Məzmun və forma

Məzmun bədii əsərin mahiyyəti, poetik mündəricəsidir. Bu mahiyyət təsvir olunan hadisə və əhvalatdan, obrazların hiss, duyğu, fikir, münasibət, əlaqə və mübarizələrindən yaranır, bədii əsərin mövzusunu açan həyat hadisələrindən, fikir və hisslərindən ibarət olur. Varlığın müxtəlifliyi, insanın ümumi və fərdi xüsusiyyətləri, onun portretinin və daxili aləminin özünəməxsusluğu müşahidə ilə seçilir, dünyagörüşlə qiymətləndirilir, obrazlarda konkret, hissi-emosional ifadə olunur, belə məzmun daxili birliyə, daxili harmonikliyə tabe olur. Aristotelin anlamında «Təqlid» — məzmun sadəcə predmet, «surət çıxarmaq» natura deyildir; varlığın fantaziya ilə yaradılan bədii modelidir, ona ədəbi şəxsiyyətin fikri-mənəvi zənginliyinin hopması, daxil olmasıdır. Çünki obrazın və bədii məzmunun «tikinti materialı» gerçəkliklə bərabər sənətkarın şəxsiyyətidir, emosiyaları, fikir və düşüncəsi, meyl və münasibətidir. Yazıçı obrazı yaradarkən onun daxili və xarici görünüşünü, xüsusiyyətlərini əhatə etməyi diqqət mərkəzində saxlayır və buna nail olmaq üçün məzmuna müvafiq forma haqqında düşünür. Beləliklə, bədii əsərin məzmunu ilə formasının bir- biri ilə əlaqəsi mühüm qaydalardan biri kimi ədəbiyyat nəzəriyyəsinin əsas problemlərindəndir.
İncəsənətdə məzmunun estetikliyini, aparıcı səciyyə daşımasını antik filosoflar da sezmişlər. Ona görə də Aristotel «mimesis» kəlamını tez-tez işlətmişdir. «Mimesis» onun «Poetika»sında sənətin, bədii fəaliyyətin məğzini təşkil edən, yaradıcı təqlidi ifadə etmək üçün işlənən bir anlayışdır. Aristotel bədii yaradıcılığının mənşə və mahiyyətini şərh edərkən, öz sələfləri Sokrat, Platon və digər filosoflar kimi «Təqlid» nəzəriyyəsinə əsaslanır. Lakin Aristotelin «Təqlid» nəzəriyyəsi özündən əvvəlki filosofların bu məsələ ilə əlaqədar irəli sürdükləri müddəalardan xeyli, bəzən isə əsaslı dərəcədə fərqlənir. Platonun sənət və onun mənşəyini son nəticədə fövqəltəbii ideyalar aləmi ilə bağlayan «xatırlama-mimesis» haqqındakı nəzəriyyələrdən fərqli olaraq, Aristotelin «təqlid-mimesis» nəzəriyyəsi dünyəvi səciyyə daşıyır, gerçəkliyin yaradıcı-bədii inikasını və təcəssümünü nəzərdə tutur, sənətin idrak və tərbiyəvi rolunu ayrıca qeyd və qəbul edir.
Ədəbiyyatda, bütövlükdə incəsənətdə aparıcı, həlledici məzmundur. Məzmun dərkin, təsvir olunan, sənətkarın duyumuna, istedadına və yaradıcılıq mövqeyinə, onun təcrübə və dünyagörüşünə uyğun seçilən, bədii-estetik qiymət səviyyəsinə qaldırılan hadisə və əhvalatların məzmunudur.
Əsərdə iştirak edən şəxslərin danışığı və müəllifin onlar haqqında sözləri, yəni əsərin dili təsvir olunan insan xarakterlərinə və şəraitinə uyğun şəkildə qurulur. Beləliklə, məzmun yazıçının seçib təsvir etdiyi həyat lövhələrini, xarakterləri, iştirakçıları, süjeti əmələ gətirən əhvalatları, əsərin quruluşu və dilini, başqa sözlə, formasını təyin edir. Həyat lövhələri, quruluş, süjet və dil sayəsində məzmun çoxcəhətli və dolğun şəkildə meydana çıxır. Bu o deməkdir ki, əsərin forması onun məzmunu ilə sıx bağlıdır, formanı məzmun təyin edir, digər tərəfdən, əsərin məzmunu yalnız müyyən bir forma daxilində meydana çıxa bilər, formasız məzmun ola bilməz. Məzmun formanı müəyyən edir, onu doğurur. Lakin bu o demək deyildir ki, forma passivdir. Forma məzmuna təsir edir, onu tamamlayır. Obrazlı şəkildə desək, forma məzmuna bədii don geydirir, onun bədii-estetik təsirini gücləndirir.
Yazıçı ədəbi formadan nə qədər sərbəst istifadə edə bilirsə, həyatı nə qədər mükəmməl təsvir edirsə, əsərin ideya-məzmununu da bir o qədər dərindən və düzgün aça bilir, forma ilə məzmun arasında vəhdət yaratmağa müvəffəq olur. Forma ilə məzmunun vəhdəti əsər üçün zəruri bədiilik şərtlərindən biridir. Əsərin məzmun və forması onun təhlili zamanı bir-birindən fərqləndirilir; əslində isə onlar üzvi vəhdət təşkil edib, bir-birindən ayrılmaz halda olur. Formanı məzmunlu, məzmunu isə formalı bir halda almaq asan iş deyil; bu məsələnin düzgün həlli düzgün metodoloji mövqedən əlavə, əsl tədqiqatçılıq istedadı, bədii zövq və həssaslıq tələb edir.
Məzmunla forma arasında ziddiyyət də özünü göstərir. Lakin bu ziddiyyət ədəbi prosesi ləngitmir, ona mane ola bilmir, əksinə, ədəbiyyatın inkişafı müəyyən mənada, demək olar ki, həmin ziddiyyətin nəticəsi kimi meydana çıxır.
Ədəbiyyatın predmeti həyatdır, sosial münasibətlərdir, insanların xarakterlərinin tarixən konkretliyidir. Sənətkar insanın psixologiyasını, əxlaqi-mənəvi aləmini mürəkkəbliyi ilə öyrənir. Müxtəlif dövrlərdə insan yalnız həyata, təbiətə təsir göstərmir, bu mürəkkəb prosesdə, həm də onun özü, sosial mühiti və məişəti dəyişir. Bədii yaradıcılıqda insan belə daxili zənginlik və mürəkkəbliyi, öz mühitinin övladı kimi təsvir olunur. Bədii əsərin məzmunu həyatın bütün sahələrindən götürülür. Xalqın tarixi, adət-ənənəsi və milli varlığı, onun mənəvi-iqtisadi, ideya- siyasi yüksəlişi, ayrı-ayrı şəxsiyyətlərin qəhrəmanlığı, vətənpərvərliyi, sevgisi və humanizmi yazıçılarda maraq doğurur, əsərlərə məzmun- ideya verir. İdeyanın təsiri, idraki-tərbiyəvi əhəmiyyətinin genişliyi məzmunun tutumundan, aktuallıq və müasirliyindən asılıdır. Çünki ideya məzmundan doğur, məzmunun varlığında konkret ideya yaşayır. Buna görə də yazıçı üçün «predmetin özü yox, predmetin mənası əhəmiyyətlidir və onun ilham odu yalnız predmeti göstərmək yolu ilə həmin predmetin mənasını hamıya aydınlaşdırmaq və hiss etdirmək üçün alovlanır» (Belinski). Sənətkarın təsvirində fikir amaldır, bu fikirdən alınan təəssürat oxucunun ağlına təsir etməli, onun həyatın müxtəlif sahələrinə münasibətinə istiqamət verməlidir.
Ədəbiyyatda məzmun və forma anlayışları müəyyən tərkib hissələrdən ibarət olduqları üçün mürəkkəb xüsusiyyətlərə malikdir.
Məsələn, məzmunun tərkib hissələri mövzu, ideya, ali məqsəd və s.dən ibarətdirsə, formanın tərkib hissələri janr, ahəng, ölçü, dil və başqalarıdır. Bədii əsərin forması ilə məzmunu arasındakı münasibəti başa düşmək və əsərə bu baxımdan qiymət vermək üçün həmin tərkib hissələri və onların bir-birilə əlaqəsi diqqət mərkəzində saxlanılır.
Məlumdur ki, ədəbi əsər həyat hadisələrinin bədii ifadəsidir. Hadisələr bir-birini əvəz edib dəyişdikcə ədəbiyyatın mövzusu da dəyişir. Tarixi inkişaf nəticəsində insanların müəyyən amal uğrunda apardıqları mübarizə, vətənpərvərlik və s. əlaqədar yeni mövzular ədəbiyyat üçün əsas obyektə, aktual mövzuya çevrilir. Yeni məzmun köhnə formaya sığışmır. Yeni məzmun özünə müvafiq, yeni forma tələb edir. Meydana gələn yeni məzmunun köhnə formaya qarşı çıxması, məzmunla forma arasındakı ziddiyyət, yeni məzmunun yeni formada ifadə olunması, yeni-yeni ədəbi formaların meydana gəlməsi isə öz növbəsində ədəbiyyatın inkişafıdır. Bu ziddiyyətin yaranmasında və müəyyən inkişafla nəticələnməsində aparıcı qüvvə, əsas amil, heç şübhəsiz, yenə də məzmundur. Məzmun formaya nisbətən dəyişkən, forma isə məzmuna nisbətən sabitdir, gec dəyişəndir.
Məzmunla forma arasındakı bu münasibəti Azərbaycan ədəbiyyatı tarixində aydın müşahidə etmək mümkündür. Məsələn, Sovetlər birliyi dönəmində geniş yayılan formalar Azərbaycan müstəqil bir dövlət olandan sonra öz mahiyyətini itirmiş, cəmiyyətin tarixi inkişafı ilə meydana çıxan mövzuları əks etdirə bilməmiş, bunların əvəzinə ədəbiyyatımızda yeni janrlar meydana gəlmişdir. Forma ədəbi irs və ədəbi prosesə yeni keyfiyyətlərin daxil edilməsi yolu ilə zənginləşir. Sənətkar bəşəriyyətin ədəbi irsindən faydalanır, formaya yaradıcı, xalqın istəyi ilə yanaşır.


Müəllif: VÜQAR ƏHMƏD
Mənbə: ƏDƏBİYYATŞÜNASLIQ, filologiya fakültəsinin tələbələri üçün dərslik,2007
 

0 şərh