Macarıstan məndə “hər zaman çəkdiyin əziyyətin qarşılığını alacaqsan” təəssüratını oyatdı.

 Shamil shahmaliyev Budapestde

Bugünkü müsahibimiz Macarıstanın ən böyük universitetlərindən olan Debrecen Universitetində tibb təhsili alan həmyerlimiz Şamil Şahmalıyevdir. O, oxuduğu universitetin təhsil sistemi, tələbə həyatı və digər mövzularda olan  suallarımıza ətraflı cavablar vermişdir. Həmin müsahibəni Sizə təqdim edirik.

-Təhsil aldığınız univeristet və ixtisasınız haqqında oxuculara məlumat verə bilərsinizmi?

Mən, Şahmalıyev Şamil, hazırda Debrecen Universitetinin Tibb fakultəsində təhsil alıram. Debrecen Universiteti Macarıstanın ikinci ən böyük şəhəri olan Debrecen şəhərində yerləşir və ölkənin ən qədim universitetlərindən biridir. Onun yaradılması 1538-ci ilə gedib çıxır ki, bu da universitetin necə qədim ənənələrə və zəngin təcrübəyə malik olmasından xəbər verir. Debrecen Universiteti özünün böyüklüyü və tələbə sayının çoxluğu ilə fərqlənir. Təkcə onu qeyd etmək kifayətdir ki, bu universitet 30 000-dən çox tələbəni özündə birləşdirir. Debrecen Universitetində tibb, stomatologiya, əczaçılıq, müxtəlif xarakterli mühəndislik, biznes, menecment, kənd təsərrüfatı və informasiya texnologiyaları proqramları tamamilə ingilis dilində tələbələrə tədris olunur.

-Debrecen universitetinin digər universitetlərdən əsas fərqi nədir?

Mənim fikrimcə ən əsas fərq tələbələrə azadlıq verməklə bərabər təhsilimiz üçün çox gözəl dərs şəraitinin yaradılmasıdır. Eyni zamanda tələbələrin gələcəkdə uğur əldə etməsi üçün yaradılan bu təhsil və imtahan sistemi başlıca fərqlərdən biridir. Hazırda dünyanın əksər regionlarından bu ali məktəbdə təhsil almağa gəlmiş əcnəbi tələbələrin sayı təxminən 3700-dür. Debrecen Universiteti tibbdən tutmuş mühəndisliyə və musiqiyə qədər çoxsahəli tədris proqramları ilə tələbələrə ən geniş seçim imkanı  təklif edir.

-Siz Debrecen universitetinə getməzdən Bakıda Tibb Universitetində təhsil alırdınız. Necə oldu ki, Bakıdakı təhsilinizi yarımçıq qoyub, məhz Macarıstanda təhsil almağa başladınız? Bu ölkəyə sizi nə cəlb etdi?

Bəli, qeyd etdiyiniz kimi Azərbaycan Tibb Universitetində təhsil alırdım.  Bakıda təhsil alarkən xarici univeristetlərlə maraqlanırdım. Demək olar ki, bütün Avropa universitetləri ilə maraqlanmışam və onların içindən mənə və istədiyim peşəyə ən uyğun olanlarıdan biri  Debrecen universiteti idi. İlk dəfə bu universitetin adını görəndə o qədər də fikrimi cəlb etməmişdi, amma bir neçə məqalədə universitetin adını yüksək reytinqdə və ən əsası tibb təhsilinin bu qədər tərifləndiyini görəndə ciddi maraqlanmağa başladım. Universitetin bütün kriteriyalarının arzu və istəklərimə uyğun olduğunu gördükdən sonra Debrecenə gəlməyi qərara aldım. Belə demək olar ki, məni Macarıstana cəlb edən də məhz  Debrecen universiteti oldu.

Debrecen sheherinden menzere

-Şamil bəy, yəqin bilirsiniz ki, vitamin C, göz üçün yumşaq linza kimi əhəmiyyətli tibbi ixtiralar məhz macar alimləri tərəfindən dünyaya bəxş edilib. Eyni zamanda macar tibb alimlərindən bir neçəsi Nobel mükafatına layiq görülüblər. Hazırda orada oxuyan bir tələbə kimi sual verək istərdik ki, Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var ki, macarlar bu qədər yüksək nailiyyətlər əldə ediblər?

Dərslərin ciddi və keyfiyyətli keçilməsindən başqa ən əsas fərq dərs cədvəlinin səmərəli  şəkildə bölünməsindədir. Məsələn,  Azərbaycanda dərs səhər başlayıb ard-arda günortaya qədər davam edirdi, amma Debrecen universitetində eyni gündə olan dərslər arasında müəyyən saat fərqi var ki, məncə bu başlıca özəlliklərdən hətta fərqlərdən biridir. Başqa önəmli fərqlərdən biri dərs və imtahan sisteminin bölünməsidir ki, bunun sayəsində tələbə demək olar ki, hər həftə keçilənləri mütəmadi təkrar edir. Amma mənim fikrimcə ən önəmli fərq və üstünlük tələbələrə semester zamanı keçirilən sınaq imtahanarının ortalama nəticəsinə görə imtahandan azad olma və hətta semester sonu imtahanlarda 2-ci və 3-cü şansın verilməsidir. Dərslə bağlı hər bir problemdə tələbə yoldaşlarımdan və hətta hər an məllimlərindən kömək ala bilməyim, şübhəsiz ki, universitetdəki səmimi təhsil aurasından xəbər verir.

-İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatdı?

Budapeştdə hava limanından çıxdığımda Macarıstan məndə “hər zaman çəkdiyin əziyyətin qarşılığını alacaqsan” təəssüratını oyatdı. (gülür…)

-Tələbə həyatı barədə məlumat verə bilərsinizmi? Məsələn, Macarıstanda tələbələr öz asüdə  vaxtlarını necə keçirirlər?

Debrecen sözün birbaşa mənasında əsl tələbə şəhəridir. Burada hər tələbə öz istirahət arzularını istədiyi kimi  reallaşdıra bilər. Tələbələr tərəfindən asudə vaxtının əsasən kitabxanada, idman zallarında, şəhər mərkəzində gözəl və mənzərəli yerlərdə keçirilməsinə üstülük verilir.

Shamil shahmaliyev

-Xaricdə təhsil almaq istəyən tələbələrə nə məsləhət görə bilərsiniz?

Əgər ağlınızda xaricdə təhsil almaq fikri varsa, məncə bunun üçün hər bir əziyyətə qatlaşmağa dəyər. Çünki, sonda bu uğuru əldə edəndə çəkdiyim əziyyəti unudursan. Daha uğurlu və parlaq gələcək üçün məncə bunu etməyə dəyər. Mən çox çalışdım, ailəmin də böyük dəstəyi ilə bu uğuru qazandım və Debrecendə tibb təhsili aldığıma görə xoşbəxtəm, bilirəm ki, valideynlərim də ən az mənim qədər xoşbəxtdirlər. Və daha gözəl təhsil üçün çalışan hər kəsə uğurlar arzu edirəm. İndi hər bir azərbaycanlı tələbənin  Debrecen universitetində təhsil almaq fürsəti var, çünki, bu universitetin  Azərbaycanda daimi rəsmi nümayəndəliyi (www.study-hungary.com) fəaliyyət göstərir. Arzu edənlər ora müraciət edə bilərlər.

-Maraqlı müsahibəyə görə təşəkkür edirik.Mən də sizə təşəkkür edirəm. Çox sağ olun.

 

 

İstinad: telebe.az

0 şərh