Müdrik və tələbə

Qədimlərdə, hansı şəhərdəsə, ağ saçlı, müdrik bir alim yaşayırmış. Alim biliyini, gücünü, ağlını fərasətli tələbəsindən əsirgəmir, onu oxudurmuş. Günlərin birində, necə olursa, məmləkətin padşahının o qocaman alimə qəzəbi tutur, əmr verir ki, onu şəhərin meydanında daş-qalaq eləsinlər. Əmrə görə bütün şəhər əhli ona bir daş atmalı imiş. Kim atmasaymış, dar ağacından asılacaqmış.

Can şirindir, yetən o qoca alimə bir daş atır. Alim dinmir, haray-həşir qoparmır.

Gözünün biri çıxır, o məğrurluqla susur. Başı yarılır, cınqırını da çıxarmır. Bu ara onun otuz il dərs dediyi tələbə gəlir, Padşah öz taxtından, müəllim isə daş-kəsək arasından ona baxır. Tələbə odla su arasında qalır… Vursun, necə vursun, axı onun sevimli müəllimidir. Vurmasın necə vurmasın, padşah o saat dar ağacından asdıracaqdı. O, çox fikirləşir, axır naəlac qalıb əyilir, yerdən bir qum dənəsi götürüb, yavaşca öz müəlliminə sarı atır. Bu dəm bayaqdan məğrur-məğrur susan o müdrik qoca dəhşətlə elə qışqırır ki, padşah taxtında, adamlar, isə meydanda sarsılırlar. Hamı təəcüb eləyir; nə oldu ki, o belə qışqırdı? Padşah əlini qaldırır, meydana sükut çökür.

Padşah yarımcan qocanı yaxına gətirib soruşur ki, ey qoca sənə nə oldu belə qışqırdın? Axı bayaqdan susurdun!..

Qoca əli ilə gözünün üstünü örtən qanı silib deyir:

— Bax, o başını aşağı salıb dayanan adam mənim tələbəmdir. Mən ona otuz il dərs demişəm. Bayaqdan məni tanımayanlar, yaxşılığımı görməyənlər daş atırdılar, dözürdüm. O – mənim sevimli tələbəm isə mənə daş atmadı, qum dənəsi atdı, xırdaca bir qum dənəsi!.. O qum dənəsi mənim ürəyimə deydi, canımı yandırdı… Məni daş-kəsək öldürməzdi, ancaq, o qum dənəsi öldürəcəkdir!..

loading...
 

7 şərh

pascal
Ən sağalmaz yara, çəkilməz ağrı — sevdiyin insandan aldığın «zərbədən» yaranır. 
reality_man
Məncə elə də düşündürücü hekayə deyil. Tələbəsi ona görə daş  əvəzinə xırda qum dənəsi atıb ki, onu incitməsin. Əgər soruşsaydılar ki, niyə qum dənəsi atıb, yəqin daşın ölçülərinin konkret tapşırılmadığını xırdalayacaqmış, Bunu isə ona müəllimi öyrədib. Bu hərəkətdən sonra müəllimin belə vay-şüvənə salmağı çox mənasızdır.
pascal
Burda söhbət şagirdin daş və ya qum dənəsi atmağından getmir ki. O müəlliminə toz dənəsi atsaydı da belə, onun əl qaldırmağı müəlliminin, türklər demiş, «bitməsidir».
reality_man
Müəllim onsuz da tələbəsini öyrədib ki, onun ənənələrini davam etdirsin, əgər o qum dənəsini atmasaydı tələbənin  boynunu vuracaqdılar, müəllim də bu tərəfdən can verib öləcəkdi. Onda 30 il ərzində öyrətdiklərini kim istifadə edəcəkdi bəs??? Gərək müəllim onu başa düşərdi.
BaRLeLiTa
Siz bu hekayəni başqa hekayə ilə niyə tutuşdurursunuz ki? Hər-halda tələbəsinə bu üsullu öyrədmiş olsaydı, onun tələbəsinin bu hərəkkəti müəlliminə bu qədər təsir etməzdi, etsədə səssiz qalardı. Çünki bu üsül onun özünün tərəfindən öyrədilmiş bir üsül olardı. Ayrıca bu hekayədə fikrim müəllimin qəzəbini göstərmək yox, bir gün ən sevimli, üstündə haqqımız olan insandan zərbə ala biləcəyimizi hər birimizə düşündürmək və o anda təmkinli səbirli olmağa çağırış etmək istəyi idi. Həyatda gözləmədiyimiz insanlardan gözləmədiyin hərəkkətlər görməməyə sığortalı deyilsən. Sizin üçün mənasız ola bilər. Mənim üçün böyük anlam daşıyan olduğu üçün paylaşdım. Yenədə oxuduğunuz üçün təşəkkür.
Frngz
Mence burda qocanın kederlenmesi yersizdir çünki otuz il erzinde talebesine öyretdiklerinin qarşılığıdır telebesinin mentiqini çalışdırıb ne özünün ölmesine nede müelliminin ölmesine göz yumdu... 
seyidova
Can qorxusundanmı yoxsa vicdanının olmamasındanmıdır bilmirem insanlar beledi.Hemişe bele olub,olacaqda.