Ədəbiyyat nəzəriyyəsi

Bədii ədəbiyyatın mahiyyətini, xüsusiyyətlərini, ictimai həyatda onun mövqeyini, rolunu və əhəmiyyətini təhlil etmək və hərtərəfli qiymətləndirmək prinsiplərini müəyyənləşdirən, bədii yaradıcılığın inkişafına istiqamətləndirən qanunları öyrənən elmə ədəbiyyat nəzəriyyəsi deyilir. Keçmiş zamanlarda Azərbaycanda və Şərqin bir sıra ölkələrində buna «qəvaidi ədəbiyyə» deyirdilər. Ədəbiyyat nəzəriyyəsi yarandığı vaxtdan bizim dövrümüzə qədər iki dövrə ayrılmışdır. Birinci dövr Aristotelin təsvirləri əsasında inkişaf mərhələsi keçmiş, ikinci dövr isə 18-ci əsrin ortalarından etibarən Avropa sənətkarları tərəfindən forma-üslub müxtəlifliyi ilə yeni şəkil almışdır. Əgər klassik nəzəriyyə ancaq Aristotelin məhşur «Poetika» əsərində bir xalqın ədəbiyyatının – yunan ədəbiyyatının təcrübəsini ümumiləşdirmişdisə, Bualo «Poeziya sənətində» klassizmin nəzəri əsaslarını, estetik prinsiplərini sistemləşdirmiş, qaydaya salmış, inkişaf etdirmiş, öz dövrünün ədəbi təcrübəsinə əsaslanaraq, yeni və müasir tələblərlə zənginləşdirmiş, ədəbiyyatın və incəsənətin mahiyyəti, vəzifələri və tərbiyəedici rolu haqqında bir sıra maraqlı, indi də öz əhəmiyyətini itirməyən mülahizələr söyləmişdir.
Bununla belə ədəbiyyat nəzəriyyəsi həm tarixi, həm də ümumi xarakterli bir elm olduğu üçün Aristotel tərəfindən «poetika» sferasında tədqiq edilib ümumiləşdirilmiş klassik nəzəriyyəni, sonrakı dövrlərin ədəbiyyat elmi ədəbi prosesin axarının və elmi-nəzəri təfəkkürün inkişafı nəticəsində zənginləşsə də bunları bir-birinə qarşı qoymaq, yaxud hansı birini mütləqləşdirib, digərinə etinasız yanaşmaq olmaz.
Aristotelin müəllimi Platona görə, sənət görülən və duyulan dünyanın təqlidi və inikasıdır. Onun təlimlərinə görə, ədəbiyyat didaktik ola bilməz və gerçəkləri bildirə bilməz.
Öz müəlliminin əksinə olaraq Aristotel sənətkarı Platonun sandığı kimi – bizi gerçəklikdən uzaqlaşdıran, saxta biliklər verən adam deyil, həyatı açıqlayan bir adam kimi qiymətləndirir. Qərbdə sənətin əks etdirmə fikri intibah dövründən sonra yenidən canlanmış klassiklər və ya neoklassiklər aristotelin görüşlərini bir neçə şəklə bölmüşlər.
  1. Sənət ümumi təbiətin əks etdirilməsidir.
  2. Sənət ideallaşdırılmış təbiətin əks etdirilməsidir.
Aristotelin fikrinə görə, «qorunub saxlanan» tarixin və insanın yaddaşına çevrilən əsatiri, mifi dağıtmaq olmaz. Şairlər miflərə yaradıcı yanaşa bilərlər. Bu təkcə zahiri forma, yaxud konstruksiya mənasında deyil, bilavasitə süjet-məzmun mənasında ola bilər.
XIX əsrdə meydana gələn romantizm məktəbinin nümayəndələri Aristotelin nəzəriyyəsini düzgün hesab etməyərək, bədii əsərin gerçəkliyin güzgüsü yox, sənətkarın üç dünyasına, ruhuna açılan bir pəncərə olduğunu iddia etdilər. Lakin XIX əsrin ortalarında yaranan realizm cərəyanı bu məktəbə qarşı çıxdı. Realistlər klassik nəzəriyyəni dəstəkləyərək, sənət əsərini həyatın aynasına bənzətdilər. Fransada Stendal, Balzak, Emil Zolya və Frubert tərəfindən əsası qoyulan realizm cərəyanına görə, sənətkar öz gördükləri və duyduqlarını bütün eybəcərliyi və gözəlliyi ilə qələmə almalıdır, çünki həyat gözəllikdən və eybəcərlikdən ibarətdir. Eyni zaman çərçivəsində realizm Rusiyada tamam ayrı bir istiqamətdə inkişaf elədi. Rusiya realizmini təmsil edənlər arasında Tolstoy, Çexov, Qorki kimi yazıçılarla yanaşı, eyni zamanda Belinski və Çernışevski kimi realist tənqidçilər də vardı. Çernışevskiyə görə, realist yazıçı gerçək həyatdan ictimaiyyətin xeyirinə olanları seçməli, onları əks etdirməlidir.
Müəllif: VÜQAR ƏHMƏD
Mənbə: ƏDƏBİYYATŞÜNASLIQ, filologiya fakültəsinin tələbələri üçün dərslik,2007
 

0 şərh