Diplomat peşəsi

Diplomat peşəsinin yaranması XV əsrdə daimi missiyaların yaranması dövrünə, Avropada geniş yayılması isə 1648-ci ilin Vestfal müqavilələrindən sonrakı dövrə təsadüf edir.
Diplomatik vəzifələrə diplomat qarşısında qoyulan yüksək tələblərə cavab verməyən insanların yiyələnməsi hallarına tarixdə heç də az rast gəlinmir. Buna görə hərdən ironiya və hətta xoşagəlməz stereotiplər yaranır. Bir çoxları Henri Uotsonun «diplomat – vətənin xeyri naminə xaricə yalan söyləməyə göndərilmiş dürüst insandır» atmacalı fikrini söyləməyi xoşlayırlar. Bunu bəlkə də kardinal Rişelyenin dövrünə şamil etmək mümkün olsa da, hal-hazırda səfirin sözü diplomatik sənəd qədər dəyərli olmalıdır.Q.Flober «Hamıya məlum həqiqətlərin leksikonu» əsərində diplomatlar barədə ironiya ilə qeyd edir: «Gözəl karyeradır, lakin təhlükələr və çətinliklərlə doludur. Yalnız əsilzadə şəxslərə məxsusdur. Qeyri-müəyyən  əhəmiyyətli məşğuliyyətdir, lakin kommersiyadan yüksəkdir. Diplomat həmişə incə və səmimidir».
XVII əsrin fransız filosofu C.Labrüyer «Indiki əsrin xasiyyətləri, yaxud adətləri» əsərinində diplomatiyanın xarakteristikasına aşağıdakı qeyddən başlayır: əgər hökmdarların və respublikaların səfirləri və nümayəndələri  hər-hansı bir işi müzakirə etmək üçün toplaşırlar və bu iş onların rütbələrinə görə yerləşməsi və hətta sədrlik qaydası və digər formallıqlar haqqında debatlardan daha çox vaxtını alırsa, deməli, bu iş doğrudan da öz vacibliyi və mürəkkəbliyinə görə xüsusən seçilir.
Atatürkün silahdaşlarından biri, tanınmış türk yazıçısı Y.K.Karaosmanoğlu  «Məcburən diplomat» əsərinində yazırdı: «Diplomatik xidmətə keçməzdən öncə mən hesab edirdim ki, diplomatlar onlara ən parlaq qələbədə məğlubiyyəti və əksinə, ən sarsıdıcı məğlubiyyətdə qələbəni görmək imkanı verən hansısa xüsusi bir hissin köməyi ilə tarixi hadisələrin gizli yayları tapmaq kimi qeyri-adi qabiliyyətlərə malik olan adamlardır… Səhv etdiyimdə əmin olmaq üçün çox da vaxt lazım olmadı. Diplomatın həyatında özünəməxsus sınaq daşı nahar masasıdır. Məhz masa arxasında insanın əsas məziyyətləri və çatışmazlıqları aşkar edilir. Burada uğur və hörmət qazanırlar… Diplomat daima sayıq olmalı və qoyulan suala cavab verməyə hazır olmalıdır, elə cavab verməyə ki, onun cavabını nə müsbətə, nə də mənfiyə şərh etmək mümkün olsun».
Arxaik salon diplomatiyasının nümayəndələri dip­lomatın çox da cəlbedici olmayan bir obrazını yaratmışdılar. Bu obraz özünün fərdi keyfiyyətlərinin çalarlarında dəyişərək, XIX-XX əsrin bədii ədəbiyyatının bir əsərindən digərinə köçürdü.
Bu cür qiymətləndirmələrə diplomatik kadrların əsil-nəcabət, əmlak senzi, tapşırıqla və saraydaxili, hökumət, parlament və ya bank sahələrində əlaqələr əsasında seçimə gətirib çıxardı. Lakin ədəbi ironiya və acıdilliyi, lətifə xarakterli halları bir kənara qoysaq, etiraf etməliyik ki, beynəlxalq münasibətlər və diplomatiya tarixi onda öz izini qoymuş işlər və insanlardan heç o qədər də kasad deyil.
Artıq qeyd etdiyimiz C.Kambon yazırdı ki, o diplomat peşəsindən daha çoxşahəli fəaliyyət tanımır. Bu fikri inkişaf etdirərək, o, iddia edirdi ki, bu peşədə dəqiq qaydalar azdır və çox şey ənənəyə əsaslanır. Burada uğur üçün xüsusi inadkarlıq lazımdır və uğur taleyin oyunundan daha çox asılıdır; burada ciddi nizam-intizam lazımdır və insan möhkəm xasiyyətə və müstəqil ağıla malik olmalıdır. C.Kambon mənəvi nüfuzu diplomat üçün ən vacib keyfiyyət hesab edirdi.
Müxtəlif ölkələrin diplomatları bir-birlərini bir neçə il, bəzi hallarda onilliklər ərzində tanıyır və ünsiyyətdə olurlar. Onların adları informasiya materialları əsasında hökumətlərə, diplomatik qurumlara məlumdur. Diplomat digər ölkənin şəxsən tanımadığı nümayəndəsi ilə görü­şürsə – bu sadəcə görünən tanımazlıqdır. Bir qayda olaraq, onlar ikisi də əvvəlcədən bir-birləri barədə yaxşı məlumatlıdırlar.
_____________________________________
Demək olar ki, diplomatik etibarlılıq (reputasiya) beynəlxalq birjası mövcuddur. Diplomatın etibarlılığı, onun mənəvi nüfuzu, sözünə sadiqliyi, vicdanlılığı nə qədər yüksək qiymətləndirilirsə, bir o qədər o öz ölkəsinə, onu danışıqlarda təqdim edərkən, XIN mərkəzi aparatı yaxud səfirliyində işləyərək, daha çox xeyir gətirə bilər.
_____________________________________
Fəaliyyətinin xüsusiyyətinə görə diplomat öz həmyerlilərinin – müvəffəqiyyətli biznesmenlərin, istedadlı inzibatçıların və dövlət məmurlarının ən yaxşı keyfiyyətlərinə malik olmalıdır.
Ingilis diplomatı R.C.Feltxem «Diplomatın stolüstü kitabı» əsərində diplomata lazım olan peşəkar bilikləri və şəxsi keyfiyyətləri aşağıdakı şəkildə təsbit edir.
Xüsusi biliklər – öz ölkəsi anlamaq və tanımaq, bilmək deməkdir: coğrafiyasını, tarix və mədəniyyətini, siyasi, sosial, iqtisadi və demoqrafik strukturları və institutlarını, insani və iqtisadi resurslarını, kənd təsərrüfatını, sənayeni, maliyyəni – bir sözlə xarici siyasətin prioritetlərini müəyyən edən hər şey.
Digər ölkələr və öz ölkəsinin üzv olduğu regional təşkilatlar, həmçinin müasir və potensial superdövlətlər haqqında bu kimi, mümkün qədər son alınmış anlayış və bilik.
Beynəlxalq münasibətlərin mexanizmləri və qaydalarının biliyi. Bu bilik diplomatik missiyaların və konsul məntəqlərinin geniş dünya torunu, onların vəzifə, praktikası və strukturunu; ticarət və maliyyə təşkilatlarının geniş dünya torunu və bu təşkilatların fəaliyyət formalarını; Birləşmiş Millətlər Təşkilatını və beynəlxalq siyasi, sosial və iqtisadi əməkdaşlığın digər ümumdünya və regional dövlətlərarası institutlarını, həmçinin dövlətlər arasında davranış qaydalarını müəyyən edən beynəlxalq ictimai hüququn məcəlləsini; beynəlxalq institutların fəaliyyətini nizamlayan qanunvericiliyi bilməyi tələb edir. Eyni dərəcədə o KIV-nin müasir inqilabının (media-inqilab) sosial və siyasi təzahürləri barədə təsəvvürə malik olmalıdır (Feltxem R.C. Diplomatın stolüstü kitabı. S.44-45).
Diplomatların davranışı həm ictimai, həm də şəxsi həyatında qüsursuz olmalıdır. Diplomatik nümayəndələrin seçimi və təyini zamanı insanın təkcə peşəkar yox, həmçinin mənəvi keyfiyyətlərini rəhbər tuturlar.    Nümayən­dəsi qismində hörmətə layiq olmayan insanı təyin edən dövlət özünə də hörmət etmir.
_____________________________________
Danışıqların aparılması həmişə fərdi və subyektivdir. Bu diplomatik işin ən cəlbedici, eyni zamanda ən mürəkkəb tərəflərindən biridir. Məhz danışıqlar zamanı diplomatın şəxsi keyfiyyətləri və temperamenti özünü tam qabarıq şəkildə büruzə verir, qazandığı simpatiya və etibar özünü doğruldur.
_____________________________________
Diplomat üçün informasiya ilə işləmək bacarığı çox önəmlidir.
Məhz danışıqlar zamanı diplomat ağıl çevikliyini, vəziyyəti düzgün qiymətləndirmək və əlverişli məqamı seçmək bacarığını, peşəkar mahirliyini və topladığı təcrübəni nümayiş etdirə bilər. Bütün hallarda diplomat vicdanlı hərəkət etməyə borcludur. Diplomatla danışıqlar aparanlar onun öz dövlətinin adından  danışdığına və nəyə nail olmaq istədiyini bilən adam olduğuna inandıqları halda diplomatın sözlərinə fikir veriləcək, məsləhətlərinə əməl ediləcək və o yaxşı nəticələr əldə edəcək. Yox, əgər diplomatın peşəkar nüfuzu yaxud mənəvi keyfiyyətləri şübhə altına alınırsa, opponentdə yaranan inamsızlıq hissi danışıqlarda konstruktiv qərarın qəbul edilməsinə mane ola bilər. Diplomatın yalan dediyi ifşa edilsə, o tamamilə nüfuzdan düşmüş olacaq. Diplomat heç vaxt təmkinli və təvazökar olmağın vacibliyini unutmamalı, öz uğurunu vurğulamamalıdır – bu əldə olunmuş nəticələri kiçildir.
____________________________________
Diplomat, xüsusilə səfir obyektiv olmalı və sağlam mühakimə qabiliyyətinə malik olmalıdır. O, özünü sadə və anlaşıqlı dildə danışmağa öyrəşdirməli, öz bacarıqlarını polemikaya yox, qarşılıqlı şəkildə qəbul edilə biləcək qərarların nailiyyətinə yönəltməyi öyrənməlidir.
___________________________________
C.Kambon hesab edirdi ki, səfir uğur zamanı artıq səs-küydən qaçmalı, hər cür əsəbilik, coşğunluqdan qaçmalıdır və bunlar da diplomatın mütləq, ayrılmaz keyfiyyətlərinə aiddir.
Bir neçə dili bilməyən müasir diplomatı təsəvvür etmək çətindir.
Diplomat, həmçinin onun xanımı, sakit təbiətli, böyük səbrə malik olmalı və digərlərinin baxışlarına anlayışla yanaşmalıdır.
Ş.Martens yazırdı: «Ilk növbədə diplomat ədəbli olmalıdır. Bəsirətsiz ağıl  formaya həqarətlə baxdığı halda ədəb formaya qarşı hörmət tələb edir. Cəmiyyət nə qədər mədəniyyətlidirsə, bir o qədər xasiyyətlər və prinsiplər müxtəlifliklərinin yaratdığı qaçılmaz antaqonizmlər, ziddiyətlər qarşısında sərhəd rolunda çıxış edən formaya bir o qədər daha diqqətlə riayət olunur. Nəzakət yalan deyil. O, sadəcə bizə digər insanlarla münasibətlərdə rəhbər tutmalı olduğumuz ədalət və daxili təvazökarlıq barədə xatırladır. Yalnız yaramaz çevrədə eşidilmək üçün qışqırmaq lazımdır».
Şarl Moris Taleyranın fikrincə, diplomatiya sahəsində uğurlu fəaliyyət üçün lazım olan ruh və qəlb keyfiyyətləri iki kateqoriyaya bölünür. Birincisinə «ehtiyatlılıq, təvazökarlıq, tam təmannasızlıq və nəhayət, milləti xaricdə təmsil etmək və ölkə daxilində onun siyasi hüquqlarına riayət edilməsinə nəzarət etmək öhdəliklərinin bütün aliliyini, böyüklüyünü hiss etməyə vadar edən hisslərin müəyyən aliliyi aiddir. Ikinci kateqoriyaya siyasi münasibətlərin öyrənilməsinə ruhi meyllik, məsələlərin mahiyyətini tez və yaxşı dərk etmək bacarığı aiddir, çünki başqa heç bir məşğuliyyət daha tez, çox vaxt ani reaksiyanı, fikir genişliyini tələb etmir və bu qeyd olunan sahədə bütün detalların vahid tamlıqda birləşməsini ehtiva edir». 1800-cü ilin martında Fransa hökumətinə təq­dim etdiyi diplomatik karyera barədə məruzədə Taleyran qeyd edirdi ki, sadalanan bütün bu keyfiyyətlər, birlikdə götürüldüyü və təcrübə yolu inkişaf etdirildiyi halda, «diplomatın karyerası  şərəfini təşkil edirlər».
Q.Nikolson «Diplomatiya» kitabında ideal diplomatın portretini cızmağa çalışırdı. O, 7 xüsusi diplomatik qabiliyyətləri qeyd edir: düzgünlük, dəqiqlik, aramlıq, sakit təbiətlilik, səbr, təvazökarlıq, loyallıq.
Əgər diplomat istəmədən kimisə aldadır, yanlış düşünməsinə səbəbkar olursa, o, dərhal yaranmış anlaşılmazlığı düzəltməlidir. Diplomat üçün bir nömrəli qayda heç bir halda öz sözləri və hərəkətlərinə görə məsuliyyət hissinin zəifləməsinə imkan verməməkdir. Hər iki halda ehtiyatlılıq həmsöhbətə qarşı inam yaradır. Ən yaxşısı susmaq və ya açıq şəkildə məlumatsız olduğunuzu bildirməkdir.

 

1 şərh

2ral
11-ci sinifdə oxuyan şagirdlər bu yazıya baxsa mütləq 3-cü ixtisas qrupuna(beynəlxalq münasibətlər ixtisası) sənəd verəcək:)