Depressiya/Şiringül Musayeva.(2-ci hissə)

-Salam  ,doktor.
-Salam, Cavad müəllim, işlər  necə   gedir.?
— Əla  gedir. Xəstəlik  daha  da  genişlənir, şaxələnir.-Cavad müəllim əsəbi-əsəbi  dedi.
-Dostum,  belə  əsəbi  olsanız...Gəlin...gəlin  bir yoxlayaq...
 Cavad  müəllim pərdə  arxasına keçdi.
 Doktor onu    müayinə  etdi.
-Vəziyyət   bir  qədər… Təcili  operasiya  lazımdır.Böyrək  artıq   üsyan  edir .
— Cəhənnəm  olsun  hamısı.
-Bu   gün   nə isə   yaman   aqressivsiz.
   -Bəli də, nəyəsə etiraz etsək,  aqressiv oluruq. Hər şeyi   sükutla qarşılamalıyıq  ,tam razılıqla, O gün   işçilərdən biri   işə   mini yubkada gəlib -heç  geyməsə ondan   yaxşıdır-deyirəm ,  a bala, bu  nədi  geyinmisən,  bura ictimai yerdir. Nə   desə  yaxşıdır: Cavad   müəllim  siz  bu  gün  yaman   aqressivsiz .  Bu da günün sözüdür .  Necə  ki günün   xəstəlikləri  var, elə də günün  sözləri  var. Bu   xəstəliklər,  nə bilim  nələr  -hamısı  Amerikanın bəlasıdı. Elə  bilməyin mənim terapiyadan başım çıxmır  .Genləri dəyişdirilmiş  meyvələr ,tərəvəzlər ,dənli bitkilər, bu   çipsa-mipsalar  uşaqlarımızın  da  evini  yixir ,  özümüzün də. Demokratiya  deyə-deyə banditizmi, əxlaqsızlığı  bizə sırıyır.
   -Cavad  müəllim...
  -Bu  qədər  parnoqrafik film  olar? Hələ  dəhşət, ujas  təbliğ edən  filmləri  demirəm. Bunlar  nə   verir  axı  insanlara? Onlara   yalnız  pul və başqa xalqlar  üzərində  hegemonluq lazımdır.Bütün   gözəl hisslər ölməlidir. Bir   azdan   bir-birimizi  yeyəcəyik   .Amerikada   belə  şeylər   çox  olur.
   -Cavad  müəllim  ,siz indi  bunları fikirləşməyin, əsəbiləşməyin,  əməliyyata hazırlaşın,  bu dərmanları qəbul edin. Narahat olmayın sizə  yalnız  köhnə  dərmanlar yazmışam,  firma  dərmanları yox.
-Yaxşı, oldu --Cavad müəllim  sağollaşıb çıxdı.
 
                                                                                    …
    Telefonuna zəng gəldi,-Nadimə idi. Cavad müəllim   əsəbiliklə  telefonu  açmadan söndürdü. Bəli, demokratiyanın bir bəlası da elə Nadimə idi.  Maşınsız gəlmişdi ;odur ki ,piyada  yaxınlıqdakı bağa düşdü .Bağda ağaclar  sırsıra bağlamışdı   ,   gül kolları isə az qala görünmürdü. Bağ elə bil ki ,yuxuya getmişdi.
    Soyuq  hava və ağ qar onun  gərilmiş  əsəblərini   bir qədər  sakitləşdirdi. Bir bax,  torpaq, ağaclar ,kollar necə  sakit və mütidir.Onlarda   Cavad müəllimdə   olan  çılğınlıq və üsyan yoxdur
    Gəzə-gəzə  iş  yerinə gəldi. İşçi qız bir nəfər xanımın onu  gözlədiyini xəbər verdi. Yuxarı qalxdı. Qəbul otağında Nadiməni görüb heyrətləndi  ,  ixtiyarsız  əlini  papağına  apardı-bərk və qocafəndi geyinmişdi.
-Sənsən?
-...-Nadimə  həyəcanla ayağa durdu.
-Əyləş..əyləş.
Bir-birini süzürdülər.  İl  yarımdan çox idi ki, bir-birini görmürdülər.Cavad müəllimin rəngi  ağappaq ağarmışdı.
-Necəsən?
-Yaxşıyam.-qadın çox gözəl idi və  ən başlıcası  kişidə heç bir qadının oyatmayacağı duyğuları oyadırdı.-Siz necəsiniz?
-Gördüyün kimi..
-Xəstəsiz?
-Bir az...
Bu bir aza oxşamırdı. Qadın nə isə onun çox xəstə olduğunu hiss edirdi.  Söz tapmırdılar.
-Elə-belə gəldim.
-Yaxşı elədin.
-Gedək...-Cavad müəllim Nadimə   ilə təklikdə söhbət etmək istəyirdi.
Balaca, isti otaqda oturmuşdular.
-Bilirəm  məndən  incimisən –Cavad müəllim çətinliklə   danışırdı.-Nə vaxtdır bir-birimizi ancaq acılayırıq.
 
 Nadimə   sakitcə   oturmuşdu ,lakin göz  yaşları  dayanmadan   yanaqlarına   süzülürdü.
-Daha  məni sevmirsiniz?-o göz yaşları  ilə islanmış  üzünü  qaldırıb  altdan  yuxarı  Cavad  müəllimə  baxdı.
-By  münasibət elə  əvvəldən səhv oldu. Xoşbəxt  etməyəcəyim  qadını  nahaq  yoldan   çıxartdım. Nə  verdim  ki, sənə?
-Elə  deməyin  bu  münasibətlər  mənim  həyatımın  mənasıdır.
-Sənin həyatının  mənası  bu  münasibətlər  olmamalıdır.Övladın   var.Cavansan. 
-Məni  sevmirsiniz...-qadın   bu dəfə  soruşmadı ,yəqinliklə  dedi.
-Bəzən   sevsən  belə  ayrılmaq  lazım  gəlir.Əzizim  ,dünyada  bitməyən ,tamamlanmayan  heç  bir  şey  yoxdur.
   Nadimə  hələ   də  nəyəsə  ümüd  edirdi ,lakin  Cavad  müəllimin   son  sözləri  onun   ümüdünü  kökündən   baltaladı. Aralarında   nə  isə  dəhşətli  bir  şey  -ayrılıq   küləyi  əsdi.Qadının   vücudu  yarpaq  kimi  titrədi.
-Mən  sizsiz   yaşaya  bilmərəm ,ölərəm –dedi.
-Çox   nahaq.  Məni  üzürsən.-dedi  Cavad  müəllim.
-Sizə   nə   olub?    Siz   nəyisə  məndən   gizlədirsiniz?  Haranız  ağrıyır?-Nadimə   əllərini   Cavad   müəllimin  üzündə   gəzdirdi.
   Kişinin  rəngi  ağappaq  ağardı .Fani   dünyadır  ,bəlkə  elə   öldü  -həkim  hər  şeyi  ona  demir  .Qoy   axırıncı  dəfə  ruhunu  dilləndirən   bu  qadını   doyunca  öpsün .Nadiməni   qucaqlayıb  bərk-bərk  sinəsinə   sıxdı. Qadın   titrəyərək  ona   qısıldı.  Cavad  müəllim  onun  qəşəng  çənəsindən  tutub  yuxarı  qaldırdı ,odlu-odlu   üz-gözündən  ,dodaqlarından  öpməyə  başladı..
      Lakin   birdən   Cavad  müəllimin  başından bərk  ağrı  tutdu. Axır  vaxtlar  bu   ağrı  onu   əldən   salmışdı.O  səndələdi,  üz-  gözündə  qəribə  bir  kölgə  gəzdi  ,bir  neçə  an  eləcə   dinməz  qaldı,-elə bil  tərpənməyə  halı  yox  idi.
-Sizə  nə  oldu?- Nadimə  ehtiyatla  ondan  aralandı.
-Bir  şey  yoxdur ,  keçər.
-Bəlkə  həkim  çağıraq. Nə isə  halınız...-Nadimə  artıq  onun  ciddi  xəstə  olduğuna  əmin  idi.-Bağışlayın  ki...sizi  belə...
-Bağışlayım?  Nəyə  görə?  Həyatımın  axırında  belə  xoşbəxt  etdiyinəmi  görə?
-Həyatınızın  axırında?- qadın  saraldı.
-Qocayam  da –Cavad  müəllim  zorən  güldü-Axır   bir  gün   ölməyəcəm?
-Xahiş  edirəm  belə  danışmayın...-qadın  əli  ilə   onun  ağzını  tutdu.
Cavad  müəllim  onun  əllərini  ovcuna  aldı, dodaqlarına  sıxaraq  öpdü.
   -Pulun  varmı?
   -Bəli.
-Al  bunları  -qadının  etirazına  baxmayaraq  onun   çantasına  bir  topa  pul  qoydu -Mən   burda  olmayacam,bir  il...
      Nadimə   ayaqları  altında   yerin  sanki  titrədiyini   hiss  etdi..
    -Narahat  olma...Tez  gəlsəm  özüm  sənə   zəng   edəcəm.
     Nadimə   nə  isə   soruşmaq  istəyirdi ,lakin  qəlbini  bürümüş  dəhşətin  dili  hər  şeyin  elə   məhz  belə   sona  çatdığını  söyləyirdi.  Və   əslində  hər   şey   gün  kimi   aydın   idi ;o ,əslində   yeganə  pənahı ,ümidi  olan     bu  kişini   itirirdi .
   Nəhayət    solmuş,   soluxmuş  ,qəribə  bir  qəmə  qərq  olmuş  qadın  ayağa  qalxdı.
   -Gedim...
   -Gedək  səni  ötürüm...
    Son  gücünü  toplayıb   qadını   evinə  ötürdü.Maşını  bir  qədər  kənarda  saxladı .Nadimə   maşından   düşdü,    heç nə  demədən  ölgün  addımlarla  uzaqlaşdı.
   Cavad   müəllim   bir  xeyli   onun   arxasınca  baxdı. Nə   üçün   bu  qadın  ona  bu  qədər  əzizdi; sanki  doğma ,çox  doğmaydı-  anası   kimi  ,balası  kimi   doğmaydı.   Amansız  və   sərt   rüzgarın   ağzında   uçan   xırdaca  bir  yarpağa   bənzəyirdi və   xoşbəxt  olmadığı  bəlli  idi  .Və  onun   xoşbəxt  olmamasında   Cavad   müəllimin  də  öz  payı  var  idi.   Və  Cavad   müəllim  özünə  etiraf  etməsə  də  ağlayırdı. Göz   yaşları    onun  yanaqlarına, oradan  da  süzülüb  yaxasına ,maşının  ruluna   damcılayırdı.
    Cavad  müəllim   ağlayırdı:  dərdini  sevdiyinə  deyə   bilmədiyi  üçün  ,onu   bu  dünyada  xoşbəxt  edə  bilmədiyi  üçün  və  özü   də  xoşbəxt  ola  bilmədiyi  üçün  ağlayırdı. Və  bir  də  onun   üçün  ağlayırdı ki ,artıq  Nadimə  bax  beləcə  onun  həyatından  gedirdi.  Həmişəlik  gedirdi.  Cavad  müəllim  artıq  ona   dönməyəcəkdi   ,elə  onun  özü  üçün  dönməyəcəkdi.
   -Bitdi  ,hər şey  bitdi...Nə  çətindir  dünyada  sevdiyini  qoruya  bilməmək ,onu   döşünə   çəkib  olanlara  “Dur”   demək...
     Ah ,  qoca  Höte   ,”Həyatda  özünü  hər  şeydən  məhrum  et  ,arzularını  biruzə  vermə  “- deyəndə     ,yəqin   ki,   sonrakı   peşmançılıqları  ,göz  yaşlarını   nəzərdə  tutubsan.
   -...O  xəstədir… O   xəstədir...Bərk  xəstədir....-Nadimə     qaçaraq  pillələri  qalxdı.Qapını   açıb   özünü   evə   saldı.
   -Leyla!  Leyla!  
    Leyla  evdə  yox  idi.Nadimə  bərk  üşüyürdü.Ev  də  buz  kimi  idi.
   -Leyla !-  otaqları    dolaşdı.Gözü   stolun  üzərindəki  kağıza  sataşdı:”Mama ,mən  Nigargildəyəm.(qonşuda)  Dərslərimizi  bir  yerdə  hazırlayırıq   .Narahat  olma.
 Nadimə   kresloda  oturub  əllərini  ovuşdurmağa  başladı:Cavad  müəllimə   artıq  zəng  etmək  belə  olmayacaq.O  bunu  istəmir.Zəng   etmək  mənasızdır.Nadimənin  zəngləri  ona  çox  mane  olur ,onu  sıxır.  Hər  nədirsə  o,  bunu  istəmir  .Bütün  təkidlərə   məhəl  qoymamaq ,ona  zəng  etmək  ağılsızlıqdır  ,lazımsızdır  ,bu  anda-Nadimə hiss  edirdi- Cavad   müəllim   üçün  yorucudur   .Əslində  zəng  heç  nəyi  düzəldəsi  deyil.  Hər  şey  artıq  çoxdan  bitmişdir.  Nə  səbəbdən  olur –olsun  bitmiş, tükənmişdir. Bu çətin  anda   Nadimənin   ona  yaxın  olması  Cavad  müəllim  üçün  sarsıdıcıdır  .O,   kimlərəsə  hesabat  vermək  zorunda  qalır. Və  belə  bir  məqamda  bu  gərəksizdir.
İtirmək...itirmək...Cavad  müəllimi  itirmək...  Cavad  müəllimsiz  onun  həyatı  nədir  ki..
     Ah...bu  otaq  niyə  belə  qaranlıqdır ?  Niyə  belə  soyuqdur?  Bu  qız  harada  qaldı?  O,  nə  üçün  belə  titrəyir? Artıq  heç   nə  düşünə  belə  bilmir  .Bu  dəm  qaranlıqlarda  qeyb  olmaq  ,harada isə  itib-batmaq  keçir  könlündən.
       Lakin  kim  isə  ona  çox  möhtacdır,çox  möhtacdır. O   kimdir  belə?
    -Leyla..Leyla ..-qadın  birdən-birə  dik  ayağa  qalxıb  qapıya  cumdu
    -Leyla!-bloka  çıxdı.
    -Nədir ,mama,  -pillələri  düşən  Leyla  güldü-məni  belə  çığıra-çığıra  5-ci   mərtəbədən  çağırmaq  fikrində  idin?
-Harada qalmısan?  
-Gəlirəm  də.-Onu  ötürən  rəfiqəsinə  aşağıdan  əl  elədi.Heyrətlə  anasını  süzdü.
-Sənə nə olub?
  -Heç..
Otağa  daxil  oldular.
  -Rəngin  niyə  belədir? Nə  olub ,mama?
--Heç ..-Nadimə   birdən  ağlamağa  başladı.
-Gəl..gəl… Niyə  ağlayırsan?  Xəstələnmisən?
-Üşüyürəm.
-Gəl… gəl  uzan..
Leyla  anasının   yerini  açdı.  Nadimə  uzandı. Leyla  onun   üstünü  örtdü.
                                                                             xxx
    Səhər  yuxudan   gec  oyandı. İstirahət  günü  olduğu  üçün  işə  getməyəcəkd   .Pəncərəyə  yanaşıb  bayıra  baxdı  Hər    tərəf  ağappaq   qar  idi .Hava  şaxtalı  və  tutqun  idi. Xırda  qar  dənələri   aram-aram   yerə  qonurdu.Qarlı  -şaxtalı  havalarda   yadına  kəndləri  ,keçmiş   günlər ,dağlar-dərələr, kollar-koslar,ağaclar  düşürdü.
    Dağlar-dərələr,kollar- koslar,ağaclar...Və  o  dağlar-dərələr,kollar- koslar, ağaclar  onda  nostalji  hisslər  oyadırdı.Qəlbinin  ən  dərin  guşələrində   təbiətə  qarşı  gizlənib  qalmış  bir  məhəbbət  duyurdu-möhtəşəm, tərtəmiz  bir  məhəbbət...
  İllər   ötür  bu  məhəbbətə  heç  nə   kölgə  salmır  ,heç nə  onu  korşaltmır. İnsan   böyüyür ,cəmiyyətdə  yetişir,həyatı  dərk  edir .İnsan   bəzən  keçmişi  vərəqləyir ,nələrisə  saf-çürük  edir. Bəzən  keçmişdə   ona  əziz  olan  surətlərin  əslində  gülünc  obrazlar  olduğunu  dərk   edir .Zaman  dövr  etdikcə   insanların  iç  üzü, siması  açılır. Təbiətlə  isə  bu  baş  vermir.  Təbiət  eləcə  dəyişilməz  qalır. Əksinə   bir  az  da  artıq  onun  gözəl ,möhtəşəm və  yenilməz  olduğunu  dərk  edirsən.
     Budur  şaxta və qar ,tutqun  hava  ,qadının  qəlbini  titrədən  noastalgiya  necə  var  eləcə  də  qalıb.
    Bilməməzlik, dərketməzlik  ,əlçatmazlıq ,eyni  zamanda  yaxınlıq  və  doğmalıq ,  məhəbbət  necə  var  eləcə  də  qalıb. İndiki  qadın  -o  vaxtkı  uşaq   bəzən  özünü  illərlə  aldatmış  özü  üçün  xeyirxah , qəhrəman  obrazlar  uydurmuşdu. Lakin  illər   ötmüş  o vaxtkı  uşaq- indiki qadın o insanların nəinki  xeyirxah . qəhrəman  olmadıqlarını  görmüş, əksinə  o insanların  onun   uşaqlığını, məsumluğunu istismar  etdiyini  anlamışdı, onların  o  vaxtkı  uşağa, indiki  qadına  əzab, dərd  və bədbəxtlik  verdiyini kəşf  etmişdi .Və  bu  həqiqət idi.
   İndi  bu  həqiqətdən  çox  keçmişdi və  onları  araşdırmaq ,saf- çürük  etmək qadına  yalnız  əzab  verirdi .Və  qadın   o  insanlarla  bağlı  xatirələrin  üzərinə  qayıtmağı   heç  xoşlamırdı.  Bircə  şeyə  gücü  çatırdı  bu  gün  qızına  yaxşı  ana  olsun, ona silinməz ,zaman  keçdikcə  daha aydın  görünən və  ikrah  oyadan   izlər  buraxmasın.   Yəqin ki ,Tanrının  vəd  etdiyi      cənnət və  cəhənnəm   insanın  mühakimə  edə  bilmədikləri  üçündür. Yəqin  ki,  bu  proses  hələ  də  davam  edirdi .Hələ   çox  insanların  iç  üzü ,siması  açılacaqdı  .İndi  isə  qəlbindən  ağır ,şox  ağır  bir  daş  asılmışdı və bu  daşın  ağırlığı onu çox ,lap çox   incidirdi.  Nə  isə...
    Belə havalarda  isti  otaqda  peçi  yandırmağı  və  nə  isə  qeyri- adi   bir  yemək   bişirməyi  çox  sevirdi. Qızının  çox  sevdiyi    gürcü  xəngəli bişirməyə  başladı.
   Leyla ,  yəqin  ki, xörəyin  iyini  hiss  edib   gəldi. 
  -A,  mama,  nə   bişirirsən?
  Fərəhlə  qızının  gözəl   üzünə  baxdı.
  -Xəngəl.
  Leyla  sevinclə   güldü:
 -Məni   kökəltmək  istəyirsən?
   -Hərdənbir  yeməklə  heç  nə  olmaz  ,gözəlim.-Bol-bol deyirdi   ona  mehriban  sözləri.Qoy  ulu  Tanrı   onun   övladını  xoşbəxt  etsin, onu   kimlərinsə   səhvinə  güdaza  verməsin  .Amin…
    Leyla  ləzzətlə  xəngəl  yeyirdi  Birdən  maraqla  anasına  baxaraq  soruşdu:
   -Axşam  sənə  nə  olmuşdu?
    -Heç..
   -Nə isə  birtəhər  idin.
 -Olur  belə  şeylər  ...Sən  fikir  vermə.
  -Nəysə,  arvad, çalış  olmasın .- qızı  hərdən  zarafatla  ona  “arvad”  deyirdi.-Gedim  dərslərimi hazırlayım.
   -Hazırla ,qurbanın olum.
                                                             Xxx
    Həsən   küçədə  kiminsə  ola   biləcəyinə  belə  məhəl  qoymadan  maşını  Nadimənin   böyründəcə   saxladı. Atılıb  maşından  düşdü.Acıqla  Nadiməyə   müraciət  etdi :
 -Telefonu  nə  üçün   açmırsan ?
 -Nə  üçün  açmalıyam?- Nadimə  həyəcanla  ətrafa  boylandı.
 -Əyləş   maşına  sənə  sözüm  var.
 -Heç  vaxt .
  -Əyləş! 
-  Dəlisiniz ?
  — Hə   dəliyəm.  Əyləş   sənlə   söhbətim  var. Qorxma  səni  yeməyəcəm.
       Nadimə   kiminsə  onları  birlikdə  görə  biləcəyi  qorxusunun  təhdidi  altında  maşına  əyləşdi.
 Zeytun   bağının   kənarında  Nadimə  maşını  saxlamağı  xahiş  etdi.
 -Mən   bağda- mağda saxlayan   deyiləm. 
 -Saxlayın, xahiş  edirəm- Nadiməni   ağlamaq  tutdu. 
 -Qurban   olasan  özünə   -Həsən   maşını  saxladı.  Bağın   yuxarı  küncündəki   restorana  işarə  edərək   dedi:
 -Gedək  oturaq  bir  yemək  yeyək… Söhbətimizi  də  orada  edək.
  Nadimə   içini   çəkərək   dedi;
-Arvadınız  sizin   belə  işlərinizdən   xəbardardır?
 -Necə  işlərimdən.
 -Nə  bilim  belə..
 -Xəbərdardır.
 Nadimə  heyrətləndi.Həsən  davam  etdi:
 -Arvadım  xəstədir.O ,  özü  mənə  icazə  verib ki, bir  nəfər  təmiz  qadınla  münasibət  qurum.
-Siz  də  o  gicbəsər  simasında  məni  görürsünüz ?
 Həsən  heyrətləndi. 
-Bu nə  danışıqdır?
-Danışıqdır da. Evlənərsiz  mənimlə  ?
 -Subay  olsaydım  məmuniyyətlə. Neynirsən  axı  kağız  üzərndə   olan  evliliyi. Nə  vaxt  istədin  yanında olacam.
Bu  sözlərdə  bir  təhqir  yox  idimi?
Qadın  nə  isə   onu sancmaq  ,nəyinsə  heyfini çıxmaq  istəyirdi.
-Siz  mənim  zövqümcə  deyilsiniz.Sizin  özünüz  yox ,maşınınız   gözəldir.
Həsən  əvvəlcə  heyrətlə    ona  baxdı ,sonra   isə  qəhqəhə  çəkib  cülməyə  başladı. Nəhayət  sakitləşdi:
-Yadında  saxla  kişinin   özü  yox, xasiyyəti  gözəl  olmalıdır.
-Sizin  xasiyyətiniz  ğözəldir?-lağla   soruşdu.
-Onu  sən  deyəcəksən.  –sonra   əlavə  etdi  -sənə   belə  danışıq  yaraşmır.
Nadimə    daxilində   kükrəyən  qəzəbi  güclə  sakitləşdirərək  :
-Mən  yaraşıq  axtarmıram  -dedi-əl  çəkin  məndən ,mənim  sevgilim  var ,siz  onun   dırnağına  da  dəyməzsiniz  -dedi.
Həsən  ondan   belə  çılğınlıq  gözləmirdi,   deyəsən.Ya  da  “sevgilim  var  “sözünə  görə  tam  əsəbiləşdi.
-Əşi! Tüpürüm   sənin  sevgilinə  də,  ərinə  də..-dedi.
   Hər ikisi   maşından  düşüb  ayaq  üstə  durmuşdu. Həsən  həm  qəzəblə, həm  də  heyrətlə ona  baxırdı. Bir neçə  an  bir-birinə baxdılar.  Həsən    dönüb  maşınına  əyləşdi ,  vıyıltı  ilə  sürüb  oradan  uzaqlaşdı.
Nadimə  sonsuz  bir  qəzəb və  nifrətlə  onun  arxasınca  baxdı.

0 şərh