Heca vəzni haqqında

Azərbaycan şeirində əsasən iki cür vəzn vardır: əruz vəzni, heca vəzni. Heca vəzni yalnız türkdilli xalqların deyil, fransız, italyan, ispan, polyak, yapon, monqol və s. xalqların da ədəbiyyatı üçün orta əsrlərdən başlamış indiyədək ən işlək əbədi vəzndir. Heca vəzni təkcə yazılı ədəbiyyatın yox, şifahi ədəbiyyatın da yaradıcılıq təcrübəsində sınaqdan çıxmışdır. Heca vəzni haqqında Ə.Abid, M.Cəfər, A.Axundov, M.Əliyev, Ə.Cəfər, M.Xamrayev, İ.Stebleva, T.Kovalski və b. alimlər dərin tədqiqatlar aparmışlar. Məxəzlərdə belə hesab edilir ki, əruz vəzninin geniş yayılmasına baxmayaraq, heca vəzni turkdilli poeziyada hələ Ə.Yaləvi, Y.Əmrə, Xətai, M.Əmani və b. sənətkarların yaradıcılığında çox, özü də ustalıqla istifadə edilmişdir. Akademik H.Arella, professor M.Təhmasib heca vəzninin xüsusilə M.P.Vaqif, Q.Zakir və xalq şeiri üslubunda yazan şairlərin yaradıcılığında kamil hal aldığını, S.Ə.Şirvani, Ə.Nəbati, M.Ə.Sabir, M.Hadi və b. məharətlə işlətdiyi vəzn olduğunu yazmışlar. Heca vəzni Azərbaycan şeirinin də əsas vəznidir.
Azərbaycan şeirində heca vəzninin 3-4 hecalıqdan tutmuş 15-16 hecalığa qədər müxtəlif formaları işlənmişdir ki, bunlarda 60-a yaxın durğu (bölgü) növü özünü göstərir. Əruz vəznindəki təqtilərdən və vəzndə fərqli olaraq, bu vəzndə durğular sözləri müxtəlif parçalara ayırmır, bir durğuda bir və ya bir neçə durğu növü, variantı var. Məsələn, 11 hecalığın 4+4+3, 3+4+4, 7+4 (4+7), 6+5 və s. durğu növləri, variantları mövcuddur.
Doqquz yüz il bundan qabaq Mahmud Kaşğari tərəfindən yazılmış «Divani-lüğət it-türk» kitabında heca vəznində yazılmış əski türk şeirlərindən nümunələr vardır. Bunlardan Alp Artunqa (Əfrasiyab) mərsiyəsi üçün söylənilmiş matəm şeiri (sağu) çox maraqlıdır. Bu sağu miladdan 700 il əvvəl yaşamış türklərin tarixi qəhrəmanı Əfrasiyab üçün xalq şairləri tərəfindən qoşulmuş və əsrlər boyu dildən-dilə, ağızdan-ağıza keçərək yaşamışdır. Bu sağudan bir parçanı nümunə üçün nəzərdən keçirək:
Alp Artunqa öldimi?
İssiz acun qaldimi?
Ödlən öcin aldimi?
İmdi ürək yırtılur
Ödlək yarıq gözətti
Oğri tuzaq uzatdı
Biglər bigin azıtdi qurtulur.
Bu mənzumə bayatılar kimi yeddi hecalı vəzndə söylənmiş əski türk şeiri şəklindədir, yəni dördlüklər məcmuəsindən (bəndlərdən) əmələ gəlmişdir.
Bu dördlüklərdə qafiyə belə olmuşdur: birinci bənddə I və III misralarda qafiyə azaddır, II və IV misralar bir-birilə həmqafiyədir. O biri bəndlərin hamısında ilk üç misra öz aralarında həmqafiyədir, dördüncü misra ilk bəndin ikinci-dördüncü misralarıyla həmqafiyədir.
XX əsrin əvvəllərində heca vəzninin inkişafı, təkmilləşməsində Hüseyn Cavidin çox böyük rolu olmuşdur. Bu rol ondan ibarətdir ki, Cavidə qədər şeirdə hecanın on iki, on dörd, on beş, on altılıq kimi şəkilləri çox az işlənmişdir. Cavid bu şəkillərdə gözəl sənət əsərləri yaratmaqla on ikilik, on dördlük, on beşlik, on altılıq kimi şəkilləri də başqa şəkillər kimi qanuniləşdirmişdi. İkinci tərəfdən, heca vəznində yalnız aşiqanə, lirik şeirlər, şərqilər yaratmaqla kifayətlənməyib, bu
vəznin müxtəlif şəkillərində mənzum dramlar, fəlsəfi və ictimai məzmun daşıyan lirik, epik əsərlər yaratdı. Azərbaycan heca vəzninin bu şəkillərini o dövrün gənc şairləri daha təkmilləşdirib, büllurlaşdırdılar. H.Cavidin heca vəznində müxtəlif şəkillərdə yazdığı bir neçə parçanı nəzərdən keçirək:
(yeddi hecalı bölgü)
Yeni zindanlar yuvamız, Fəlakət aşinamız.
Ordular udan qurşun Olmuş bizim qidamız.
(səkkiz hecalı bölgü)
Dün bir quş gördüm yaralı
Uçmuş yurdundan aralı.
Dişlərdi köksünü çala,
Söylədi sanki hər hala vəhşi qartal qıydı bana,
Vətən, ah sevgili ana!
Mənim könlüm hər qulbəyə
Nəşə səpən atəş deyil
Mənim eşqim hər kölgəyə
Gülümsəyən günəş deyil.
Ağ yelkənlər qanad açar
Süzülüb naz ilə uçar.
(on bir hecalı bölgülər)
Mən səndən öyrəndim qəhrəmanlığı
Yenilsəm də yoxdur peşmançılığı
Xalq şairi Səməd Vurğunun yaradıcılığında heca vəzni daha yüksək mövqe tutmuş, yeni keyfiyyətlər qazanmışdır. Bütün lirik əsərlərində xəlqilik, el üslubu, oynaq və axıcı ifadə tərzi olan heca vəznində yazdığı bütün əsərləri olduqca musiqili bir şəkildə, ritmi, avazı ilə seçilir. Şairin poeziyasında Azərbaycan şeirinin demək olar ki, bütün poetik şəkilləri var. S.Vurğunun 11 hecalı şeirindən bir parçanı nəzərdən keçirək:
Şair, bu yerləri yaxından tanı!
Təbiət quranda Azərbaycanı!
Onu sığallamış qüdrətin əli,
Bir böyük ürəkli qüvvətin əli.
İstər Hüseyn Cavidin, istər Səməd Vurğunun, istərsə də başqa şairlərimizin heca vəznində olan bütün əsrlərinə diqqət yetirsək görərik ki, hamı bir nəfər kimi şeir ölçüsünə ancaq qrafik (yazı) cəhətdən deyil, tələffüz nöqteyi-nəzərindən yanaşmışlar. Say etibarilə bəzən misranın birində heca əskik də ola bilər. Lakin tələffüzdə həmin əskiklik qətiyyən duyulmur. Onu da qeyd etmək lazımdır ki, heca vəznində yazılmış şeirdə ancaq 1-2 heca fərqli ola bilər. Məsələn:
Şeir yazmaq şərəf oldu, Şeir inci, sədəf oldu,
Durna kimi səf-səf oldu Sinəmizin söz qatarı.
(S.Vurğun)
Bu parçanın iki əvvəlinci misrasının hər birində 7, qalan iki misrasında 5 heca var. Lakin əvvəlki misraları da tələffüz edərkən 8 heca alınır.
Heca vəzninin ikinci əsas tələbi bölgü prinsipi ilə əlaqədardır. Yuxarıda qeyd olunan kimi bölgü şeirin ahəngini tənzimləyən amildir. Lakin ayrı-ayrı vəznlərdə bölgü prinsipi bir-birindən fərqlənir. Heca vəznində bölgü söz prinsipinə əsaslanır. Bu o deməkdir ki, misra daxilində fasilə verilərkən bir söz ayrı-ayrı hissələrə parçalana bilməz. Söz bütövlükdə bu və ya digər bölümə daxl olmalıdır. Məsələn:
Ömrüm həlak etdim / dəhrin peşində
Yüz min acu vardır / hər bir işində.
Hicran ocağında, / eşq atəşində
Cigər kabab oldum, / gör necə yandım.
Bu 11 hecalı dördlükdə bölgü 6+5-dir.
Xalq ədəbiyyatımızda bayatılar 7 hecalı, gəraylılar 8 və qoşmalar 11 hecalıdır.
Heca vəzninin əsas prinsiplərindən biri budur ki, misralarda hecaların sayı bərabər olduğu kimi, ayrı-ayrı misralardakı bölümlər də hecaların sayı etibarilə bir-birinə bərabər olmalıdır:
Nədəndir sözümə cavab vermədən
Həm camal gizləyib üz göstərmədən,
Gecələr gözlərim görməmək
Ol siyah nərgisi məstanədəndir.
(M.P.Vaqif)
Bu şeirdə bütün misralarda birinci bölüm (fasilənin birinci tərəfi) 6 hecadan, ikinci bölüm (fasilənin ikinci tərəfi) 5 hecadan ibarətdir. Yuxarıdakı qoşmada isə hər misra fasilə nəticəsində dörd hissəyə bölünür, hər bölümə 4 heca düşür ki, bu da şeirin ahəngini nizama salır. Müasir şeirşünaslıq öz nəzəriyyəsini daha çox şeirin təbiəti, dil və şeir dili problemləri əsasında yaradır. Şeirşünaslardan K.Paustovski vəznin mənşəyindən danışarkən Homeri xüsusi qiymətləndirir. Guya Homer ilk dəfə «İliada» əsərində vəzndən istifadə etmişdir. Onun fikrincə, bu vəzn, başqa sözlə, «İliada»nın ölçüsü hekzimetrdir.
Hekzimetrlə misralar doqquz qısa, beş uzun hecaların birlşməsi əsasında yaranır. K.Paustovskinin iddiasına görə, Homer dəniz kənarında oturaraq şeir qoşmuş və onun ölçülərini sahilə çırpan dalğaların səsinə tabe etmişdir. Homer guya dalğanın fasiləsi arxasınca gedərək özünün şeir ölçüsünü yaratmışdır. Paustovskinin fikrincə, Homer hekzimetri dənizdən götürür. V.A.Nikopov özünün
«Şeir və dil» məqaləsində (Problemı Vostoçnoqo stixoslojeniə, 1973) K.Paustovskinin bu fikrini əfsanə adlandıraraq yazır ki, «İliada»nın hekzimetri qoşulanda şeir artıq uzun bir inkişaf yolu keçmişdi. Ona görə də həmin şeir ölçüsünün yaranması dəniz dalğalarına təqlidlə əlaqədar deyil, şeirin uzun əsrlərdən bəri inkişafının nəticəsidir. V.A.Nikopova görə, Paustovski daktili (bir uzun, iki qısa hecalı təqti) hekzimetrlə qarışdırmışdır. Ümumiyyətlə, şeirşünaslar vəzn sistemlərini iki mühüm qrupa ayırırlar.1 Birincisi, kəmiyyt üzrə təyin olunan vəznlər; ikincisi, keyfiyyət üzrə təyin olunan vəznlər. Kəmiyyət üzrə təyin olunan vəznlərdə misranın ölçüsünü təşkil edən amil hecaların sayı və onların uzun və qısa tələffüzüdür. Keyfiyyət üzrə təyin olunan vəzndə ölçü vurğulu hecaların növbələşməsinə əsaslanır. Bu bölgülər adətən üç şeir sistemində təmsil olunur. Birinci şeir sistemi sillabik şeir sistemi adlanır. Adından göründüyü kimi, bu sistemdə vəzn hecaların sayına əsaslanır. İkincisi, sillabik-tonik şeir sistemidir. Bu sistemdə vəzn sillabik və tonik xüsusiyyətləri özündə birləşdirir. Burada hecaların sayından əlavə tonik keyfiyyətlər də mühüm rol oynayır. Başqa sözlə, heca və vurğu vəznin ölçüsünü təşkil edir. Üçüncüsü, tonik şeir sistemidir. Bu sistemdə toniklik- -vurğuluq vəznin başlıca xüsusiyyətidir. Burada ölçü vurğulu hecaların növbələşməsinə əsaslanır.
Göründüyü kimi, hər üç sistem kəmiyyət və keyfiyyətinə görə təyin olunan vəznlərlə bilavasitə bağlıdır. Bu daha çox son iki sistemə aiddir. Məsələn, vaxtilə «məktəb» və yaxud «barmaq» vəzni adlanan heca vəzni sillabik şeir sisteminin modeli ilə «səsləşirdi». Lakin bu uyğunluq zahiri xarakter daşıyır. Məsələn, məlumdur ki, Azərbaycan dili iltisaqi dillər qrupuna aiddir. Bu dilin xüsusiyyəti söz vurğusu ilə bağlıdır. Başqa sözlə, bu tipli dillərdə vurğu bir qayda olaraq sözün son hecasına düşür. Lakin şeir dilində, o cümlədən, Azərbaycan şeirində ritmik imkan bir sıra xüsusiyətlərlə zənginləşdirilir. Əvvəla, milli dil və daxili imkanlar hesabına zənginləşdirilir, eyni zamanda dildə yeni sözlər yaradılır. İkincisi, filektiv dillərdən bir çox sözlər dilimizə daxil olur ki, onlar şeirin ahəngində keyfiyyət dəyişmələri əmələ gətirir. Bir çox sözlərdə, məsələn, alim, asudə, mənsumə və s. vurğu yerləri müxtəlifdir. Halbuki bu tipli sözlər dilimizdə çoxdur və onlar şeirdə işləndikdə vurğu imkanlarını artırırlar və vəzndə tonik xüsusiyyətə yüksəlir. Şeir təcrübəsi göstərir ki, heca vəzninin aşağı ölçülərində (beş, altı, yeddi, səkkiz, on hecalı) tonik xüsusiyyət daha qabarıq şəkildə olur. Akademik M.Cəfərin fikrincə, hələ lap qədimlərdə də heca vəzninin müəyyən formaları tonik xüsusiyyətə malik olmuşdur. Məsələn, Avestanın tədqiqatçıları heca vəzninin müxtəlifliyini və tonik xüsusiyyətlərini nəzərə almadıqlarına görə Zərdüştün bəzi şeirlərinin heca vəznində deyil, əruz vəznində, başqa sözlə, ölçülü (metrik) vəzndə yazıldığını qeyd etmişlər. Yəni Zərdüşt həm əruzun təqarub bəhrində (fəul, fəulin, fəul, fəulin), eləcə də heca vəzninin beş və altı hecalı bölgüsündə şeirlər yazmışdır. Bu baxımdan aşağıdakı şeir diqqəti cəlb edir:
Güli-bahari,
Buti-tatari,
Nəbizi-dari,
Şerri-nəyari.
Fars dilində olan bu şeiri təbiidir ki, təqarubün fəul, fəulin təfiləsində tələffüz etmək tələb olunur. Diqqətlə yanaşdıqda bu bizim beşlik ölçümüzə də uyğundur. Burada təqtilər 2+3 şəklində bölünmüşdür. Lakin üçüncü misrada təqti xüsusiyyəti dəyişilmişdir. İlk baxışda bunu əruzun tələbi kimi də qiymətləndirmək olar. Bu «qeyri- sabitliyi janr xüsusiyyəti kimi qiymətləndirmək olar. Xüsusilə bayatı formasında yazılan şeirlərdə üçüncü misrada heca sayının az olması şifahi xalq ədəbiyyatı tərzi ilə əlaqələndirilir. Azərbaycan şeirində heca vəzninin imkanları daha geniş olmuşdur. Bu vəzndə bizim milli şeirimizin mühüm bir tarixi dövrü təmsil olunmuşdur.
Heca vəznində xalqımızın şair oğulları öz bədii düşüncələrini çox ilhamla sənət dilinə çevirə bilmişlər. Bu vəzn xalqımızın hiss və fikrinin poetik şəkildə ifadəsi üçün çox münasibdir. Xalqımızın poetik duyğuları hecalı və qafiyəli vəznə həddən artıq yaxın olmuşdur.1
Müasir poeziyada beş hecalı, altı hecalı, yeddi hecalı, səkkiz hecalı, doqquz hecalı, on hecalı və on bir hecalı şeirdə hər daxili bölgünün ənənə və təcrübəsi qorunub saxlanılır, həm də onları bədiilik və estetikliyin tələbləri ilə yanaşılır. Çünki misralararası bölgü heca vəznində ölçü qədər önəmli şərtdir, türkdilli poeziyada ifadəlilikdir, ölçü ilə bərabər ahəngi, avazı və daxili ritmi yaratmaq üçün işlədilən üsuldur. Təqti, yaxud bölgü misraların daxilində aparılır:
Yenə yüksəlirik / uca göylərə eləyirik / anamız yerə
Hələ uzaqdadır / bulud dağları Görünür sevimli / Bakı bağları.
(M.Rahim)
Bu parçada bölgü sistemi 6+5-dir. Bölgü – fasilə həm şeirin texniki üsullarına, həm də bədiiliyin tələblərinə görə aparılır.
Vəzn, ümumiyyətlə şeir ritm anlayışı ilə bağlıdır. Ritm şeirin keyfiyyət ölçüsüdür. O, söz, kəlmə, durğu və nitqin başqa ünsürlərinin düzgün əvəzlənməsi kimi emosionallığı yüksəldir və şeirə xüsusi ifadəlilik verir.
Ritm yunan sözü olub, tarazlıq, uyğunluq bildirir. O, müqayisə edilən hadisələrin zaman və məkan daxilində ardıcıl əvəzlənməsi və «təkrarıdır».
Şeirin əsl ritmik vahidi misradır. Şeir dilində ritm müxtəlif vasitələrlə əldə edilir. Məntiqi vurğu cümlənin və ya onun müəyyən bir hissəsinin qurtardığını bildirirsə, misra vurğusu ritm-intonasiya mənası daşıyaraq bir misranı digərindən ritmə görə ayırır. Əgər ritm vurğusu məntiqi vurğu ilə eyni yerə düşmürsə və ritm bir misranı o birisindən ayırırsa, məntiqi baxımdan onları ayırmaq olmaz.
Ritmdən əlavə qafiyə də şeirin mühüm əlamətidir. Qafiyə misranın sonundakı axırıncı heca vurğusundan başlayan səs təkrarına deyilir. Qafiyə ritmik mənaya malikdir. Qafiyənin həm də məna əhəmiyyəti vardır. Vurğu altına düşən və misranın sonunda olan (qafiyələnən) söz özünə diqqəti xüsusilə cəlb edir. Qafiyə həm səs və intonasiya ilə, həm vəznlə, həm leksika və sintaksislə, həm də şeirin bəndləri ilə bağlıdır. Bəzi hallarda şeirin misralarındakı ilk sözlər də həmqafiyə olur.
Şərq şeirində qafiyə problemi ilə bir çox şeirşünas alimlər məşğul olmuşlar. Bu barədə Xətib Təbrizi, Nəsirəddin Tusi, Şəmsi Fəxri, Vəhid Təbrizi, Əbdürrəhman Cami və başqalarının əsərləri məlumdur. Onlar «qafiyə elmi» (elmi-qafiyə) deyilən xüsusi bir elm yaratmışlar. Həmin elm qafiyənin mahiyyəti, şeir yaradıcılığında əhəmiyyəti, növləri, vəzn, intonasiya, leksika, fonetika və sintaksislə münasibətləri kimi çox müxtəlif poetika məsələlərinin elmi izahını vermişdir. Qafiyəşünaslıqda qafiyənin son hərfinə «rəvi» deyilir. «Əql ilə qələm bil ki, əkizdir bu cahanda. Əqlin yanılırsa, gedəcək ahu fəğan da» beytində misraların axırındakı «a» səsi rəvidir.
Şərq poetikasında qafiyə ilə əlaqədar təcil, rədif, dəxil, qeyd və s. terminlər vardır. Səslənmə dərəcəsinə, səciyyəsinə və işlənmə məqamına görə qafiyə bir neçə cür olur: qüvvətli və zəif, dürüst və təxmin, göz qafiyəsi, qulaq qafiyəsi, daxili qafiyə, tam və yarım qafiyə. Böyük söz ustadları adətən şeirlərində qüvvətli, tam, kamil qafiyələr yaratmağa müvəffəq olmuşlar. Bununla bərabər, qafiyə yaratmaqda sərbəstlik tərəfdarı olan şairlər də az deyil. Hərfləri bir-birinin ya tam eyni, ya da əsas etibarilə eyni olan göz qafiyəsi kimi, səslənmə zamanı sözləri, hərfləri həmahəng qulaq qafiyəsi də şeir üçün məqbul sayılır. Misal üçün məşhur türk klassik şairi Mahmud Əkrəm Rəcinzadəyə görə, «qafiyə göz üçün deyil, qulaq üçündür», yəni misraların sonundakı sözlər eyni ahəngdə səslənirsə, deməli, bu sözlər həmqafiyədir.
Azərbaycan şeirində rəngarəng, tam qüvvətli qafiyə yaratmaqda məharət göstərmiş sənətkarlar çoxdur. Bu siyahını klassiklərimizdən tutmuş ta indiki dövrə qədər bir çox şairlərə şamil etmək olar. Lakin vəzni, ölçüləri, ritmi, eyni zamanda qafiyəsi olduqca gözəl qurulmuş dahi H.Cavidin «Azər» əsərindən bir parçanı nəzərdən keçirək:
Hər günəşə vardım, ləkəli gördüm,
Hər vicdana girdim, kölgəli gördüm.
Parlaq imanları şübhəli gördüm
Məgərsə hər cilvə bir xülya imiş.
Hər günəşə vardım çiçəklər güldü,
Sevdalı bülbüllər salama gəldi.
Hər bəzmə uğradım, meylər töküldü,
Qədəhlər öpüşüb xurama gəldi.
Bu parçanın birinci bəndində ləkəli, kölgəli, şübhəli; ikinci bəndində isə güldü, gəldi, töküldü, eyni zamanda salama, xurama sözləri qafiyədir.
 
Müəllif: VÜQAR ƏHMƏD
Mənbə: ƏDƏBİYYATŞÜNASLIQ, filologiya fakültəsinin tələbələri üçün dərslik,2007
 
loading...

0 şərh