JİDDU KRİŞNAMURTİ-“İLK VƏ SON AZADLIQ”

Jiddu Krişnamurti ( 1895-1986), Hindistan əsilli məşhur filosof, natiq və yazıçıdır. 14 yaşında, “Teosophical Society” tərəfindən “dünya müəllimi “seçilmişdir. Həyatını, bütün dünyanı dolaşaraq, insanlarla həyata və dünyaya dair söhbətlər edərək keçirmiş, lakin onları hansısa bir dinə çəkməmişdir. Dünya üzərindəki milyonlarla insan, fərqindəliyin işığını yaymağa çalışan bu insandan çox şey öyrənmişdir. “İlk və son azadlıq” kitabında, Jiddu Krişnamurtinin  müxtəlif  mövzular barədə fikirləri ilə tanış ola bilərsiniz.

KİTABDAN SEÇMƏLƏR: 

Sevgi haqqında”
Bir çoxumuz üçün sevgi nə anlam daşıyır? Birinə sevdiyimizi dedikdə nəyi nəzərdə tuturuq? O insana sahiblənməyi nəzərdə tuturuq. Bu sahiblənmədən də qısqanclıq yaranır, onu itirsəm, nə baş verər? Özümü boş, kimsəsiz hiss edərəm, ona görə də bu qısqaclığı qanuniləşdirirəm, ondan bərk-bərk yapışıram. Bir kimsədən bərk yapışmaqla, həmin insana sahiblənməklə qısqanclıq, qorxu və saysız-hesabsız münaqişələr yaranır. Belə bir sahiblənmənin sevgi olmadığı açıq-aşkardır, elə deyilmi?
Həssaslıq və emosionallıq eqoizmin bir növüdür. Hisslərlə dolu olmaq sevgi deyil, çünki həssas insan hisslərinə cavab almadıqda, öz hisslərini ifadə edə bilmədikdə qəddar bir adam ola bilər.
Sentimental, öz dini uğrunda göz yaşları tökən bir insan, sevgi hissindən məhrumdur.
Əsl hörmət olmayan yerdə sevgi yoxdur, istər xidmətçiniz olsun, istərsə də dostunuz olsun, əgər siz ona hörmət etmirsinizsə, burada sevgi yoxdur.
Özünüzdən aşağı hesab etdiyiniz qulluqçunuza qarşı sayğılı, mərhəmətli və səxavətli deyilsiniz, bunu nə vaxtsa müşahidə etmisiniz? Siz ancaq özünüzdən yüksəkdə duran şəxslərə hörmət edirsiniz: müdirinizə, milyonçuya, böyük evi olan adama, yüksək titullu insana, sizə yüksək vəzifə verə bilən adama hörmət edirsiniz. Ancaq sizdən vəzifəcə aşağı olanları vurursunuz, onlarla danışmağa xüsusi diliniz var. Ona görə də hörmət olmayan yerdə də sevgi yoxdur, mərhəmət, şəfqət, rəhmdillilik olmayan yerdə sevgi yoxdur.

Əgər həqiqətən də hörmət edirsinizsə, o zaman ən aşağı təbəqəyə də yüksəkdəkilərə qoyduğunuz hörmətlə yanaşın: belə olmadığınız müddətcə sevgi də olmaz.

«Nəyin axtarışındayıq?»
Problem ondadır ki, biz çox səbrsizik. İrəli getmək, bir nəticə əldə etmək istəyirik, ona görə də özümüzü incələməyə, nə də dərk etməyə vaxtımız var. Buna  alternativ olaraq, müxtəlif fəaliyyətlərə daxil oluruq- pul qazanmağa, uşaqlarımızı böyütməyə çalışırıq. Özümüzdən o qədər uzaqlaşmışıq ki, özümüz haqda düşünməyə, özümüzü müşahidə etməyə, öyrənməyə vaxtımız yoxdur.
Özünü dərketmənin bir sonu yoxdur – bu məsələdə bir uğur əldə edə və ya bir nəticəyə gələ bilmərsiniz. O sonu olmayan bir çaydır. İnsan onu öyrəndikcə, ona daldıqca, hüzur tapar.

«Özünü dərk etmək»
Özünü dərk etmə prosesi bizə başqa bir insan tərəfindən aşılana bilməz, hansısa bir kitabdan yararlanaraq bunu əldə də bilmərik. Onu kəşf etməliyik, kəşf etmək üçün də ortada niyyət, axtarış, araşdırma olmalıdır. O öyrənmə, dərin şəkildə araşdırma zəif olduğu və ya ümumiyyətlə olmadığı zaman səthi şəkildə özünü dərk etmə istəyinin də bir mənası yoxdur.
Cəsarət çox vacibdir, bu insanı azad edir. Ancaq cəsarətlə kəşf edə bilər, yaşaya bilərsiniz.
Yaradıcılıq ancaq insanın özünü dərk etdiyi zaman var.

«Təhsilin Funksiyası»
Zəkanın nə olduğunu bilirsiniz? Əlbəttə, azad şəkildə, qorxmadan, heç bir düstura bağlı olmadan düşünmə tutumudur ki, beləcə nəyin gerçək, nəyin doğru olduğunu öz-özünüzə öyrənməyə başlayarsınız. Lakin qorxsanız, əsla ağıllı ola bilməzsiniz. Maddi və ya mənəvi hər cür ehtiras narahatlıq və qorxu doğurur. Bu səbəblə, ehtiras sadə, açıq, bilavasitə və ağıllı bir zehin yaratmağa kömək etməz.
Həyat çevirdiyimiz bu çirkin şey deyil, həqiqətən çox gözəl bir şeydir və onun zənginliyi, dərinliyi, qeyri-adi gözəlliyini, ancaq hər şeyə qarşı – təşkilatlı dinlərə, adətə, bugünkü çürümüş cəmiyyətə – üsyan edəndə təqdir edə bilərsiniz  və beləcə, insan olaraq həqiqəti öz-özünüzə öyrənərsiniz. Təqlid etmək deyil, kəşf etmək – təhsil budur, elə deyilmi? Cəmiyyətinizin,valideynlərinizin və ya müəllimlərinizin sizə dediklərinə qulaq asmaq çox asandır. Bu etibarlı və asan bir varolma yoludur, amma yaşamaq deyildir. Çünki içində qorxu, çürümə və ölüm vardır.Yaşamaq, həqiqəti öz-özünüzə tapmaq deməkdir və bunu ancaq azad olanda, daxilinizdə içə çevrili daimi bir inqilab olanda edə bilərsiniz.

«Tanrıya inanmaq haqqında»
Bəs həqiqət nədir? Tanrı nədir? Tanrı söz deyil, cisim də deyil. Ölçülməyəni, zamana aid olmayanı bilmək üçün ağıl zamandan asılı olmamalıdır və bu da ağlın bütün düşüncələrdən, tanrı haqqındakı fikirlərdən qurtulması anlamına gəlir. Tanrı və ya həqiqət barəsində nə bilirsiniz? Bu həqiqət haqqında heç nə bilmirsiniz. Bütün  bildiyiniz sözlər,  başqalarının təcrübələri,  ya da daha özünüzün belə anlamadığınız təcrübələrdir. Bu, qətiyən tanrı deyil, həqiqət deyil, zamandan kənarda deyil. Zamandan kənarda olanı bilmək üçün zaman prosesi, yəni düşüncə, nəsə olma prosesi, bilik anlaşılmalıdır. Bu, ağlın arxa planıdır. Ağlın özü arxa plandır. Şüurlu və şüursuz, həm kollektiv, həm də fərdi. Bu səbədən ağıl bilinəndən azad olmalıdır ki-bu da ağlın tamamilə səssiz olması deməkdir-tanrını dərk etsin.

«Münasibətdə olmaq və yalnızlaşma»
Sərhədləriniz olduğu müddətcə- dini, milli, sosial və ya iqtisadi sərhədlər –dünyada heç bir zaman sülh ola bilməz. Bu danılmaz bir faktdır.
Güc axtarışında olmaq təbii olaraq həm də yalnızlıq deyilmi? Məncə, bunu anlamaq vacibdir, çünki sülh dünyası, müharibələrin, dəhşətli qırğınların və saysız-hesabsız səfalətlərin olmadığı bir dünya istəyən insan bu vacib məsələni anlmalıdır,elə deyilmi?
Sevən, mehriban insanın hakimiyət hissi olmur və buna görə də belə bir insan hansısa bir milliyətə, bayrağa bağlı bir insan deyil. Onun bayrağı yoxdur.
Milliyətçilik bir bəladır,çünki milliyətçilik, patriotçuluq ruhu ilə o insan təcrid divarı quracaqdır. Ölkəsinə o qədər bağlıdır ki, başqalarına qarşı divar hörmüşdür. Bir şeyə qarşı divar hörsəniz, nə baş verər? Həmin o şey daima divara çırpılmağa davam edər. Bir şeyə müqavimət göstərdiyiniz zaman həmin müqavimət onu göstərir ki, siz digəri ilə qarşıdurmadasız. Beləliklə də təcridolunma prosesi olan və güc axtarışının nəticəsi olaraq meydana gələn milliyətçilik də dünyada sülh yarada bilməz. Milliyətçi olan və qardaşlıqdan danışan adam yalançıdır, paradoksal həyat yaşayır.
İnsanın bir başqasıyla münasibət quraraq özünü dərk etməsi vacib məsələdir. O zaman bu münasibət təcridedici bir proses deyil, öz məqsədlərinizi, öz düşüncələrinizi, öz amalınızı kəşf etdiyiniz bir hərəkət olar və o kəşfin özü azadlığın və dəyişmənin başlanğıcını qoyar.

«Milliyətçilik haqqında»
Milliyyətçilik, çöl dünyada insanlar arasında ayrılıqlara, sinifləndirmələrə, savaşlara və çöküşə gətirib çıxarır; əgər diqqətlə baxsanız, bunun belə olduğunu görərsiniz.

«Dua və meditasiya haqqında»
İnsan özünü dərk edəndə doğru düşünür və əməlləri də doğru olur.

«Müharibə haqqında»
Müharibənin səbəbi əlbəttə ki, güc, mövqe, prestij və pul arzusudur; bundan əvvəl milliyətçilik adlanan xəstəlik, yəni bir bayrağa tapınmaq; bir də mütəşəkkil din adlanan xəstəlik, hansısa bir doqmaya tapınmaq da müharibəyə səbəbdir. Bütün bunlar müharibənin səbəbləridir; siz bir fərd olaraq mütəşəkkil dinlərdən hansısa birinə mənsubsunuzsa, güc arzulayırsınzsa, qısqancsınızsa,  sonu çürümə olan cəmiyyət yaratmağınız qaçınılmazdır. Ona görə də hər şey sizdən asılıdır, liderlərdən deyil. Bütün bunlar sizdən və məndən asılıdır, amma belə görünür ki, biz bunun fərqində deyilik. Bir dəfə atdığımız addımın məsuliyyətini hiss etsək, bütün bu müharibələrə, bu qorxunc səfalətə necə də tez son qoyardıq.
Dünyada sülh yaratmaq, bütün müharibələri dayandırmaq üçün hər bir fərd, siz və mən iç dünyamızda inqilab etməliyik. İç dünyada bu inqilab olmadan iqtisadi inqilabın mənası yoxdur, çünki aclıq psixoloji hallarımzın – acgözlük, qısqanclıq, ədavət və sahiblənmə kimi – yaratdığı iqtisadi şərtlərin nəticəsidir. Kədərə, aclığa, müharibəyə son vermək üçün psixoloji bir inqilab olmalıdır, amma çox az insan bunlarla üzləşməyə hazırdır. Sülh haqqında müzakirə apara, yeni qanunlar hazırlaya, yeni birliklər yarada bilərik, Birləşmiş Millətlər və s. kimi… amma sülhə çata bilmərik, çünki vəzifəmizdən, hakimiyyətimizdən, pulumuzdan, mülkümüzdən, axmaq həyatlarımızdan əl çəkmək istəmirik. Başqalarına bel bağlamaq, çox faydasızdır; başqaları bizə sülhü gətirə bilməz. Heç bir lider, heç bir hökümət,  heç bir ordu, heç bir ölkə sülhü bizə verə bilməz. Sülh ancaq içdə olacaq və bu da çöl dünyada bir çevrilmə yaradacaq. İç dünyada çevrilmə təcrid olunmaq deyil. Əksinə, ancaq düzgün düşüncə olduğu zaman düzgün əməl oluna bilər; özünü dərk etmə olmadığı zaman düzgün düşüncə də olmaz. Özünü dərk etmədən sülh ola bilməz.
Çöl dünyadakı müharibəyə son vermək üçün öz içinizdəki müharibəyə son verməyə başlamalısınız. Sizlərdən kimsə başını aşağı salaraq «razıyam» deyəcək və çölə çıxıb son 10 ya da 20 ildə etdiyinizi yenə də təkrarlayacaqsınız. Razılığınız  sadəcə sözdədir və bunun heç bir mənası yoxdur, çünki dünyadakı səfalət və müharibələr sizin heç bir məna kəsb etməyən razılığınızla dayanacaq deyil. Onlar yalnız təhlükənin fərqinə vardığınız zaman, məsuliyyətinzin fərqinə vardığınız zaman, onu başqa birisinin öhdəsinə buraxmadığınız zaman duracaq. Əzabın fərqinə varsanız, təxirəsalınmaz işlərin vacibliyini görsəniz və onu təxirə salmasanız, o zaman özünüzü dəyişdirə bilərsiniz; sülh ancaq hüzurlu olduğunuz zaman, qonşunuzla sülh şəraitində olduğunuz zaman yaranar.

«Var olan» a təslim ol.
Biz var olanı anlamaq, dərk etmək istəmirik, var olana önyarqı, qınama, eyniləşdirmə eynəkləri ilə baxırıq; var olana baxmaq üçün bu eynəkləri çıxararaq baxmaq çox çətindir. Şübhəsiz ki, var olan həqiqətdir, doğrudur və bundan başqaları qaçışdır, həqiqət deyil.Var olanı anlamaq üçün ikiliyin mübarizəsi sona çatmalıdır, çünki var olandan başqa bir şey olma şəklindəki mənfi reaksiya var olanın anlaşılmasını inkar edir.
Qınamadan, ya da bir ad qoymadan dərk etməliyik. Davamlı olaraq, qınayan və etiketləyən bir zehin dərk edə bilməz; sadəcə içində saxladığı bir şeyi anlaya bilər. Var olanı anlamaq, dərk etmək, var olanın fərqində olmaq fövqəladə dərinlikləri ortaya çıxarır. Həqiqət, xoşbəxtlik və sevinc buradadır.

Mənbə:www.fitret.az

 

0 şərh