Namaz qılanın yeri

Namaz qılanın məkanının yeddi şərti vardır:
Birinci şərt: Mübah olmalıdır.
Məsələ 875: Bir kəs qəsbi mülkdə namaz qılsa, əgər xalça və taxt, bu kimi şeylərin üstündə belə olsa, lazım ehtiyata əsasən namazı batildir. Amma qəsbi tavan altında və qəsbi xeymədə namaz qılmağın maneçiliyi yoxdur.
Məsələ 876: Mənfəəti başqasının malı olan bir mülkdə oranın mənfəətinə sahib olan şəxsin icazəsi olmadan namaz qılmaq, qəsbi bir yerdə namaz qılmaq hökmündədir. Məsələn, kirayə edilmiş bir evdə, ev sahibi və ya başqa birisi, ev kirayələyən şəxsin izni olmadan namaz qılarsa, ehtiyata əsasən namazı batildir. Yenə əgər meyit malının üçdə birini bir yerə parçalanmasına vəsiyyət etmişsə, malın üçdə biri ayrılmayıncaya qədər onun mülkündə namaz qılmaq olmaz.
Məsələ 877: Bir kəs məsciddə otursa, əgər başqası onu kənar etsə və onun yerini işğal etsə və o yerdə namaz qılsa, günah etmiş olsa da namazı səhihdir.
Məsələ 878: Qəsb edilmiş olduğunu bilmədiyi bir yerdə namaz qılarsa, belə ki, namazdan sonra o yerin qəsb edilmiş olduğunu bilərsə və ya qəsb edilmiş olduğunu unutduğu bir yerdə namaz qılar və sonra xatırlayarsa, namazı səhihdir. Amma əgər özü qəsb etmişdirsə, bunu unudaraq, orada namaz qılarsa, ehtiyata əsasən namazı batildir.
Məsələ 879: Əgər bir yerin qəsb edilmiş olduğunu və ondan istifadə etməyin haram olduğunu bilir, amma qəsb edilmiş yerdə namazın maneçiliyi olduğunu bilməzsə də, orada namaz qılarsa, ehtiyata əsasən namazı batildir.
Məsələ 880: Vacib namazını minik üzərində qılmaq məcburiyyətində olan bir şəxsin əgər mindiyi heyvan və ya yəhəri, ya da nalı qəsb edilmiş olarsa, namazı batildir. O miniyin üzərində müstəhəbb bir namaz qılmaq istərsə də, hökm eynidir.
Məsələ 881: Bir mülkdə başqa birisi ilə ortaq olan şəxs ortağının hissəsi ayrılmamış, şərikinin icazəsi olmadan, o mülkün bir şeyindən istifadə edə bilməz və orada namaz qıla bilməz.
Məsələ 882: Xums verilməmiş pulla bir mülk alsa, o mülkü işlətmək (istifadə etmək) haram və orada namaz qılmaq caiz deyildir.
Məsələ 883: Əgər mülkün sahibi dili ilə namaz qılmağa icazə versə və insan onun qəlbən razı olmamasını bilsə, o mülkdə namaz qılmaq caiz deyildir. Amma əgər icazə vermədiyi halda, insan onun qəlbdən razı olduğuna əmin olarsa, namaz qılmaq caizdir.
Məsələ 884: Zəkat və bənzəri olan haqqlardan borclu olan bir meyitin mülkündən istifadə etmək, əgər namaz qılmaq kimi o haqqları verməkdən bir zidd olmazsa, mirasçıların icazəsi ilə maneəsizdir. Yenə əgər onun borcunu verib və ya verməyə zamin olurlarsa da, onun mülkündən istifadə etməyin maneçiliyi yoxdur.
Məsələ 885: Xalqa borclu olan bir meyitin mülkündən istifadə etmək, zəkat və buna bənzər haqqlardan borclu olan bir meyitin mülkündən istifadə etməyin hökmündədir.
Məsələ 886: Əgər meyitin borcu olmazsa, amma onun mirasçılarından bəzisi kiçik və ya dəli ya da qaib olarsa, onların vəlilərinin icazəsi olmadan o mülkdən istifadə etmək haramdır və orada namaz qılmaq caiz deyildir.
Məsələ 887: Başqasının mülkündə namaz qılmaq ancaq açıqca izn verildiyi və ya namaz qılmağa da müşahidə etmiş olduğunu göstərən bir söz söylədiyi (zaman bir kimsəyə onun evində oturmağa və yatmağa izn vermiş olur ki, bundan namaz qılmağa da müşahidə etmiş olduğu anlaşılır) ya da insan ayrı bir yoldan mülk sahibinin razı olduğuna güman etdiyi təqdirdə caizdir.
Məsələ 888: Çox geniş ərazilərin sahibi kiçik və ya dəli olsa yaxud orada namaz qılmağa razı olmasa belə, orada namaz qılmaq caizdir. Ətrafında divar və qapı olmayan açıq yerlərdə də sahiblərindən icazə almadan namaz qılına bilər. Amma əgər onların sahibi kiçik və ya dəli olurlarsa ya da razı olmadığı zənn edilirsə, lazım ehtiyat olaraq onlarda namaz qılınmamalıdır.
Ikincinci şərt
Məsələ 889: Namaz qılanın məkanı, vacib namazlarda namaz qılanın ayaq üstə durmasına, rüku və səcdələri yerinə yetirməsinə mane olacaq qədər çox hərəkətli olmamalıdır. Hətta lazım-ehtiyata əsasən, onun bədəninin sükunətinə də mane olmamalıdır. Əgər vaxtın darlığından və yaxud başqa səbəbdən, məsələn; maşın, gəmi və qatar kimi hərəkət edən yerdə namaz qılmaq məcburiyyətində qalarsa, mümkün olduğu qədər qibləyə və bədənin sükunətinə riayət etməlidir.
Məsələ 890: Avtomobildə, gəmidə, qatar və bu kimi yerlərdə onların dayandığı vaxt namaz qılmağın maneçiliyi yoxdur. Həmçinin hərəkət etdiyi vaxt, namaz qılanın bədəninin aram olmağına mane olmayan tərzdə hərəkət etməlidir.
Məsələ 891: Üzərində hərəkətsiz dayanılmayan arpa, buğda tayalarında və bu kimi yerlərdə namaz qılmaq batildir.

Üçüncü şərt
Namazı tamamlaya biləcəyinə ehtimal verdiyi bir yerdə namaz qılmalıdır. Külək, yağış, camaatın izdihamı və bu səbəbdən namazını tamamlamaya bilməyəcəyindən əmin olduğu bir yerdə namaz qılmaq, hərçənd namazı tamamlasa belə, səhih deyildir.
Məsələ 892: Əgər namaz qılınması haram olan yerdə, məsələn; uçulmağa məruz qalmış bir tavanın altında namaz qılarsa, günah etməsinə baxmayaraq, namazı səhihdir.
Məsələ 893: Üzərində dayanmağı və oturmağı haram olan bir şeyin üstündə namaz qılmaq, məsələn, Allahın adı yazılmış xalçanın bir yerində əgər qürbət qəsdinə mane olursa, səhih deyil.
Dördüncü şərt
Namaz qılanın tavanı, onun ayaq üstə düz dayanmasına mane olacaq qədər alçaq olmamalı, həmçinin rüku və səcdə edə bilməyəcək qədər kiçik olmamalıdır.
Məsələ 894: Əgər ayaq üstə durmaq imkanı olmayan bir yerdə namaz qılmaq məcburiyyətində qalarsa, oturaraq namaz qılmalıdır. Əgər rüku və səcdə etməyə imkanı
yoxdursa, onlara başı ilə işarə etməlidir.
Məsələ 895: Ehtiramsızlıq olduğu təqdirdə, Peyğəmbər (s.ə.v.) və İmamların (ə.s.) qəbirlərinin qabağında namaz qılmamalıdır. Amma əgər hörmətsizlik olmasa, eybi yoxdur.

Beşinci şərt
Namaz qılanın yeri nəcisdirsə, bədən və ya libasına yetişəcək qədər yaş olmamalıdır. Amma alnını qoyduğu yer nəcis olarsa, quru olsa belə, namazı batildir. Namaz qılanın yerinin nəcis olmaması ehtiyat-müstəhəbbdir.

Altıncı şərt
Lazım ehtiyat olaraq qadın kişidən dalda dayanmalıdır. Qadının səcdə etdiyi yer, kişinin səcdə halında ikən dizlərinin yeri miqdarında olacaq qədər qadın ondan arxada dayanmalıdır.
Məsələ 896: Əgər qadın, kişinin müqabilində və ya bir az qabaqda durar və birlikdə namaza başlayarlarsa, namazlarını yenidən qılmalıdırlar. Biri digərindən qabaq namaza başlayarlarsa da, hökm eynidir.
Məsələ 897: Əgər kişi və qadın bərabər və ya qadın qabaqda dayanarsa və namaz qılsalar, divar ya pərdə ya başqa bir şey arada olsa ki, bir-birlərini görməsələr ya aralarında on zira fasilə olsa, hər ikisinin namazı səhihdir.

Yeddinci şərt
Namaz qılanın alın yeri, dizlərin və ayaq barmaqlarının başından dörd barmaqdan çox alçaq ya uca olmasın. Bu məsələnin təfsilatı səcdənin hökmlərində deyiləcəkdir.
Məsələ 898: Naməhrəm kişi və qadının, günaha düçar olma ehtimalını verdikləri bir yerdə dayanmaları haramdır. Orada namaz qılmamaları da ehtiyat-müstəhəbbdir.
Məsələ 899: Tar və buna bənzər əşyaların çalındığı bir yerdə namaz qılmaq, onları dinləmək və istifadə etməyin günah olmasına baxmayaraq, batil deyildir.
Məsələ 900: Vacib ehtiyat odur ki, Kəbə evində və onun damında ixtiyar halında vacibi namaz qılmasın, amma əlacsız halda eybi yoxdur.
Məsələ 901: Kəbə evində və damında müstəhəbb namaz qılmağın eybi yoxdur. Hətta Kəbə evinə daxil olarkən, hər rüknün qarşısında iki rükət namaz qılmaq belə, müstəhəbbdir.

NAMAZ QILMAĞIN MÜSTƏHƏBB OLDUĞU YERLƏR

Məsələ 902: İslamın müqəddəs şəriətində namazı məsciddə qılmağa dair çox tövsiyələr olmuşdur. Bütün məscidlərdən üstün Məscidul-həramdır. Ondan sonra Peyğəmbərin (s.ə.v.) məsciddir və ondan sonra Kufə məscidi, sonra Beytul-müqəddəs məscidi və sonra hər şəhərin came məscidi və sonra məhəllə məscidi və ondan sonra isə bazar məscidi yaxşıdır.
Məsələ 903: Qadınların namazlarını, istər məscid olsun və ya başqa bir yer, naməhrəmdən qorunmaq üçün daha uyğun olan bir yerdə qılmaları daha yaxşıdır.
Məsələ 904: İmamların (ə) hərəmlərində namaz qılmaq müstəhəbbdir, hətta məsciddən daha yaxşıdır. Həzrət Əmirəl möminin əleyhissəlamın mütəhhər (pak) hərəmində namaz qılmaq iki yüz min (200.000) rükət namaza bərabərdir.
Məsələ 905: Məscidə çox getmək və namaz qılanı olmayan məscidə getmək müstəhəbbdir. Məscidlə qonşu olan şəxsin üzrü olmasa, məsciddən başqa yerdə namaz qılması məkruhdur.
Məsələ 906: İnsanın, məscidə getməyən şəxs ilə yemək yeməməsi, işlərində onunla məsləhətləşməməsi, ona qonşu olmaması və ona qız verib-almaması müstəhəbbdir.

NAMAZ QILINMASI MƏKRUH OLAN YERLƏR

Məsələ 907: Bir neçə yerdə namaz qılmaq məkruhdur.
O cümlədən:
1) Hamamda.
2) Şoranlıq yerdə.
3) İnsanın qarşısında.
4) Açıq qapı qarşısında.
5) Xiyabanda və o küçədə ki, oradan keçən kəslər üçün əziyyət olmasın və onlara zəhmət vermək haramdır.
6) Od və çırağın qarşısında.
7) Aşpazxanada və od kürəsi olan yerlərdə.
8) Sidik yeri olan quyu və çala qarşısında
9) Şəkillə üzbəüz, üstünə pərdə çəkilsə istisnadır.
10) Cünub şəxs olan otaqda
11) Şəkil və heykəl (ruhu olan) olan yerdə, hətta namaz qılan onunla üzbəüz olmasa da.
12) Qəbrin qarşısında.
13) Qəbrin üstündə.
14) İkinci qəbrin arasında.
15) Qəbiristanlıqda.
Məsələ 908: Camaatın keçdiyi yerdə namaz qılan və ya namazda ikən qarşısında bir şəxs olan kimsənin, önünə bir şey qoyması müstəhəbbdir. Bir çubuq və ya ip parçası olsa kifayətdir.

 

0 şərh