Ədəbi tənqid

Azərbaycan nəzəri-estetik fikrinin, ədəbi tənqidinin öz əksini tapdığı ən zəngin qaynaqlardan biri bədii ədəbiyyatın, xüsusən də poeziyanın özüdür. Klassik şairlərimizin müxtəlif münasibətlə söz sənətinin təbiəti, mahiyyəti, sənətkarlıq məsələləri, orijinallıq, deyim tərzi, mövzu təzəliyi, forma incəliyi və söz haqqında söylədikləri, gəldikləri qənaətləri çox zəngindir. Poeziya dühalarımızın bu qəbildən olan deyimləri tam bir estetik və tənqidi fikir sistemidir. Bu barədə danışarkən gözlərimiz önündə canlanan ilk sima böyük Nizami Gəncəvi, ilk mənbə isə onun ölməz «Xəmsə»sidir.
«Xəmsə»nin hələ ilk əsəri olan «Sirlər xəzinəsində Nizami sənətkar şəxsiyyətini, yaradıcı insanın vüqarını çox yüksək qiymətləndirir, ulu kəslər – ən uca rütbəli insanlar arasında peyğəmbərlərdən sonra birinci yerdə «ərşin bülbülləri» hesab etdiyi şairləri qoyurdu.
«Qızılmı, yoxsa sözmü daha qiymətlidir?» — sualına poemada verilən cavab maraqlı olub, bütünlükdə poetik sözün qüdrəti haqqında Nizaminin məhşur qənaətini ifadə edir:
Səncə köhnə qızılmı, təzə sözmü yaxşıdır?
Söz sərrafı söylədi: «Söz dünyanın naxışıdır».
Söz qasidi bələdsiz başa vurar yolları,
Söz hünər meydanıdır, yenər mərd oğulları.
«Xosrov və Şirin» romanında Nizami bədii yaradıcılığın həyati qaynaqlarına, sənətdə varlığa, gerçəkliyə sədaqət məsələlərinə toxunur və qətiyyətlə elan edirdi:
Doğru yazmağa var madam ki imkan,
Neçin gəlməlidir ortaya yalan?!
Sözün qiymətini saldı yalanlar,
Doğrunu danışan hörmətli olar.
Böyük şair sənətdə orijinallığı yüksək qiymətləndirir, özünün kimsəni təkrar etmədiyini bildirəndən sonra göstərirdi ki, deyilmişlərin təkrarından heç kəsə bir fayda yoxdur. O, həmkarlarını söz üzərində dönə-dönə işləməyə, yaradıcılığa qarşı yüksək dərəcədə tələbkar olmağa, yüz sözün yerində bir kəlmə qalanadək ifadəni cilalamağa dəvət edirdi. Məna və fikir yükündən məhrum olan sözü puç hesab edən Nizami «Leyli və Məcnun»da göstərirdi ki, ancaq məna ilə zəngin olan hər beytin misrası dürrdür, bir misrası qızıl. Yenə bu ölməz məhəbbət dastanında şair sənətin mahiyyətinə zidd olan qeyri-əxlaqi, eybəcər atributların poeziyaya gətirilməsinin əleyhinə çıxır, belə hesab edirdi ki:
Ayıblı sözlərin yazılmasından
Yaxşıdır, bir dəftər ağ qalsa inan!
Sənətdə həmişə yenilik, təzə söz, təravətli fikir mücahidi kimi tanınan Nizami «Şərəfnamə»də nəinki öz müasirlərini, özündən sonra gələn qələm sahiblərini də daim axtarışlar aparmağa dəvət etmiş, yalnız belə olan təqdirdə yaradıcılıq aləmində təzə cığır açmağın mümkünlüyünü təkidlə bildirmişdir:
Sözlər padşahının bir məsəli var:
Nə gözəl söyləmiş: «Axtaran tapar!»
 
Ölməz Füzuli poeziya sənətinin ən vacib məziyyətlərindən birini onun elmiliyində görür və bu keyfiyyətdən məhrum olan əsərləri sənətin dərgahından uzaq hesab edirdi. Onun ana dilində «Divan»ının dibacəsindəki (müqəddimədəki) bu sözlər deyilənlərə sübutdur:
«Elmsiz şeir əsası yox divar olur və əsassız divar qayətdə (son dərəcədə) bietibar olur».
Əlbəttə, elə başa düşülməsin ki, şeirlə elmin vəhdətinin labüdlüyündən danışanda Füzuli sənət əsərindən elmin problemlərinin həllini tələb edirdi. Böyük sənətkar öz şəxsi meyarına əsaslanaraq belə hesab edirdi ki, poeziya yaratmaq dövrün yüksək intellektual səviyyəsinə ucalmış istedad sahiblərinin işi olmalıdır: onu hər nadanın at oynatdığı meydana çevirmək olmaz. Şeirin elmiliyi hər şeydən əvvəl, onun sxolastikadan uzaq, xəlqi, həyati əsaslar üzərində inkişafı deməkdir. Axı şairin digər qənaətinə görə, «ləfzi xalq arasında işlənməyən», «xoşa gəlməyən» söz yaşamaq, təsir göstərmək imkanından məhrumdur.
Füzuli sözə, söz sənətinin ən uca məqamı hesab etdiyi poeziyaya çox yüksək qiymət verir, onun yoxdan var etmək qüdrətini incə bədii deyimlərlə əsaslandırırdı:
Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz,
Gər çox istərsən Füzuli, izzətin az et sözü,
Kim çox olmaqdan qalıbdır çox əzizi xar söz.
Göründüyü kimi, bu qəzəldə şair eyni zamanda sənətdə ölçü hissi məsələsini qoyur, xüsusən şeirdə az sözlə çox mətləb ifadə etməyi, bədii əsərdə sözün meydanını dar, fikrin meydanını vüsətli görmək istədiyini elan edirdi.
Estetik qənaətlərin poeziya əsasında inikası Azərbaycan ədəbiyyatında uzun müddət davam edən, bu gün də özünü ara-sıra büruzə verən bir ənənədir. Nəsimi (XIII-XIV əsrlər), Saib (XVII əsr), Qövsi (XVII-XVIII əsrlər), S.Ə.Şirvani (XIX əsr) və digər şairlərimizin yaradıcılığında poeziyanın forma xüsusiyyəti hansı şəkildə olmalıdır ifadəsinə tez-tez rast gəlmək olar. XIX əsrdə Azərbaycanda bir tərəfdən poetikanın müxtəlif məsələləri M.Ş.Vazeh, S.Ə.Şirvani kimi dövrün müqtədir şairlərinin əsərlərində qaldırılır, digər tərəfdən M.F.Axundovun yaradıcılıq timsalında Azərbaycanda ilk professional ədəbi tənqidin yaranması prosesi başlayır.
Bədii ədəbiyyat haqqında elm, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyatşünaslığın bölmələrindən olan, qədim dünya yazıçıları Aristotelin «Poetika», Horatsinin «Poeziya sənəti haqqında», yaxud «Pizonlara məktub» əsərləri ilə məhşur olan poetika elmi tarixin müxtəlif dövlərində müxtəlif vəzifələrlə gah müstəqil elm, gah fəlsəfə və yaxud estetikanın bir hissəsi kimi fəaliyyət göstərərkən göründüyü kimi, Azərbaycanda da hələ qədim dövrlərdən bizim sənətçilər poetika yaradıcılının spesifikasını təyin etməklə bədii əsərin quruluşunu, onun ideya-estetik məzmununu, kompozisiya və süjetini, surətlər sistemini, şeir və nəsr dilinin xüsusiyyətlərini öyrənməklə, ədəbi prosesin qanunauyğunluqlarının, ədəbi metodların, ədəbi növlərin orijinal şəkildə nəzəriyyəsini yaratmışlar.
Ədəbiyyatşünaslıq qədim yunan alimi Aristotelin vaxtından bizim zəmanəmizə qədər böyük inkişaf yolu keçmiş, Azərbaycan ədəbiyyatçılarının yaradıcılıq axtarışı ilə əlaqədar daha da inkişaf etmiş və zənginləşmişdir. Azərbaycan ədəbi-mədəni mühitindəki tendensiyalar klassik ədəbi ənənə ilə çox bağlı olmuşdur, bütün dövrlər üçün zəruri olan qanunauyğunluq, eləcə də ərəb mədəniyyətinin özü ilə gətirib gəldiyi bir sıra nümunələr, məsələn yunancadan tərcümə olunmuş elmi, ədəbi və fəlsəfi əsərlər, eyni zamanda Qurani-Kərim işığında yazılmış olduqca möhtəşəm sənət inciləri və s. onlardan öyrənmək və bəhrələnmək əlamətlərini İslamdan Antik dövrə dönüş səviyyəsində geriyə qayıtmağın faktları və hadisələri kimi qiymətləndirmək doğru olar. Qeyd etmək lazımdır ki, orta əsrlərin Şərq mühitində böyük poeziya klassiklərinin yarıdıcılığında islam ideologiyasının tərənnümü, xoşbəxt cəmiyyət, bərabərlik, ədalət axtarışları, bütün səmavi dinlərə ehtiram və insan tərbiyəsi təlimi, eyni zamanda humanizmin poetik təsdiqi öz əksini tapmışdır. Bu ideoloji və etik-əxlaqi təlimləri Azərbaycanda orta əsrlərin bütün davamı boyu izləmək mümkündür. Azərbaycanda daha sonrakı əsrlərin klassik poetik fəlsəfəsində də islam dininin təsiri açıq-aşkar görünməkdədir. Bilavasitə Azərbaycan poeziyasının mövqeyi dini və elmi bir təlim kimi öz bəhrəsini vermişdir.
Təsadüfi deyil ki, Azərbaycan klassikləri öz əsərlərini münacatla başlamış, bu münacatlarda Allahın qüdrət və ülviyyəti, kainatın yoxdan var edilməsi, ilahi ehkamlar və s. tərənnüm edilmişdir. Dahi şairimiz Nizami Gəncəvinin «Xəmsə»sində münacatın klassik, məzmun və formaca çox mükəmməl, gözəl nümunələrinə rast gəlinir. «Leyli və Məcnun» dastanındakı münacatdan bir parçaya (tərcümə Səməd Vurğunundur) nəzər salaq:
Ey adı ən gözəl başlanğıc olan,
Adınla başlanır yazdığım dastan.
Sən, ey xatirəsi könlümə həmdəm,
Adın düşməmişdir dilimdən bir dəm.
Bütün varlıqları özün yaratdın
Bağlı qapılara açardır adın.
…Ey bütün varlığın həyat təməli,
Yetməz dərgahına bir insan əli,
Sənin tərifindir «təbarəkallah»
Alqış camalına, feyzinə, Allah!
İran alimi doktor Əhməd Əhmədi münacatı ilahi dərgahına mənəvi yaxınlaşma üçün bir vasitə olmaqla yanaşı, şairin din, fəlsəfə, üslubiyyat, ürfan və şeir meydanında hünər və sənətkarlıq nümayiş etdirmək üçün ən yaxşı zəmin hesab etmişdir. Çox təəssüflər olsun ki, Sovetlər birliyi dövründə klassiklərimizin əksər əsərləri münacat hissəsi çıxarılaraq çap olunmuş və bu da ateizm təbliğatı aparan bir sıra tədqiqatçıların əlinə demək olar ki, bütün klassiklərimizi ateist kimi qələmə verməyə əsas vermişdir. Lakin onların bu uydurma təbliğatı nəinki islam dinini gözdən salmadı, əksinə bir sıra həqiqətləri meydana çıxardı. Müqəddəs Qurani-kərim Həzrəti-Muhəmməd səlləllahu əleyhi və alihi vəssələmin ən böyük möcüzələrindən olub öz dili və dini ehkamları ilə indi də get-gedə daha çox bəşər övladının ağlını və qəlbini fəth edir. Təsadüfi deyil ki, görkəmli alman şairi Göte Qurani- Kərimin fəzilətlərindən danışaraq yazmışdır ki, Biz elm və mədəniyyət istiqamətində irəlilədikcə, yersiz təəssüb və cəhalət pərdəsini yırtdıqca, müqəddəs Quranın hökmlərinin əzəməti qarşısında artıq heyrətlənirik.
Bununla belə qənaətə gəlmək olur ki,nəinki Şərq klassikləri, hətta bəzi Avropa sənətkarları da xalis etiqadca İslam dininin ehkamlarına tabe olmuş, Qurani-kərimdən bəhrələnmiş bəşər ədəbi- ictimai fikrinə böyük töhfələr vermişlər. Bunu da qeyd etmək lazımdır ki, qədim yunan fəlsəfəsi Avropadan əvvəl öz rolunu Şərqdə oynamışdır, Şərq humanizmi Orta əsrlərə qədərki bəşər mədəniyyətinin nailiyyətləri ilə hazırlanan, eyni zamanda sonralar İslam dininin gətirdiyi mədəniyyət və yüksək əxlaqi təlimi ilə mənəvi bir zəmində ucala bilmişdir. Bütün bunlar sənət əsərlərində estetik məziyyətləri yüksək dərəcədə təzahür etdirməyə Azərbaycan klassiklərinə öz bəhrəsini vermişdir.


Müəllif: VÜQAR ƏHMƏD
Mənbə: ƏDƏBİYYATŞÜNASLIQ, filologiya fakültəsinin tələbələri üçün dərslik,2007
 

0 şərh