Artıq neçə gündür ki, yaşayıram
«Anamın qarnında oturmuşam, doqquz aydan sonra doğulacağam. Anam məni sevir, qayğımı çəkir. Tez-tez həzin musiqiyə qulaq asır və mən də onunla birlikdə həzz alır, çox vaxt da elə musiqi dinləyərək yuxuya gedirəm. Hər axşam atam işdən gəlir. Anamı qucaqlayır və yaşadığım qarnı sığallayır.
Bilirsinizmi, mən doğulanda dünyanın ən bəxtəvər ailəsi olacağıq — axı mən onları çox, lap çox sevirəm! Anam vaxtının çox hissəsini evdə keçirir. Amma günorta saat 1-dən axşam 5-dək məktəbə gedir. Onun indi çoxlu şagirdləri olmasa da, uşaqlar anamı lap çox istəyirlər. Eyb etməz, mən doğulandan sonra anamı indikindən də artıq sevəcəklər.
Məktəbdən qayıdandan sonra anam yemək yeyir, onunla bahəm mən də yeyirəm. Hər şey elə dadlıdır ki! Sonra anam televizora baxır, nə isə toxuyur, dərslərə hazırlaşır. Günlərimiz adətən belə keçir.
Axşam atam işdən gəlir, yemək yeyir, dincəlir və yatmağa gedir.
Atam elə həlim, gözəldir ki! Doğulmağa tələsirəm — hər axşam atamı qucaqlayar, öpər, sonra da onunla oynayardım.
Əla olardı, hə!
Hər gün böyüyürəm. Əllərim, ayaqlarım var artıq. Hər şeyi görür, hiss edirəm. Atamla anam yəqin ki, bunu hələ bilmirlər. Onların nə etdiklərini görürəm, amma onlar anamın bətninə baxıb mənim nə etdiyimi görmürlər. Bir anlıq da olsa, anamın qarnından çıxmaq, onu və atamı öpmək, sonra yenidən bətnə dönmək istərdim.
Amma yox, hələ balacayam. Balaca uşaqlar isə ananın qarnında oturmalı, dəcəllik etməməlidir.
Ardı →