Xalid Ziya Uşaqlıgil

XIX-XX əsr türk ədəbiyyatının görkəmli nümayəndəsi, Türkiyədə roman janrının qurucuları sırasında adı hörmətlə yad edilən yazıçılardan biri də Xalid Ziya Uşaklıgil olub. O, “Sərvəti-fünun” ədəbi cərəyanın böyük nəsr ustası kimi tanınıb. Erkən çağlardan fransız dilini, daha sonra ingilis, alman, ərəb və fars dillərini öyrənib. Fransız ədəbiyyatının təsiri altında yazmağa başlayıb. Eyni zamanda milli ədəbiyyat və milli düşüncədən uzaq düşməyib.

Xalid Hacı Halil oğlu Ziya 30 iyul 1866-cı ildə İstanbulda zəngin bir ailədə dünyaya göz açır. Atası onu hərbi təmayüllü məktəbə (Rüştiyə) qoyur. Bir müddət sonra İzmirə köçürlər. Burada təhsilini özəl məktəbdə fransız bölməsində davam etdirir. 1884-cü ildə orta təhsilini başa vurur və atasının ticarət şirkətində fəaliyyətə başlayır. Sonra İzmirdə ədəbiyyat müəllim kimi işləməyə başlayır. Müəllimliklə bərabər mətbuatda tez-tez çıxışlar edir, ədəbi yaradıcılığa meyil edir. Xalid Ziya əsl-kökcə Uşaklıq qəsəbəsindən olub. Buna görə də özünə Uşaqlıgil təxəllüsünü götürüb. Ədəbiyyat aləmində Xalid Ziya Uşaklıgil kimi tanınıb.

O, əsərlərində təsvir etdiyi hadisələri gerçək həyatdan götürür. Ən böyük əsəri 1896-cı ildə yazdığı “Aşkı-məmnu” (“Gizli eşq”) romanıdır.

Əsər böyük maraq doğurur, ədəbi tənqidin diqqət mərkəzində olur. Təsadüfi deyil ki, sonralar roman əsasında iki televiziya filmi (serial) çəkilib. “Aşkı-məmnu” romanının ən qüvvətli tərəfi onun təsvir etdiyi qəhrəmanlardır. Əsərdə diqqətçəkən obrazlardan biri Bəhlul obrazıdır. O, eşq macəraları ilə yaşayan bir gəncdir.

Yüz il əvvəl yazılan romanın qəhrəmanları bu gün də müasirdirlər. “Mai və siyah” romanında da müəllif qəhrəmanları yaşadıqları mühitə uyğun olaraq təqdim edir. Romanlarında yalnız İstanbuldan bəhs edən yazıçı hekayələrində Anadolu və kənd həyatına, qəsəbələrdəki yaşayışa daha çox yer ayıraraq İstanbul xaricinə çıxır.

Xalid Ziya Uşaqlıgilin sonrakı ədəbi yaradıcılığında “Nemide”, “Bir ölünün dəftəri”, “Ferdi ve Şürekası”, “Mai ve siyah”, “Qırıq həyatlar” və s. romanlar, “Bir yayın tarixi”, “Solğun demet”, “Bir hikaye-i sevda” və s. hekayələr qələmə alır. Bu bir-birindən maraqlı əsərlər yazıçıya uğur gətirir. Şöhrəti ölkə hüdudlarını aşır.

Xalid Ziya Uşaqlıgil 27 mart 1945-ci ildə, 79 yaşında İstanbulda vəfat edib.

Savalan Fərəcov

0 şərh