“Oxuduğum universitetdə Nobelçi professorlar dərs deyir”

xarixdeki_telebe

Budəfəki müsahibimiz Macarıstanın paytaxtı Budapeştin Eotvos Lorand Universitetinin tələbəsi Şəhriyar Məmmədovdur.

– 1992-ci ildə Bakıda anadan olmuşam. 2008-ci ildə Xəzər Universitetinə daxil oldum və 2012-ci ildə bitirdim. Həmin il Budapeştin Eotvos Lorand Universitetinin magistr pilləsinə qəbul oldum. Hazırda axırıncı kursdayam.

– Necə oldu ki təhsilini xaricdə davam etməyi qərara aldın?

– Hələ Xəzər Universitetinə daxil olmamışdan əvvəl xaricdə təhsil almaq kimi bir arzum var idi. Bakalavr təhsilim məni bu arzuma daha da yaxınlaşdırdı. Nəhayət, 2012-ci ildə xaricdə təhsil almaq üçün lazım olan imtahanları uğurla verib dünyanın ən qabaqcıl universitetlərindən biri olan Eotvos Lorand-in (Budapeşt ingiltərəşünaslıq fakültəsinə qəbul oldum.

– Niyə məhz Budapeşti seçdin?

– Universiteti seçməmişdən əvvəl bir çox Avropa ölkələrini araşdırmamda mənə ən uyğunun Macarıstan olduğunu gördüm. Bu ölkəni seçməyimin bir neçə səbəbi var. Ən başlıca səbəblərdən biri Macarıstanın Avropanın ən qədim təhsil ocaqlarından biri olmasıdır. Digər bir səbəb isə təhsil aldığım universitetin dünya təhsil reytinqində öndə olan pillələrdə yer almasıdır. Hazırda oxuduğum universitetdə xeyli sayda Nobel mükafatı almış professorlar dərs deyir. Əlbəttə, şəhərin gözəlliyi də digər səbəblərdən biridir.

– Yad ölkəyə uyğunlaşmaq çətin olmadı?

– Başqa bir ölkəyə, mədəniyyətinə, yaşam tərzinə uyğunlaşmaq zaman alır. Xüsusən qeyd edim ki yeməklərə öyrənmək çətin oldu. Amma bu cür çətinliklərin öhdəsindən gəlmək elə də çətin olmadı. Çünki gözəl, faydalı səbəb üçün burdayam.

– Yataqxanada qalırsan?

– Budapeştdə xarici və yerli tələbələr üçün kifayət qədər rahat yataqxanalar var, mən də yataqxanada yaşayıram.

– Ailəndən uzaqda yaşamaq çətindirmi?

– Əlbəttə. Ailəm üçün darıxıram. Axşamlar insan kədərlənir, öz vətənini ailəsini arzulayır. Hər bir şeyi özüm etməli oluram. Ümumilikdə buna “Cultural Shok” deyilir. Əksər xarici tələbələr ailəsindən uzaq olmaqdan mənəvi əziyyət çəkir, buna görə də universitetlərdə psixoloqlar fəaliyyət göstərir.

– Ən çox üzləşdiyin çətinliklərin nədir?

– Əslində elədə problemim olmur. Yeganə çətinliyim hazır ev yeməyinin olmamasıdır.

– Macarıstanda Azərbaycanlı tələbələr varmı? Onlarla münasibətiniz necədir?

– Bəli, oxuduğum universitetdə və digər universitetlərdə Azərbaycanlı tələbələr var. Münasibətimiz çox gözəldir. Bir yerdə çox vaxt keçiririk. Bir-birimizə dayağıq hər mənada.


– Bəs başqa xarici ölkələrdən gələn tələbələrlə?

– Bəli, demək olar ki, bütün ölkələrdən olan tələbələrlə münasibətimiz yaxşıdır.

Ümumiyyətlə Avropada çox mehriban təhsil mühiti var. Əminliklə deyə bilərəm ki, dünyanın çox ölkələrindən artıq dostum var. Bunu da deyim ki, məncə xaricdə təhsil alan tələbələr eyni zamanda səfir rolunu oynayırlar. Çünki onlarda xarici ölkələrdə öz vətənlərini təmsil edirlər.

– Azərbaycanı tanıtmaq üçün nə kimi işlər görürsən?

– Mən və burdakı digər azərbaycanlı tələbələr əlimizdən gələni edirik. Bu yaxınlarda elə təhsil aldığım universitetdə mədəniyyət körpüsü adlı tədbir keçirildi. Orda Azərbaycanı təmsil etdim. Həmin tədbirdə milli geyimimizi, ingilis və Macar dilinə tərcümə olunmuş kitablarımızla, milli mətbəximizdən olan şirniyyatlarla və Azərbaycan haqqında məlumat verən qısa video çarxlarla Azərbaycanı yüksək şəkildə təmsil etdik. Düşmən tapdağı altında olan rayonlarımızın işğal günlərində müxtəlif tədbirlər keçirdirik. Qeyd edim ki, azərbaycanlı tələbələrlə Azərbaycan-macar gəncliyindən ibarət təşkilat yaratmışıq. Bu təşkilat vasitəsi ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa və Azərbaycan-Macarıstan əlaqələrinin inkişafına çalışırıq.

– Xaricdəki təhsil sistemindən razısanmı?

– Əlbəttə, buradakı təhsil sistemindən çox razıyam. Fikrimcə, Avropanın olduqca uğurlu təhsil siyasəti və modeli var. Bu təhsil sistemində tələbələrin inkişafı üçün hər şey nəzərdə tutulub. Avropa təhsil sistemində ən çox bəyəndiyim iki şey var birinci olaraq, oxuduqlarını təcrübə etmək imkanı, ikincisi,  olduqca gözəl dialoq mühiti. İstər professorlarla, istərsə də tələbələrlə sağlam fikir mübadiləsi aparmaq olur. Əlbəttə, bu sistemin uğur qazanmasında tələbələrin də çox böyük rolu var .

– Müəllimlərin xarici tələbələrlə münasibəti necədir? Ayrı-seçkilik varmı?

– Qətiyyən. Heç bir ayri-seçkilik hiss etmirik. Müəllimlərin tələbələrə olan münasibəti çox yaxşıdır. Professorlar və müəllimlər tələbələrin milliyyətindən, dinindən irqindən asılı olmayaraq çox yüksək səviyyədə bizimlə davranırlar. Ümumiyyətlə macarlar çox qonaqpərvər, səmimi insanlardır.

– Boş vaxtlarında nə işlərlə məşğul olursan?

– Kitab oxumaqla, dostlarımla gəzməklə və s.

– Azərbaycan deyiləndə gözünün önünə nə gəlir ?

– Belə bir deyim var, vətənini nə qədər çox sevdiyini anlamaq istəyirsənsə bir müddət ondan uzaqda yaşa. Azərbaycan deyiləndə doğulub boya başa çatdığım doğma şəhərim, ailəm, dostlarım gözümün önünə gəlir.

– Xaricdə təhsil almaq dünya görüşündə nələri dəyişib?

– Yəqin sizdə razılaşarsınız ki, başqa mədəniyyətə, dəyərlərə sahib olan insanlarla təmasda olmaq insana çox maraqlıdır və müsbət haldır. Dünya görüşümdə çox böyük dəyişikliklər var. Artıq başqa-başqa insanlarla münasibət qurmaq çox rahatlaşıb mənim üçün. Sengen zonası olduğu üçün bir neçə ölkəyə səfər etmişəm. Bura tarixi ölkə olduğu üçün buranın muzeylərini, tarixi abidələrini, canlı görmək tarixə səyahət etmək kimi bir şeydir.

– Xaricdə təhsil alan tələbələrin çoxu Azərbaycana qayıtmaq istəmirlər. Sən nə fikirləşirsən, qayıtmağı düşünürsənmi?

– Əlbəttə, qayıdacağam. Burda əldə etdiyim bilikləri vətənimdə tətbiq etmək istəyirəm. Hər kəs də belə düşünsə, çox yaxşı olar.

 

0 şərh