"Özüm üçün darıxmışam..."

Ən böyük xəyalı
böyümək olan özüm üçün darıxmışam...
Böyüdüm, kiçilmək istədim,
uşaqlaşmaq
yenə də uşaqlar kimi qəhqəhə çəkib
ürəkdən gülmək istədim...

Ən böyük istəyi
doyunca oynamaq olan özüm üçün
darıxmışam
oynaya-oynaya böyüdüm
anladım ki özüm də bir oyuncaqmışam
Fil olub piyadaları sıradan çıxarmağıma
qürrələnərkən –
Şahmatdakı kimi -
qüdrətli bir əlin oyuncağı olduğunu
anlamamışdım...

Ən ağır dərdi
yatmaq olan özüm üşün darıxmışam...
Böyüdüm,
saxta laylalar belə yuxuya verdi məni
Elə dərindən yatdım ki
həyatın ən səs-küylü zəngləri belə oyada
bilmədi
yatdım, qaldım
yox, yox, işə deyil, həyata gecikdim...

Ən böyük xəyanəti
dərsdən qaçmaq olan özüm üçün
darıxmışam...
İlk qaçışım çətin oldu,
yadımdadı
Dərs mənə tərs gəldi
qaçdım
indi həqiqətlərdən qaçdığım kimi...

Ən böyük cinayəti
qənddandan qənd oğurlamaq olan özüm
üçün darıxmışam
Şirinlərdən xeyir gəlmədi heç zaman,
marça-marçla yediyim qəndlər dişlərimi
çürüdüb, tökdü
günahı siçanın boynuna atdı atam,
anam...

Ən böyük qorxusu
üst-başını bulamaq olan özüm üçün
darıxmışam
anamdan elə qorxardım ki...
Böyüdüm, ruhumu buladım
anam dinmədi
dinə bilmədi
dindi, bilmədim
ölmüşdü...

Ən qəddarlığı
həyətdəki pişiyin ayaqlarını
biri-birinə bağlamaq olan özüm üçün
darıxmışam
Elə məsum günahlarım var idi ki...
Böyüdüm
günahlarım ayaqlarımı bağladı
haqqa doğru gedə bilmədim...

Darıxmışam
Illər öncə itirdiyim
o sevincli üzüm üçün darıxmışam
Sənin üçün məndən gedən
Səndə qalan özüm üçün darıxmışam...
Darıxmışam...

...Doğularkən ağlayırmışam deyərdi anam
Sənə mənim öyrətmədiyim yeganə şey
ağlamaqdı deyərdi...
Gülməyi isə sonradan mənə həyat öyrətdi
Və mənim ilk öyrəndiyim saxtakarlıq gülmək
oldu...

İlqar Kamil
 

5 şərh

kurdamir
Maraqlı şeirdir... 
Səs yazısı:  bit.ly/1PAmMef
postskriptum
MEN SEIRI SEVMIREM… AMMA BUSIRE BAYILDIMMMMMMMMMMMMMMMMM…
beautiful
Digərləri kimi Azərbaycan sözlərini doğru yazsanız daha yaxş olar… :)