Ədəbiyyat tarixi

Bədii ədəbiyyatın tarixini, onun xalqın və ümumiyyətlə, bəşər cəmiyyətinin tarixi inkişafı ilə bağlılığını öyrənib şərh edən ədəbiyyat tarixi hələ yazılı ədəbiyyat mövcud olmadığı dövrlərdən indiki dövrə qədər – xalq yaradıcılığından qaynaqlanan bədii ədəbiyyatın zəmanəmizə qədər keçdiyi böyük, mürəkkəb tarixi inkişaf yolunu elmi surətdə işıqlandırmış və işıqlandırmaqdadır.
Ədəbiyyatşünaslıq elminin üç əsas bölməsindən biri də ədəbi tənqiddir. Ədəbi tənqid bədii əsərin ictimai əhəmiyyətini, xalqın həyatı ilə necə səsləşdiyini qiymətləndirir, onun ideya-bədii keyfiyyətinin yüksəlməsinə, ümumiyyətlə ədəbiyyatın inkişafına kömək edir. Bu elm keçmiş ədəbi irsi dərindən öyrənmək və klassik ədəbiyyatın ən yaxşı ənənələrini mənimsəməklə bərabər, müasir ədəbi prosesin daha da inkişaf edib yüksəlməsinə istiqamət verir, onu nəzəri cəhətdən silahlandırır.
Ədəbiyyatşünaslığın həqiqi, düzgün inkişafı onun tarix, fəlsəfə, estetika, dilçilik, incəsənət tarixi kimi elmlərlə sıx əlaqə saxlamasını tələb edir; bunsuz hadisələri lazımınca öyrənmək mümkün deyil.
Azərbaycanda ədəbiyyatşünaslıq bir elm kimi hələ orta əsrlərdə yaranmağa başlamışdır. Onun ilk əsərləri təzkirə adlanan ədəbi məcmuələrdir. Səyahətnamə, tarixi salnamə, qamus və s. əsərlərdə də ədəbiyyatşünaslıq ünsürləri çoxdur, bunlarda yazıçılar haqqında bioqrafik məlumatlar verilir, əsərlərdən sitatlar gətirilir, onların yaranma tarixi, süjet və s. haqqında danışılır. Lakin milli ədəbiyyatşünaslığın inkişafı bilavasitə XX əsrin əvvəllərindən başlamışdır. Belə ki, Azərbaycan ədəbiyyatşünaslığı tarixində ilk dəfə olaraq F.B.Köçərli ədib və şairlərimizin böyük əksəriyyətini əhatə edən sistemli
«Azərbaycan ədəbiyyat tarixi materialları» əsərini yazmışdır. Bu əsərdə yüzdən artıq şairin ədəbi irsi və onlardan böyük bir qisminin tərcümeyi-halı verilmiş, əsərləri haqqında orijinal fikirlər söylənmişdir. Azərbaycan ədəbiyyatına dərindən bələd olan bu sənətkar Füzuli, Vaqif, M.F.Axundov, Q.B.Zakir, S.Ə.Şirvani kimi görkəmli simaların yaradıcılığı ilə bağlı tədqiqat aparmış, ilk dəfə olaraq Vaqif, Vidadi, Nəbati və bir sıra başqa Azərbaycan şairlərinin həyat və yaradıcılıqları ilə bağlı geniş məlumat vermişdir.
Azərbaycan ədəbi-estetik fikri az qala Azərbaycan bədii ədəbiyyatının özü qədər qədim bir tarixə malikdir. Hələ çox qədim dövrlərdə şairlər, söz ustaları öz xalqının, eləcə də ərəblərin, farsların, osmanlı türklərinin, eyni zamanda yunanların və Avropa xalqlarının ədəbiyyatının folklorunun biliciləri tərəfindən məclislərdəki mübahisələr zamanı söylənən bu mülahizələrdə bədii əsərin məqsəd və vəzifələri, estetik təsirin incəlikləri, şer şəkillərinin əlvanlığı və s. haqqında konkret fikirlər meydana çıxırdı.
Orta əsrlərin estetik fikrinin öz inikasını tapdığı ilk Azərbaycan mənbələrindən tədqiqatçıların nəzərini ən çox cəlb edəni Xətib Təbrizinin «Şərhül-həmasə», Mərzban Bəhmənyarın «Kitabül-bəhcət və əs-səvdət» (XI əsr), Şərifəddin Həsən Rami Təbrizinin «Hədaiqül Həqaiq» və «Ənisül-ümmaq» (XIV əsr), Vahid Təbrizinin «Risaleyi- cəmi-müxtəsər» (XXI əsr) Sadıq bəy Əfşarın «Qanun us-suvər» (XVI- XVII əsrlər), Məhəmməd Rəfi Dostməhəmməd oğlunun «Məşrəbul- ətşai» (XVII əsr), Mirzə Əbutalib Təbrizinin «Xilasə-tül-əfkar» (XVIII əsr) əsərləridir.
Zəmanəsinin ən görkəmli ədəbi simalarından biri kimi məhşur olan Xətib Təbrizi (1030-1109) şeirləriylə yanaşı, elmi tədqiqatları ilə də tanınmışdır. Onun irsinə, xüsusən də nəzəri-estetik əsərlərinə ilk dəfə diqqəti cəlb edən rus alimi akad. İ.Kraçovski, Azərbaycanın görkəmli alimi akad. H.Araslı və yazıçı M.S.Ordubadi olmuşdur.
Ordubadinin qənaətinə görə Yaxın Şərq ədəbiyyatında tənqid və təhlil janrını yaradan alim və şairlər içərisində hamıdan irəlidə gedən Xətib Təbrizi olmuşdur. Onun əruz və qafiyə elminə həsr etdiyi əsərlər bütün şərq dünyasında birincilik qazanmışdır. Professor M.Mahmudovun fikrincə, Xətib Təbrizi poetikada şərh janrının məqsəd və vəzifələrini ilk dəfə elmi surətdə əsaslandıraraq, şeirin hərtərəfli (kompleks) təhlili metodunu irəli sürmüş, özü də həmin metoda əsasən dövrünün bütün humanitar elmlərini (fəlsəfə, ilahiyyat, ədəbiyyatşünaslıq, dilçilik, mifologiya, folklorşünaslıq, etnoqrafiya) nailiyyətlərini şərhlərinə cəlb etmişdir. Alim belə bir prinsipə əsərlərində həmişə ciddi riayət edirdi ki, sənət əsəri onun müəllifinin dövrü, mühiti ilə əlaqədə götürülüb, təhlil edilməlidir. Əsərin mənsub olduğu xalqı, onun tarixini, psixologiyasını kifayət qədər öyrənmədən müəllifin fikir və duyğular aləminin obyektiv təhlilini vermək mümkün deyil. Obyektiv elmi-tənqidin görkəmli nümunələrini yaratmış X.Təbrizi öz ədəbi mülahizələrində, tərif və tənqidlərində, təəssübkeşliyə və qərəzçiliyə düşmən olmuşdur. O, hələ təqribən 9 əsr bundan əvvəl bədii əsərin forması ilə məzmunu arasındakı qarşılıqlı əlaqələri inandırıcı surətdə təhlili etmiş, birinciliyi məzmuna verərək, formanı ondan asılı hesab etmişdir ki, bu da təkcə Azərbaycan deyil, bütün Yaxın Şərq ədəbi-nəzəri fikri tarixində poeziyaya yeni elmi baxış kimi qiymətləndirilir
Sovetlər birliyi dövründə bəzi tədqiqatçılar İslam dininin Azərbaycan ədəbiyyatı və mədəniyyətinə zərbə vurduğunu, onun inkişafına mane olduğunu iddia edirdilər. Lakin bu tamamilə yanlış və səhv idi. Çünki məhz İslam dininin Azərbaycanda geniş yayılması və təbliği sonra Azərbaycan ədəbiyyatının yeni, qüvvətli bir canlanma və intibahına səbəb olmuşdu. Bədii fikirdə mürəkkəb və ziddiyyətli, lakin tarixən zəruri və qanunauyğun bir tərəqqi prosesi başlamışdı. Bu, qədim bir ədəbiyyatın ənənələrini süzgəcdən keçirib saf-çürük edən, saflaşdıran güclü bir proses idi. Ədəbiyyat öz tarixi inkişafında yeni mərhələyə qədəm basırdı.
İslam dininin Azərbaycanda vüsət tapması ilə şifahi şəkildə ifa olunan mənzum və mənsur əsərlərin yazılı mətn halı, sonra isə daha mürəkkəb təhkiyə formaları yaranır. Azəri türkcəsində yazılmış ən qədim əsərlərdən biri «Dədə Qorqud» dastanıdır. Dastanın bəzi boyları islamdan qabaq yazılsa da əsas hissəsi, yəni tarixi bir şəxsiyyət olub, iki yüz on beş il ömür sürən və ahıl vaxtlarında İslam peyğəmbəri Həzrəti Muhəmməd əleyhissəlamla görüşüb İslamı qəbul edən Dədə Qorqudun təşəbbüsü ilə kütləvi şəkildə islamı qəbul edən oğuzlar tərəfindən artıq müsəlman olduqlarından sonra yazılmışdır.
İslam intibahından ruhlanan, iç dünyaları ilə vəhdəti-vücud fəlsəfəsinə sığınan Xaqani, Nizami, Həsənoğlu, Qazi Bürhanəddin, Qazi Zərir, Nəsimi, Şeyx Qasim Ənvar, Şeyx Əlvan Şirazi, Həqiqi, Şah İsmayıl Xətai, Xəlili Haşimi, Kişvəri, Matəmi, Süruri, Hamidi, Bəsiri, Füzuli kimi şəxsiyyətlər yetişmişdir. Bu sənətkarların yaratdıqları, eyni zamanda özlərindən sonra bizə ərməğan qoyub getdikləri xəzinəni təhlil edən və ümumiyyətlə bədii yaradıcılığın spesifikası ilə əlaqədar qiymətli mülahizələr söyləyən Xətib Təbrizi, Vahid Təbrizi, S.Əfşar bir sıra ədəbiyyatşünaslar ədəbiyyat tariximizi yaratmaqla yanaşı, dünya mədəniyyət və incəsənətinin əvəzedilməz inciləri sayıla bilər.


Müəllif: VÜQAR ƏHMƏD
Mənbə: ƏDƏBİYYATŞÜNASLIQ, filologiya fakültəsinin tələbələri üçün dərslik,2007
 

0 şərh