Axşam qəbulları

Axşam qəbulları: kokteyl, a lya furşet, nahar, şam yeməyi, nahar-bufet, çay.
Kokteyl 17-18.00 radələrində başlayır və saat-yarım-iki saat davam edir. Bu tədbir təşrifat xarakteri daşıyır və hansısa hadisəni qeyd etmək və ya kimisə təbrik etmək üçün təşkil edilir. Məsələn, bu cür qəbulu etimadnamənin verilməsi, müqa­vilənin imzalanması və ya nümayəndə heyətinin gəlişi ilə bağlı keçirmək olar.
Kokteyllərdə ofisiantlar alkoqollu (adətən şampan) və alkoqolsuz içkiləri və kanape şəklində qəlyanaltılar paylayırlar. Hərdən isti yeməklər verilir və ofisiantların içkilər təqdim etdiyi bufetlər təşkil edilir.
A lya furşet qəbulu adətən kokteylə eyni vaxta keçirilir, lakin furşet qəbulunda adətən masalara qəlyanaltı və isti yeməklər düzülür. Qonaqlar masalara yaxınlaşır, özləri qəlyanaltını seçir və digərlərinə yaxınlaşmaq imkanı vermək üçün masanın yanından çəkilirlər.
Kokteyl və a lya furşet qəbulları ayaqüstə keçirilir. Təşkilatçılar qəbulun əhəmiyyəti və təmtərağını qeyd etmək istədikləri halda qəbulun sonunda şampan, dondurma, qəhvə verir, bəzən isə konsert yaxud film nümayişi təşkil edirlər. Qəbulun təmtəraqlığını dəvətnamədə xüsusi geyim formasını göstərməklə də vurğulamaq olar.
Nahar diplomatik praktikada ən şərəfli, hörmətli qəbul növlərindən biri hesab edilir. O, bir qayda olaraq, 20 yaxud 21.00 radələrində başlayır. Menyu milli ənənələri nəzərə almaqla tərtib olunur və iki-üç soyuq qəlyan­altı, birinci yemək, isti balıq və isti ət yeməklərini, desert, menyuya müvafiq quru üzüm şərablarını ehtiva edir.
Qəbul aşağısı iki-üç saat, onlardan bir saat bilavasitə masa arxasında davam edir. Sonra qonaq otağında qəhvə və çay verilir və bu zaman qonaqlar söhbətlərini davam etdirirlər. Hərdən qəhvə və çay masa arxasında da verilir.
Bir qayda olaraq, nahara dəvətdə geyim forması göstərilir.
Şam yeməyi nahardan az fərqlənən, ən hörmətli qəbul növlərindən biridir.
Xüsusən təntənəli hallarda ölkədə dövlət başçısının olması ilə əlaqədar dalbadal iki qəbul təşkil edilir: nahardan dərhal sonra ali qonaqların iştirakı ilə daha geniş iştirakçılar dairəsi üçün kokteyl yaxud furşet keçirilir.
Bir çox ölkələrdə şam yeməyinə tədbirin sahibəsi üçün hədiyyə ilə gəlirlər və çox da böyük olmayan, xüsusən qonağın, yaxud sahibənin yaşadığı ölkəyə aidiyyatı olan gözəl tərtibatlı suvenir ən gözəl hörmət əlaməti olacaq. Gülləri şəx­sən yox (sahibənin onlarla məşğul olmağa vaxtı olmayacaq), göndərmək yaxşı olar.
Əgər şam yeməyinə on nəfərdən çox adam dəvət edilirsə, əyləşdirmə planı əvvəlcədən hazırlanmalıdır. Hər qonağın masa arxasında yeri üzərində soyadı olan kuvert kartla qeyd edilməlidir. Hətta qonaqların sayı az olsa belə, bu cür atribut masanı daha cəlbedici edir.
Şam yeməyi 21.00 radələrində, bəzən daha gec başlayır. Qəbulun başlanmasına qədər qonaqlar digər dəvət olunmuş şəxslərlə tanış olur. Qonaqlardan kimsə gecikirsə, onlara şirələr, yaxud aperitiv təklif olunur, sonra hamını süfrəyə dəvət edirlər.
Ev sahibi, yaxud sahibəsi qonaqları qapı ağzında qarşılayır və onları bir-birlərinə təqdim edirlər. Əgər qonaq gecikib gəlirsə və artıq qapı ağzında nə ev sahibi var, nə də onun xanımı, qonaq onları tapıb gecikdiyinə görə üzr istəməlidir və bundan sonra onu digər qonaqlara təqdim edirlər.
Aperitiv qismində qeyd olunan yer üçün ənənəvi olan içkilərlə bahəm, quru xeres, ağ şərab, limon dilimi ilə cin-tonik, sodalı viski, yaxud «burbon» viskisi, meyvə şirələri verilir.
Qonaqlar hamısı toplaşandan və sahibəni şam yeməyinin hazır olduğu barədə məlumatlandırdıqdan sonra evin xanımı qonaqları yemək otağına dəvət edir. Rəsmi abu-havada kişilərə xanımlarını öz yerlərinə müşayiət etməyi təklif edirlər. Hörmət əlaməti olaraq kişi ondan sağda əyləşmiş xanıma kreslosunu geri çəkərək, qulluq edə bilər və bu tanışlığın başlanğıcı ola bilər.
Masa arxasında evin sahibi və sahibəsi, həmçinin bütün qonaqlar nəzarət etməlidirlər ki, qonaqlardan biri digərlərini passiv vəziyyətə qoyaraq söhbətə tam hakim olmasın. Məsələn, kişilər yemək boyu onunla yanaşı əyləşmiş hər iki xanımla, onların xüsusiyyətləri və temperamentlərindən asılı olmayaraq ünsiyyət qurmalıdır. Yeməyin gedişində müəyyən məqamda ev sahibi qonaqların şərəfinə kiçik bir tost söyləməli, qonaqlardan mövqeyinə görə böyüyü cavab tostu deməlidir.
Yemək zamanı başqalarının mümkün narazılığına səbəb olmamaq üçün siqaret çəkmək arzuolunmazdır. Əgər çəkməyə icazə varsa, bunu bütün tostlar söylənənə qədər etmək lazım deyil.
Yeməyin sonunda, bütün xörəklər masaya qoyulduqdan sonra, əsas xanım-qonaq ev sahibəsinə qalx­maq vaxtının gəldiyinə işarə edir; ev sahibəsi ayağa qalxır və bununla bütün qonaqlara ziyafətin bitdiyi işarəsini verir. Əgər kişilər iş haqqında danışmaq üçün masa arxasında qalırlarsa, onlar bir masanın qırağında qruplaşır, söhbət edir, qəhvə, desert içkiləri içir və siqar çəkirlər. Əgər qəbulda söhbətlərdə iştirak etmək istəyən xanım-diplomatlar iştirak edirsə, ev sahibi onlar üçün bu imkanı yaratmalıdır.
Qəbulu təxminən 22.30 radələrində (yerli adətlərdən asılı olaraq) içkilərin verilməsi ilə bitirmək olar. Bundan sonra əvvəl əsas qonaq, sonra isə digər qonaqlar qəbulu tərk edirlər. Əgər şam yeməyində səfir və səfirlik əməkdaşları iştirak edirsə, sonuncular missiyanın rəhbəri getməyənə qədər qəbulu tərk etmək hüququna malik deyillər. Səfirlər və digər ali qonaqları maşınlarına qədər yola salmaq lazımdır.
Bəzi ölkələrdə qəbuldan iki-üç gün keçdikdən sonra qəbula görə təşəkkür ifadə edilmiş açıqca, yaxud məktub göndərmək qəbul edilib.
Nahar-bufet 17-20.00 radələrində keçirilir. O, nahara nisbətən daha qeyri-rəsmi xarakter daşıyır və azad əyləşmə ilə fərqlənir: qonaqlar kiçik, 4-6 nəfərlik masalar arxasında öz istəyinə görə əyləşirlər. Yeməklər böyük masada, içkilər bufetdə düzülür. Qonaqlar furşet qəbulunda olduğu kimi, qəlyanlaltıları özləri seçirlər.
Bu cür qəbullar konsertdən, filmdən sonra, digər bu tipli hallarda keçirilir. Son zamanlar onlar çox populyardır, çünki ən müxtəlif zövqlərə müxtəlif pəhriz xarakterli məhdudiyyətləri nəzərə almaqla hesablanmış yeməklər vermək, həmçinin qəbul sahibi və sahibəsinin qonaqlarla daha sərbəst şəkildə ünsiyyətdə olmaq imkanı verir.

Isveç masası
tipli çoxlu qəbul növləri mövcuddur. Bu variantların birində qonaqlar 6-8 nəfərlik masalar arxasında əyləşir və birinci yemək verilir. Növbəti yeməklər artıq ümumi ma­sadan götürülür. Bu tipli rəsmi qəbullarda masaya ikinci yemək və desert də verilir. Daha qeyri-formal qəbullarda qonaqların soyadları olan kartlar dairəvi yaxud düzbucaq masalarda yerləşdirilə bilər, lakin porsiya xidməti olmur, qonaqlar özləri-özlərinə xidmət edir. Isveç masası tipli qeyri-rəsmi qəbullarda qonalar üçün yerlər təsbit edilmir və onlar arzuladıqları yerlərdə əyləşirlər. Və nəhayət, isveç masasının ən qeyri-formal variantında diplomat öz evində, yaxud mənzilində təklif edə bilər. Bu zaman qonaqlar arzuladıqları kimi əyləşirlər, hətta ayaqüstə dururlar.
Çay tipli qəbulu əksərən xanımlar üçün 16-18.00 radələrində keçirilir. Məsələn, xarici işlər nazirinin xanımı ünsiyyət məqsədi ilə yaxud diplomatik missiya başçısının gedişi ilə əlaqədar səfirlərin xanımlarını çay süfrəsinə dəvət edir. Çayla konfet və bişirmə məmulatlar, həmçinin içkilər və meyvələr verilir.
Xanımlar üçün oxşar tipli qəbul növü qəhvəyə dəvətdir. Qəhvə fincanı süfrəsində söhbət xanımlara bir-birilərinə tanımaq üçün çox səmərəli, xoş və kifayət qədər qeyri-formal ünsiyyət vasitəsidir. Bu tip qəbullar rahat vaxt – 10.-12.00 radələrində keçirilir. Minnətdarlıq ifadə edilmiş kartlar qoymaq lazım deyil.
Bəzən xanımlar üçün cur fiks tipli qəbul növlərinə rast gəlinir. Nazir, yaxud duayen, daha nadir hallarda səfirin həyat yoldaşı bütün mövsümə qonaq gözlədiyi hər həftənin eyni günü və saatını təyin edir. Dəvətnamələr bir dəfə – mövsümün əvvəlində paylanılır və bütün mövsüm, ərzində qüvvədə olurlar.
Həmçinin rəsmi və qeyri-rəsmi qəbul növlərini fərqləndirirlər. Əgər qəbula dəvət edilənlər buna sırf tutduğu mövqelərinə görə nail olublarsa, qəbul rəsmi adlanır. Qəbulda kişilər həyat yoldaşları olmadan və rəsmi vəzifələri dəvətlərinə bərabər qazandıran qadınlar iştirak edir. Fransız rəsmi ter­minologiyasına görə, rəsmi səhər yeməyi yalnız kişiləri (yaxud yalnız qadınları) ehtiva edir. Qarışıq səhər yeməyi, iştirakçıların sayından asılı olmayaraq, «intim» hesab edilir. Kişilərin xanımları ilə birgə dəvət edildiyi səhər yeməyi, dəvət edilənlərin sayından asılı olmayaraq, qeyri-rəsmi hesab edilir. Qeyd etmək lazımdır ki, diplomatik nümayəndəlik başçılarının xanımlarının dəvət edildiyi naharlar xanımlar öz həyat yoldaşları ilə rəsmi mövqeyi paylaşdıqları üçün, rəsmi qəbullar kimi nəzərdən keçirilə bilərlər.

 

7 şərh

asel
burda yeqin ki, yalnış yazmısız.20-21 radelerinde naharı da sizden eşitdim.
asel
efirden görürdük bele qebulları, her zaman mene maraqlı gelib.incelikleri bilmirdim, lap yerine düşdü. ellerinize sağlıq.
Medikamentoz
Nahar səhv etmirəmsə günün istənilən zamanı qəbul olunan yeməklərə verilən ümumi addır.Bizim dil də daxil olmaqla onu hissəvi də adlandırmaq olar.Məsələn:Səhər naharı və ya türkcə desək sabah kavhaltısı və s.
asel
mene ele gelir burda sehv edirsiz.onda günorta yemeyi (rusca obed) nece olacaq, nahar naharı? 
Medikamentoz
Günorta naharı---məişətdə bu şəkildə də istifadə edirlər.
asel
hec rast gelmemişem bu ifadeye
Medikamentoz
Nəhayət ki rast gəldiniz :)