Depressiya/Şiringül Musayeva.(3-cü hissə)

  -Nə  var ,nə  yox, Cavad  müəllim, çoxdandır   görünmürsüz?   Nə   vaxt  gəldiniz  Türkiyədən?
-Bir  ay  olar   ki,  burdayam
-Necəsiz?-  Nazim  doktor  diqqətlə  Cavad   müəllimi  süzdü. Ağrı –acınız  varmı?
-Yoxdur.
-Əla. İndi   sizi  yoxlayaram.-Nazim  həkim  biruzə  verməsə  də  Cavad  müəllimin rəngindən  heç  xoşlanmadı.
Müayinədən  sonra  həkim  bir  qədər  rahatladı
-Bir şeyiniz  yoxdur.
-....
-Sevgilinizin  yanına  qayıda  bilərsiniz.(Nazim  həkim   Onun  sevgilisi   olduğunu   bilirdi)
-....
-Sevinmirsiz?
-Sevinəndə...
-Yoxsa  başqasını   tapdı?
-Elə  qadın  deyil.
-Bəs  qəmginliyinizə   səbəb  nədir?
-Nə  deyim ,doktor.  Artıq   əvvəlki  kimi –yəni  gizli  əlaqə  istəmirəm.Qanuniləşdirməyə  də cürətim  çatmır.
-Qanuniləşdirmək  lazım  da  deyil.  Necə  yaşamısınız  elə  də  davam  edin.
-Bu   düzgündürmü? Tanrının  yanına  hansı  üzlə  gedəcəyəm.
   -Cavad  müəllim! Cavad  müəllim! Tanrının   elçisi  peyğəmbər(s)   bunu   yeddinci   əsrdə  qanuniləşdirmişdi; siğə,  dörd  arvad ,nə bilim nələr. Əgər   kişi  bir  qadınla  kifayətlənə bilərsə  bunlar  olmazdı. Əslində   peyğəmbər(s)   çox  ağıllı  adam  olub; çoxarvadlılıqla , siğə ilə  anarxiyanı ,pozğunluğu  yığışdırıb. Kişi   uzaqbaşı  dörd  arvad  saxlaya  bilərdi. Özü də  bunu  qanuniləşdirməli idi. Siğə  də ,kəbin də kişinin  boynuna  müəyyən  öhdəliklər  qoyurdu. Kişi  hər  dəfə  evlənməmişdən  qabaq  götür –qoy  edirdi; o, bu  arvadı  saxlaya  biləcəkmi? Onu   maddi və mənəvi  cəhətdən  təmin  edə  biləcəkmi?  Əvvəlki  arvadın  haqları  tapdanmayacaq  ki? Din  həm  qadını  müdafiə  edir ,həm  də  kişinin  anadangəlmə  istəyini  təmin  edirdi. Sovet  hökuməti   dini ,dinlə  bağlı  bir  çox  şeyləri  yığışdırdı .İnsanlara   bir  tabu ,sədd  qoydu.  Sonradan  geri  qayıdan   bu  kapitalizm  hər  şeyin  başını  açıb  buraxdı.
   -İndi   çoxları  dinə  qayıdır.-Cavad   müəllimin  səsində  bir  istehza  var  idi.
— .Din  əslində  özü  də  bir  qanundur-insanları   idarə  etmək  üçün , onların  özbaşınalığını   yığışdırmaq  üçün  bir  qanun  .Hər  hansı  bir  quruluş ,bu  quruluşun  müəyyən  etdiyi  qanunlar   bir  dövrü  əhatə  edir  .Din  isə bir  növ  bütün  dövrləri  ,zamanı  əhatə   edir .Cavad   müəllim, nə   isə   dindarlardan  narazısınız.  Hətta  onların   adı  çəkiləndə   istehza  etdiyinizi   də  hiss  edirəm.
-Mən  kiməm  ki...Mən  sadəcə  tək  dindarlardan  deyil   elə  bütün  insanlardan  narazıyam.
-Nə  üçün  Cavad  müəllim ?
   -Əşi,  şəhərə  çıxmaq  mümkün  deyil. Nə  qədər  ev  alqı- satqısı  olar  ,nə  qədər  ğözəllik  salonu  olar ?  Nə qədər  market  olar .Millət  ancaq   ofis  açmaqla  məşğuldur .Heç  torpaqları  düşünən  yoxdur .Vətəni  düşünən   yoxdur
Hamı  pul  qazanmaq,  varlanmaq  istəyir
   -Əvvəla   bütün  millətlər  pul  qazanmaq,  varlanmaq  istəyir  .İnsan   fitrətən  varlı  olmağa  ,  yaxşı  yaşamağa   meyillidir  .Sovet  dövründə, xüsusən  ilk  dövrlərdə  insanlar  varlı  olduğu  üçün  suçlanırdı  .İndi  isə  heç  kimi  varlı  olduğuna  görə  suçlamırlar. Varlı  insanlar  müəyyən  imtiyazlara  malikdirlər  .Yetmiş  il  əzilən  ,  sıxılan  bu  millət  indi  azadlığa  çıxıb .  Ona  görə  də   yetmiş  faiz  insan  varlanmaq  istəyir  .
  -Millət  o   zaman  millət  olur  ki  ,  hər  kəsin  içində  bir  patriot  yetişsin  .Bizdə  isə  yetmiş  faiz  insanın  içində  doymaq  bilməyən  bir  canavar  var  .
-Cəmiyyət, əslində, kütlədir,  Cavad  müəllim. Kütlə  heç  vaxt  hərtərəfli  düşünə  bilməz  .Bəzən  kütlə  ona  verilən  azadlıqdan,  şəraitdən   düzgün istifadə  edə  bilmir.
    -Lakin   cəmiyyətin    fikri  həmişə  insan  həyatında  həllledici  rol  oynayır.
-Təqsir  kimdədir,  Cavad  müəllim?  Bax  cəmiyyətin  bir  üzvü  də  sizsiniz  ,sevdiyiniz var, onu çox  sevirsiniz, onun  sizə çox ehtiyacı var, o bu  dəqiqə sizə  möhtacdır, evlənin  onunla, hər şeyi    qanuniləşdirin.
-...Gecdir...
-Vaxtında  edəydiniz...
-Vaxtında … .Mənim  vaxtımda  bu  qadağan  idi.
-Bəs  indi ...
-   İndi  də  gecdir  .Camaat  mənə  gülər. 
 -Nəysə  ,Cavad  müəllim  ,sizə  uğurlar.
-Hələlik...
                                                   
 
    
 
                                                       xxx
    Nadimə   işə   gələndə  idarədə   işçilər  arasında   bir  qarmaqarışıqlıq  ,narahatçılıq   gördü. Məlum  oldu  ki,  onların   idarəsini   kimsə   özəlləşdiribmiş  ,indi  də  satıb. Kim  daimi   işçidirsə   ona   haradasa   başqa  yerdə   iş  verirlər.  Kim  müvəqqəti   işçidirsə   işsiz   qalır.  Nadimə   axır  vaxtlar   ona   qarşı  yeridilən  sıxışdırma  əməliyyatının  mənasını   indicə  anladı( O  müvəqqəti   işçi   idi.)
. Həyəcanla   Məlahətə  yaxınlaşdı
-Bu   nə  məsələdir ?
-Bəs   sən  bilmirdin  ki ,idarə   özəlləşib ?
-Yox  ,bilmirdim.
-Gedərsən  özünə  iş  taparsan .Əgər  tapmasan   -səsini   alçaltdı –sənin  iki  il  bundan  qabaq müdirə  verdiyin  pul  indi  qara  qəpiyin  yerindədir.  O pula   indi  səni   heç  süpürgəçi  götürməzlər.  Bir  o  qədər   də  üstünə  qoyub   direktora  ver  o, səni   işə  düzəltsin  .Ya  da  get  beş  o  qədər  ver   ayrı  yerdə  işə  düzəl.
 Direktor  da   həmin  sözləri   təkrar  etdi.
Nadimə   etiraz  etdi:
-Axı  siz  mənə  dediniz  ki, səni   birdəfəlik  işçi  götürürəm.
-Nə  olsun  dedim  ,ali  təhsilli adamsan   bilmirdin  ki, ərizəni   yazanda    müvəqqəti   iş  istədin? 
-Siz  dediniz   adam  adama   inanar  .Mən  də  inandım  .Siz  məni  bir ildən  sonra  həmişəlik   işlə  təmin  etməyə  söz  verdiniz.
-Mən  heç   öz  xalam  qızını  bu  dəqiqə  işdə  saxlaya  bilmirəm .Sənə  nə  edim.
Nadimə  çox  götür-qoydan   sonra   işdən  getməyi  qərara  aldı  .Kim  təminat   verirdi  ki,  müdir  onu  təzədən  aldatmayacaq.
     Nadimə  ilk  günlər  iş  tapacağına  inanırdı. Lakin...Bir  xeyli ora-bura  əl  atdı ,tanışlarına  müraciət  etdi, lakin   iş tapmadı.  Hökumət  idarələrində   iş  xüsusilə  qıt  idi, çünki   orada  müəyyən  təminat  var  idi. Özəl   idarələr  isə  35-ə  qədər   yaş  həddi  qoymuşdu.   “Market”  “ ,Birja”   kimi   qəzetlərdə   uzun  -uzadı elanlar  verilir  ,iş  karyera  ,yaxşı  maaş  vəd  edilirdi  .Nadimə  böyük   ümidlə  gedirdi: bir   qrup  fırıldaqçı  dərman  preparatlarının  təbliğini   məsləhət  görürdü, yeni –yeni   adamlar  cəlb  etməyin  gərəkliyini  vurğulayırdı.
                                                                              x x x 
  -Bax   kapitalizm  budur  -Arif  bəy   yekə, lopa  bığlarını  sığallayaraq ,göy  gözləri  ilə  onu  süzdü.-Siz  cavanlar  deyildiniz  Azadlıq  meydanında  meydan  sulayan ?  Buyurun  yaşayın !
-Mənmi ?  Mən  onda  tələbə  idim.  Onda  vacib  şəxslər  var  idi.
-O  vacib  şəxslər  kimi  dəstəkləyib  oraya  aparırdı?  Siz   tələbələri. Küyə  getmək  lazım  deyildi.
-İndi   deyirsiz  küyə  getmişik ?
-Mən  heç  nə  demirəm .Mənə  fərqi  yoxdur  o  dövr ,ya  bu  dövr.  Mənim  üçün  hər  ikisi  yaxşıdır. İşləyə  bilənə  hər  ikisi  yaxşıdır. Bunları  da   sözgəlişi  deyirəm .Sovet  hökumətinin  yaxşı   cəhətləri  var  idi. İşsizlik   problemi  yox  idi. Qara  qəpiyə  də olsa  oxutduğunu  işlə  təmin  edirdi.
-Onda   o  dediyiniz  qara  qəpiyin  qiyməti  var  idi.
  -Əslində ,   bu  da  Sovet  hökumətinin  təqsiridir  də: nə  qədər  oxuyan ,təhsil  alan  olar; təhsil...təhsil… təhsili  də  qara  qəpiyə   dəyməz. Budur, işlə  təmin  etmək  də  olmur..Bu  dəqiqə  nə   qədər   diplomlar  yatır   evlərdə .Bütün  kütləni  savadlandırmaq  nəyə  lazımdır  axı.  Qoy  bir  ovuc  adam  oxusun,  lakin  sanballı  oxusun.
Nadimə  darıxdı:
-Arif  müəllim, inanırsınızmı    nə  isə  dinləməyə   səbrim    qalmayıb.  Mənə  iş  lazımdır  ki, yaşaya  bilim.
     -İş  ....Sənin  sahən  də  elədir  ki...Nə  deyim  ...Bu  dəqiqə  yoxdur.  Əlaqə  saxla ,   olarsa...
   Bu  əslində “ iş  yoxdur “ deməyin  ən  sadə  üsulu  idi.
    Nadimə  buradan  da  əliboş  qayıtdı.
                                                                      x x x
    Ah...bir  iş  tapa  bilsəydi… Hara  gedir,  iş  yoxdur.  Nadimə  bir  iş  tapmalıdır. Nadimə   son  vaxtlar  qızının  üzündə  bir  kədər ,məyusluq  görürdü  .Və  bu  da  onu  çox  narahat   edirdi. Qızında  bir  əsəbilik  yaranmışdı.
  Bir   dəfə  onlar  arasında   belə   bir   söhbət  oldu .Leyla   dedi:
-Mən   “kozeroq “  olduğuma   görə   çox   qəmlənirəm. Kozeroqlar  həyatda  həmişə  çox   çətinlik  çəkirlər .şanslı  olmurlar,  yaşamağı  bacarmırlar.  Qrubı  olurlar .Sən  də  beləsən, mənim   müəlliməm  də  belədir.
 Qızında  yaranmış  ruh   düşkünlüyünü   aradan   qaldırmaq  üçün   zorla   gülümsünüb  dedi :
 -Əksinə kozeroqlar    asta-asta  ,lakin  qətiyyətlə  həyatda  bütün  istədiklərinə  nail  olurlar.  Kozeroqlar   fitrətən  qalibdirlər.
-O  qədər  asta ki ,  bəzən  gec  olur.  Sən  indi    qırx yaşında  işsizsən,  ərsizsən.  Mən  də  sənin  səhvlərinə  görə  əziyyət    çəkirəm .   -Anasının   pərt  və  müqəssir  üzünə baxıb  əlavə  etdi -Bikef  olma  mən  artıq  öyrəşmişəm .Sənin   yerinə  bir  başqası  olsaydı   ,nə  olur  olsun  iş  yerini  əlindən  verməzdi . Əksinə,   yerini  möhkəmlədərdi  ,müdirlə  arasını  saz  edərdi. Nəysə  ...  qırx   yaşın  var .Öyrən  ,arvad ,öyrən.
 Nadimə  xəcalət  çəkdi.
  -Qəm  yemə ,quzum, hər  şey  düzələcək.   Həyatın  müəyyən  dönəmlərində  belə  şeylər  olur. Tanrı  bəzən  insanı  sınağa  çəkir.
Qızı  birdən- birə  canlandı.
-Mama, bir  də  işə  girsən  necə  olacaqsan ?
-Hamı  kimi.
-Hamı necədir  ki ?
..Nə  bilim..Mənə  elə  gəlir  ki  ...
   -Sənə  elə  gəlir..Sən  məgər  etalonsanmı?  -Qızı  kobudluqla   onun   nə  deyəcəyin  i gözləmədi-   Sənin  kimi  zəif  adamlar  həmişə   öz  bacarıqsızlıqlarının  günahını     nələrinsə   üzərinə  atıblar.  Əslində  bu  dəqiqə  yaşaya   bilənlər  üşün  hər  şey  yaxşıdır  .Əvvəllər  belə  şeylər  var  idimi:   istədiyin   vaxt  xaricə  get  ,nə  iş  istəyirsən  onunla  məşğul  ol,  heş  nə  bacarmırsan  alver   elə. Sizin  vaxtınızda  ali  məktəbə   qəbul  olunmaq   çox  cətin  idi.  İndi   bir az  savadın  var  qəbul  olunursan.  Əslində  indi  hamı   yaxşı   yaşayır  .Sadəcə  indi   daha  bacarıqlı   olmalısan,  daha  savadlı  olmalısan 
  -  Sovet  adamları    özlərinə  hər   şeyi    sığışdırmırdılar...Məsələn: mənə  cətin   gəlir   ali  təhsilli  adam    gedim    satıcı  işləyim.
  -İndi  bacarıqlı  olmaq  lazımdır.  Vəssalam.  Görmürsən  Amerika  bütün   dünyanı  idarə  edir  ?  Çünki   bacarıqlıdır.
  — Nə  bilim    vallah.
     -Sən  heç öz  ailəni  düzgün  qurmamısan .Ata, məncə,  yaxşı  adamdır  .Lap  səhvı  var  idi   təsir   edib   düzəldəydin.  Qadınlar  var  dünyanı  idarə  edir. Nələr  edir .Sənsə....Bax   bəzi  adamlar   rüşvət   alır  ,öz  işini  düzgün   aparmır  onları  işdən  çıxarırlar    Sənin  bir  zəngin bəs  idi ki ,  direktor  işdən  getsin .Sənsə   aciz- aciz  göz   yaşları  tökdün  Heç  bir  yerə  müraciət  etmədin. İnsan  özü –özünü  müdafiə  etməlidir. İndi   .zəmanə  bunu  tələb  edir  .
  
                                                                          
                                                           
                            
                                                       X   X    X   
     Bəli ,  həyat   çox   çətinləşmişdi ,çox.  Nədənsə, Nadimə  bu çətinliyi  indi  hiss  edirdi  .Nəyə  görə  indi  hiss  edirdi?  Bunun  günahı  kimdə  idi?   Nadimədə  ,  Nadimənin  vaxtı  ilə  əri  olmuş  kişidə ,  yoxsa  Cavad   müəllimdə .?   Nəyə  görə  Nadimə   öz  qismətinə  çıxan  kişiyə  qane  olmamış  ,həyatını  belə  şətin  bir  məcraya  salmışdı .İndiki  gününü  gərək  o,  əvvəllcədən   görəydi, çünki  Nadimə   bu   həyata   Aydan, Günəşdən  gəlməmişdi.  Nadimə  elə  Yerdə  dünyaya  gəlmişdi  -nənələrimizi  -babalarımızı  görə — görə   böyümüşdü.   Gərək  Nadimə   biləydi  ki, həyatda  qadına    tək  yaşamaq  həmişə  çətin  olub  .   Özgə  əri  elə  özgə  əridir.   O,  sənin  uşağına  ata  olmayacaq .  Həyatın   çətin  dönəmlərində   sənə   arxa  olmayacaq.  Bu  həmişə   belə  olub ,  belə   də  olacaq  .Nadimə  indi   nahaq  kimlərisə   suçlayır. Başlıca   günahkar  o  özüdür  həyatının  bu  yönə  düşməsində.  Vaxtı  ilə   həyatda   buraxdığı  səhvlər  indi   bumeranq  kimi  fırlanıb   geriyə  dönür, onu  belə  gülünc  vəziyyətə  salır.  Vaxtilə     Nadiməyə  elə  gəlirdi  ki,  hamı  həyatda  ideal  olmalıdır ,   kimdə  pis  cəhət  varsa, ondan   uzaqlaşmaq  lazımdır .Ər  yaxşı  deyil,   boşanmaq  lazımdır  ;müdir  yaxşı  deyil  işdən  şıxmaq  .  Bəs  onun  söykəndiyi   adam  -Cavad  müəllim  ideal  idimi  ,nə  üçün  Nadimə  onun  pis  cəhətlərini  görmədi ?  Halbuki  Cavad   müəllim    heç  yaxşı  hərəkət  etməmişdi  ,  özünükü  olmayana  tamah   salmışdı  ,  bu  gün  isə  çəkinmədən  günahın  elə  məhz  Nadimədə  olduğunu  onun  üzünə   vurmuş,  Nadimənin   dünyagörüşünü   alt -  üst   etmişdi  .  Məhəbbətin  var  olduğuna  Nadimədə  şübhə  oyatmışdı.   Var  idimi    məhəbbət?    Onun   dünyalar   qədər   sevdiyi , inandığı, güvəndiyi  ,  uğrunda   ailəsini  belə  dağıtdığı  Cavad  müəllim   ayrılıq  çağında   günahın  qadında  olduğunu   söyləmişdi. Cavad  müəllim  kimi  yetkin   adam  belə  deyəndən  sonra  hələ  dünyagörüşü  formalaşmamış  gənclər     görən  nə  söyləyər  bir-  birinə.   Halbuki,  Nadimə  məhəbbətə  çox  inanmışdı  vaxtilə ...Lakin  ona  inanmaq   gərək  deyilmiş .  İndi  kimlərsə  ona   nələrsə  təklif  edirlər:  artıq  Nadimə  çılın –çılpaq  yalanları  vaxtında  görür, duyur  .Artıq  o, belə  yalanlara  bir də    uymayacaq, heç  uymayacaq.
 
   .
                                                    xxx     
    -Dərmanını   atmısanmı   ?  -   arvadı    ləng  addımlarla   içəri   daxil  oldu.
   — Bəli   -   Cavad  müəllim  qaşqabaqla  cavab   verdi . Axır  vaxtlar    kişinin  üzü   gülmürdü  .  Gün  — gündən  də  geri   gedirdi . Operasiyadan  sonra  çox  arıqlamışdı .
   — Özünü   niyə   üzürsən  axı  ?  Həkim  deyir  ona  çox  qəmlənmək  olmaz .Nə  olub  axı? Nəyin  fikrini  çəkirsən. Hamı  xəstələnir  də ,sağalır  da .  Özün   də  bilirsən  ki ,  səndə  qorxulu  heç  nə  yoxdur. 
  -Bilirəm .
  — Bəs  nə  olub? Şükür,  dolanışığın ,  evin –eşiyin  ,  uşaqların  — istədi  desin  arvadın , demədi . Həmişə  hiss  etmişdi   ki ,  ərinin  kimdəsə   könlü   var  ,  açıb  -  ağartmamışdı .Açıb – ağardarsa  onu  itirəcəyindən  qorxmuşdu .Cavad  müəllim  onun   çörək  ağacıydı  ,  uşaqlarının  atasıydı .Namusla  işləmiş ,  uşaqlarını  yerbəyer  etmişdi.  Toyda, yasda  həmişə  Cavad  müəllim  böyründə  olmuşdu. Çoxları  ona  qibtə  ilə  baxıb  köks  ötürmüşdü.   Belə  bir  kişini  əldən  vermək  olardımı ?   Səlimə  elə  axmaq  idimi  ?  O  qadın  kim  idisə  Səlimənin  tör –töküntüsü  ilə  kifayətlənmişdi .Qoy  kifayətlənsin. Onun  Səliməyə  elə  bir  maneçiliyi  yoxdur .Düzdür, bəzən  aylarla  Cavaddan  buz  kimi  soyuq  münasibət  görmüşdü ,  illərlə  etinasızlıq  hiss  etmişdi  ,  bir  qadın  kimi  lazımsız  olduğuni  duymuşdu ,  lakin  dözmüşdü ,yaxşı  dolanışığın, uşaqlarının  xatirinə  dözmüşdü .
   Budur ,  bu  gün  Cavad  onun  yanındadır .Hərçənd,  o  vaxt  yaşlı  qadınlar  bunun  məhz  belə  olacağın   söyləyirdilər.  Və   o, bunu   ümüdlə   gözləyirdi.  Lakin  bu  gün  o,  buna  elə  də  sevinmir  .Sanki  bunun  özündə  bir  təhqir  var. Cavad  müəllim   lazımsız  kötük  kimi  yerindəcə  uzanıb  qalır .Hərçənd, Səlimə   özü  də  artıq  qocalıb  .  Amma  Səlimənin  içində  nə  isə   nifrətə  bənzər  bir  şey  son  vaxtlar  qıcıqlanmağa  başlayıb.  Elə   bil   bu  nifrət  cavanlaşıb.  O,  bəzən  saralmış,  o  qadının  xiffətini  çəkdiyi  hər  hərəkətindən  bəlli  olan  Cavadı  acılamaq  istəyir. Özünü  bundan  güclə  saxlayır.  Nədən  o, hər  telefon  çalınanda  diksinir Nədən  indi  o  qadının  yanına  getmir ?  Artıq  ona  lazım  deyil, onun  üçünmü?
 -O  qəzetləri  ver  görüm  bura  .-Cavad  müəllim  qaşqabaqla  dedi :
  Səlimə   qəzetləri  gətirib  verdi .
   Cavad  müəllim  eynəyini   gözünə  taxıb  qəzetləri  vərəqlədi .Beş  dəqiqə  keçmədi  ki, yorulub  qəzetləri  bir  kənara  atdı .Durub  əynini  geyindi .Yaxınlıqdakı   bağa  gəzməyə  düşdü .
   Artıq  yazın  nəfəsi  duyulurdu. Hava  soyuqdu ,lakin  havada  da, nəm və  soyuq  torpaqda  da bir  gərginlik  duyulurdu; sanki  onlar  həyəcanla  nəfəs  alır, nəyisə  səbirsiz liklə  gözləyirdilər .
   Həmişəki  kimi  yenə  də  Cavad  müəllimə  elə  gəldi  ki ,şəhərdə  bahar  öz  əzəmətini  kənddəki  kimi  hiss  etdirə  bilmir. Niyə  belədir  görən? Torpaq  həmən  torpaqdır, ağac  həmən  ağacdır, səma  həmən  səmadır ,  lakin  nə  isə  fərqlidir. Bahar  şəhərdə,  elə  bil  ki, kükrəmir  ,daşmır; otlar  ağaclar ,əriyən  qarlar ,cükküldəşən  sərçələr , quşlar  bir – birinə  qarışmır .Şəhərdə  bahar  elə  bil  ki, sönük  keçir .Sanki  təbiət  öz  hisslərini  ürəyi  istədiyi  kimi  ifadə  edə  bilmir. Şəhərdə  bahar , elə  bil  ki ,  boğulur.
   Cavad  müəllimin   nəfəsi  daraldı, dərindən  köks  ötürdü .
     Kəndlərini , göz  işlədikcə  uzanan  Şirvan  düzünü  xatırladı .Elə  istədi  ki, uzandıqca  uzanan  Kür  sahilini   addımlasın .
  Getdikcə  gedirsən     sahil  qurtarmır  və  yolboyu   nəfəs  alan  ana  torpağın  ətrini  duyursan. Gözünün  önündə  dururmuş  kimi   hiss edirdi ; budaqlarından  su  damcılayan  ağaclar  ,  kollar – koslar, Kür  çayının  bir azdan  yamyaşıl  dona  bürünəcək sahilləri, insan  hənirindən  ürküşən   gözəl   quşlar ,dələlər ,  dovşanlar ...Ah   təkrarsız  və  misilsiz  təbiət ...
    Başın   üzərində  Allahın  öz  əli  kimi  duran  məsmavi  səma… Kim  deyir  ki ,  göylər  dilsizdir  ,  soyuqdur? Məgər  uzandıqca  uzanan  çölləri  ,  düzləri əhatə  edən  ,hər  başını  qaldıranda    sənə  şəfqətlə  gülümsünən  səma  dilsiz  və  soyuq  ola  bilərmi ?  O  ki  yağışları, qarları  ilə ,nazlı  dilbər  qızı  Günəşi  ilə  həmişə  Yerin  qayğısına  qalır.  Yerlə   səma  arasında  möhtəşəm  bir  münasibət  yoxdurmu ?
   Çox  heyif  ki  ,  bu  möhtəşəm  və  əzəli  təbiət  öz  kiçik və  gedəri  yavrusuna – insana  qarşı belə  sərtdir ,  amansızdır .
    Budur   cavan ,gözəl  və  qüvvətli  bir  gənc  .Yoxdur  artıq  o  gənc .O, eləcə  illərin  arxasında  qaldı ,  xərcləndi  ,  qurtardı .
    Gözəl ,  məsum  bir  sənəm  ,  qəlbi  riqqətə  gətirən  bir  məhəbbət. Yoxdur artıq  o  dilbər  də, o məhəbbət  də. .Onlar  da  eləcə  illərin  arxasında  qaldı.
   O  gözəl   onun  xanımı   olmalıydı . O, hər  gün  işdən  evə  dönəndə  qapını    üzünə  açmalıydı, mehriban  — mehriban  üzünə  gülümsəməliydi  ,  şən  və  xoşbəxt  quşlar  kimi  dil  boğaza  qoymamalıydı, elə  hey  danışmalıydı .Onun  xörəyini    bişirməliydi, süfrəsini   açmalıydı ,  pal – paltarını   yumalıydı .  Hər   gecə   Cavad  müəllim   onu  qoynuna  alıb  yatmalıydı.  Cavad  müəllim  onu  dünyanın  keşməkeşlərindən  qorumalıydı. Bu  fani  dünyada  onun   dayağı  olmalıydı  .Onlar   qısa və keçəri  olan  insan  həyatında   bir – birinə  təsəlli  olmalıydılar  .Onlar  birlikdə  bala  böyütməli,  onların  xeyrini  görüb  sevinməliydilər. Bunların  heç   biri  olmadı  .
 “ Heç  xəbərin  olmadı  gəlininin  gözəlindən  ay  ana ....  O  ,  sənin   oğluna  özü  kimi  gözəl  qızlar, oğlun kimi  nər  igidlər  doğmadı” .-Cavad  müəllim   əməllicə  ağlayırdı .Yaylığını  çıxarıb  göz  yaşlarını  sildi  — oğlun  ona  sənin  həmişə  “yalan  dünya  “ dediyin  bu  dünyada  dərd, lap  çox  dərd  verdi. Oğlun  həyatını  sevmədiyi  ,  heç  sənin  də  bəyənmədiyin  bir  qadınla  keçirdi  .
-          Salam , ay Cavad  ,  necəsən ?  -qonşuları  Murad  kişi  idi .
Cavad  müəllim  diksindi :
  -Çox  sağ  ol, yaxşıyam .
  -Görünmürsən ...
-İşim  çoxdur  -danışmaq  istəmirdi ;odur  ki, söhbətə  xitam  verdi .
     Budur  ,  bağın  küncündə   beş –on kişi  əyləşib  nərd  vurur.Təxminən  Cavad  müəllim  yaşda  kişilərdir ;  beş –on il  aşağı – yuxarı  olarlar . Onların  həyatı  bundan  sonra  elə  beləcə  davam  edəcək –ölənə  qədər .Gündüzlər  avaralanacaq  ,  axşamlar  evə  dönüb  qoca  arvadlarının  bişirdiyi  yeməkləri  yeyəcəklər ,sonra  da  yıxılıb  yatacaqlar.
    Başqa  nə  olmalıdır  ki ...Nə  olubsa  olub  ,  olmayıbsa  olmayıb .Bundan  sonra  cavanlara  xas  olan  şeylərə  həvəs  göstərmək  gülünclükdən  başqa   bir  şey    deyil  .Buna  qocalıqda  yorğalıq  deyərlər.  Əslində,  Cavad  müəllim   artıq  buna  heç  bir  maraq  göstərmir  .Heç  bir  istəyi ,həvəsi  yoxdur. Sadəcə  nə  isə  ona  narahatlıq  ,əzab  verir .Hiss  edir  ki ,  nədəsə  kobud  səhv  edib ,  düzəldilməsi  mümkün  olmayan  səhv   edib .Və  bu  səhvi  tək  omu  edib?  .Çoxları  heç  bunu  səhv  kimi  qəbul  etmir .Bu  az  qala  həyat  tərzinə  çevrilib .
   Bircə   bu   Təbiət   heç  nədə  səhv  etmir. .Özü  necədirsə  insanlardan  da  elə  olmağı  tələb  edir.İnsanların  ömürlərini  də  özü  kimi  fəsillərə  bölüb: yaz,  yay,  payız, qış. Və  hər  fəsildə  -yaşda  insanlara   özünəməxsus  düşünmə  tərzi  verib .On  beş  yaşın  öz ,  qırx  yaşın  öz ,altmış  yaşın  da  öz  düşünmə   tərzi  var .Çox  qəribədir  qırx  yaşında  ona  mümkün  görünən  şeyləri  o,  indi  mümkünsüz  sayır .Elə  bil, həyat  birdən – birə  qarşısına  görünməz  sədd  çəkib.  Bu  səddi  keçmək  belə  mümkün  deyil  .Fikri  belə  bu  səddi  keçə  bilmir .Və  o,  ruhdan  düşür .Deməli  qocalıq  belə  başlayır. Qocalığın  da  öz  düşünmə  tərzi  var  Qocalığın  depressiyası –deyən  belə  bir  termin  də  var .Görən, bu  depressiya  nə   sözüdür  belə, yəni   hansı  xalqın ,  millətin  sözüdür? Yəqin  fransız  sözüdür  ,ya  bəlkə  alman , bəlkə  ingilis, bəlkə  rus ,  -türk  sözü  də  ola  bilər.  Hər  hansı  xalqın,  millətin  sözüdürsə  yaman genişşaxəli   ,əhatəli  sözdür. İnsan  nitqini  əhatə  edən  lüğətlər  içərisində  hələ  belə  qüvvətli,  qüdrətli,  bütün  zamanlara,  bütün  dövrlərə , bütün xalqlara  ,millətlərə,  psixologiyalara  hakim  kəsilən  ikinci  bir  sözə  rast  gəlmək   çətin  məsələdir.  Çox   adam  tapmaq  olar  ki,  heç  bilməsin  depressiya  sözünün  leksik  mənası  nə  deməkdir ,lakin  elə  adam  tapmaq  olmaz  ki ,həyatında bir və  ya  bir  neçə   dəfə   bu   depressiya  ilə  üzləşməsin . Bəlkə ,  depressiya  da  iyirmi  birinci  əsrin  bəlasıdır,   Yox  yox  ....necə  ki  Yerin  cəzbetmə   qüvvvəsi  həmişə  olub   eləcə  depressiya  sözü  və  depressiya   sözünün  ifadə   etdiyi  psixoloji   durum da   həmişə  olub.  Nə  olsun  ki,    cəzbetmə  qanununu   on  yeddinci  əsrdə  İ. Nyuton  kəşf  edib?  Ona   qədər   məgər   alma   ağacdan   yerə   düşmürdü?
  Depressiya     insanlığın  bəlasıdır  .İnsanların   etdikləri  səhvlərin ,  cinayətlərin   bəlasıdır?  Öz  içindəki  şeytanla  bacarmadığı   halda  ətrafdan  minlərlə  şeytanın  həmləsinə  məruz   qalan  bədbəxt  insanın .  .Nə  isə  onun  bütün  ruhunu  əzir,  tapdayır  ,məhv   edir  ,onu  daşdan -daşa, qayaya   çırpır  .  Heç  cür bu  fikrin       əlindən  xilas ola   bilmir .Gələcəkdə  də  xilas  olmayacaq  ,  məlum  məsələdir  .Çünki  o   gələcək  artıq   yoxdur . Gələcək  onun   üçün   bitmiş  tükənmişdir.   Bu         ümüdsizlik   özü  elə, deyəsən,  şeytanın  özüdür  .İllərlə   harada  isə   yatmış  gizlənmiş   bu   şeytan  indi   nədən   belə   kükrəyib   daşmışdı . Onu   belə   çalxalamaqla  nə  demək  istəyir ?  Niyə  onu  yaşamağa  qoymur,  həyatdan   zövq   almağa qoymur ?  O  öz  yersizliyi  və   gücsüzlüyü  ilə   dəhşətlidir.  Onu   duymamaq  üçün , hiss  etməmək   üçün  o  nələri  desən  qurban   verməyə  hazırdır.  Bircə   bu  müdhiş  hiss onu   tərk   etsin .Çünki   bu  hisslə   yaşamaq   yaşamaq   deyil.     Qəribədir,  əvvəllər də  çətin  hallara  düşmüşdü ,  lakin  heç  birində  bu  qədər  ümidsiz  olmamışdı  .
    Görən,  Nadimə  olmasaydı      xəstəliyindən  bu  qədər  sarsılardımı ? 
    Nadimə  olmasaydı  həyatında...
    Nadimə  onun  həyatını  günəş  kimi  işıqlandırmışdı .Onun  həyatına  rəng  vermişdi ,  dad  vermişdi  .Hara   getsə  Bakıya  Nadiməyə   görə  tələsmişdi ,  onu  görəcəyi  anı  həsrətlə   gözləmişdi  ,onu   görəndə  ,  onu  qolları  arasına  alanda  bütün  ruhu  ehtizaza  gəlmişdi  .Onun  danışığı  ,  söhbəti,  sözü ,həyata  baxışı ,hiyləgərlikdən  uzaqlığı ,  məsumluğu  ,  gözəlliyi  -bütün  bunlar  çox  sevdirmişdi  onu  Cavad  müəllimə .Və  Cavad  müəllimin  son  vaxtlar  ona  çox  yazığı  gəlirdi  .O  ərindən  Cavada  görə  ayrılmışdı.  Hər  halda  Cavad  bu  ayrılmaya  təkan  vermişdi, sonra isə  onu  yarıyolda  buraxdı.  Düzdür  Cavad  xəstədir,  tək  böyrəklə  nə  qədər   yaşayacağını   bilmir, Cavad  onu  düşünüb  ayrılıb.Amma… 
  Nədən  Cavad  müəllim  bunları  bu  vaxta  qədər  yox, məhz  indi  düşünür? Nədən  həmişə  istəmişdi münasibətləri cəmiyyətdən  gizli qalsın ?  Camaat  ona  nə  deyərdi?   Nədən  o camaatın fikrinə  belə  önəm  vermişdi, baxmayaraq həmişə yeri  düşəndə camaatdan ,cəmiyyətdən  narazılıq  edirdi. Həmişə  dövranı  suçlayırdı. Bəlkə  Cavad  müəllim   bəyənmədiyi dövran kimi  ziddiyyətlidir. Nə  üçün o  öz  taleyində dövranı, cəmiyyəti  suçlayır? Nə  üçün  ona  elə  gəlir  ki, cəmiyyətdə yaxşı  bir  şey  yoxdur, yaxud az, lap  çox  azdır. Axı  nə  üçün  belədir?  Bütün  dövrlərdə  cəmiyyət  bəyənilməyib; istət on  ikinci, istər on altıncı ,  istərsə  də  iyirmi  birinci  əsr olsun- bu  belədir. Hamı  cəmiyyəti  bəyənmir. Lakin  hamı  cəmiyyətin  yaradıcısıdır. Biri  elə Cavad müəllim, biri  elə  Nadimə, biri  elə  Səlimə.  Onların  hər  üçü  özü – özlüyündə  ona  necə  sərf  etmişdi elə  də  hərəkət  etmişdi .Onların  hər  üçü  cəmiyyətin  gözündən  pərdə  asmışdı. Bəs  beləysə  Cavad  müəllim   niyə   cəmiyyəti  suçlayır  ?  
     Axı  cəmiyyəti  bu  günə  cavad  müəllimlər  ,nadimələr, səlimələr  salmışdı.
   Qəribə   bir   ağrı  var  ürəyində. Sanki  kim  isə  Cavad  müəllimin  ürəyini  çəngələyib  sıxır .Dünya  elə  bil  birdən – birə  qaranlığa  qərq  olub. Həyatın  rəngi  itib, dadı  itib. Bozumtul və soyuq bir  rəng  qalıb  dünyada.
  Bəlkə  bu  Tanrının  cəzasıdır ?
  Tanrının  cəzası...
  Bütün  bu  cəzalara  baxmayaraq,  Tanrıya  qarşı  duyulan  qorxu  və  hörmət  hissi...Bu   qorxu  və  hörmətdə  heç  bir  saxtalıq  yoxdur .
    Amma  Tanrının  yaratdığı  dünya  elə bil  oyundur ,  oyuncaqdır.  Nədən  ona  indi — bu  yaşında   belə  gəlir? Nədən  indi onun  ürəyində   bir  toxluq ,  oturuşmuşluq  hissi   yoxdur?
  Bəs  başqaları  ?  Onlarda  varmı  bu  hiss ?
     Onlar  öz  keçirdikləri  həyat  tərzindən  ,  ümumiyyətlə  həyatdan razıdırlarmı ?
  Eləsi  var  gözlərində  qığılcımlar  oynaşır  ,  eləsi  də  var  qəribə  bir  qəmə  qərq  olub .
  Çox  az  rast  gəlinir  təbii halı  ilə  əhvalı   üst – üstə  düşən  qocaya  .
     Qocaya....Bəli – bəli qocaya  ...
    İnsanlar  elə  hey  qocalığa ,  ölümə  etiraz  edirlər  ,  keçmişdəki  insanların   daha  çox  yaşadığını  vurğulayırlar. O  vaxtın  ölçüləri  ilə  götürəndə  altmış  yaşın  qocalıq  yox , insanın özünü  dərk  etməsi , həyatı  dərk  etməsi  yaşı  kimi  dəyərləndirirlər. Burada   da  öz  daxili  istəklərini  biruzə  verirlər ;yaşamaq, çox  yaşamaq.Amma  necə  yaşamaq-  buna  dəyər  verən  yoxdur.
  Nədən  belədir  görən  ?  Bu,  insanlığın  süqutudurmu ?
  Yoxsa  ,  insanlıq  həmişə  belə  olmuşdur ?  Həmişə  yaxşı və pis, xeyir və şər  olmuşdur.  Və  həmişə  onlar  arasında  mübarizə  olmuşdur.
        Bəs  nədən  bu  gün  insanların  çoxu ,  xüsusən  yaşlılar  əxlaqi  dəyərlərin  məhv  olduğunu  söyləyirlər. Əksəriyyəti  indiki  cavanların  mənən  yararsız  olduğunu  söyləyirlər. Amma  cavanları  yetişdirən  özləri  deyilmi? Nədən  hər  şeyi  kompyüterin  ,  internetin ,  Amerikanın  üzərinə  atırlar? Nədən  insanlar  həmişə  bir –birini  suçlamağa  tələsirlər? Nədən  günahı   özlərində  yox ,  başqalarında  axtarırlar.
  Nədən  ?
 Bəlkə,  insan  özü  zatən  naqisdir .İnsan  kifayətlənmək  hissindən  uzaqdır. Elə  buna  görə  də  belə  doymazdır. Heç  nə  onu   qane   etmir. Bəlkə,  insan  onu  əhatə  edən  kainatla  bir  təzad  təşkil  edir?  Çoxları  düşünür  ki ,  insan  kainatın  bir  parçasıdır.
 Bu  belədirmi ?
    Kainat  insana  qarşı  çox  qəddardır.  O  başqa   şeylər  o  yana  dursun   öz  həyatını   belə  idarə  etməyə  insana  imkan  vermir. İnsan  öz  həyatını  belə  istədiyi  kimi   qura    bilmir. İtirə — itirə  yaşayan  insan kainat  üzərində heç  bir  qələbəyə  malik  deyil.  Heç  öz  orqanizmi  üzərində  də   qələbəyə  malik  deyil.  İnsan  özünü belə  tanımır.  Keşmişini,  gələcəyini   bilmir ,  Bütün  bunlar  nəyin  göstəricisidir ?
  Nədir  ki ,  insan  ? 
  Özünü  belə  tanımayan ,  günahlara  batmış,  bələnmiş  birisi .  Son  anda, həyatının  sonunda  əllərini  göyə  açır ,.Tanrını  səsləyir, Tanrıdan  nələrisə  ona  aydınlaşdırmağı arzulayır.  Əslində  onun  bu  istəyində  də  bir  saxtakarlıq  var  O,  əslində  ölüm  qarşısında  qorxu  hissi  keçirir.
    Tanrı   ona hələ  bu  altımışdan  sonra  bir  yüz  də  vəd  etsəydi … nələr  etməzdi .
   Amma   bu   yoxdur  .Qarşıda  amansız  və  sərt  reallıq  — ölüm  durur  .Bəlkə  bir  on  il  də  yaşamaq  olar. Amma   bu   on  ildə  heç   bir  vüsət   gözlənilmir. O  nə  isə  yeni   bir  şey  əldə  etməyəcək ,  yeni  cığırlar  açmayacaq. Eləcə   yaşayacaq.
 Çoxmu   yaşayıb  bu  dünyada ? Necə  keçdi  həyatı ;  kimisə  aldatdı, kiminsə  ailəsini  dağıtdı, kimisə  qorxu  altında  saxladı .Qazandımı nələrisə ,  itirdimi nələrisə ?
  Baş  açammırdı...
                                                         ….
       Evə   döndü  .Səlimə   iki  nəfər  müştərinin  onu     gözlədiyini  dedi
 -Rüfət   hanı  maraqlansın  da  .
    -Rüfət  uşaqdır   kişi  özün  bir  danış .
  -Otuz  iki  yaşı  var   .Otuz  iki  yaş  nə  vaxtdan  uşaq  olub. Evlənəndə  uşaq  olmur .-Cavad  müəllim  nəsə  köntöy  danışdı  .
Səlimə, deyəsən,  kinlə  ona  baxdı 
-Nə  deyirsən? Evləndirməyəydik?
 -Niyə  ki, bəlkə,  öldüm  elədim  işi  öyrənsin  də  ...
-A  kişi   indi-  indi  mənim  olursan , indi  də  ölmək  istəyirsən ?-Səlimənin  səsində  bir  hikkə  var  idi 
 Cavad  müəllim   müştərilərlə  danışıb  geri  döndü  .
 Nə  oldu  .Hər  ikisi  razılaşdımı?
 -Biri  hə, biri  yox .
 Niyə ? 
-Biri  bəsdi .Çox  işləyə  bilmirəm  .
-Nə  oldu ? 
-Xəstəyəm  .Bilmirsən  nə oldu ?
    -Bilirəm...-Səlimə   çox  qanıqara  idi .- dodağının  altında , yəni  bir  az  astadan  əlavə  etdi-ona  görə  quzuya  dönmüsən  də  .-yenidən  səsini qaldırdı-o  yoxdu  axı   .
-  Mən  həmişə  sənin  üçün  işləmişəm  .
 -Uşaqların  üçün  .
-Fərqi  nədir .
-İndi  də  işlə  də  .-Səlimə  yenə də  nəsə  deyindi  -Xanımağan  necədir ?
-Bu   vaxtacan  heç  soruşmurdun .
-Çünki  qorxurdum.
-Nədən ?  
-Çıxıb  onun  yanına  gedərdin .
-Əsl  zəmanə  adamısan  .
-Zəmanə  adamı  olmalıyam  da –sanki  danışmır ,soyuq   müharibə  aparırdılar-  -Sən  də  zəmanə  adamısan .
   -Ola  bilər...
    Eşitmişdi   qadınlar   qocalanda  deyingən  olurlar,  Ya  da  illərlə  içində  gömdüyü  hirs — hikkə  Cavad  müəllimin  zəifliyindən  istifadə  edib  üzə  çıxırdı .
 Nə isə  ...Bu  da  yəqin  qocalığın  həyat  tərzidir .Dözməlidir..Dözməyib  də  nə  edəcək  ki ....
 
                                                                    xxx    
        -Hər  bir   insan   tutduğu  əməllərin  cəzasını  çəkir  -bu  dünyada  da  o  dünyada  da  -Səlimə  səsini  başına  atmışdı –o dünyada  səni  cəhənnəmdə  yandıracaqlar  .Bəli -  bəli  ,  çünki  sən  zina  etmisən ,Allah  nəyi  bağışlasa  da  zinanı  bağışlamır .
  Divanda  uzanmış  Cavad  müəllim  birdən  qəhqəhə   çəkib  gülməyə  başladı
   -Nədi  dəli  olmusan ? 
  -Heç  ...Bu  dünyada  da  sən  qazandın  ...deyəsən,  o   dünyada  da  sən  qazanacaqsan  ..Arımdan  gülürəm  
   -Gül  gül. Gülməli   günə  düşmüsən .
  -Arvad  az  danış,  müştəri  zad  olar  qaçırarıq  .
   -Lağ  edirsən ?
-     Yox  niyə  ki..
   — İşləməyini də  mənə  şox  görürsən ?
  -  Vallahi  yox  .
    -Danışığa  bax  bir .
Doğrudan  da  ....danışığa  bax  bir ...
                                                         x  x x
     Nadimə  artıq  beş  ay  olardı  ki, işə  girmişdi. İşi  təhsilinə  yad  bir  sahə  də  olsa  maraqlıydı. Ya da  Nadimə  onda  maraq  tapmağa  çalışırdı.  Artıq  başı  daşdan –daşa  dəymiş  Nadimə  boş  xülyalarla  yaşamır və  onların  ardınca  getmirdi. Bilirdi  ki, həyatın  nə  qədər  xoş  üzü  olsa  da o qədər  sərt  üzü  də  var.  Həyat  ondan  küsənləri  incidir  -bunu    kimsə  deyib .  Gəlişigözəl söz  deyil  bu –həqiqətdir.  Həyat  da ,  cəmiyyyət   də  ondan  küsənləri  sevmir .   Yəqin  həyat  da, cəmiyyət  də  fikirləşir  ki , insan  canlıdır  o  cansız.  Və  canlı  insan  öz  yolunu tapıb  yaşaya  bilmirsə,   həyatını  düzgün  qura  bilmirsə  günah  elə  onun  özündədir. Yəqin  ki, belədir...
   Quranda  da  belə  söylənilir: “Başınıza  gələn  bütün  pisliklər  sizin  özünüzdən , yaxşılıqlar  isə  məndəndir”                                                

0 şərh