) daxili sekresiya və ya endokrin vəzilər. Qarışıq vəzilər də vardır.
Axacağı olan vəzilərə xarici sekresiya vəziləri deyilir. Bu vəzilər öz şirələrini (məhsullarını) axacaqlar vasitəsilə müəyyən orqanlara tökür və ya xaricə çıxarır. Xarici sekresiya vəzilərinin ifraz etdikləri məhsul iki növdür:
1) ifrazat-sekret;
2) ifrazat-ekskret. Birinci məhsul insana lazım olan, ikincisi isə insana lazım olmayan məhsullardır.
 
Xarici sekresiya vəziləri formaca borulu, alveollu və borulu-alveollu vəzilərə bölünür. Onlar sekresiya-ifrazetmə mexanizminə görə üç qrupa bölünür:
1) merokkrin-hüceyrələri sekresiya zamanı sökülmür;
2) apokrin hüceyrələrin protoplazmasının bir hissəsi sökülərək onun sekretində iştirak edir;
3) holokrin-vəzinin hüceyrələri tamamilə sökülüb, onun sekretini təşkil edir.
Axacağı olmayan və öz məhsulunu bilavasitə qana, yaxud limfaya buraxan vəzilərə daxili sekresiya vəziləri yaxud endokrin və ya inkretor vəzilər, yaxud da axacaqsız vəzilər deyilir. Bu vəzilər qan damarları ilə çox zəngin olur. Bundan başqa, onların kapillyarları genişliklərə malikdir ki, bu da vəzinin məhsulunun qana keçməsinə şərait yaradır.
 
Daxili sekresiya vəzilərinin ifraz etdiyi bioloji aktiv maddələr hormon adlanır. Hormonlar maddələr mübadiləsində iştirak edir, orqanların böyüməsini və inkişafını tənzim edir. Orqanizmin inkişafına və böyüməsinə təsir edən məhsula hormonozon deyilir. Hormonlar qana keçərək, bütün bədənə yayılır, orqanların fəaliyyətini ya artırır, ya da azaldır və beləliklə orqanizmdə funksiyaların humoral tənzimində iştirak edir. Humoral tənzim də müstəqil olmayıb sinir sisteminin tabeçiliyində olur, yəni daxili sekresiya vəziləri və sinir sistemi bir-biri ilə sıx rabitədə fəaliyyət göstərərək, birlikdə neyro-humoral tənzim sistemini təşkil edir.
Daxili sekresiya vəzilərinə aşağıdakılar aiddir: qalxanabənzər vəzi, qalxanabənzərətrafı vəzilər, timus (çəngələbənzər vəzi), böyrəküstü vəzilər, hipofiz, epifiz (əzgiləbənzər vəzi), mədəaltı vəzinin və cinsiyyət vəzilərinin daxili sekresiya hissələri.
Orqanizmdə orqan və toxumaların qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməsində, eləcə də xarici mühit təsirlərinə qarşı orqanizmin uyğunlaşması proseslərində sinir sistemi ilə yanaşı, daxili sekresiya vəziləri də bilavasitə iştirak edir. Bu isə hormonların hesabına olur. Vəzilər sinir sisteminin nəzarəti altında fəaliyyət göstərir, eyni zamanda qana ifraz etdikləri hormonlar vasitəsilə sinir sisteminin fəaliyyətinə təsir göstərə bilir.
Müxtəlif səbəblərdən endokrin vəzilərin fəaliyyəti zəifləyə (hipofunksiya) və ya arta bilər (hiperfunksiya).

Hipofizin funksiyaları.
Daxili sekresiya vəziləri arasında hipofiz əsas yer tutur. Çünki bir sıra digər endokrin vəzilərinin fəaliyyətinin tənzimində iştirak edir. Bu vəzi baş beynin alt hissəsində, türk yəhəri çökəkliyində yerləşmişdir. Ona yerləşdiyi yerinə və vəzifəsinə görə beyin artımı da deyilir. Ön, arxa paylardan və ara hissədən ibarətdir. Bu vəzidə 22-dən artıq hormon ifraz olunur. Onun hormonları kimyəvi cəhətdən zülal tipli birləşmələrə aiddir.
Hipofizin ön payında (adenohipofiz) hazırlanan somatotrop hormon boyatma prosesini tənzim edir, daxili orqanların böyüməsinə kömək edir, maddələr mübadiləsini gücləndirir. Uşaqlarda somatotrop hormonun sekresiyasının azalması cırtdanboyluğa (karlik), artması isə uşaqlarda nəhəngboyluğa (giqantizm) və yaşlılarda akromeqaliyaya (ayrı-ayrı orqanların böyüməsi və bədənin mütənasibliyinin pozulması) səbəb olur.
Ön payın adrenokortikotrop hormonunun ifrazı və təsiri orqanizmdə stress reaksiyaları zamanı artır. Onun qonadotrop hormonlarının təsiri qadınlarda süd vəzilərinin fəaliyyətinin artmasına, kişilərdə də cinsi fəaliyyətin yüksəlməsinə səbəb olur. Ümumiyyətlə, qonadotrop hormonlar cinsiyyət vəzilərinin inkişafını və cinsiyyət orqanlarının fəaliyyətini artıraraq, cinsiyyət hormonlarının ifrazını sürətləndirir və beləliklə, ikincili cinsi əlamətlərin yaranmasını təmin edir.
Tirotrop hormon qalxanabənzər vəzinin funksiyasını artırır.
hipofiz və hipotalamus
Hipofizin arxa payının (neyrohipofiz) hasil etdiyi antidiuretik hormon (vazopressin) böyrəyin yığıcı borucuqlarında suyun geriyə sorulmasını artırır. Odur ki, həmin hormonun çatışmazlığı zamanı şəkərsiz diabet xəstəliyi əmələ gəlir: xəstədə şiddətli susuzluq hissi yaranır və sutkada on litrlərlə tərkibində şəkər olmayan sidik ifraz edir. Antidiuretik hormonun böyük dozaları damarların (xüsusən arteriolaların) saya əzələlərini daraldaraq arterial qan təzyiqini artırır. Arxa payın digər hormonu olan oksitosin xüsusən hamiləliyin sonunda uşaqlığın saya əzələlərinin yığılmasını stimulyasiya edir. Doğuş aktının normal getməsi üçün bu hormonun olması vacibdir.
Hipofizin ara hissəsində hasil olan melanotrop hormon (intermedin) dəridə piqment mübadiləsini tənzim edir.

Qalxanabənzər vəzi.
Bu vəzi boyun nahiyəsində qırtlağın önündə yerləşmişdir. O, iki yan və bir ön hissədən ibarətdir. Bu hissələr arasında anatomik əlaqə vardır. Vəzi limfa və qan damarları ilə yaxşı təchiz olunmuşdur.
Qalxanabənzər vəzinin bioloji aktivliyə malik tərkibində yod olan hormonları tiroksin və triyodotironindir. Tiroksinin aşağıdakı bioloji təsirləri vardır:
1. Orqanizmdə maddələr mübadiləsini sürətləndirir ki, bu da istilik enerjisinin artması ilə müşayiət olunur. Hormonun təsirindən zülal, yağ, xüsusilə karbohidratların və mineral maddələrin mübadiləsinin səviyyəsi yüksəlir.
2. Vegetativ sinir sisteminin fəaliyyətini artırır. Sinir sisteminin qıcıqlara qarşı həssaslığını yüksəldir.
3. Orqanizmin böyüməsi və inkişafı prosesinin nizamlanmasında iştirak edir. Belə ki, uşaqlarda onun funksiyası pozulduqda boyatma ləngiyir, ali sinir sisteminin fəaliyyəti pozulur və kretinizm xəstəliyi baş verir.
4. Süd və cinsiyyət vəzilərinin, böyrəküstü vəzinin funksiyasını artırır, mədəaltı vəzinin funksiyalarına isə tormozlayıcı təsir göstərir.
5. Orqanizmdə su mübadiləsinin tənziminə təsir göstərir.
Qalxanabənzər vəzinin tirokalsitonin hormonunun təsirindən qanda kalsiumun miqdarı azalır və kalsium sümük toxumasında toplanır.
Qalxanabənzər vəzinin funksiyası hipofizin tirotrop hormonu, eləcə də qida və su ilə daxil olan yod elementinin və qanda olan tiroksinin miqdarı ilə tənzim olunur. Qida məhsullarında və suda yod çatışmadıqda endemik ur xəstəliyi baş verir.
Qalxanabənzər vəzinin hipofunksiyası kiçik uşaqlarda kretinizm xəstəliyi əmələ gətirir. Belə uşaqlar zehni və fiziki inkişafdan geri qalırlar, alın kiçik olur, ağız boşluğundan daim ağız suyu ifrazı müşahidə olunur, dil böyük olub, ağıza sığmır.
Yaşlı insanlarda isə vəzinin hipofunksiyası zamanı miksödema xəstəliyi baş verir.
Qalxanabənzər vəzinin hiperfunksiyası zamanı tireotoksikoz və ya Bazedov yaxud Qreyvs xəstəliyi əmələ gəlir. Bu vaxt orqanizmdə oksidləşmə və fosforlaşma prosesləri arasında qarşılıqlı əlaqə pozulur. Üzvi maddələrin parçalanması xeyli sürətlənir. Lakin enerji mənbəyi kimi ATF-in sintezi zəifləyir. Odur ki, maddələrin parçalanmasından alınan enerji istilik enerjisi şəklində orqanizmdən xaric olunur.

Böyrəküstü vəzilər.
Bu vəzilər böyrəklərin üst nahiyəsində yerləşmişdir. Vəzinin kütləsi 5-7 qramdır, 40-dan artıq hormon sintez edir. Qabıq və beyin maddədən ibarətdir. Qabıq maddənin bəzi hormonları orqanizmdə mineral duz və su mübadiləsini, digərləri karbohidrat, yağ və zülal mübadiləsini nizamlayır. Hormonlardan qlükokortikoidlər orqanizmdə iltihab proseslərini söndürür. Stress reaksiyası zamanı onların qanda miqdarı artır. Allergiya zamanı da ondan müalicəvi məqsədlə istifadə olunur. Kortikosteron isə əsasən karbohidrat mübadiləsini tənzimləyir, qanda şəkərin miqdarının normal səviyyədə saxlanılmasını təmin edir.
Böyrəküstü vəzilərin beyin maddəsinin hormonları adrenalin və noradrenalindir (katexolaminlər). Adrenalin daim ifraz olunur və çox fəaldır. Aqressiv emosiyalar, qorxu və ağrı ilə əlaqədar olan emosional vəziyyətlər, stress, əzələ işi qanda katexolaminlərin artması ilə müşayiət olunur.
Adrenalin ürəyin fəaliyyətini sürətləndirir, mədə-bağırsaq sisteminin fəaliyyətini ləngidir, arteriolaları daraldıb, qan təzyiqini yüksəldir, qaraciyərdə və əzələlərdə qlikogenin parçalanması nəticəsində qanda şəkərin miqdarını artırır, toxumalarda oksidləşmə proseslərini gücləndirir.
Adrenalinin qana ifraz olunmasını böyük beyin yarımkürələri qabığı və ara beynin vegetativ mərkəzləri tənzim edir.

Mədəaltı vəzi.
Mədəaltı vəzidə iki qrup hüceyrə ayırd edilir. Bir qrup hüceyrələr həzm prosesində iştirak edən şirə ifraz edir.
Vəzinin Langerhans adacıqlarının beta hüceyrələrində isə insulin hormonu sintez olunur ki, bu da qanda qlükozanın miqdarını azaltmaqla onun sabitliyinin saxlanılmasına şərait yaradır. Odur ki, insan qida qəbul edən kimi mədəaltı vəzidən qana çoxlu insulin ifraz olunur. Nəticədə həzm orqanlarından külli miqdarda qana sorulan qlükoza orqan və toxumalara keçir, burada hormonun təsiri ilə surətlə qlikogen ehtiyat qida mənbəyi kimi toplanır. Bundan başqa, insulin membran keçiriciliyinə, zülal sintezinə müsbət təsir edir. Eyni zamanda hormon zülalların və yağların karbohidratlara çevrilməsini tormozlayır. Məhz buna görədir ki, şəkərli diabeti olan şəxslər tədricən arıqlayır və bir qədər iş görən kimi yorğunluq hiss edirlər. Bu hormon adrenalinlə qarşılıqlı əlaqədə fəaliyyət göstərərək, karbohidratların mübadiləsini və qanda qlükozanın miqdarının sabit vəziyyətdə saxlanılmasını tənzim edir.
Mədəaltı vəzinin alfa hüceyrələrində qlükaqon hormonu əmələ gəlir ki, bu da ehtiyat halındakı qlükogeni qlükozaya çevirir. Bu zaman qanda şəkərin miqdarı artaraq onun bütün toxumalara, xüsusilə əzələlərə və beyinə çatdırılması fəallaşır. Mədəaltı vəzidə sintez olunan lipokain hormonu qaraciyərin piylənməsinin qarşısını alır.
Mədəaltı vəzinin hipofunksiyası zamanı insanlarda şəkərli diabet xəstəliyi inkişaf edir. Bu zaman qanda şəkərin miqdarı artır, sidikdə onun sutkalıq miqdarı bir neçə dəfə çoxalır, sidiklə şəkərin orqanizmdən xaric olması, susuzluq hissi, arıqlama, başgicəllənməsi kimi əlamətlər meydana çıxır.
Qeyd etmək lazımdır ki, bəzi bitkilərdə insulinəoxşar, onu əvəz edən maddələr sintez olunur. Bu maddələr də orqanizmdə insulin kimi təsir göstərir. Onlar ən çox vələmirdə, lobyada, noxudda və az miqdarda düyüdə, buğdada və kartofda toplanmışdır.
Mədəaltı vəzinin hiperfunksiyası zamanı qanda şəkərin miqdarı azalır. Tənəffüsün tezliyi artır və mərkəzi sinir sistemində oyanma vəziyyəti yaranır.

Timus.
Timus və ya çəngələbənzər vəzi döş sümüyünün arxa hissəsində yerləşmişdir. Kütləsi 38 qrama bərabərdir. Timus vəzi immun sistemin formalaşmasını, uşaqların böyüməsi prosesini və kalsium mübadiləsini fəallaşdırır, sümüklərdə bu elementin yığılmasını tənzim edir.
Timus cinsiyyət və qalxanabənzər vəzilərin funksiyasına tormozlayıcı təsir göstərir, cinsi yetişkənlik prosesini xeyli zəiflədir. Vəzi uşaqlarda 11-12 yaşadək böyüyür, sonra tədricən kiçilir və piy toxuması ilə əvəz olunur.

Epifiz.
Epifiz və ya əzgiləbənzər vəzinin bioloji funksiyalarına aşağıdakılar aiddir.
1. Cinsiyyət orqanlarının endokrin funksiyasına tormozlayıcı təsir göstərir.
2. Epifizin təsiri altında sutkalıq yuxunun dərinliyi və müddəti artır. İnsanın sutkalıq bioritminin yaranmasında bilavasitə iştirak edir.
3. İnsanda həftəlik, aylıq, mövsümi və illik bioloji ritmlərin tənzim olunmasında həlledici rol oynayır.
4. Mərkəzi sinir sisteminin, o cümlədən, simpatik sinir sisteminin funksiyasına təsir göstərir.

Cinsiyyət vəziləri.
Bunlar qarışıq vəzilərdir. Onlarda həm xarici sekretor, həm də daxili sekretor fəaliyyət müşahidə olunur. Kişilərin bu vəzilərində spermatozoidlər — kişi cinsiyyət hüceyrələri, qadınlarda isə qadın cinsiyyət hüceyrələri (yumurta hüceyrələri) yaranır.
Kişi cinsiyyət hormonları androgenlər, qadın cinsiyyət hormonları estrogenlər adlanır. Bunların hər ikisi həm kişi, həm də qadın orqanizmində, amma müxtəlif nisbətlərdə hasil olur.
Androgenlər, xüsusən testosteron və estrogenlər birincili cinsiyyət əlamətlərinin (daxili və xarici cinsiyyət orqanlarının inkişafı) və ikincili cinsiyyət əlamətlərinin (kişilərdə bığ, saqqal, qadınlarda süd vəziləri, enli çanaq və s.) əmələ gəlməsini təmin edir. Estrogenlər kişi orqanizmində spermatozoidlərin yaranmasını, androgenlər isə qadınlarda aybaşını ləngidir.
Androgenlər orqanizmdə maddələr mübadiləsinə müsbət təsir göstərir, qaraciyərdə və toxumalarda qlikogenin sintezini tormozlayır.
Qadın cinsiyyət hormonları uşaqlıqda, uşaqlıq yollarında və vulvada aybaşı vəziyyətinə uyğun morfoloji və funksional dəyişiklikləri törədir.
Qadın cinsiyyət sikli ovulyasiya ilə əlaqədar olan bioloji prosesdir və dövri olaraq aylıq qanaxmalar menstruasiya (aybaşı) şəklində təzahür edir. Həmin siklin müddəti normal, sağlam, yetkin qadınlarda 27-28 gündür və 4 mərhələdən ibarətdir:
1. Ovulyasiyadan əvvəlki dövr — 14-15 gün. Orqanizmin cinsi akta və hamiləliyə hazır vəziyyətidir. Uşaqlıq bir qədər böyüyür, qanla zənginləşir. Qraaf qovuqcuqlarında yumurta hüceyrəsi yetişir və qovuqcuq partlayır, cinsi hüceyrə azad olur;
2. Ovulyasiya dövrü — 3 gün davam edir. Yumurta hüceyrəsi uşaqlığa yönəlir. Əvvəlki dövrdə cinsi akt olubsa, mayalanma baş verir, hamiləlik başlanır. Mayalanma baş verməyibsə, üçüncü dövr başlanır.
3. Ovulyasiyadan sonrakı dövr-menstruasiya 3-7 gün davam edir. Uşaqlıq əzələsinin təqəllüsü ilə əlaqədar olan ritmik hərəkətlər baş verir. Uşaqlığın selikli qişasından külli miqdarda örtük epitel hüceyrələri ayrılır və menstruasiya qanı ilə xaric olur. Qadında zəiflik, yorğunluq, başağrısı, əsəbilik müşahidə edilir, psixi davranışı pozulur. Sonra sakitlik dövrü başlanır.
4. Sakitlik dövründə uşaqlığın selikli qişası bərpa olunur. Bir neçə gün davam edir. Sonra qadının cinsiyyət sikli yenidən başlanır.
Mayalanma baş veribsə, mayalanmış diploid hüceyrədə blastula və qastrulyasiya bölünmələri baş verir, sonra ektodermal, mezodermal və entodermal rüşeym qatlarından rüşeymin müxtəlif orqan və toxumaları yaranır, inkişaf edir. Qadınlarda hamiləlik dövrü 40 həftə davam edir. Androgen hormonlar həm kişi, həm də qadın fərdlərində sintez olunur. Lakin onların qanda miqdarı bu fərdlərdə eyni deyildir. Kişilərin qanında androgenlər, qadınların qanında isə estrogenlər üstünlük təşkil edir və bununla əlaqədar olaraq, iki cinsiyyət arasında müəyyən morfo-fizioloji fərqlər yaranır.

Hormonların təsir mexanizmi.
Hormonlar orqanizmin böyümə və funksional yetişkənlik prosesində, maddələr mübadiləsinin bütün sahələrinin tənzim olunmasında iştirak edərək daxili mühitin nisbi sabitliyinin saxlanmasını təmin edir. Müəyyən hormonlar xarici mühit amillərinin təsiri nəticəsində törənən stress reaksiyaları zamanı orqanizmin uyğunlaşma reaksiyalarında (ümumi adaptasiya sindromu) bilavasitə iştirak edir. Hormonlar orqanizmdə bir sıra digər funksiyaları da icra edir. Qan vasitəsilə orqan və toxumalara çatdırılan hormonların bioloji təsiri aşağıdakı xüsusiyyətlərlə xarakterizə edilir:
1. Hormonlar yüksək dərəcədə spesifikliyə malikdir ki, bunun nəticəsində hər bir hormon müəyyən orqanların fəaliyyətini və ya müəyyən funksiyasını tənzim edir.
2. Hormonların molekul çəkisi nisbətən kiçik olduğundan, onlar qan kapillyarlarından hüceyrələrarası mayeyə, oradan isə hüceyrə daxilinə asanlıqla keçir.
3. Qida ilə həzm orqanlarına çatdırılan hormonları həzm şirələri parçalayır.
4. Hormonlar azacıq miqdarda olduqda belə öz təsirini göstərir, yəni onlar yüksək bioloji aktivliyə malikdir.
Hormonların təsir mexanizmində ikinci mühüm cəhət odur ki, onlar müxtəlif orqanların hüceyrələrində fermentlərin sintezini stimullaşdırır və hüceyrələrdə kimyəvi reaksiyaları müəyyən istiqamətlərdə sürətləndirir.
Daxili sekresiya vəzilərinin qarşılıqlı əlaqədə fəaliyyət göstərməsi, hormonların təsir mexanizminin üçüncü əsas cəhətidir.
Vəzilər arasında qarşılıqlı funksional əlaqənin mövcud olması hesabına orqanizmdə tənzimedici humoral sistem əmələ gəlmişdir. Bu sistemdə hipofiz həlledici rol oynayır. Mərkəzi sinir sistemi isə hipofizin funksiyasına və eləcə də bütün daxili sekresiya vəzilərinin fəaliyyətinə tənzimedici təsir göstərir. Orqanizmdə vahid neyro-endokrin tənzimedici sistem mövcuddur.
Mənbə: Tibbi biliklərin əsasları
Müəlliflər: Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Həmçinin bax: Hipofiz, qalxanabənzər, böyrəküstü və çəngələbənzər vəzlər

1 şərh

2ral
İlk postunuz çox uğurlu alınıb. Sükanı belə saxlayın.