"Qara adam” Sergey Yesenin

Sergey Yeseninin dünyasını dəyişməsi müasirlərini çox kədərləndirmişdi. «Kəndli» adlandırdıqları şairə görə şəhərlərdə, proletar paytaxtlarda, əsasən də daimi yaşadığı Moskvada göz yaşı tökürdülər.

...Bütün Tver məhəlləsində
Küçələrdəki hər bir köpək
Mənim yüngül yerişimi tanıyır...

Onunla vida Nikitski bulvarında baş tutdu, Nəşrlər evinin (hazırda jurnalistlər evi) girişində «Böyük rus xalq şairi Sergey Yesenin burada dəfn olunub» yazılmış plakat asılmışdı
Onun nəşini buradan yüzlərlə dəfə gəzdiyi Tver bulvarı ilə,  o dövrdə Moskva yazıçılarının klubu olan «Gertsen evi»nin yanından keçərək apardılar. Uzaqlara doğru yol alan yürüş həmin vaxt Tver bulvarının zirvəsində qərar tutanPuşkinin abidəsinə tərəf üz tutdu və tabut abidənin ətrafında üç dəfə dolandı. Burdan Vaqankovoya doğru hərəkət etdilər.
Moskva bu sayaq ancaq nəhənglərlə vidalaşmışdı – Qoqolla, Çexovla… Beləliklə, Yeseninin bütün ədəbsizliklərinə, stolarxası davalarına, milisə aparılmasına, ciddi-cəhdlə əldə etdiyi dələduz mövqeyi tutmasına baxmayaraq bu görkəmli şairi təkcə tabutun arxasınca gedənlər deyil, əksəriyyət başa düşürdü.
Bunu Yesenin çevrəsinə aid olmayanlar – ədəbiyyatın çoxluq tərəfindən qəbul olunmuş avtoritetləri və yazıçıların yaşlı nəslin nümayəndələri də anlayırdı.

 Maksim Qorki uzaq İtaliyadan yazırdı: «Biz böyük rus şairini itirdik...»
Aleksey Tolstoy daha birmənalı ifadə edirdi: «Nəhəng şair həlak oldu».
Nəşriyyatın daxili rəyçisi olaraq Yeseninin şeir toplusunun nəşrinə buradakı dini çalarlara görə əngəl törədən, Proletar yazıçıları birliyinin rəhbəri Aleksandr Serafimoviç məşum hadisədən sonra Yesenin haqqında yazırdı: "...dövrümüzün yeganə şairi idi. İncə hisslərin bu cür möcüzəvi,  həm də intim şəkildə təsviri müasirlərinin heç birində yoxdu…”

Bütün bunlar 1925-ci ilin dekabrından sonra təsdiq olundu.
Bəs niyə bizim nəsil orta məktəbdə bu cür vəsf edilən şair haqqında eşitməyib, ümumiyyətlə, Yesenin tədris olunmayıb, misraları digər klassiklərinki kimi əzbərlənməyib.
Ancaq indi arxivdən götürdüyüm 1926-cı ilin xatirələri yazılan kitabın saralmış vərəqlərini oxuyarkən, ölümündən sonra nəhəng şair hesab etdikləri şəxsin birdən-birə bir neçə nəslin yaddaşından silinməsi, yarım əsr sonra qərar tutduğu klassiklər sırasından yenidən uzaqlaşması səbəbləri məlum olur. Amma nə qədər məzəmmətlərə düçar edilirdi; hardasa diqqətdən kənarda qalır, hardasa dözə bilmirdi, yeni incəsənət haqqındakı bəyanat və şüarlarını gənc sovet incəsənətinə gətirməyə və inqilabçı xalq tərəfindən çıxış edən rəssamların yaradıcılığına təsir göstərməyə çalışan, öz «inqilabi” manifestlərinin dumanlı pərdəsi altında fəaliyyət göstərən kiçik burjuaziya qruplarının hərəkətlərini qəbul edə bilmirdi. Bir sözlə, seçilmiş əsərlərinin toplusu işıq üzü görməzdən öncə Sergey Yeseninin ətrafında ədəbi dumanlar üzürdü.
Söhbət böyük şairdən gedirsə, bütün bu dumanlar nəyə gərəkdi? Məgər onun vəkilə ehtiyacı var idimi? Məgər Vaqankovdakı xalq kütləsi onun yanına tələsmirdimi?

Saralmış vərəqləri çevirərkən bir də bunu öyrənirsən. Maksim Qorkinin „böyük şair” haqqında dediklərini ancaq onun müxbirləri bilirdi. Aleksandr Serafimoviç tərəfindən yazılanlar arxivdə saxlanılır. Aleksey Tolstoyun sözləri isə heç yerdə qeyd olunmayıb.

Bununla belə, 1926-cı ildə rəsmi şəkildə böyük şairin ünvanına əhəmiyyətli dərəcədə diqqət peyda oldu.
Xatirə gecəsi “bütün Moskvanın” toplaşdığı Moskva Bədii Teatrında baş tutdu. Tədbirdə V.İ.Leninin yardımı ilə əsası qoyulmuş, Sovet Respublikasının ən nüfuzlu və  həcmli jurnalı olan „Krasnoy novi”nin redaktoru Aleksandr Voronski aparıcılıq edidi. Sözügedən gecə haqqında teleqram bütün TASS ( Rusiya İnformasiya Teleqraf Agentliyi. Sovet Ensiklopedik nəşrlərində qeyd edilir ki, TASS 1925-ci ildə yaradılmışdır və əsasını RSFSR-in 18 noyabr 1917-ci ildə dekretinə əsasən mərkəzi informasiya orqanı hesab edilən Petroqrad teleqraf agentliyindən götürüb. Agentlik özü isə yaranış tarixini 1904-cü il hesab edir – X.N.) üzrə yayılmışdı. Onu respublika və əyalətlərin qəzetləri çap etmişdi.

Aparıcı gecənin açılışını edərək “Sergey Yeseninin xatirəsinə” məktubunu oxumağı təklif etdi. Ortaya çökən sükutda zal, ölkənin hakimlərindən biri olan partiyanın siyasi bürosunun üzvündən daxil olan bu duyğulu məktubun hər bir sözünə diqqət yetirirdi.

»Biz Yesenini itirdik — bu cür gözəl, təravətli, səmimi şairi. Necə faciəvi itirdik: qanı ilə vidalaşaraq getdi… Yesenin kobudluqla doğulduğu sərt zamandan gizlənməyə çalışdı, amma gizlənmədi..."
Ümumrusiya Yazıçılar Birliyinin təşkil etdiyi rəsmi matəm mərasimində partiyanın idarə heyətinin üzvü faciəyə görə məşum zamanı, müasirləri və xüsusilə özünü cavabdeh elan etdi. O. Yeseninin lirik, intim hisslər qələmə alan şair olduğunu bir daha təkrarlayaraq, belə bir təzadı da qeyd etdi: «Lirika bizim dövr üçün deyil. Yeseninin bizi və öz dövrünü bu cür erkən tərk etməsinin əsas səbəbi bundadı».

Şairin kəndli mənşəli olmasına toxunaraq onun soy-kökünü kəndlə əlaqələndirən məktub müəllifi qeyd edir ki, şairdəki «kəndli tərəf» güclüdür. «Lakin bu qəsrdə Yeseninin şəxsi sıxıntılarının həqiqi səbəbi gizlənir. Şəhər sıxıntı yaratmırdı, sarsıdır və yaralayırdı». 



Deməli, faciənin daha bir səbəbi bəlli olur. Məşum hadisəyə təkcə dövr yox, həm də böyük şəhər təsir göstərib.
Onun sovet hökumətinə loyallığı, partiya ilə əlaqəsi haqqında bütün məlum sətirləri sitat gətirərkən sonralar şairin yaradıcılığını tədqiq edən şərhçilər dəfələrlə təkrar edəcək:

Vətən anamdı, bolşevikəm mən.
...İndi sovet ölkəsində
Ən qəzəbli vətəndaşam.

Bunun ardınca məktubun müəllifi xüsusi təəssüf hissi keçirmədən iddia edirdi ki, Yesenin inqilabçı deyildi. Onun başqa xüsusiyyətləri vardı: «Yesenin intim mövzuda yazıb, nəvazişli, lirik. İnqilab isə kütləvidi, epikdi, təhlükəlidi. Bu səbəbdən də şairin qısa sürən həyatı faciə ilə sona çatdı».

Gördüyümüz kimi, fikir bizi yenidən ona qaytarır ki, şairi zaman, dövr, bundan başqa, həm də inqilab öldürüb. "Şair ona görə həlak olub ki, inqilaba yad idi. Amma gələcək naminə inqilab onu həmişəlik himayə edəcək".
Bu əminlik hardandı? «Demək olar ki, hər bir sətir qanla yazılıb...”

Yəni, həqiqətənmi səbəb budur, yəni, həqiqətənmi ancaq həmin zaman tökülən qandadır səbəb? Yox ölümsüzlüyün başqa səbəbi göstərilirdi: „Kədər bizim düşüncəmizdən də itidir, həm də çox yenidir, bu yaralı və təkrarsız şair dövrü özünəməxsus şəkildə təsvir edir, onu özünəməxsus şəkildə sevgi ilə, çaya doğru uzanan mavi səma ilə, hər kəslə yola gedən ay,  göylərdən və həm də özündən bəhs edən təkrarolunmaz nəğmələrlə zənginləşdirir.

Onu bizimlə doğmalaşdıran budur: sevgi, təbiət nəğmələri, özü-təkrarolunmaz çiçək haqqında nəğmələr...
TASS-ın teleqramının sətirləri xəsisliklə yazılıb, burada çıxış edənin oxuduğu mətn, dinləyicilərin necə reaksiya verməsi haqqında heç bir şərh qeyd olunmayıb. Düşünürəm ki, məlumat göz yaşları içərisində qələmə alınıb, çünki məktub, yəni alovlu çıxış bu sözlərlə yekunlaşırdı:

“Şair öldü. Yaşasın poeziya! Köməksiz insan övladı uçurumdan yuvarlandı! Yaşasın, Sergey Yeseninin son dəqiqəyə qədər qiymətli ilmələrini bir-birinə bağladığı yaradıcı həyat».
1926-cı ildə bu sətirləri siyasi büro üzvlərindən kim yaza bilərdi? Bəlkə Sergey Yeseninin yaradıcılığının bilicisi, şeirlərini əzbər bilən Mixail İvaniviç Kalinin? Yox, bu məktubu şairin başqa heyranı göndərib, siyasi büronun digər üzvü, Rusiyada hər kəsin tanıdığı Lev Trotski.

Bu məktubun tam mətni partiyanın mərkəzi orqanı olan «Pravda» qəzetinin 1926-cı il 19 yanvar sayında və hökumətin rəsmi orqanı olan "İzvestiya" qəzetinin 20 yanvar sayında, o cümlədən «Oqonyok» jurnalında, Yesenin haqqındakı kitablarda çap olunmuşdur.

O zamanın yüksək çinli məmuru şairin ölümündə zamanı, dövrü, müasirləri, o cümlədən də rəsmi hakimiyyəti günahlandırır. Maarif xalq komissarı, mədəniyyət və poeziya tədbirlərinə katiblik edən A.V.Lunaçarski, qeyd edirdi ki: «Təkcə onu günahkar hesab etməyək. Biz hamımız – onun müasirləri – az ya çox günahkarıq...»
O ki qaldı, Partiyanın siyasi bürosunun üzvünə o, ümumiyyətlə sualı Yeseninin günahı üzərində deyil, bütün məsuliyyəti cəmiyyətin üzərinə qurdu. Fikir verin – hansısa qrupların, kiçik burjuaziyanın, dost-tanışın, spirtli içki və sərsərilərin, qolçomaq və dələduzların, o cümlədən Sergey Yeseninin Moskvadan Avropaya yola düşməzdən əvvəl Moskva nikah idarəsinin qapılarından məmnun halda birgə çıxdığı arvadı Dunkanı mütəəssir edən rəqqasənin yox, məhz cəmiyyətin...

Bəs həmin zaman siyasi büronun üzvü olmuş keçmiş İnqilabi Əsgəri Şuranın sədri və Hərbi işlər üzrə Xalq komitəsi sədrinin bu qədər duyğulu məktub yazmağına səbəb nə idi? Təkcə ona görə ki, hərbi işlərdən uzaqlaşdıqdan sonra on illərlə məşğul olduğu ədəbi fəaliyyət üçün vaxtı çoxalırdı?
Təbii ki, yox. 1923-cü ildə xarici ölkəyə uzun səfərdən sonra yazılan tərcümeyi-halda (1926-cı il «Literaturnıy Rostov» toplusunda dərc olunmuşdur) Yesenin qeyd edirdi: "İnqilabda Lev Trotskinin məsləhəti ilə «yol yoldaşı” kimi qeydə alınmışam».

Gördüyümüz kimi, bu ləqəb şairin özünəhörmət hissinə zərrə qədər xələl gətirməmişdi. Bir də ki, o, niyə inciməlidi? «Yol yoldaşı” yolu kiminləsə bərabər addımlayan şəxsdir. Hazırkı halda inqilabçılarla.
Yesenin inqilabda öz iştirakı barədə yazırdı: „İnqilabı öz iradəmlə tərk etdim və eserlərlə partiyaçı kimi deyil, şair kimi çalışaraq fərariyə çevrildim. Partiya parçalandıqda sağlarla getdim. Oktyabrda artıq onların hərbi drujinasında idim“.

Yeseninin həyatının Oktyabr inqilabı günlərindəki hissəsi haqqında az şey bilirik.
Dövrlə bağlı bildiyimiz tək şey isə sağçı eserlər 1918-ci ilin iyulunda qiyam qaldırmaqla kifayətlənməmiş, həm də 1917-ci ilin oktyabrında barrikadalarda cəsurcasına mübarizə aparmışlar.
Bəs, „Sergey Yeseninin xatirəsinə“ kitabının müəllifi şairi „az tanıdığını“ deyərkən nəyi nəzərdə tuturdu?
Onların görüşü haqqında müxtəlif dəlillər var. Yeseninin belə bir adəti var idi – məsuliyyətli görüşlərdən öncə qızılı saçlarını mütləq yuyardı. O, bu dəfə də Kremlə yollanmazdan əvvəl adətinə xilaf çıxmadı.
Yesenin jurnal dərc etmək arzusunda idi, bunun üçün vəsait, kağız gərək idi. Kömək üçün Siyasi büronun üzvünə müraciət etdi. Onun Kremlə səfəri də bununla izah olunur.

Şairin dostu Matvey Royzman yazır: „Yadımdadır, bir dəfə onu küçədə yeyin addımlarla harasa tələsən gördüm. Ona yaxınlaşdım, amma əlimi tələsik sıxıb uzaqlaşdı:
– Gedim başımı yuyum. Bu gün Trotski ilə görüşəcəyəm“.
Və Tver küçəsi ilə yüyürməyə başladı.
Kremlə dostları ilə getdi.

Kremlə şövqlə yollananlardan biri şair İvan Qruzinovdu. „Yay vaxtı. Biz dörd nəfərik, yazır, görkəmli sovet işçisinin yanına iş haqqında xahiş üçün gedirik“. Beləliklə, inqilabın rəhbərlərinin yaşadığı və işlədiyi Kremlə getdilər. 

Yesenin V.İ.Lenin haqqında çox yazıb, onun müasiri olub ölkənin, inqilabın, kəndin, kəndlinin taleyindən narahat şəxs kimi yazmaya bilməzdi. O, yaxşı başa düşürdü ki, bu, Rusiyanın əvvəlki rəhbərlərindən deyil.

Yox!
Bu nə Stenkanın* azğınlığı deyil.
Nə də Puqaçevun üsyanı!
Heç kimi divara dirəməmiş o,
Qanunlar
hökmdar olubdur ancaq.
(*Stenka — dedikdə Yesenin Stepan Razini nəzərdə tuturdu – X.N.)

Lakin, Yesenin şeirlərdə təkcə Lenini deyil, onunla Kremldə yaşayıb, işləyən, „işlərini həll edənləri“ də xatırlayırdı:

Yeddi-səkkiz yaşlı uşaqlar
Dairələr arasında vurnuxurlar yiyəsiz kimi,
Sanki əyri sümüklərdən düzəlmiş arıq bədənləri.
Onlar bizim məzəmmət əlamətidir.

»Bəs bu müəmmalı sətirlər sizdə haradandır?” deyə müasir oxucu soruşa bilər. Onları şairin 1925-ci ildə həyatda ikən çap olunan kitabında oxumuşam. Bunlar şairin seçilmiş əsərlərinə daxil edilməmişdir. Sovet senzurası tərəfindən ixtisar edilmişdir. 



Lev Kolodnı "Şairlər və rəhbərlər" kitabı

Rus dilindən tərcümə edən: Xatirə NURGÜL
 

0 şərh